Məhkəmə qərarları › İş №2-1(112)-3420/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3420/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3420/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə qarşı X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə qarşı qeydiyyatdan çıxarma tələbinə dair iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, X3 ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatına xitam verilməklə, onun həmin ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 22/24 saylı evin 98 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. X8 ilə oğlu X4 20.04.2018-ci il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahdan 05.04.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Onlar ailə qurduqdan sonra X8 ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 22/24 saylı evin 98 saylı mənzilinə qeydiyyata alınmışdır. Lakin oğlu ilə gəlininin münasibətləri pisləşmiş, X8 azyaşlı uşağı ilə birlikdə yaşadığı mənzili tərk edərək çıxıb getmişdir, başqa ünvanda yaşamağa başlamışdır. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(001)-2807/2020 saylı qətnaməsi ilə X8 ilə İddiaçı İsrəfıl oğlu arasında bağlanmış nikah pozulmuşdur. X8 şəxsi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamış və qeydiyyatdan çıxmaqdan da imtina etmişdir. Hətta məhkəməyə müraciət edərək, ona məxsus olan mənzilə köçürülməsini və mənzilə istifadə hüququnun tanınmasını iddia etmişdir. Lakin Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(001)-4106/2020 saylı qətnaməsi ilə X3 İddiaçı İsrəfıl oğluna qarşı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 22/24 saylı evin 98 saylı mənzilinə köçürülməsinə, mənzilə istifadə hüququnun tanınmasına dair iddiası təmin edilməmişdir. X3 ona məxsus mənzildən qeydiyyatdan çıxmadığına, həmin mənzildə qeydiyyatda qalmasına heç bir subyektiv hüququ olmadığına görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması barədə məktubla cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə müraciət etmişdir. Cavabdeh Binəqədi rayon polis idarəsi 27 noyabr 2020-ci il tarixli 059-435581-3220 №li məktubu ilə imtina edərək, bildirmişdir ki, həmin məsələ məhkəmə qaydasında həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3420/2021 saylı, 12.01.2021-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsi və üçüncü şəxs X8 müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir, cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci ildə Qubadlı rayonu, İşıqlı kəndində doğulmuş İddiaçı Qubadlı rayonu, İşıqlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 İddiaçı adına xüsusi mülkiyyət kimi 30.12.2016-cı il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2519 nömrəli reyestr kitabının 234565 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, 09.08.1994-cü il təvəllüdlü X8 Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. ünvan 40.2020-ci il tarixli qətnaməsindən görünür ki, qeyd olunan qətnamə ilə iddaçı X6 cavabdeh X2 qarşı nikahın pozulması tələbinə dair iddia tələbinin təmin edilməsi, X4 ilə X8 arasında 20.04.2018-ci il tarixdə 999 nömrəli akt qeydi ilə 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 05.04.2019-cu il təvəllüdlü X5 anası X3 yanında saxlanılması, 17.03.2020-ci il tarixdən başlayaraq, 05.04.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və uşağın 3 (üç) yaşına çatanadək anası X8 üçün hər ay 50 (əlli) manat pul məbləğinin cavabdeh X4ndan tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4106/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, məhkəmənin sözügedən qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilinə köçürülməsinə və mənzilə istifadə hüququnun tanınmasına dair iddiasının təmin olunmaması qət edilmişdir. Qeyd olunan qətnamə ilə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçıya mülkiyyətində olan mənzilə qeydiyyata alınmasına icazə vermiş, iddiaçı bir müddət Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilində yaşasa da, mənzilin mülkiyyətçisi ilə onun arasında mənzilə istifadə hüququnun yaranmasına əsas ola biləcək razılaşma bağlanmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4106/2020 saylı 25.11.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilinə köçürülməsinə və mənzilə istifadə hüququnun tanınmasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4106/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi 25.11.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri, Xəzər rayon polis idarəsi tərəfindən verilmiş 30.03.2020-ci il tarixli 5351Q-3220 saylı cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X3 Bakı şəhəri, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirildiyi, Binəqədi Rayon Məhkəməsinin 03.09.2020ci il tarixli 2(001)-4106/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi daxil olduqda adı çəkilən şəxsin qeydiyyatdan çıxarılacağı qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 059- 435581-3220 saylı 27.11.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş X8 16.10.2018-ci il tarixdən Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün təqdim olunması imkanları xaricindədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçıların mülkiyyətində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. İddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 2-ci maddəsinin 3-cü yarımbəndində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı X3 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olması müəyyən olunsa da, onun mübahisəli mənzildə əmlak, o cümlədən istifadə hüquqlarını olmaması, həmçinin həmin şəxsin qeyd olunan mənzildə yaşamadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsas mövcuddur ki, cavabdeh sonuncuları qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçılar tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçıların tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X3 İddiaçı məxsus Bakı şəhəri, ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatına xitam verilməklə, onun həmin ünvandan qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar