Məhkəmə qərarları › İş №2-1(112)-3425/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3425/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3425/2024 02.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3n cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (bundan sonra mətndə Qaradağ RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların hal-hazırda yaşadıqları ünvan 1 ünvana qeydiyyata alınması öhdəliyinin Qaradağ RPİ-nin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 708 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Qaradağ Sement zavodunun rəhbərliyinin və həmkarlar komitəsi mənzil növbəsində dayanan işçilərinə növbəlilik əsasında mənzil sahəsi verilməsi haqqında birgə qərarına (6 saylı protokol-24 avqust 2000-ci il) əsasən mənzil almışlar. Lakin hazırki vaaxtadək ailə üzvləri ilə bərabər mənzilə qeydiyyata düşə bilmirlər. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Onlar isə faktiki olaraq, başqa yerdə yaşayır, amma qeydiyyatda başqa yerdə olduqıarı dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Dəfələrlə cavabdeh orqanlara müraciət etsələr də heç bir nəticəyə nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Qaradağ RPİ iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, İddiaçı1 istisna olmaqla, digər iddiaçılar məhkəməyə gəlməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və digər iddiaçılaın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarında olan: AZE seriyalı ******* nömrəli; AZE seriyalı ******** nömrəli; AZE seriyalı ******** nömrəli və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, müvafiq olaraq xx.xx.1952-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş İddiaçı1; xx.xx.1958-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş İddiaçı2; xx.xx.1978-ci il tarixdə Neftçala şəhərində doğulmuş İddiaçı4 və xx.xx.1979-cu il tarixdə Neftçala şəhərində doğulmuş İddiaçı3 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Ümid qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, Ü-166 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Ümid qəsəbəsi, 10-cu Ümid küçəsi, 25 №-li evin 1 №li mənzilində yaşayırlar. Ev İddiaçı1 məxsusdur. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Ümid qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, Ü-167 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Ümid qəsəbəsi, 10-cu Ümid küçəsi, 25 №-li evin 1 №li mənzilində qeydiyyatsız yaşayırlar. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 109 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 1093 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı1 ailəsilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 57 saylı binanın 146 №li mənzilində qeydiyyatdadırlar lakin həmin ünvanda yaşamırlar. “Müvəqqəti order”in surətindən müəyyən olunur ki, "xxxx" X5 Cəmiyyətinin həmkarlar komitəsinin xx.xx.2000-ci il tarixli iclasının 6 №li protokoluna əsasən Nəsirov X2 Rayon İcra Hakimiyyətindən lazımı sənədləri alana qədər “5” nəfərlik ailə tərkibilə birlikdə 70 kv. metr sahəsi olan “Ümid” qəsəbəsi, ev 175, mənzil 1 ünvanında olan mənzilə köçürülmüşdür. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********74 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, ünvan 5 ünvanının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-38740/2023 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 xx.xx.2005-ci il, İddiaçı4 xx.xx.2005-ci il, X1 xx.xx.2005-ci il, İddiaçı3 xx.xx.2012-ci il tarixdən ünvan 6 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-13/2- 1314/2023 saylı məktubunda qeyd olunmuşdur ki, Qaradağ rayonu, Ümid qəsəbəsi, 10-cu Ümid küçəsi, ev 175, 1 saylı mənzil Qaradağ Rayon İcra Hakimiyyətinin balansında olmadığından qeyd olunan mənzil barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə cavab olaraq Qaradağ RPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-48/2-N-17702/2023 №li cavab məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Qanunvericiliyin tələblərinə əsasən, onun ailə üzvlərilə birlikdə qeydiyyatsız yaşadığı Qaradağ rayonu, Ümid qəsəbəsi, 10-cu Ümid küçəsi, ev 175, mənzil 1 ünvanına qeydiyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi şəxs qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların birgə qeydiyyata düşmək istədikləri ünvan 7 ünvanında yerləşən 1 saylı mənzil iddiaçıya "xxxx" X5 Cəmiyyətinin həmkarlar komitəsinin xx.xx.2000-ci il tarixli iclasının 6 №li protokoluna əsasən müvəqqəti orderlə ayrılmışdır. İddiaçılar hazırda yaşayış yeri üzrə ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh əsassız olaraq iddiaçıları həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıların yaşadığı tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçıların tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı4 və xx.xx.1979-cu il təvəllüdlü İddiaçı3 ünvan 9 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Qaradağ RPİ-yə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar xx.xx.1952-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı4 və xx.xx.1979-cu il təvəllüdlü İddiaçı3 ünvan 9 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi Bakı şəhər Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar