Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3429/2022 14.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Abbasov Zeynəlabidin Abbas oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adının əvvəlki adına, yəni İddiaçı - X2 qaytarılması (dəyişdirilməsi) və bu barədə adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, adının Gülbacı-dan Humay-a dəyişdirilməsi barədə 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciətiylə əlaqədar olaraq ona məxsus olan bütün məlumatlar araşdırılmış, uzun bir müddətdən sonra adının dəyişdirilməsi həyata keçirilmişdir. Adının Gülbacı-dan Humay-a keçirilməsi barədə 12 mart 2021-ci il tarixli AZ-İ 030849 nömrəli şəhadətnamə təqdim edilmişdir. Şəhadətnamə alındıqdan sonra müvafiq olaraq ona məxsus olan sənədlərdə ad qrafasının dəyişdirilməsi üçün müraciətlər edilmiş, sənədləri yeni adla verilmişdir. Ailə vəziyyətiylə əlaqədar olaraq hazırkı vəziyyətdə adının yenidən əvvəlki ada qaytarılması zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq o, cavabdehə 27.09.2021-ci il tarixində ərizə ilə müraciət ünvanlamışdır. Müraciətinə 01.10.2021-ci il tarixli məktubla cavab verilərək bunun mümkün olmaması qeyd edilmiş və imtina olunmuşdur. O, hazırkı iddia ərizəsi ilə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh imtinasında Nazirlər Kabinetinin 02 may 2011ci il tarixli qərarına istinad edərək bunun mümkünsüz olmasını qeyd edir, bu tamamilə səhv yanaşmadır, çünki o, burada yeni ad istəmir, əvvəlki adına qaytarılmağı xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi iddia ərizəsinə münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) həmin qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Vətəndaş İddiaçı adının dəyişdirilməsinə etirazımız yoxdur. Lakin Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri olmadığından ərizəsini icra etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı 29.12.2021-ci il tarixli, 05/Q-5350/13 nömrəli məktubunda iddia tələbinə etirazlarının olmadığı bildirilmiş və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 12.03.2021-ci il tarixli, 20 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi göndərilmişdir. Həmin akt qeydinə əsasən X1 adı “Gülbacı”-dan “Humay”-a 03.03.2021-ci il tarixdə dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, AZ-İ 030849 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X1 adı “Gülbacı”-dan “Humay”-a dəyişdirilmiş, bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 12.03.2021-ci il tarixdə 20 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 12.11.2021-ci il tarixli, 05/Q-4798/13 nömrəli məktubla göndərilmiş İddiaçı adının “Gülbacı”-dan “Humay”-a dəyişdirilməsinə əsas olmuş sənədlər aşağıdakılardan ibarət olmuşdur: - 24.12.2010-cu il tarixdə verilmiş AZ-İİ № 575703 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 xx.xx.1995-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 16.12.1995-ci il tarixdə 368 nömrəsi ilə qeyd edilmişdir. - 23.08.2016-cı il tarixdə verilmiş AZ-İİ № 142733 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 ilə X5 23.08.2016-cı ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23.08.2016-cı il tarixdə 4424 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Hüseynli soyadı verilmişdir. - X6 05 yanvar 2021-ci il tarixdə adının “Gülbacı”-dan “Humay”-a dəyişdirilməsi ilə bağlı ərizə ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 2021-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ünvanladığı rəydə qeyd olunmuşdur ki, vət. X6 xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 03.12.2020-ci il tarixdə ona Asan 5 tərəfindən AA2477181 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Vət. X6 3 saylı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət edərək adının «Gülbacı»dan «Humay»a dəyişdirilməsini xahiş etmiş və bununla əlaqədar qeydiyyat şöbəsindən onun barəsində toplanmış sənədlər şəxsiyyətinin araşdırılması üçün Suraxanı RPİ-nə göndərilmişdir. Araşdırma zamanı X1 Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən yoxlanılmış və müəyyən edilmişdir ki, onun barəsində heç bir təqsirləndirici məlumat yoxdur və X3 Rusiya Federasiyasından departasiya olunması barədə heç bir məlumat müəyyən olunmamışdır. Vət. X1 adının «Gülbacı»dan «Humay»a dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmişdir. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin adın dəyişdirilməsi haqqında 03.03.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, X1 öz istəyinə əsasən adının “Gülbacı”-dan “Humay”-a dəyişdirilməsinə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən icazə verilmişdir. İş materiallarına əlavə edilmiş 18.03.2021-ci il tarixdə verilmiş AZ-İİ № 434205 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X7 23.08.2016-cı ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23.08.2016-cı il tarixdə 4424 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Hüseynli soyadı verilmişdir. Cavabdeh 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 01.10.2021-ci il tarixli, 05/Q-4316/15 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.3-cü bəndinə əsasən isə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyada qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Adınızı “Humay”-dan “Gülbacı”-ya dəyişdirmək istəyiniz ilə bağlı bildirilir ki, sizin adınız 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 12.03.2021-ci il tarixli 20 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən “Gülbacı”-dan “Humay”-a dəyişdirilmişdir. Adınızın yenidən dəyişdirilməsi üçün Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri sizdə olmadığından ərizənizin təmin olunması imkanımız xaricindədir. Beləliklə işin hallarından görünür ki, iddiaçının əvvəllər adı, soyadı və ata adı X5 olmuş, nikaha daxil olması ilə əlaqədar soyadını “Məlikova”-dan “Hüseynli”-yə dəyişdirmiş, daha sonra adını “Gülbacı”-dan “Humay”-a dəyişdirmiş, bu barədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 12.03.2021-ci il tarixdə 20 nömrəsi ilə qeyd edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı növbəti dəfə adının əvvəlki adına “Humay”-dan “Gülbacı”-ya dəyişdirilməsini tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və iddianın qanunla müəyyən olunmuş müddət daxilində təqdim edilməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdehin 01.10.2021-ci il tarixli imtina cavabını aldıqdan sonra 28.10.2021-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi qanunvericilik ad və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İşin hallarından müəyyən olunur ki, iddiaçı adının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan artıq bir dəfə istifadə etmişdir. Adının növbəti dəfə dəyişdirilməsi isə yalnız yuxarıda sadalanan Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilə bilər ki, hazırkı iş üzrə ididiaçıya münasibətdə həmin hallar mövcud deyildir. Belə olan halda iddiaçının adının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdeh imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın dəyişdirilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı adının əvvəlki adına, yəni İddiaçı - X2 qaytarılması (dəyişdirilməsi) və bu barədə adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3429/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3429/2022
14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver