Məhkəmə qərarları › İş №2-1(112)-3432/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3432/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3432/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (böyük mütəxəssis, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi yanında Dövlət Sosial Müdafiə Fondunu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya 04.11.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin olunacaq Əmək Pensiyasının “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci il tarixində edilmiş dəyişiklikliyə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri əsasında hesablanaraq birdəfəyə ödənilməsinin ƏƏSM-si Nazirliyi Yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfndən ona 04.11.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunaraq, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 01.07.2017-ci il tarixli dəyişikliklərə qədər qüvvədə olmuş “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri əsasında hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 27.06.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 01.07.2017-ci il tarixə kimi onun 25 ildən artıq ümumi stajı, 12 il 6 aydan artıq zərərli əmək stajı olmuşdur. Qeyd edir ki, «Əmək pensiyaları Haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə görə iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, 01.07.2017-ci il tarixə qədər o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən 12 il 6 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən artıq ümumi əmək stajı toplamışdır. O 57 yaşdan, 04.11.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinant İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş və həmin təşkilatdan 08.12.2020-ci il tarixli **********9 saylı cavab məktubu verilərək, həmin məktubda ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının mümkünsüz olduğu bildirilmişdir. İddiaçı cavab məktubu ilə razılaşmır və hesab edir ki, cavab məktubu qanunsuzdur. Məhkəmənin nəzərinə çatdırır ki, 27.01.1983-cü il tarixdən 24.03.1989-cu il tarixə kimi işlədiyi vəzifələr nəzərə alınmasa belə 24.03.1989-cu ildən 01.07.2017-ci il tarixə kimi işlədiyi vəzəifələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmasını cavabdeh inkar edə bilməz. 01.07.2017-ci il tarixə kimi onun 25 ildən çox ümumi, 12 il 6 aydan çox zərərli əmək stajı olmuşdur. Belə olan halda onun 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququmun yaranması təkzibedilməzdir. Ona görə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində birbaşa göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan siğortaolunanların:kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ona əmək pensiyası, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, tam əmək stajı toplamış olduğu dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Onun tam əmək stajı toplamış olduğu dövrdə, 01.01.2006-cı ildən isə "Əmək pensiyaları Haqqında" Azərbaycan Respublikası Qanunun qüvvədədir ki, həmin Qanunun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq ona 57 yaşdan, 04.11.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edlməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyshısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 027809 nömrəli diplomun surətində Bakı Baza Energetika Texnikumuna 1981-ci ildə daxil olunduğu göstərildiyi halda, Bakı Neft- Energetika Kollecinin 01.09.2020-ci il tarixli 451 nömrəli arayışında 23.08.1980-cı il tarixində yuxarıda adıçəkilən texnikuma qəbul olunduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda uyğunsuzluq mövcuddur. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay 2 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, cavabdeh, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Göründüyü kimi iddiaçıya 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması əsas gətirilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşı 04.11.2019-cu il tarixdə tamam olmuşdur və həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşdə olan iddiaçıya məxsus ПТ-İ № ******* saylı əmək kitabçasının azərbaycan dilinə tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 27.06.1983-cü il tarixdən 27.08.1983-cü il tarixədək 6 №li Azkəndtikintinin 65 saylı təsərrüfat hesablı tikinti montaj İdarəsinə İİ dərəcəli fəhlə, 11.03.1985-ci il tarixdən 15.07.1985-ci il tarixədək İstehsalat təcrübəsində 2-ci dərəcəli çilingər, 01.04.1986-cı il tarixdən 11.04.1988-ci il tarixədək Zəngilan rayonlararası ixtisaslaşdırılmış şöbədə mühəndis, 01.06.1988-ci il tarixdən 24.03.1989-cu il tarixədək Zəngilan şəhər Birləşmiş Qazanxana və İstilik Şəbəkələri sahəsində mühəndis, 24.03.1989-cu ildə X3 Donanmasının “STB-1” gəmisinə şagird matros peşəsinə işə qəbul edilmiş, 10.05.1989-cu ildə k/s “Titan-4” gəmisinə 2-ci dərəcəli matros, 01.07.1992-ci ildə d/e “M.Əliyev” gəmisinə 1-ci dərəcəli matros, 14.07.1993-cü ildə “Nefteqaz-58" gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə, 11.01.1995-ci ildə həmin gəmiyə kapitanın 2-ci köməkçisi keçirilmişdir. 21.01.2002-ci ildə “Gen.Əsədov" gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə, 27.06.2003-cü ildən 14.12.2007-ci ilədək “Şirvan-2” gəmisində kapitanın 3-cü köməkçisi işləmişdir. İş materiallarına əlavə edilmiş Bakı Baza Energetika texnikumu tərəfindən verilmiş ИT 027809 saylı diplomun surətindən görünür ki, İddiaçı 28 fevral 1986-cı il tarixə “Buxar generatorlu və turbin qurğulu İES” ixtisası üzrə texniki məktəbin tam kursunu bitirmiş, “texnik” ixtisası əldə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş 01 sentyabr 2020-ci il tarixli, 451 saylı Arxiv Arayışının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, arayış İddiaçı ona görə verilmişdir ki, o həqiqətən, 23 avqust 1980-ci il tarixində 227 saylı əmrlə Bakı Baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 16 aprel 1981-ci il tarixdə 73 saylı əmrlə hərbi xidmətə getdiyinə görə akdemik məzuniyyə verilmişdir. 02 iyun 1983-cü il tarixdə 97 saylı əmrlə hərbi ximətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 04 mart 1986-cı il tarixdə 43 saylı əmrıə “Buxar generatorlu və turbin qurğulu İES” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “istilik texnikası üzrə texnik” ixtisas dərəcəsi ИT 027809 saylı diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhil Nazirliyinin 15.02.1997-ci il arixli 101/s saylı əmrinə əsasən Bakı texnikumu ilə Bakı baza Energtika texnikumu biləşdirilərək bakı Neft-Energetika Kolleci yaradılmışdır. İş materiallarına əlavə edilmiş ADNSU-nin nəzdində Bakı Neft-Bakı Neft Energetika KolleciTexnikumunun Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 23 avqust 1980-ci il tarixli 227№li Əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı istilik «elektrik stansiyalarının buxar və turbin qurğuları» ixtisasına daxil olmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" QSC tərəfindən verilmiş EN01/02-779 saylı 20 dekabr 2020-ci il tarixli Arxiv Arayışından müəyyən edilir ki, arayış xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ondan ötrü verilmişdir ki, o həqiqətən 24.03.1989-cu ildə X3 Donanmasının “STB-1” gəmisinə şagird matros peşəsinə (24.03.1989-cu il tarixli 61-k nömrəli əmr) işə qəbul edilmişdir. 10.05.1989-cu ildə k/s “Titan-4” gəmisinə 2-ci dərəcəli matros (10.05.1989-cu il tarixli 91-k nömrəli əmr), 01.07.1992-ci ildə d/e “M.Əliyev” gəmisinə 1-ci dərəcəli matros (01.07.1992-ci il tarixli 219-k nömrəli əmr), 14.07.1993-cü ildə “Nefteqaz-58" gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə (14.07.1993-cü il tarixli 135-k nömrəli əmr), 11.01.1995-ci ildə həmin gəmiyə kapitanın 2-ci köməkçisi (11.01.1995ci il tarixli 11-k nömrəli əmr) keçirilmişdir. 21.01.2002-ci ildə “Gen.Əsədov" gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (21.01.2002-ci il tarixli 14-k nömrəli əmr), 27.06.2003-cü ildə “Atlet-24" gəmisinə kapitan (27.06.2003-cü il tarixli 152-k nömrəli əmr), 14.12.2007-ci ildə “Şirvan-2” gəmisinə kapitanın 3-cü köməkçisi (14.12.2007-ci il tarixli 297-k nömrəli əmr), 20.05.2009-cu ildə “Nefteqaz-10" gəmisinə kapitan (20.05.2009-cu il tarixli 149-k nömrəli əmr), 16.05.2011-ci ildə “Nefteqaz-58" gəmisinə kapitan vəzifəsinə (16.05.2011-ci il tarixli 948-k nömrəli əmr) keçirilmişdir. 18.05.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (18.05.2012-ci il tarixli 156-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 25.05.2012-ci ildə “S.Quliyev” gəmisinə kapitan vəzifəsinə (25.05.2012-ci il tarixli 165-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Lütoqa" gəmisində kapitan vəzifəsində çalışır. Şəxsi iş: № 222. Onun tutduğu vəzifələr üzən heyətə və işlədiyi gəmilər XDND-nın gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əsas: kadr əmrləri, ştat cədvəli “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma" idarəsi 07.03.2007-ci ildən X3 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X3 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 16 aprel 1981-ci il tarixdən 17 may 1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı 01.01.2006-cı ilə qədər hərbi xidmət və təhsil illəri daxil olmaqla 26 il, 08 ay ümumi və 16 il, 9 ay, 7 gün güzəştli iş stajı mövcuddur. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. O cümlədən məhkəmə hesab edir ki, iddiaçı 1980-cı ildən 1986-cı ilədək texnikumda təhsil aldığından, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən ali təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Bu əsasdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 16 il 9 ay 7 gün müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması mübahisələndirilməsinə baxmarayaq, məhkəmə tərəfindən iddiaçının güzəştli iş stajının həmin tarixədək hansı müddəti təşkil etməsi araşdırılmış və işdə olan əmək kitabçası əsasında müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçası üzrə ümumi iş stajı 01.01.2006-cı il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövr və təhsil illəri də daxil olmaqla 26 il, 08 ay ümumi və güzəştli iş staşı 16 il, 9 ay 7 gün təşkil edir. Hazırki iş üzrə iddiaçının qeyd olunan müəssisələrdə 24.03.1989-cu il tarixdən 01 yanvar 2006-cı il tarixədək işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının 23000000- XXVİİİ saylı Nəqliyyat bölməsinin ********* (üzən heyət) kod nömrəli güzəştli iş stajı verən peşəyə uyğun olması və həmin dövr üzrə iddiaçının güzəştli iş stajının 16 il 09 ay, 7 gündən ibarət olması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 04.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 04.11.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, ödənilməmiş fərqin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar