Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3431/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsində yerləşən, yaşayış sahəsi 46,62 kv.metr, köməkçi sahəsi 27,01 kv.metr, ümumi sahəsi 73,63 kv.metr olan 73 saylı mənzilin iddiaçının anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsində yerləşən yaşayış sahəsi 46,62 kv.metr, köməkçi sahəsi 27,01 kv.metr, ümumi sahəsi 73,63 kv.metr olan 73 saylı mənzilin kirayəçisi iddiaçının nənəsi olmuşdur. Onun ölümündən sonra 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 31 iyul 2014-cü il tarixli qərarı əsasında 73 saylı mənzilin kirayə müqaviləsi iddiaçının anası X1 adına dəyişdirilmişdir. İddiaçının anası 2018-ci ildə ölmüşdür. İddiaçı anasının vərəsəsidir və halhazırda 73 saylı məzildə yaşayır. İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin müraciətinə cavab verilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 56 saylı sərəncamı xx.xx.2014-cü il tarixdə verilmişdir. Həmçinin, təqdim edilən qərar mərhum X2 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus sənədlər əsasında vərəsəsinə çıxarış verilməsi nəzərdə tutulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən mənzilə yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki sahəsi 73.8 kv.m təşkil edir. Təqdim edilən sərəncamda mənzilin 2 (iki) otaqlı olması qeyd olunsa da, faktiki 3 (üç) otaqlıdır və mənzil ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Elektron kadastr baza məlumatlarına əsasən mənzilin yerləşdiyi ərazi siyahıya alınmış, söküntü planı olan ərazilərdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixində, ünvan 1 ünvanda qeydiyyatdadır. AZ-T seriyalı, 016576 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X6, anası X5r. AZ-İ seriyalı, 948919 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X9 xx.xx.2014-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Hadıyeva soyadı verilmişdir. AZ-İ seriyalı, 970452 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 30 sentyabr 2018-ci il tarixdə ölmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2864/2014 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 73 saylı mənzilin ölçülərində dəqiqləşmə edilərək yaşayış sahəsi 46,62 kv.metr köməkçi sahəsi 27,01 kv.metr, ümumi sahəsi isə 73,63 kv.metr mənzilin kirayə müqaviləsinin X7 ilə bağlanması barədə sərəncam verilməsi vəzifəsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 263 saylı Sərəncamı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2- 1(81)-2864/2014 saylı qərarı icra edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 73 saylı evin yaşayış sahəsi 46,62 kv.metr olan 73 saylı mənzilinin kirayə müqaviləsinin X7 ilə bağlanması qərara alınmışdır. Bakı şəhəri 53 saylı notariat ofisinin 03 aprel 2023-cü il tarixli məktubuna əsasən xx.xx.2018-ci ildə vəfat etmiş X1 adına vərəsəsi İddiaçı müraciətinə əsasən xx.xx.2023-cü tarixində vərəsəlik işi açılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinə uyğun olaraq X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 73 ünvanında yerləşən daşınmaz əmlakın çıxarışını ünvan 2si xahiş olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 73 ünvanında yerləşən mənzil 2 mərtəbəli binanın 2-ci mərtəbəsinin bir hissəsində yerləşir. Mənzil mövcuddur və yaşayış vardır. Mənzil hüquqmüəyyənedici sənəd üzrə 2 otaqlı olmaqla yaşayış sahəsi 33 kv.metrdir. Mənzil faktiki olaraq 3 otaqdan ibarətdir, yaşayış sahəsi 45,9 kv.metr, köməkçi sahəsi 27,9 kv.metr, ümumi sahəsi 73,8 kv.metr təşkil edir. Yasamal rayon İcra Hakimiyyətinin 10 may 2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 263 saylı sərəncamına əsasən M.Fətəli küçəsi, ev 73 mənzil 73-də yaşayan vətəndaş X1 adına Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 61 saylı Mənzil-Kommunal İstismar Sahəsinin sakinlər üçün açılmış şəxsi kitabında məlumat qeyd olunmuşdur. Kitabın hesab səhifəsində qeyd olunmuş ümumi sahə 73.63 kv.metr olan mənzildə C.Axundovanın iki qız övladı: 1976-cı il təvəllüdlü X10, 1979-cu il təvəllüdlü X8 həmin mənzildə qeydiyyatda olduqları göstərilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsində yerləşən yaşayış sahəsi 46,62 kv.metr, köməkçi sahəsi 27,01 kv.metr, ümumi sahəsi 73,63 kv.metr olan 73 saylı mənzilin iddiaçının anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.11.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.11). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət (3). Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (4). Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (9). Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2864/2014 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 73 saylı mənzilin ölçülərində dəqiqləşmə edilərək yaşayış sahəsi 46,62 kv.metr köməkçi sahəsi 27,01 kv.metr, ümumi sahəsi isə 73,63 kv.metr mənzilin kirayə müqaviləsinin X7 ilə bağlanması barədə sərəncam verilməsi vəzifəsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 263 saylı Sərəncamı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2864/2014 saylı qərarı icra edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 73 saylı evin yaşayış sahəsi 46,62 kv.metr olan 73 saylı mənzilinin kirayə müqaviləsi X7 ilə bağlanması qərara alınmışdır. İddiaçı hazırda həmin mənzil üzərində mülkiyyət hüququnun anası X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdeh qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 56 saylı sərəncamının xx.xx.2014-cü il tarixdə verilmiş olmasına, mənzilin faktiki sahəsinin 73.8 kv.metr təşkil etməsinə, faktiki 3 (üç) otaqlı olmasına və elektron kadastr baza məlumatlarına əsasən mənzilin yerləşdiyi ərazinin söküntü planı olan ərazilərə aid olmasına əsaslanaraq iddiaçının tələbini təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2864/2014 saylı qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 56 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 73 saylı mənzilin kirayəçisi X3 vəfat etməsi ilə əlaqədar olaraq evin kirayə müqaviləsi gəlini X2 adına keçirilmişdir. Buradan görünür ki, X2 həmin mənzillə bağlılığı 2009-cu ildən daha əvvəllərə aiddir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin imtinasından və iddiaya dair etirazında göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti başçısının sərəncamı xx.xx.2014-cü ildə verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır (146.1). Yuxarıda sadalanmış sənədlərdən görünür ki, iddiaçının anasının dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə dair istifadə hüququ 2009-cu il 01 yanvar tarixinədək yaranmışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsində yerləşən yaşayış sahəsi 46,62 kv.metr, köməkçi sahəsi 27,01 kv.metr, ümumi sahəsi 73,63 kv.metr olan 73 saylı mənzil üzərində mülkiyyət hüququnun iddiaçının anası X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsində yerləşən yaşayış sahəsi 46,62 kv.metr, köməkçi sahəsi 27,01 kv.metr, ümumi sahəsi 73,63 kv.metr olan 73 saylı mənzilin iddiaçının anası X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3431/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3431/2024
15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver