Məhkəmə qərarları › İş №2-1(112)-3429/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3429/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3429/2024 02.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Bakı Şəhəri Xətai Rayonu Xətai Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 05.09/10-849 saylı qərarının ləğv edilməsi və hesablanmış 182.80 (yüz səksən iki manat səksən qəpik) manat vergi borcunun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi xx.xx.2023-cü il tarixli, 05.09/10-849 saylı qərarla müvafiq icra və probasiya şöbəsinə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında olan yaşayış sahəsinə görə hesablanmış əmlak vergisi, faiz cəriməsi və maliyyə sanksiyasının məcburi qaydada tutularaq, Xətai Bələdiyyəsinin bank hesabına ödənilməsi müəyyən edilmişdir. Qeyd edilən qərarda əmlak vergisi üzrə 30.33 manat, ötən dövrlər üzrə 75.82 manat və faiz borcu üzrə 21.81 manat, maliyyə sanksiyası üzrə 70 manat olmaqla, ümumilikdə 182.80 manat, vergi borcu olduğu bildirilmişdir. xx.xx.2023-cü il tarixli, 05.09/10-849 saylı qərarda Xətai Bələdiyyəsinin qəbul etdiyi aktla, həmçinin xx.xx.2023-cü il tarixli, **********052 saylı tədiyyə bildirişi шдэ ona müraciət olunduğu, lakin tərəfindən əmlak vergisi üzrə vergi borcunun ödənilməsinin həyata keçirilmədiyi bildirilmişdir. Sözügedən qərar xx.xx.2023-cü il tarixdə Xətai rayon icra və probasiya şöbəsinin icraçısı Azər Rəhimov tərəfindən ona təqdim olunmuşdur. Qərarda yazılanlar həqiqəti əks etdirmir. Qərarda qeyd edilən akt və digər sənədlər ona təqdim olunmamışdır. Bunu bələdiyyə tərəfindən tərtib edilmiş tədiyyə bildirişindən də açıq-aşkar görmək olar. Hazırkı hal üzrə barəsində hesablanmış vergi borcu həqiqəti əks etdirmədiyindən, iddia tələbinə mahiyyəti üzrə baxılaraq bələdiyyənin qərarı ləğv edilməli və hesablanmış vergi borcu silinməlidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 07 noyabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2023-cü il tarixdə cavabdeh Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim olunmuş 02/264 №-li, xx.xx.2023-cü il tarixli iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçi İddiaçı iddia ərizəsindən də göründüyü kimi Azərbaycan Respublikasinin vergi qanunvericiliyini bildiyi halda bilə-bilə əmlak vergisi ilə bağlı öhdəliyindən bilərəkdən yayınmış və yerinə yetirməmişdir. İddiaçı illər öncə əmlakına dair mülkiyyət haqqında şəhadətnaməni əldə etsə də yerli vergi xidməti orqanında uçota alınmaq bərədə bilərəkdən müraciət etməmişdir. İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 73.1 -ci maddəsinin, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 11-ci, 77.1, 77.3-cü, 77-1.1 və 15.1.2-1-ci maddələrinin tələblərini bilərəkdən pozmuşdur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin Məcəllənin 50.2.2, 50.2.3 və 83.2.4-cü maddələrinin tələblərinə uyğun olaraq mənbəyi məlum olan mənbədən məlumatları əldə edilmiş, həmin Məcəllənin 32-ci, 32.4-cü, 85.4-cü, 59.1 -ci və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərinin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait”ə əsasən uçota almış və vergi ödəyicisinə borc məbləğini və faizləri əks etdirən Tədiyyə bildirişlərini son olaraq 2020-ci ildən etibarən dəfələrlə Xətai bələdiyyəsinin vergi xidməti tərəfindən iddiaçının mülkiyyətində olan Çingizxan Kərimov küçəsi 92- 106, blok-2, mənzil 163 və 168 ünvanlarına qoyulmuşdur. Lakin o, vergini ödəməklə bağlı hər-hansı bir addım atmamışdır. Son olaraq 01 iyun 2023-cü il tarixində iddiaçının ünvanına qoyulmuş tədiyyə bildirişi və xəbərdarlığın kötüyündə bələdiyyənin vergi ağenti tərəfindən 01 avqust 2023-cü il tarixində iddiaçının bildirişdə qeyd olunan telefon nömrələrinə zəng vuraraq xəbərdarlıq etməsi, iddiaçının isə qəti olaraq ödəniş etməkdən imtina etməsi barədə qeydlər aparılaraq vergi xidmətinin vəzifəli şəxslərinə təqdim edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində iddiaçıya 0001109+ nömrəli İnzibatı Akt tərtib edilərək sonuncu Xəbərdarlıq edilmişdir. Akt qanunvericiliyin tələbinə əsasən poçt vasitəsilə iddiaçının ünvanına göndərilmişdir. İnzibatı akta, yaxud aktın ayrı-ayrı hissələrinə öz etirazını yazılı şəkildə 30 gün müddətində bildirməsi onun nəzərinə çatdırılmışdır. Lakin iddiaçı 30 gün müddətində akta, yaxud aktın ayrı-ayrı-hissələrinə öz etirazını bildirməmiş və aktda göstərildiyi kimi onunla bağlı xx.xx.2023-cü il tarixində qərar qəbul ediləcəyi gün bələdiyyədə iştirakı haqqında bildirilsə də gəlməmişdir. Nəhayət, vaxt axını keçdikdən sonra xx.xx.2023-cü il tarixli, bələdiyyənin vergi xidməti orqanının təqdimatı əsasında bələdiyyə tərəfindən xx.xx.2023-cü il tarixində 05.09/10-849 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarın 3-cü bəndinə əsasən qanunamüvafiq qaydada qərar barədə iddiaçıya məlumat verilsə də nəticəsiz qaldığından Qərarın məcburi icra olunması məqsədilə xx.xx.2023-cü il tarixində Xətai İcra şöbəsinə 01/840 nömrəli məktubla müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli tədiyyə bildirişinin kötüyündə olan qeydlərdən, xx.xx.2023-cü il tarixli “Azərpoçt”un qeydi olan göndərişin kötüyündən göründüyü kimi iddiaçı vergi qanunvericiliynə, xəbərdarlıq və poçt göndərişinə məhəl qoymayaraq əmlak vergisini ödəməkdən imtina etmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə yəni, xx.xx.2023-cü il tarixdə, müraciət etmişdir. İddia mümkündür.

Faktiki hallar və sübutlar:

Bakı Şəhəri Xətai Rayon Bələdiyyəsinin 05.09/10-849 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Xətai Bələdiyyəsinin 05.09.203-cü il tarixli, 14 saylı protokolunun 10 nömrəli qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan yaşayış əmlak sahəsinə görə vergi borcunun ödənilməməsi məsələsi müzakirə olunaraq, müəyyən edilmişdir ki, sonuncunun mülkiyyətində olan yaşayış əmlak sahəsinə görə vergi borcunun ödənilməsi üçün ən son xx.xx.2023-cü il tarixində tədiyyə bildirişi və Xəbərdarlıq ünvanına göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində ünvan 2 ünvanında yerləşən ümumi 226,24 kv. metr yaşayış əmlak sahəsi üzrə 30,33 manat, ötən dövrlər üzrə 75,82 manat, o cümlədən faiz üzrə 21,81 manat ümumilikdə 112,80 manat borcunu ödəməmişdir. Vaxt axını nəzərə alınaraq barəsində xx.xx.2023-cü il tarixində tərtib edilmiş 001109 saylı İnzibati Akt ünvanına göndərilmişdir. Qeyd olunan qərarla Vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilməsi; ümumilikdə hesablanmış 112.80 manat, maliyyə sanksiyası üzrə 7 manat, ümumilikdə 182.80 manat borc məbləğinin fiziki şəxs İddiaçı tutulub Xətai bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır. Bələdiyyənin Vergi və ödənişlər şöbəsinin müdiri tərəfindən Xətai rayon Xətai Bələdiyyəsinin sədrinə ünvanlanmış “Vergi borcu tələbinin İcra şöbəsinə göndərilməsinə dair” Təqdimatla vergi ödəyicisi olan fiziki şəxs İddiaçı əmlak vergi öhdəliyini yerinə yetirmədiyi üçün, Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 53-cü maddəsinə və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.1.2-ci maddəsinə uyğun olaraq vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası tətbiq etməklə barəsində qərar qəbul olunaraq, Xətai icra şöbəsinə göndərilməsi xahiş olunmuşdur. **********2052 №-li tədiyyə bildirişlərinin kötüyündən müəyyən olunur ki, İddiaçı barəsində 2023-cü il üçün 111,31 manat və 270,21 manat məbləğində əmlak vergisi hesablanmışdır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********73 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2944A, ev –mənzil 1 (Yeni qaydalarla: AZ 1027, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 80,2 kv. m. olan mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 3817 nömrəli reyestr kitabının 357134 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2944A, ev –mənzil 6 (Yeni qaydalarla: AZ 1027, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 58,5 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 3817 nömrəli reyestr kitabının 357133 nömrəli vərəqində qeydiyyata alınmışdır.

Tətbiq edilən hüquq.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Həmin Məcəllənin 198.1.1-ci maddəsinə əsasən fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə). Həmin Məcəllənin 200.6-cı maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir, həmçinin 208.6-cı maddəyə əsasən fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir.

İnzibati-Prosessual Məcəllə:

58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Hazırda iddiaçı Bakı şəhəri Xətai rayonu Bələdiyyəsinin 05.09/10-849 saylı qərarının ləğv olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. İşin araşdırılan hallarından aydın olur ki, adıçəkilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqan tərəfindən yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hesablanmış vergilərin ödənilməsinin təmin olunması ilə bağlı cavabdehə xəbərdarlıq məktubları və daha sonra tədiyyə bildirişi ünvanlanmış, sonuncu tərəfindən vergilərin ödənilməsi təmin olunmadığından işin faktiki və hüquqi halları və bu halları təsdiq edən sübutlar göstərilməklə, habelə müvafiq qanunvericiliyə istinad olunmaqla mübahisələndirilən qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar maddi-hüquqi baxımdan da əsaslıdır. Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fıziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fıziki və hüquqi şəxslərdir (5.1, 5.2). Yerli vergilərə aşağıdakılar aiddir: fıziki şəxslərdən torpaq vergisi; fıziki şəxslərdən əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi (8.0). Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla, mülkiyyətində olan daşınmaz əmlakla (istifadədə olan torpaq sahəsində yerləşən) bağlı yerli vergilər (bələdiyyə vergiləri) qanunla müəyyən olunmuş müddətdə ödənilmədiyi üçün cavabdeh tərəfindən qeyd olunan qərar qəbul edilməklə, icra olunması üçün müvafiq İcra şöbəsinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-nin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar