Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3425/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 17.03.2020-ci il tarixli və 08.04.2020-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”də ifadə olunan imtinasının əsassız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və eyni ünvanda 243 kv.m zirzəmi sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh orqana həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24.06.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən tikilmiş, Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov küç. 996-cı məhəllə 1 bloklu 20 mərtəbəli binanın zirzəmisində yerləşən 243,0 kv.m. sahənin ona satılmasına dair "xxxx" MMC ilə arasında 10.09.2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, H.Ələsgərov küç. B 9A, 996-cı məhəllə ünvanında binanın 243,0 kv.m. zirzəmi sahəsi tərəfindən dəyəri ödənilməklə satın alınmışdır. "xxxx" MMC tərəfindən tikilmiş, Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov küçəsi, 996-cı məhəllə 1 bloklu 20 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 243,0 kv.m. qeyri-yaşayış sahəsinin ona satılmasına dair "Ulduz-4” MMC ilə arasında 10.09.2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən H.Ələsgərov küç. B 9A, 996-cı məhəllə ünvanında binanın 243,0 kv.m. qeyri-yaşayış sahəsi tərəfindən dəyəri ödənilməklə satın alınmışdır. Göstərilən ünvandakı bina Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istismara verilmişdir. Binanın yaşayış sahələrinin (mənzillərin) sahiblərinin mülkiyyət hüququnun dövlət qeydiyyatına dair müraciətləri müsbət həll olunmuş, hüquq sahibləri daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Ona məxsus qeyri-yaşayış sahələrinin yerləşdiyi bina Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərmanı” əsasında sadələşdirilmiş qaydada istismara verilmiş, binanın tərkib hissələrinin hüquq sahiblərinin mülkiyyət hüquqları da dövlət reyestrində qeydə alınmışdır. Tərəfindən cavabdeh inzibati orqana (18.02 2020-ci il tarixdə, ********** nömrəli və ********** nömrə ilə qeydə alınmış) müraciət olunaraq, ona məxsus qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir Müraciətinə əlavədə "xxxx" MMC ilə arasında bağlanmış 10.09.2007-ci il tarixli müqavilələr, MMC-dən müvafiq maliyyə arayışı, qeyri-yaşayış (zirzəmi və 1-ci mərtəbə) sahələrinin eskiz-planı təqdim olunmuşdur 18.02.2020-cu il tarixli müraciətinə uzun müddət cavab verilməmişdir. Bu ərəfədə pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejiminə görə cavabdeh orqana birbaşa müraciət etmək imkanın olmamışdı. Uzun müddət cavabdeh orqandan cavab verilmədiyinə görə 01.12.2020-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi R.Vahabov cavabdeh orqana bilavasitə getməklə müraciətinin nəticəsi ilə maraqlanmış, məlum olmuşdur ki, onun müraciətinə imtina bildirişi yazılmışdır. 17.03.2020-ci il tarixli və 08.04.2020-ci il tarixli “Bildiriş”ləri nümayəndəsi cavabdeh orqandan 01.12.2020-ci il tarixdə imza etməklə rəsmi almışdır. 17.03.2020-ci il tarixli imtina məktubunda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə istinad edilərək göstərilmişdir ki, yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin, qeyri-yaşayış sahəsi sənədlə 243,0 kv.m göstərilib, faktiki isə 230,7 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Eyni İdarədən 08.04.2020-ci il tarixli “Bildiriş”də 17.03.2020-ci il tarixli məktubda göstərilənlər sadalanmaqla "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Yuxarıda göstərdiyi kimi "xxxx" MMC ilə arasındakı müqavilə əsasında satın aldığı qeyri-yaşayış sahəsinə və zirzəmiyə istifadə və sahiblik hüququ qazanmışdır. Çoxmənzilli bina MMC tərəfindən tikilməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli Fərmanı əsasında sadələşdirilmiş qaydada istismarına icazə verilmiş, binadakı bütün yaşayış sahələrinin dövlət reyestrində qeydiyyatı təmin olunmuşdur. Binadakı mənzillər də eyni qayda ilə "xxxx" MMC ilə hüquq sahibi olan alıcı arasında bağlanmış alqı-satqı müqaviləsi və MMC-dən verilmiş maliyyə arayışı əsasında rəsmiləşdirilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsini tənzimləyən qanunvericilik əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsinə aid olduğunu fərqləndirmir və belə bölgüyə görə fərqli yanaşma tələb etmir. Eyni binada yaşayış sahələrinə eyni sənədilər əsasında müvafiq çıxarışlar verilmişdirsə, heç bir qanuni əsas olmadan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina qanunsuz olmaqla onun mülkiyyət hüququnun pozulmasıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış sahəsinin "Ulduz-4” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi və qeyri-yaşayış sahəsinə dair sənədlərin "Ulduz-4” MMC tərəfindən təsdiq edildiyi məlum olmuşdur. Sözügedən yaşayış binasına “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin qeyri-yaşayış sahəsi sənədlə 243.0 kv.m göstərilib, faktiki isə 230.7 kv.m təşkil edir. Bununla bağlı vətəndaşa **********73 qeydiyyat nömrəli 17.03.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə işə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuşdur. - Satıcı "xxxx" MMC baş direktoru X6 ilə alıcı İddiaçı arasında bağlanmış 10.09.2007ci il tarixli alqı-satqı müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı tərəfindən Bakı şəhəri H.Ələsgərov küçəsi, 996-cı məhəllə, 1 bloklu 20 mərtəbəli binasının zirzəmisini, ümümi sahəsi 243 kv.m olan sol tərəfində, izolə olunmuş alıcıya satmağı öz öhdəsinə götürür. Alıcı isə öz növbəsində 1m.kv-üçün qiyməti 400 olmaqla ümümi məbləğ 99600 manat ödəyir. - "xxxx" MMC tərəfindən verilmiş RV-01/150 №-li, 16.11.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli, bir girişli binada aldığı 243 kv.m zirzəmisi qeyri-yaşayış sahəsi üçün borcu yoxdur. - Satıcı "xxxx" MMC baş direktoru X6 ilə alıcı İddiaçı arasında bağlanmış 10.09.2007ci il tarixli alqı-satqı müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı tərəfindən Bakı şəhəri H.Ələsgərov küçəsi, 996-cı məhəllə, 1 bloklu 20 mərtəbəli binasının qeyri-yaşayış sahəsini, ümumi sahəsi 243 kv.m olan sol tərəfində, izolə olunmuş alıcıya satmağı öz öhdəsinə götürür. Alıcı isə öz növbəsində 1m.kv-üçün qiyməti 800 olmaqla ümümi məbləğ 194400 manat ödəyir. - "xxxx" MMC tərəfindən verilmiş RV-01/151 №-li, 16.11.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli, bir girişli binada aldığı 243 kv.m qeyri-yaşayış sahəsi üçün borcu yoxdur. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış RV-03/21 №-li, 20.04.2021-ci il tarixli məktubdan görünür ki, “Ulduz-4’’ MMC tərəfindən tikilmiş, Bakı şəhəri, Nəsimi rayonu H Ələsgərov küç. 996-cı məhəllə 1 bloklu 20 mərtəbəli binanın zirzəmisində yerləşən 243,0 kv.m sahənin və həmin binanın 1-ci mərtəbəsində (0 səviyyəsindəki) 243.0 kv.m qeyriyaşayış sahəsinin İddiaçı satılmasına dair 10.09.2007-ci il tarixdə ayrı-ayrılıqda iki müqavilə bağlanmış və göstərilən zirzəmi və qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MMC tərəfindən tikilmiş, Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov küç. 996-cı məhəllə 1 bloklu 20 mərtəbəli bina Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərmanının icrası qaydasında 18.06.2019-cu il tarixli, 053 №-li istismara icazə sənədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeydə alınmışdır. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi və zirzəmi sahəsinin dəyəri tam ödənildiyindən göstərilən əmlakların xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını məqsədəuyğun hesab edirlər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən məhkəməyə ünvanlanmış 16.04.2021-ci il tarixli, **********145 nömrəli məktuba əlavə edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18.06.2019-cu il tarixli, 053 №-li istismara icazə sənədindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, məhəllə 996; 1 girişli, 20 (+ texniki) mərtəbəli, 1 səviyyə zirzəmili yaşayış binasının istismarına icazə verilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanan **********73 №-li, 17.03.2020-ci il tarixli və **********76 №-li, 08.04.2020-ci il tarixli məktublardan görünür ki, sözügedən qeyri-yaşayış sahəsinin "Ulduz-4” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi və qeyriyaşayış sahəsinə dair sənədlərin "Ulduz-4” MMC tərəfindən təsdiq edildiyi məlum olmuşdur. Sözügedən yaşayış binasına "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən “Ulduz-4" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin qeyri yaşayış sahəsi sənədlə 243.0 kv.m göstərilib, faktiki isə 230.7 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, məhəllə 996; 1 girişli, 20 (+ texniki) mərtəbəli, 1 səviyyə zirzəmili yaşayış binası “Ulduz-4" MMC tərəfindən inşa edilmiş və həmin bina istismara qəbul edilmişdir. İddiaçı “Ulduz-4" MMC ilə aralarında bağlanmış müqavilələrə əsasən həmin binadan ümumi sahəsi 243 kv.m olan qeyri-yaşayış sahəsini və ümumi sahəsi 243 kv.m. olan zirzəmini almışdır. İddiaçı həmin daşınmaz əmlakların dövlət reyestrindən qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan qeyri-yaşayış sahəsinin "Ulduz-4” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi və qeyri-yaşayış sahəsinə dair sənədlərin "Ulduz-4” MMC tərəfindən təsdiq edildiyini, həmin sahələr üzrə “Ulduz-4" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparıla biləcəyini əsas gətirməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.6-ci maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. - 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. - 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. - 139-1.1.6-ci maddəsinin tələblərinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlaklar mənzil-tikinti kooperativi tərəfindən deyil, "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyindən, həmin əmlaklarla bağlı sənədlər mənziltikinti kooperativi tərəfindən deyil, "xxxx" MMC tərəfindən tərtib edildiyindən, iddiaçının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə malik olması müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın İddiaçı müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3425/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3425/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver