Məhkəmə qərarları › İş №2-1(112)-3428/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3428/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3428/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiаçı İddiaçı (Masallı rayonunda qeydiyyatdadır, orta təhsilli, işləmir), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 (Salyan rayonunda qeydiyyatdadır, ixtisası: hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüqquqi şəxsə qarşı “İddiaçı 01.10.2019-cu il tarixdə təyin edilmiş ünvanlı dövlət sosial yardımın 01.06.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununa qarşı məhkəmədə iddia qaldıraraq ona 01.10.2019-cu il tarixdə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırdığı 01.06.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 07 fevral 2019-cu il tarixində səhər saatlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Koroğlu metrostansiyasının yaxınlığında fəhlə kimi işlədiyi ünvana gedərkən Qarabağ qazisi X5 tərəfindən ƏƏSMN tərəfindən verilmiş əlil avtomobili olan nazlifan markalı minik maşını ilə vurulmuşdur. Qəza nəticəsində kəllə beyin travması və çoxqəlpəli yerdəyişən açıq baldır sınıqları, topuğ oynağının deformasiyası diaqnozu ilə respublika xəstəxanasına yerləşdirilmişdir. İddiaçı keçirdiyi əməliyyatlara baxmayaraq, işləmə qabiliyyətini itirmişdir. Artıq 22 aydır ki, çox acınaqcaqlı ailə vəziyyəti var. İki övladı var. Böyük qız övladının 15 yaşı, kiçik oğlan övladının isə 12 yaşı var. Aztəminatlı ailə olduğları üçün iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron müraciət etmiş, müraciətinə cavab olaraq 01.10.2019-cu il tarixində ona və ailə üzvlərinə 220,87 manat təyin edilmişdir. 8 aydan sonra təyin olunan sosial yardım dayandırılmışdır. Sağlamlığını itirdiyi halda ailə vəziyyətinin və dolanışığları çox acınacaqlı olduğu halda, heç bir gəliri olmamasına baxmayaraq, təyin olunan sosial yardım dayandırılmışdır. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon şöbəsinə müraciət etmiş, ona cavab olaraq VAZ 2107 markalı avtomobilə etibarnaməsi olduğunu və bu səbəbdən 1 il müddətinə sosial müavinətin 1 il müddətində dayandırıldığı bildirilmişdir. O, ƏƏSMN-in Masallı rayon şöbəsindən tərtib edilən sorğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə təqdim etmiş və sorğuya cavab olaraq, onun mülkiyyətində və istifadəsində heç bir nəqliyyat vasitəsinin olmadığını bildirmişlər. O, qeyd edilən arayışı ƏƏSMN-nin Masallı rayon şöbəsinə təqdim etmiş, ona cavab olaraq məktub ünvanlayaraq bildirilmişdir ki, onun istifadəsində etibarnamə əsasında avtomobili var. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncamla cavabdehlərdən iddiaya dair etirazın bildirilməsi tələb olunsa da cavabdehlər iddia tələbinə dair etirazını təqdim etməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iştirаkı оlmаdаn bахmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, cavabdehlər araşdırmanı düzgün aparmamışdırlar. Çünki, onun adına heç bir avtomobil yoxdur. İddiaçının işləmə qabiliyyəti olmadığından işləmir. Ona təyin edilmiş sosial yardımın ödənilməsi bərpa olunmalıdır. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi S.Mehrəliyeva bildirmişdir ki, iddiaçının istifadəsində nəqliyyat vasitəsi aşkar edilmişdir. Bu səbəbdən də təyin edilmiş sosial yardım ödənilmir; iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Masallı şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanladığı 016-54 nömrəli, 14 avqust 2020-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, DİN-nin Baş X14 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçotuna görə ünvan 3i ünvanında yaşayan İddiaçı adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir və etibarnamə əsasında hər hansı bir nəqliyyat vasitəsinin verilməsi barədə BDYPİ Qİİ-də məlumat yoxdur. **********400 nömrəli, 18 oktyabr 2019-cu il tarixli ərizəyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təyin ediləcək ünvanlı dövlət sosial yardımın rəsmiləşdirilməsi məqsədilə 18 yaşına çatmamış ailə üzvləri (X6 AZE 11310042 Asan- Masallı 07.12.2016), X7 ( Aze 11310041, Asan-Masallı 07.12.2016) barədə məlumat verərək, Nazirlik tərəfindən onların hər hansı bir gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanlarından və təşkilatlardan əldə edilməsinə və aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən onların hər birinə aid sorğu olunan gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsinə etiraz etmirlər. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının epikrizisinə əsasən, 1985-ci il təvəllüdlü,Masallırayonu, Xil kəndində yaşayan İddiaçı üzərində 13.02.2019-cu ildə travmotologiya şöbəsində cərrahi əməliyyat həyata keçirilmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxs tərəfindən İddiaçı ünvanlanan **********5 nömrəli, 30 sentyabr 2020-ci il tarixli məktubuna əsasən, ailəsini təmsil şəxs qismində ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, “Ünvanlı yardım” (VEMTAS) altsistemində daxil edilən 28.10.2019-cu il tarixli **********40001 nömrəli rəsmi müraciəti əsasında 01.10.2019-cu il tarixdən ailəsinə təyin olunmuş 220,87 manat məbləğində sosial yardımın verilməsi ailənin istifadəsində nəqliyyat vasitəsinin aşkarlanmasına görə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 31.05.2020-ci il tarixdən dayandırılmış və ailəsi 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirmişdir. Baş X14 İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 30.04.2021-ci il tarixli, 49592/1221 nömrəli məktubuna əsasən, ünvan 4 ünvanında qeydiyyatda olan 03.09.1979-cu il təvəllüdlü İddiaçı etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçir, adında 25.09.2012-ci il tarixdən “Opel-Astra ” markaİı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. X2 adında və ya etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı və onun arvadı X4, onların iki azyaşlı övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, Masallı rayonu, Xil kəndində qeydiyyatdadırlar, iddiaçı ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi 01.10.2019-cu ildən ailəsinə təyin edilmiş 220,87 manat ünvanlı dövlət sosial yardımı alırdı. 31.05.2020-ci ildə iddiaçıya təyin edilən sosial yardım dayandırılmışdır, dayandırmanın əsası kimi ailənin istifadəsində nəqliyyat vasitəsinin aşkarlanması olmuşdur. İddiaçı dayandırılmış sosial yardımın bərpasını və ödənilməmiş məbləğin ödənilməsini tələb etmiş, cavabdehlər isə iddiaçının müraciətini təmin etməmişdirlər. Odur ki, iddiaçı qeyd edilən imtinaların qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsinin bərpa edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması ) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.7. –ci bəndinə əsasən aşağidaki hallarda sosial yardımın təyin olunmasından imtina edilir:3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda;3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda;3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Həmin Qaydaların 4.1-cü bəndinə əsasən ,sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 4 nəfərdən ibarətdir, onlardan ikisi yetkinlik yaşına çatmayan uşaqlardır , iddiaçının ailəsinə 01.10.2019-cu ildən 220,87 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Lakin 31.05.2020-ci il tarixdən bu yardımın ödənilməsi dayandırılmışdır. Cavabdeh Azərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin taebliyində Dövlət Sosial Müdafiə Fondu iddiaçının ailəsi tərəfindən alınmış sosial yardımın dayandırılmasını iddiaçının nəqliyyat vasitəsinin olunması ilə əsaslandırmışdır. İşə baxılan zaman iddiaçının ailəsinin istifadəsində nəqliyyat vasitəsinin olması cavabdehlər tərəfindən sübuta yetirilməmiş, məhkəmə tərəfindən araşdırılaraq bu halın əsaslı olmadığı aşkar edilmişdir. Məhkəmə iş materiallarında olan Baş X14 İdarəsinin 30.04.2021-ci il tarixli, 49592/1221 nömrəli məktubu əsasında müəyyən etmişdir ki, Masallı rayonu, Xil ərazi, Xil kəndində yaşayan, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı və onun ailə üzvlərinin adında nəqliyyat vasitəsinin qeydiyyatdan keçməsi barədə məlumat yanlış olaraq həqiqətə uyğun deyildir. Məhkəmə bütün qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçının ailəsinə ünvanlı sosial yardımın dayandırılması barədə qərarın qəbul edilməsində və ünvanlı sosial yardımından bir il müddətində iddiaçının ailəsini məhrum etməsində Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu haqlı olmamışdır. Belə ki, yuxarıda qeyd edilən Qaydaların 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbisosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1077 saylı, 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinə əsasən, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin monitorinqinin keçirilməsini (Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinin keçirdiyi hallar istisna olmaqla) təmin etmək (3.1.16.); əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək (3.1.18.)Fondun hüquq və vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 01.10.2019-cu il tarixdə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən 01.06.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmalıdır. Məhkəmənin hazırkı iş üzrə qəbul edilmiş 30 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 01.10.2019-cu il tarixdə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən ( 01.06.2020-ci il tarixdən) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinə Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar