Məhkəmə qərarları › İş №2-1(112)-343/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-343/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-343/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı «ölkə hüdudlarından kənara getməyə qoyulmuş qadağanın götürülməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdehlər Bakı Şəhər Baş Polis İdarəsinə və 4 saylı Cavabdeh2nə qarşı «ölkə hüdudlarından kənara getməyə qoyulmuş qadağanın götürülməsi və ona ümumvətəndaş pasportunun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələblər belə əsaslandırılır ki, İddiaçı Azərbaycandan kənarda yaşayan qız övladının (hamilə vəziyyətində olan) yanına getmək istəyir. İddiaçı bununla əlaqədar ümumvətəndaş pasportunun alınması üçün yaşadığı yer üzrə 4 saylı Cavabdeh2nə müraciət etmişdir. Həmin qurumdan bildirilmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən onun Azərbaycan Respublikası hüdudlarından kənara çıxmasına qadağan qoyulmuşdur. Əslində isə, iddiaçının ümumvətəndaş pasportu almasının həmin qadağa ilə bağlılığı yoxdur. Hər bir vətəndaş kimi ümumvətəndaş pasportu ala bilər, qanunla buna qadağan qoyulmamışdır. İddiaçının vəkili məsələ ilə bağlı aidiyyəti orqanlara sorğular ünvanlamışdır. 4 saylı Cavabdeh2 sorğuya 30 iyul 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ümumvətəndaş pasportunun verilməsi 4 saylı Cavabdeh2 xidmətində deyil və bu səbəbdən də müvafiq orqanlara müraciət olunmalıdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sorğuya verdiyi 15 iyul 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onun (iddiaçının) Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına məhdudiyyət qoyulmamışdır. Bakı Şəhər Baş Polis İdarəsinin cavab məktubunda isə qeyd olunmuşdur ki, konkret məlumat alınması üçün sorğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İdarəsinə göndərilmişdir. Lakin bu günədək sorğuya cavab verilməmiş və ona ümumvətəndaş pasportunun verilməməsinin səbəbi məlum olmamışdır. İddiaçının ölkə hüdudlarından kənara getməsi vacibdir. Cavabdehlərin hərəkətləri (imtinaları) onun hüquqlarını pozur, bu hərəkətlər tamamilə qanunsuzdur və ümumvətəndaş pasportunun verilməsi cavabdehlərə həvalə olunmalıdır. Göstərilənlərə və İPM-in 2.2.3, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçının ölkə hüdudlarından kənara getməsinə qoyulmuş qadağanın götürülməsi öhdəliyinin cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin, ona ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin isə cavabdeh 4 saylı Cavabdeh2 üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehlərə təqdim edilmişdir. Cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş 11 noyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - "xxxx" ASC-nin külli miqdarda pul vəsaitinin fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və təhqiqat idarəsində istintaqı aparılan cinayət işi üzrə yaradılmış birgə istintaq qrupunun tərkibinə daxil olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqləri tərəfindən davam etdirilir. Həmin cinayət işinin istintaqı ilə əlaqədar 14 oktyabr 2000-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi Filialına 11.752 manat kredit borcunu ödəmədiyinə görə 4 may 2015-ci il tarixdən İddiaçı sərhədkeçməsinə məhdudiyyət qoyulmuşdur. İPM-in 35.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müddəalarına görə belə iddialara inzibati məhkəmələrdə baxılmır. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Cavabdeh 4 saylı Cavabdeh2 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş 15 sentyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»nin 3.1.1 – 3.1.3-cü yarımbəndlərinə əsasən Dövlət Agentliyi “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyətinin təşkilini, onların vahid şəkildə idarə edilməsini, həmin mərkəzlərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilməsinə nəzarəti və mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanuna uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələrin aparılmasını təmin edir. Həmin Fərmanla təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1-cu bəndinə və 3.1.10-cü yarımbəndinə əsasən vətəndaşlara pasportların verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü ii 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.1-ci bəndindən də göründüyü kimi, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları tərəfindən «Pasportlar haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət “Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci və 6-cı hissələrinə uyğun olaraq “ASAN xidmət” mərkəzlərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı xidmətləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi təmin edir. Göründüyü kimi, “ASAN xidmət” mərkəzlərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı əməliyyatlarının həyata keçirilməsini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mərkəzlərdə yerləşən aidiyyəti qurumu vasitəsi ilə həyata keçirir. Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri isə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda qeyd edilən fəaliyyət istiqamətlərinə malik olmaqla dövlət orqanları (indiki halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edirlər. Beləliklə, hazırkı iş üzrə cavabdeh olan 4 saylı Bakı Cavabdeh2 xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurum kimi çıxış edir. Göründüyü kimi, 4 saylı Cavabdeh2 hazırkı iddia tələbinə cavab verməli şəxs olmadığından, onun cavabdeh qismində iş üzrə tərəf olmasına əsas yoxdur. Qeyd edilənlərin qərar qəbul olunarkən nəzərə alınması məhkəmədən xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2152/2021 saylı iş üzrə 19 avqust 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadda məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, iddianın “iddiaçıya ümumvətəndaş pasportunun verilməsi” hissəsi digər hissədən ayrılaraq həmin hissəyə baxıla bilər. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra işin məhkəmə icraatında iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın 4 saylı Cavabdeh2nə qarşı olan hissəsinin geri götürüldüyünü, yalnız cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı olan hissəyə baxılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia dəyişdirilərək «ölkə hüdudlarından kənara getməyə qoyulmuş qadağanın götürülməsi» kimi qəbul edilmiş və 4 saylı Cavabdeh2 hazırkı inzibati məhkəmə icraatında cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmşdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndısini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görəinzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə diqqətə çəkir ki, iddiaçı hazırda cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-prosessual fəaliyyəti ilə bağlı qərar və ya hərəkətlərini mübahisələndirdiyindən və mübahisələndirilən qərar və ya hərəkət inzibati icraat çərçivəsində qəbul olunmadığından, cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin vurğulanmışdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar