Məhkəmə qərarları › İş №2-1(112)-3432/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3432/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3432/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə qarşı “müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və onun dinc dövrdə hərbi xidmətə çağırılmaması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə (bundan sonra mətndə SHXÇ üzrə DX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni xx.xx.1992-ci il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və onun dinc dövrdə xidmətə çağırılmaması öhdəliyinin cavabdeh SHXÇ üzrə DX-nin Bakı şəhəri Səbail rayon idarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bindan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən onun yəni xx.xx.1992-ci il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və onun dinc dövrdə hərbi xidmətə çağırılmamağı öhdəliyinin cavabdeh SHXÇ üzrə DX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, İddiaçı cavabdeh tərəfindən təqdim edilən hərbi xidmətə çağırış vərəqəsinin ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsanamə”nin “Xəstəliklər cədvəli”nin 17-ci maddəsinin “B” bəndinə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı sülh dövründə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edərək, təkrar müayinə tarixinin xx.xx.2026-cı il tarixinə təyin ediməsi öhdəliyinin cavabdeh SHXÇ üzrə DX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatındadır. Səhhəti ilə bağlı hərbi xidmətə yararsızdır. Belə ki, taxikardiya və psixoloji narahatçılıqları vardır. Qeyd etmək istəyir ki, psixoloji narahatçılıqlarla bağlı o, 2 saylı psixoloji dispanserda müalicə almışdır və 18 yaşı tamam olandan 3 dəfə 3 illik ona möhlət verilərək, hərbi xidmətdən azad edilmişdir. Buna baxmayarağ yoxlanış zamanı SHXÇ üzrə DX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsində onun sənədlərinə baxmayaraq hərbi xidmətə yararlı kimi qeyd ediblər. Səhhətində olan narahatçılıqların həqiqiliyini və təqdim edilən sənədin mötəbərliyini sübuta yetirilməsi üçün o, 2 saylı psixoloji dispansera müraciət etmişdir və orda olan sənədləri tələb etmişdir, lakin qeyd olunan sənədləri ona təqdim etməmişdirlər, dispanserdən ona bildirmişdilər ki, yalnız məhkəmə sorğusu əsasında qeyd olunan sənədləri məhkəməyə təqdim oluna bilər. Qeyd etmək istəyir ki, xəstəliyi barədə hərbi biletində öz əksini tapmiş xəstəliyi “17B” maddəsi ilə qeyd edilmişdir. Lakin ona “çağırış vərəqəsi” göndərilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həqiqi hərbi xədmətə xx.xx.2022-ci il çağırılmışdır. “Azərbaycan Respublikası Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 23.0.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar dinc dövrdə hərbi xidmətdən azad edilirlər. Cavabdeh tərəfindən bütün lazımi tibbi və digər sənədlər təqdim edilməklə müvafiq ərizə ilə müraciət etsə də, qanuni tələbləri icra edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan SHXÇ üzrə DX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsinin iddiaya dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı xx.xx.1992-ci il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 №-li X3 tərəfindən verilmiş 1/2360 №-li, xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı Nəsimi rayon Hərbi Komissarlığının göndərişinə əsasən ilk dəfə, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X2 stasionar müayinə olunmuşdur Diaqnoz: “Adaptasiya pozuntusu: uzadılmış depressiv reaksiya və automotuləsiya ilə”. Təkrarən, İddiaçı SHXÇ üzrə DX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsinin göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X2 müayinə olunmuşdur. Diaqnoz: “Mülayim dərəcəli dissosiativ-konversion pozuntusu, özünəxəsarət yetirməklə”. Sonuncu dəfə, İddiaçı SHXÇ üzrə DX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsinin göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 2 nömrəli X2 müayinədə olmuşdur. Diaqnoz: “Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar edilmir. Affektiv reaksiyalara meyillidir. Anamnezində özünə xəsarət”. - SHXÇ üzrə DX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 2425 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş xx.xx.1992-ci il təvəllüdlü, çağırışçı İddiaçı həqiqi hərbi xidmətə çağırılmasına əsas olan müayinələrin aşağıdakı nəticələrindən: Sağlamlıq vəziyyətinin müayinə edilməsinə dair 553/11 №-li, xx.xx.2011-ci il tarixli aktın surətindən müəyyən olunur ki, 1992-ci il təvəllüdlü İddiaçı Nəsimi rayon Hərbi komissarlığının xx.xx.2011-ci il tarixli 1/161 №-li göndərişi ilə Bakı şəhəri 2 №-li X1 xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilə qədər stasionar, ambulator müayinədə olmuşdur. Şikayətlər; Çağırışçı əhvalın enməsindən, daxili gərginlikdən şikayət edir; Xüsusi müayinənin nəticələri: qan Hb-110,0 g/l, Le-4,9x10g/, EÇS-2mm/s. Nəcis və sidik patologiyasızdır; Nervoloji status: Mərkəzi sinir sistemin tərəfdən kobud üzvi patalogiya aşkar olunmur; E.E.Q. nəticəsi: Lokal və diffuz olan pataloji dalğalar və spesfik epileptik elementlər aşkar olunmadı; Diaqnoz: Adaptasiya pozuntusu: uzadılmış depressiv reaksiya və automotuləsiya ilə, F 43.21. xx.xx.2011-ci il tarixli Tibbi Şəhadətləndirilmə vərəqinin surətindən müəyyən olunur ki, 1992-ci il təvəllüdlü İddiaçı Nəsimi rayon Həkim Komissiyasının rəyinə əsasən “Xəstəliklər cədvəli”nin 17 “b” maddəsinin 1-ci qrafası və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. Sağlamlıq vəziyyətinin müayinə edilməsinə dair 1960 №-li, xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, 1992-ci il təvəllüdlü İddiaçı Nəsimi SHXÇDX hərbi komissarlığın xx.xx.2022-ci il tarixli 594 №-li göndərişi ilə Bakı şəhəri 2 №-li X1 xx.xx.2022-ci il tarixdə stasionar, ambulator müayinədə olmuşdur. Şikayətlər: təqdim etmir; Anamnezindən məlumdur ki, özünün dediyinə görə, irsiyyəti ruhi-əsəb xəstəlikləri ilə ağırlaşmayıb. Anadan normal doğulub. İlkin psixo-fiziki inkişafı qüsursuz keçmişdir. Məktəbi 9-cu sinifi bitirib. Peşə təhsillidir. Keçirtdiyi ağır somato-infeksion xəstəlikləri xatırlamır. Baş beyin zədəsi inkar edilir. Zərərli vərdişləri yoxdur. Subaydır. Fəhlə işləyir. 2011-ci ildə 2 №-li KPX-da HHK-da müayinə olunub, “Adaptasiya pozuntusu: uzadılmış depressiv reaksiya və automouləsiya ilə” d-zu təyin olunub. Təkrar müayinəyə göndərilib. Obyektiv müayinənin məlumatları: orta boylu, düzgün bədən quruluşludur. Dəri və gözlə görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən nəzərəçarpan kobud patalogiay əlamətləri aşkar olunmur. Sol əlində çağıq izi qeyd olunur. Nevroloji status: MSS tərəfindən kobud üzvi patalogiya əlamətləri qeyd olunmur. Psixi status: Düşüncəsi aydındır. Bələdliyi zamanda, məkanda və öz şəxsiyyətində saxlanılıb. Zahirən səliqəlidir. Keçirilən müayinənin mahiyyətini tam dərk edir. Ünsiyyətə tam adekvat daxil olur. Suallara mətləbə uyğun ardıcıl, düzgün cavablar verir. Qolundakı çapıq barəsində soruşduqda yeniyetmə vaxtlarında əsəbilik halında siqaretlə yandırdığını bildirir. Davranışı adekvatdır. Təfəkkürü ardıcıldır. Psixopatoloji produktiv simptomatika aşkar edilmir. Şikayət təqdim etmir. İntellektual səviyyəsi yaşına və aldığı təhsilə uyğundur. Dünya görüşü və maraq dairəsi yaşına və həyat tərzinə uyğundur. Əhval ruhiyyə fonu sabitdir. Emosional-iradi sferası canlıdır. Diaqnoz: Hal-hazıda psixi xəstəlik əlamətləri aşkar edilmir. Affektiv reaksyalara meyillidir.Anamnezində özünə xəsarət. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 2228 №-li, xx.xx.2022-ci il tarixli (1a/17) arayışının surətindən müəyyən olunur ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinin göndərişinə əsasən: - Diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında MHHK-nın qərarı- hal hazırda psixi xəstəlik əlamətləri aşkar edilmir. Affektiv reaksiyalara meyillidir. Anamnezində özünəxəsarət. Dishidrok. - Xəstəliklər cədvəlinin 17 c maddəsinin 1-ci qrafasına və ƏTC-yə əsasən Sıradankənar hərbi xidmətə yararlıdır qeyd olunmuşdur. Hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirilmə kartasının surətindən müəyyən olunur ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı hərbi xidmətə yararlılıq kateqoriyası və təyinat göstəricisi haqqında yekun rəyə əsasən sıradankənar hərbi xidmətə yararlı hesab olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatriya Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2055 №li məktubu ilə məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 1210 №li ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən müəyyən olur ki, ekspert belə nəticəyə gəlmişdir ki; - Yoxlanılan şəxs İddiaçı hazırda dissosiativ konversion pozuntu müəyyən edilir. - Yoxlanılan şəxs İddiaçı psixi vəziyyətinə görə özü və digər şəxslər üçün təhlükəli deyil. İddiaçı yaşadığı ərazi üzrə və qeydiyyatda olduğu poliklinikada həkim-psixiatr nəzarətində olması tövsiyyə edilir. - Yoxlanılan şəxs İddiaçı hazırda dissosiativ konversion pozuntu müəyyən edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 3113 №li məktubla məhkəməyə təqdim olunmuş K/346-2023 №li ekspert rəyindən görünür ki, ekspertlə belə nəticəyə gəlmişlər ki: - İddiaçı hazırda “Mülayim dərəcədə ifadə olunmuş təkrarlanan dissosiativ konversion pozuntu” diaqnozlu xəstəlik vardır. - İddiaçı olan xəstəlik hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsanamə”nin “Xəstəliklər cədvəli”nin 17-ci maddəsinin “B” bəndində nəzərdə tutulan mülayim dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan xəstəlik təzahürləri ilə müşayiət olunur. - İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş təkrarlanan dissosiativ - konversion pozuntu” diaqnozlu xəstəliklə “Xəstəliklər cədvəli”nin 17 “B” maddəsinin İ qrafası və ƏTCnə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsanamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilir. - İddiaçı psixoloji vəziyyətinin özü və digər şəxslər üçün təhlükəli olub-olmaması barədə sualın cavablandırılması məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aiddir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən: - İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə olunur (bənd 2.1). - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər (2.4-cü bənd); - İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. Dövlət tibb müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış həkim-mütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir (2.5-ci bənd); - İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A) hərbi xidmətə yararlıdır; B) sıradankənar hərbi xidmətə yararlıdır; C) sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç) hərbi xidmətə müvəqqəti yararsızdır; D) həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir (2.6-cı maddə); Əsasnamənin 8.3-cü bəndində əsasən “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: 8.2. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı “Xəstəliklər cədvəli”nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. “A”-hərbi xidmətə yararlıdır; “B”sıradankənar hərbi xidmətə yararlıdır; “C”-sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç”-hərbi xidmətə müvəqqəti yararsızdır; “D”-həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. Həmin Əsasnamənin “Xəstəliklər cədvəli”nin 17-ci bəndində aşağıdakılar qeyd olunmuşdur: Somatoform və stresslə bağlı nevrotik pozuntular: a) kəskin dərəcədə ifadə olunmuş, davamlı xəstəlik təzahürləri olduqda; b) mülayim dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan xəstəlik təzahürləri olduqda; c) mülayim dərəcədə ifadə olunmuş, qısamüddətli xəstəlik təzahürləri olduqda; ç) sağalma ilə qurtaran yüngül və qısamüddətli xəstəlik təzahürləri olduqda; d) yüngül asteniya ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş nevrotik reaksiya. Bu maddə reaktiv psixozları, nevrotik, dissosiativ və somatoform pozuntuları, psixogen depressiya halları və reaksiyalarını, şəxsiyyətin nevrotik inkişafını, şəxsiyyətin xroniki postreaktiv dəyişikliklərini, həmçinin travmadan sonrakı stress pozuntularını nəzərdə tutur. “a” bəndinə uzunsürən gedişli reaktiv psixozlar (psixogen paranoid psixoz, düşüncənin dəyişikliyi ilə isterik psixoz, reaktiv depressiya və digər), həmçinin kəskin ifadə olunmuş müalicə olunmayan nevrotik, dissosiativ və somatoform pozuntular aiddir. “b” bəndinə qısamüddətli və xoşgedişli psixotik pozuntular, aparılmış patogenetik stasionar müalicəyə baxmayaraq, şəhadətləndirilənin hərbi xidməti vəzifələrinin yerinə yetirməsini çətinləşdirəcək dərəcədə davamlı saxlanan xəstəlik təzahürləri ilə mülayim dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan nevrotik pozuntular aiddir. “c” bəndinə kompensasiya ilə başa çatan xoşgedişli, mülayim dərəcədə ifadə olunmuş, qısamüddətli nevrotik pozuntular aid edilir. “ç” bəndinə yaxşı müalicə olunan və sağalma ilə nəticələnən, əsasən emosionaliradi, vegetativ pozulmalarla səciyyələnən cüzi dərəcədə ifadə olunmuş nevrotik pozuntular aid edilir. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşlar 3 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş ekspert rəyindən müəyyən olunur ki, İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş təkrarlanan dissosiativ - konversion pozuntu” diaqnozlu xəstəliklə “Xəstəliklər cədvəli”nin 17 “B” maddəsinin İ qrafası və ƏTCnə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsanamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.-cü madəsinə əsasən əqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, İPM-nin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh SHXÇ üzrə DX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsinin üzərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsanamə”nin “Xəstəliklər cədvəli”nin 17-ci maddəsinin “B” bəndinə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı sülh dövründə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edərək, təkrar müayinə tarixinin xx.xx.2026-cı il tarixinə təyin ediməsinin həvalə edilməsi tələbi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsanamə”nin “Xəstəliklər cədvəli”nin 17-ci maddəsinin “B” bəndinə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı sülh dövründə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edərək, təkrar müayinə tarixinin xx.xx.2026-cı il tarixinə təyin ediməsinin həvalə edilməsi tələbi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar