Məhkəmə qərarları › İş №2-1(112)-3422/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3422/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3422/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülməyi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu xx.xx.2000-ci il təvəllüdlü X7 müddətli həqiqi hərbi xidmətdə olarkən xx.xx.2019-cu il tarixdə düşmən snayperindən açılan atəş nəticəsində Cəbrayıl rayonu Cocuqmərcanlı kəndi ərazisində şəhid olmuşdur. Ona xx.xx.2019-cu il tarixdə şəhid ailəsi üzvü (şəhid anası) olaraq Şəki rayonu Dövlət Sosial Müdafiə Fondu tərəfindən vəsiqə verilmişdir. Övladını itirməyi ona olduqca sarsıdıcı təsir etmişdir. 3 dəfə cərrahi əməliyyat olunmuşdur. İddiaçı həmin vaxt yaşadığı Şəki rayonunda şəhid ailəsi üzvü kimi qanunvericiliklə müəyyən edilmiş heç bir güzəşt və imtiyazdan istifadə etməmişdir. Rayonda qalmağa yeri, işləməyə imkanı olmadığı üçün Bakı şəhərinə köçməyə qərar vermişdir. O, bir ilə yaxındır ki, Bakı şəhərinə yaşamağa köçmüşdür. İddiaçı qeydiyyatda olduğu ünvanda yaşamır və kirayədə qalır. Mənzil şəraiti olmadığı üçün burda da yaşamaq ona olduqca ağırdır. Mənzilə ehtiyacı olduğu üçün qeydiyyatda olduğu ünvan üzrə cavabdehə müraciət edərək şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsinə alınmağını və mənzillə təmin olunmağını xahiş etmişdir. Cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə göstərilmişdir ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəki rayonu, Çayqaraqoyunlu kəndində daimi qeydiyyatda olmuş və xx.xx.2023-cü il tarixdən Xətai rayonu, A.Qurban küçəsində yerləşən 25 nömrəli evə daimi qeydiyyata düşməklə mənzil şəraitini süni sürətdə pisləşdirmişdir. Bu səbəbdən iddiaçının xahişinin təmin edilməsinin imkan xaricində olduğu nəzərinə çatdırılmışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, həmçinin bildirdi ki, əvvəllər həyat yoldaşı ilə birlikdə Şəki rayonunda yaşayırdılar. Yaşadıqları ev həyat yoldaşının ailəsinə məxsus idi. Lakin, hazırda həyat yoldaşı ilə müasibətləri pisləşdiyi üçün Bakı şəhərinə köçüb və qardaşı ilə birlikdə kirayədə yaşayır. Onun yaşayış yeri yoxdur və yaşayış sahəsinə ehtiyacı vardır. Şəki rayonunda paylı mülkiyyətində torpaq sahəsi olması barədə məlumatı yoxdur. Yalnız məhkəmə tərəfindən bildirirlərkən bu barədə məlumatlı olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. AZ-İ seriyalı, 219838 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2000-ci il tarixdə Şəki rayonu, Çayqaraqoyunlu kəndində doğulmuşdur. X2, anası X1r. AZ-İ seriyalı, 978347 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2019-cu ildə ölmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəki rayonu, Çayqaraqoyunlu kəndində, xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən X4 adına paylı mülkiyyətdə olmaqla (10 nəfər ailə üzvü olmaqla) JN- 253 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə əsasən Şəki rayonu, Çayqaraqoyunlu kəndində 7,14 ha əkin, paylı mülkiyyətdə olmaqla (7 nəfər ailə üzvü olmaqla) JN-002A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən Şəki rayonu, Çayqaraqoyunlu kəndində 0,26 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən X3 və İddiaçı adlarına paylı mülkiyyətdə olmaqla (8 nəfər ailə üzvü olmaqla) JN-021A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən Şəki rayonu, Çayqaraqoyunlu kəndində 0,06 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, X4 adına (ümumi birgə payda) Şəki rayonu, Çay Qaraqoyunlu kəndində yerləşən 7,1427 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN 253 nömrəli xx.xx.2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və həmin kəndində yerləşən (ümumi birgə payda) 0,26 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid JN-002A nömrəli xx.xx.2000-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 03 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25 ünvnan ilə bir neçə fərdi yaşayış evi qeydiyyata alınmışdır. İddiaçı adına qeyd olunan ünvanda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülməyi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçının mənzil növbəsinə götürülməsi üçün cavabdeh tərəfindən müvafiq inzibati akt qəbul edilməlidir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (48.2). Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) (50.1.).Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7). Hal-hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5-ci bəndində göstərilmişdir ki, aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin evdə yaşayır. Həmin ev iddiaçının mülkiyyətində deyildir. İddiaçının mülkiyyətində və ya qanuni istifadəsində hər hansı yaşayış sahəsi yoxdur. İddiaçının və onun həyat yoldaşının adlarna Şəki rayonunda torpaq sahələrinin olması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşının adına 10 nəfər ailə üzvü ilə birlikdə Şəki rayonu, Çayqaraqoyunlu kəndində 7,14 ha əkin sahəsinin, həmçinin 7 nəfər ailə üzvü ilə birlikdə paylı mülkiyyətdə Şəki rayonu, Çayqaraqoyunlu kəndində 0,26 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Göründüyü kimi həmin əmlaklar paylı mülkiyyətdədir və yalnız torpaq sahələrindən ibarətdir. Bu isə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməsi üçün əsas deyildir. Eyni zamanda müəyyən edilir ki, iddiaçı 2022-ci ildə Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Onun və ailə üzvlərinin əvvəl qeydiyyatda olduğu Şəki rayonunda mülkiyyətlərində hər hansı yaşayış sahəsi olmamışdır. Bu baxımdan iddiaçının Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata düşməsinə onun öz mənzil şəraitini süni surətdə pisləşdirməsi kimi baxıla bilməz. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Bu isə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsinə əsas verir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar