Məhkəmə qərarları › İş №2-1(112)-3434/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3434/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3434/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “tutulmanın dayandırılması, tutulmuş məbləğin geri qaytarılması və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “tutulmanın dayandırılması, tutulmuş məbləğin geri qaytarılması və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbi dəqiqləşdirilərək cavabdehin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, inzibati orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi, pensiyadan tutulmaların dayandırılması və tutulmuş məbləğin hesablanaraq geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh bir-neçə ildir ki, artıq ödəmə adı ilə onun pensiyasından tutulmalar həyata keçirir. Halbuki, məhkəmə qərarı olmadan onun pensiyasına yönəltmə qanunsuz və əsassız hesab edilməlidir. Azalma barədə cavbdeh inzibati akt da qəbul etməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 25 iyun 2008-ci il tarixdən əlilliyə görə pensiya təyinatı aparılmış, 26 yanvar 2018-ci il tarixdə pensiya növü dəyişdirilmiş, 05 yanvar 2018-ci il tarixdən yaşa görə pensiya təyin edilmişdir. Pensiya növü dəyişdirildikdə artıq ödəmənin olduğu müəyyən edilmiş, bununla bağlı artıq ödəmənin tutulması üçün iddiaçının yazılı razılıq ərizəsi də təqdim edilmişdir. 01 yanvar 2017-31 dekabr 2023-cü il tarixədək əmək pensiyasından 24510,54 manat məbləğində vəsait tutulduqdan sonra 01 yanvar 2024-cü il tarixdən qalıq borcun 7630,38 manat təşkil etdiyi məlum olmuşdur. İddiaçının yazılı razılığı əsasında 313,76 manat olmaqla artıq vəsait ondan tutulur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Pensiya işindən görünür ki, iddiaçıya pensiya təyinatı aparılmışdır. Əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, 01 yanvar 2021-ci il tarixdən yenidən araşdırma nəticəsində onun pensiyası yenidən hesablanaraq 2915,72 manat əvəzinə 1219,90 manat kimi müəyyən edilmişdir. 12 fevral 2021-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, sığorta stajının düzgün müəyyən edilməməsi əsası ilə pensiya ödənişində artıq ödəmə müəyyən edildiyi göstərilmişdir. Pensiya işində olan DSMF-nun Bakı şəhəri Yasamal Rayon Şöbəsinin məktubundan görünür ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə 20 faiz-dən artıq olmamaqla şərti ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda məhkəmə qaydasında tutulur. 01 sentyabr 2008-ci il tarixdən 30 iyun 2017-ci il tarixədək yaranmış 69374,12 manat artıq ödəmə iddiaçının öz ərizəsinə əsasən onun pensiyasından 20 faiz məbləğində tutulur. İddiaçının DSMF-nun Bakı şəhəri Yasamal Rayon Şöbəsinə ünvanladığı 05 sentyabr 2017-ci il tarixli ərizədən görünür ki, iddiaçı qeyd etmişdir ki, pensiyada olduğu halda ehtiyacı olduğu üçün işləməsi barədə Şöbəyə məlumat verməmişdir. Bu səbəbdən pensiyasından 20 faiz tutulmanın aparılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 7.5. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği artıq ödəmənin aşkar olunduğu tarixdən əmək pensiyaçısından son üç il üçün hesablanaraq tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği Qanunun 39-cu maddəsinə əsasən pensiyaçının yazılı razılığına əsasən, yaxud məhkəmə qaydasında tutulur. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya artıq ödənilmiş əmək pensiyasından tutulmaların dayandırılması, eləcə də tutulan pul məbləğinin pensiya orqanı tərəfindən iddiaçıya geri qaytarılması ilə bağlıdır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatından da aydın olmuşdur ki, iddiaçı əmək pensiyasının azaldılmasından yox, azaldılma nəticəsində artıq ödəmə kimi müəyyən edilmiş pul məbləğinin ondan tutulmasından narazıdır. Belə ki, cavabdeh tərəfindən 69374,12 manat artıq ödəmə müəyyən edilmiş, Qanunun 39.1-ci maddəsinin yeni redaksiyasına uyğun olaraq 3 illik müddət məhdudiyyəti nəzərə alınmaqla 32180,92 manat pul vəsaitinin tutulmalı olması qərara alınmış, həmin vəsaitdən 24510,54 manat tutulmuş, tutulmalı olan qalıq məbləği 7670, 38 manat müəyyən edilmişdir ki, iddiaçı həm 24510,54 manatın geri qaytarılmasını, eləcə də 7670,38 manat pulun tutulması ilə əlaqədar 313,76 manat vəsaitin hər ay ondan tutulmasının qadağan edilməsini tələb edir. Qeyd olunmalıdır ki. AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmə cavabdehin vəzifəsi qismində müəyyən edilmişdir ki, məhkəmə hesab edir ki, cavabdeh iddianın təminini istisna edən həmin şərtin mövcudluğunu da sübut etmişdir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmununundan da aydın olur ki, artıq ödəmənin tutulması üçün razılıq mövcud olmadıqda cavabdeh məhkəmə iddia ərizəsi ilə tutulmalı olan məbləğin tutulması ilə bağlı müraciət etmək hüququna malikdir ki, əmək pensiyaçı buna razılıq verdikdə isə məhkəməyə müraciət edilmədən də tutulmanın aparılması imkanı tanınmışdır. İşin faktiki hallarından, pensiya işinə daxil olan sənədlərdən isə görünür ki, əmək pensiyasından tutulmaya yazılır razılıq ərizə formasında iddiaçı tərəfindən verilmişdir ki, həmin razılıq mövcud olduğu halda cavabdehin tutulma ilə bağlı hərəkətlərinin qanunsuzluğu halı mövcud olmamış, cavabdeh iddiaçının yazılı razılığına uyğun olaraq tutulma həyata keçirmiş, eyni zamanda qanunvericilikdə mövcud dəyişiklik iddiaçının vəziyyətinin yüngülləşdirdiyindən həmin dəyişiklik də nəzərə alınmaqla tutulma aparılmışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1817/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsaslanaraq İddiaçı1 hər ay artıq ödənilmiş pul məbləğinin tutulmasına dair sərəncamı qəbul etməkdə haqlı olmuşdur. Həmin normanın tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının pensiyasının üzərinə hesablanmış əlavənin ödənilməsinin dayandırılması ilə bağlı iddiaçı məlumatlandırılmış və o, artıq aldığı məbləğin pensiyadan hissə-hissə tutulması ilə bağlı ərizə ilə Cavabdeh Qəbələ rayon şöbəsinə müraciət etmişdir. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar