Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3427/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı 12 noyabr 2012-ci il tarixli Dİ 030593 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci illərdə X5 Qida və Ticarət Universitetində “Müəssisə iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili almışdır. Ali təhsil müəssisəsini bitirdikdən sonra ona 12 noyabr 2012-ci il tarixində Dİ 030593 nömrəli bakalavr diplomu təqdim edilmişdir. Qeyd edir ki, Universitetdən əvvəl 2004-2007-ci illərdə Bakı Dövlət Sosial İqtisadi Kollecində “mühasib-iqtisadçı” ixtisası üzrə orta ixtisas təhsili aldığı üçün, X8 və Ticarət Universitetinə qəbul olduğu zaman barəsində 2 illik tədris müddətini əhatə edən fərdi tədris qrafiki tətbiq edilmiş və o, fərdi tədris qrafikinə uyğun olaraq “Müəssisə iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. Əldə etdiyi kvalifikasiyanın tanınması məqsədi ilə xx.xx.2013-cü ildə Elm və Təhsil Nazirliyinə müraciət etsə də, 2 il icraat apardıqdan sonra Elm və Təhsil Nazirliyi tərəfindən tanınmadan imtina edilmişdir. Halbuki həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən tanınmadan imtina üçün heç bir səbəb yox idi. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması Qaydaları” qüvvəyə mindikdən sonra əldə etdiyi kvalifikasiyanın tanınması ilə bağlı yenidən Agentliyə müraciət etsə də, Agentlik “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1 -ci maddəsinin tələblərini nəzərə almadan faktiki olaraq müraciətinə baxmaqdan imtina etmişdir. Belə ki, o, təhsil aldığı 2010-2011-ci tədris ilində ailə vəziyyətimlə əlaqədar olaraq dərslərin bir hissəsini qeyriənənəvi formada mənimsəmiş və sadəcə imtahanlarda əyani formada iştirak edə bilmiş, 2011-2012-ci tədris ilində isə bütün dərslərdə iştirak etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının diplom əlavəsinə əsasən onun təhsilə cəlb olunduğu müddətin xx.xx.2010-cu ildən başladığını və təhsilinin qısaldılmış proqram üzrə müddətinin 2,5 il (iki il yarım) olduğunu nəzərə alaraq təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2010/2011-ci tədris ili üzrə - 18 gün, 2011/2012-ci tədris ili üzrə - 10 gün olmuşdur. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2015-ci il tarixdə imtina barədə məlumat ərizəçinin yaşayış yeri üzrə ünvanına poçt rabitəsi vasitəsi ilə göndərilmişdir. Hesab edirlər ki, imtina qanuni və əsaslıdır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edimiş etiraz ərizəsinə iddiaçı tərəfindən mülahizə təqdim edilərək bildirilmişdir ki, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi etirazda onun sərhədkeçmə məlumatlarına istinad edərək Ukraynada olduğu illərdə tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığını vurğulayır. Halbuki, cavabdeh özü də etirazda onun bir tədris ilində 18 gün, digər tədris ilində isə 10 gün Ukraynada olduğumu təsdiq edir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010- cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarfnın 4.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma tələblərinə aiddir. O, həmin müddət ərzində dərslərdə və imtahanda iştirak etməsə idi, ona hər hansı bir diplom verilməzdi. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarına istinad edərkən nəzərə almır ki, bu qərarla təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramrnın 1.1-ci bəndinə əsasən dövlət standartı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur. Söhbət məhz Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrindən gedir və bu proqram Ukrayna ali təhsil müəssisələri üçün əsas kimi çıxış edə bilməz. Şübhəsiz ki, Ukrayna ali təhsil müəssisələri tədrisi Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun təşkil etməyə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsi dəfələrlə öz qərarlarında (2-1(102)-2046/2020 saylı xx.xx.2020-ci il tarixli; 2-1(102)-2084/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı) qeyd etmişdir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü-özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə olan halda, 180 saatlıq illik dərs yükününün yarısı 90 saat təşkil edir ki, bu dərs yükünü də (90 saat: 6 saat = 15 gün) 15 günə yerinə yetirmək mümkündür. Eyni zamanda Ukraynada davamiyyətlə bağlı qanunvericiliklə təsbit edilmiş hər hansı bir normanın olmaması bir daha tədris yükünü yerinə yetirə bilməməsi ilə bağlı mülahizələrin sadəcə müxtəlif dəqiq olmayan mülahizə və tələblərə əsaslandığını göstərir. Cavabdeh etirazında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Qaydalarfnın 4.1.5-ci bəndinə ümumiyyətlə istinad etməmişdir. Halbuki həmin bəndin tələbləri barəsində tətbiq olunsa onun dərs yükünün 2/3 hissəsini ənənəvi (dərslərdə iştirak etməklə) şəkildə yerinə yetirdiyi isbat edilir. Ukraynanın “Ali Təhsil haqqında” Qanunun (2004-cü ildə qəbul olunub) 49-cu maddəsinə əsasən distant təhsil təhsilin əsas formalarından biridir ki, təhsilinin qalan 1/3 hissəsini isə distant əsaslarla yerinə yetirmişdir. Təəssüf ki, cavabdeh barəsində Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 24-cü maddəsinin tələblərini tətbiq etmək əvəzinə, müraciətini yalnız formal əsaslara söykənən qaydada cavablamışdır.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən ünvanlanmış 27 sentyabr 2023-cü il tarixli 3-29-61/2-B-481- 4/2023 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda minimum tələb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) nəzərdə tutulur. Nəticə etibarilə, xarici təhsil aldığı müddətdə yuxarıda qeyd olunmuş təhsilin normativ müddətləri üzrə minimum tələbləri ödəyəcək qədər xarici təhsil aldığı ölkədə olmuşdursa Yeni Qaydalar əsasında yenidən tanınma üzrə müraciət edə bilər.
9. Ukrayna Təhsil və Elm Nazirliyi X5 Qida və Ticarət Universiteti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş Дİ № 030593 nömrəli diploma əsasən İddiaçı “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Diploma əlavə iş materiallarına əlavə edilmişdir.
10. Ukrayna Təhsil və Elm Nazirliyi Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universiteti Beynəlxalq Təhsil və Əməkdaşlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MTSMOtaS 674/13 nömrəli arayışa əsasən bildirilmişdir ki, Azərbaycan vətəndaşı, pasportu P № 4200233, Dövlət İxtisas Komissiyasının qərarı ilə “mühasib-iqtisadçı” ixtisası verilmiş, “Mühasibat uçotu və audit” ixtisası üzrə Bakı Dövlət Sosial-İqtisad Kollecinin məzunu 22 avqust 1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixli 754-C nömrəli əmrə əsasən 6.030504 “Müəssisə iqtisadiyyatı” ixtisasının “İqtisadiyyat və sahibkarlıq” hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması ilə 1-ci kurs tələbəsi kimi qəbul edilmişdir. Bədəlova X1 mütəxəssis ixtisasına uyğun olan ixtisasa yiyələnməklə əlaqəli ixtisas üzrə kollec diplomuna malik olduğuna görə xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixinədək universitetdə sürətləndirilmiş proqram üzrə təhsil almışdır. Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində sürətləndirilmiş proqram üzrə bakalavr iqtisadiyyat (proqramı üzrə) təhsil müddəti 2,5 ildir. Sürətləndirilmiş qiyabi təhsil forması üzrə təhsil alan tələbələrin təhsil planları kiçik mütəxəssislər hazırlayan texnikum və kolleclərin təhsil planları ilə inteqrasiya edilmişdir. Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universiteti Ukrayna, Xarkov ş., Kloçkovskaya küç. 333 ünvanında eyni korpusda yerləşir. İddiaçı təhsil aldığı müddətdə imtahan və zaçotlardan uğurla keçmiş və dövlət imtahan komissiyasının xx.xx.2012-ci il tarixli 2 saylı qərarı ilə ona “İqtisadiyyat üzrə bakalavr” ixtisası verilmişdir. İddiaçı 6 noyabr 2012-ci il tarixli, 38/12 qeydiyyat nömrəli Дİ № 030593 bakalavr diplomunu almışdır. Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universiteti Xarkov şəhərinin Dzerjinski rayon Sovetinin icraiyyə komitəsi tərəfindən verilmiş hüquqi şəxsin dövlət qeydiyyatı haqqında 23 dekabr 2002-ci il tarixli şəhadətnaməyə, habelə 15 fevral 2008-ci il tarixli Ukraynanın müəssisə və təşkilatlarının vahid dövlət reyestrinə daxil edilməsi haqqında arayışa əsasən dövlət təhsil müəsissəsidir. Universitet xx.xx.2012-ci il tarixli Ukrayna Elm və Təhsil Nazirliyinin AД № 072862 lisenziyasına və X7 Təhsil Müəssisəsi statusu üzrə akkreditasiya haqqında xx.xx.2010-cu il tarixli PД № ******* sertifikata malikdir.
11. Cavabdeh tərəfindən iddiaçının sərhədkeçmə məlumatları və inzibati icraat materiallarının surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
18. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
19. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
22. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
23. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: … 1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru; … 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; … 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; … Maddə 13. Təhsilalma formaları 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). … Maddə 27. Təhsil haqqında dövlət sənədi … 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. … 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. … Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: … 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; … Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ … Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.
24. Mübahisənin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydaları: 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; ... 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.17. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (əsas (baza ali) tibb təhsili səviyyəsində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydaları: 1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi; ... 2.1.17. akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir. 3.2.11. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi və AMEA ona həm fənn, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələblərin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur.
28. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın: 3.10. aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: … 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). ...
29. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Ukrayna Təhsil və Elm Nazirliyi X5 Qida və Ticarət Universiteti tərəfindən ona verilmiş xx.xx.2012-ci il tarixli 030593 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınmasına və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına) yönəlmişdir.
30. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, iddiaçının ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətnə uyğun gəlmir. İddiaçının təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün yetərli hesab oluna bilməz. Belə ki, iddiaçının tədris aldığı proqram üzrə 2.5 ildən ibarət olmuşdur. İddiaçının təhsil aldığı ölkədə olması müddətləri isə aşağıdakı kimi müəyyən edilmişdir: 2010/2011-ci il tədris ili üzrə -6 gün; 2011/2012-ci tədris ili üzrə - 12 gün; 2012/2013-cü tədris ili üzrə (xx.xx.2012-ci il tarixədək) – 7 gün.
31. Məhkəmə iş materiallarını hər tərəfli araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası ərazisində dörd təhsilalma forması müəyyən edilmişdir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Qanunda bir-birindən fərqləndirilən anlayışlardır. İddiaçı Ukrayna Respublikasında olmadığı dövrlərdə, dərsləri qeyri-ənənəvi formada mənsimsədiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Hətta etsə idi belə, qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Qanunvericilikdə təsbit olunmuş şərtlər ödənilmədiyindən, məhkəmə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoya bilməz, odur ki, mövcud tələb üzrə cavabdehin imtinası əsaslı olmuşdur.
32. Həmçinin qeyd edilməlidir ki, iddiaçı qeyri-ənənəvi formada, distant texnologiyalardan istifadə edərək təhsil aldığını bildirsə də, universitet tərəfindən distant texnologiyalardan istifadəyə dair müqavilə, distant texnologiyanın tətbiqi mexanizminə dair hər hansı sənəd (hansı müddətdə dərslərın online olması, imtahanların hansı qaydada verilməsi və s.), məlumat təqdim edilməmişdir.
33. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.
34. Oxşar mövqe həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında sərgilənmişdir (məs: 2-1(102)-2377/2023 saylı inzibati iş).
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva