Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3428/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin İş № e-2-2(113)- 2218/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN" **********) icra orqanının əvvəlki rəhbəri olmuş, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, inzibati hüquq münasibətlərindən yaranan mübahisə iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmaması ilə bağlıdır. Hazırkı iddia ilə iddiaçı əvvəllər qanuni təmsilçisi olduğu hüquqi şəxslərin borclarına görə, ölkədən çıxışına qoyulan məhdudiyyətin əsas aradan qalxdığı üçün götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aid olmaqla İnzibati Məhkəmədə baxılmalıdır. Belə ki, cavabdehin müraciəti əsasında Bakı Kommersiya Məhkəməsinin İş № e-2-2(113)-2218/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə, xx.xx.2022-ci il tarixə əvvəl vergi ödəyicisi olan İddiaçı (VÖEN: **********) dövlət büdcəsinə 3571,53 manat məbləğində (o cümlədən, vergilər üzrə 2663,34 manat, faizlər 908,19 manat,) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 24061,1 manat məbləğində (o cümlədən, vergilər üzrə 19711,95 manat, fazilıər üzrə 4249,15 manat maliyyə sanksiyası 100 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 23356,94 manat məbləğində (o cümlədən, vergilər üzrə 19135,92 manat, fazilər üzrə 4121,02 manat, maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 50.989,57 manat borcunun ödənilməsini təmin etmək üçün, icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Yəni, dövlət büdcəsinə vergi borcunun ödənilməsi təmin etmək üçün, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki icra orqanının rəhbəri olan, İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixə olan vergi ödəyicisi olan İddiaçı (VÖEN: **********) dövlət büdcəsinə 3642,46 manat məbləğində sadələşdirilmiş vergi məbləği İddiaçı tərəfindən ödənilmiş, buna dair qəbz iddia ərizəsinə əlavə edilmişdir. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi tərəfindən 17 aprel 2023-cü il tarixli qərar qəbul edilərək, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X8 təyin edilmişdir. Eyni zamanda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi tərəfindən 17 aprel 2023-cü il tarixli qərar qəbul edilərək, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X4 təyin edilmişdir. Yəni, təsisçinin qərarı ilə İddiaçı şirkətlərin icra orqanının rəhbəri vəzifəsindən azad edilərək, onun yerinə digər şəxslər təyin edilmişdir. Bundan sonra hər iki şirkətin direktor dəyişikliyinin dövlət qeydiyyatına alınması məqsədi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsinə müraciət edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X8 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X4 direktor kimi qeydiyyata alınaraq, dəyişiklik edilmişdir. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilən çıxarışlara əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı qanuni təmsilçisi X8 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı qanuni təmsilçisi isə X3r. Hesab edirəm ki, hazırda İddiaçı qeyd edilıən hüquqi şəxsləriun icra orqanının rəhbəri olmadığından, yəni vəzifəsindən azad olunduğundan, eyni zamanda icra orqanının rəhbəri dəyişdiyindən, onun şirkətlərlə hansısa bir bağlılığı olmadığından ölkədən getməyinə qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır. İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh 19 avqust 2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, məhdudiyyət cavabadehin ərizəsinə əsasən, məhkəmə tərəfindən qoyulmuşdur. Cavabdeh ərizənin icrasından imtina etmişir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçıya tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılmasına qanuni əsaslar var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “NCAMENA" MMC (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) əvvəlki rəhbəri olan İddiaçı (VÖEN **********) ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2218/2022 nömrəli qərarına əsasən məhdudlaşdırılmışdır. Belə ola halda iddiaçı ölkədən çıxışına məhdudiyyət qoyulması ilə razılaşmadığı təqdirdə Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsindən yuxarı instansiya məhkəməsinə şikayət verməlidir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2218/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Qeyd etmək lazımdır ki, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır, yəni qətnamə üzrə borc tam ödənilməmişdir. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcələsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifələrinə aid edilmiş, lakin müraciətdə qeyd olunan hal üzrə isə əsaslar aradan qalxmamışdır. Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən digər vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilməsi prinsipinin və dolayısı ilə digər Vergi ödəyicilərinin hüquqlarının və qanuni maraqlarının lazımınca təmin olunmaması gətirib çıxarır. Həmçinin, Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 1099 nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Dövlət Vergi Xidmətinin hesabına 3642,46 manat məbləğində pul köçürmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-2-1/2-4539/2025 nömrəli məktubunda bildirilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən “NCAMENA" MMC (VÖEN **********) xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X4. Eyni zamanda VANKUVER” MMC-nin (VÖEN **********) xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-10117/2025 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2218/2022 nömrəli qərarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə 25222,62 manat, "xxxx" MMC-nin (VÖEN: **********) isə yuxarıda qeyd edilən qərar üzrə dövlət büdcəsinə xx.xx.2025-cİ il tarixə 24485,98 manat vergi borcu vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X5 Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, 12.04 2022-ci il tarixə vergi ödəyicisi olan İddiaçı (VÖEN **********) dövlət büdcəsinə 3571,53 manat məbləğində (o cümlədən, vergilər uzrə 2663.34 manat, faizlər üzrə 908.19 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 24061,1 manat məbləğində (o cümlədən, vergilər üzrə 19711.95 manat, faizlər uzrə 4249,15 manat, maliyyə sanksiyası üzrə 100 manat). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 23356,94 manat məbləğində (o cümlədən, vergilər üzrə 19135,92 manat, faizlər üzrə 4121,02 manat maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 50989,57 manat borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2218/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 16 dekabr 2024-cü il tarixli 3-21/3-1- F-157/2024 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”nin 4.0.30-cu bəndinə əsasən vergi ödəyicisi vergi öhdəliyini, habelə sığorta haqları üzrə öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, sığorta haqlarının, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə ərizə ilə müraciət etmək Baş idarənin hüquqlarına aid edilmişdir. Əsasnamənin 3.0.73-cü bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Baş idarəni və aidiyyəti üzrə Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsini (vergi mübahisələri ilə bağlı baş idarədə uçotda olan vergi ödəyicilərinə münasibətdə) məhkəmələrdə iddiaçı, ərizəçi, cavabdeh və 3-cü şəxs (maraqlı şəxs) qismində, həmçinin təhqiqat, istintaq və məhkəmə orqanlarında olan cinayət işləri üzrə xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh və zərərçəkmiş şəxs qismində təmsil etmək (o cümlədən, iddia ərizəsini hazırlamaq, iddia tələblərindən tam və ya qismən imtina etmək, iddianı etiraf etmək, iddianın predmetini və əsasını dəyişdirmək, barışıq sazişi bağlamaq və prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətləri etmək), məhkəmələrin və ibtidai araşdırma orqanlarının qanunsuz və əsassız qərarlarından şikayətlərin verilməsini təmin etmək Baş İdarənin vəzifələrinə aid edilmişdir. Beləliklə, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslı iddiadır. İşin hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) qanuni təmsilçisi olmuşdur. İddiaçı (VÖEN **********) dövlət büdcəsinə 3571,53 manat, "xxxx" MMC-nin dövlət büdcəsinə 24061,1 manat, "xxxx" MMC-nin dövlət büdcəsinə 23356,94 manat vergi borcu ilə əlaqədar vergi orqanının ərizəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2218/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Hazırkı iddiasında iddiaçı "xxxx" MMC-nin və "xxxx" MMC-nin qanuni təmsilçisi (dierktoru) vəzifəsindən azad edildiyini, özünə aid borcu isə ödədiyini əsas gətirərək qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı vergi orqanına müraciət etmiş, vergi orqanı hüquqi şəxslərin borcunun ödənilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab etməklə üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini hazırkı məhkəmə icraatında mübahisələndirir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə görə hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. -2.0.7-ci maddəsinə görə hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. -2.0.8-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. -2.0.14-cü maddəsinə görə qanuni təmsilçi - nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək. Həmin Məcəllənin 24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.2-1 vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi vergi ödəyicisinin qanuni təmsilçisinin ölkədən getmək hüququna məhdudiyyətin qoyulması üçün əsasları aşağıdakılardır 1) Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) Vergi borcu vaxtında ödənilməməlidir; 3) Hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Göründüyü kimi, qeyd edilən bu 3 halın eyni vaxtda mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt-vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır. Belə ki, iddiaçı uçot baza məlumatlarına əsasən xx.xx.2023-cü ilədək "xxxx" MMCnin qanuni təmsilçisi olmuş və həmin tarixdən hal-hazıradək MMC-nin qanuni təmsilçisi X6r. İddiaçı uçot baza məlumatlarına əsasən xx.xx.2023-cü ilədək "xxxx" MMC-nin qanuni təmsilçisi olmuş və həmin tarixdən hal-hazıradək MMC-nin qanuni təmsilçisi X3r. Göründüyü kimi, "xxxx" MMC-nin və "xxxx" MMC-nin qanuni təmsilçisi hazırda iddiaçı deyildir. İddiaçı "xxxx" MMC və "xxxx" MMC ilə hüquqi səlahiyyətlərini sonlandırmışdır. Mülki qanunvericilik, eləcə də hüquqi şəxsin nizamnaməsi ilə icra orqanın rəhbərinə verilmiş səlahiyyətlər hazırda iddiaçıda olmadığından hüquqi şəxsə hesablanmış vergi borcunun hüquqi şəxslə bağlılığı qalmayan şəxsdən tutulmasına yönəlmiş tədbirlərin görülməsi və ya saxlanılması ilə bağlı Vergi Məcəlləsində hər hansı norma nəzərdə tutmamışdır. MMC-nin mövcud vergi borcuna görə hüquqi şəxsi məsuliyyətə cəlb etmə və ya vergi borcunun ödənilməsini təmin etməyə yönəlmiş müvafiq səlahiyyətləri vergi qanunvericiliyində dəqiq olaraq sadalanmışdır ki, həmin səlahiyyətlər arasında MMC-nin hazırkı təmsilçisinin fərdi sahibkar kimi ölkədən getməsinə qoyulmuş məhdudiyyəti səbəbindən hüquqi şəxsin borcuna görə əvvəlki qanuni təmsilçini məhdudiyyət tədbiri altında saxlamaq imkanı müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş tələb -vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın borcudur. Başqa sözlə, həmin normada nəzərdə tutulmuş şərtin baş verdiyi hər bir halda, vergi orqanı məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir. Hazırkı halda məhdudiyyətin aradan qalxması əsası yaranmışdır, vergi orqanının istinad etdiyi dəlillər bu məhdudiyyətin saxlanılmasına hüquqi əsas vermir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN" **********) icra orqanının əvvəlki rəhbəri olmuş İddiaçı (VÖEN **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3428/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3428/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver