Məhkəmə qərarları › İş №2-1(112)-3434/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3434/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3434/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı "yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1348.8 kv.m olan bağ evi və 0.4220 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona 03.11,2023-cü il tarixdə çıxarış verilmişdir. Həmin bağ evi ilə bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 16.11,2023-cü il tarixdə 04/1472 nömrəli texniki pasport tərtib edilmiş və bağ evinin ümumi sahəsinin 1348.8 kv.m və torpaq sahəsinin ölçüsünün 0.422 ha olması öz əksini tapmışdır. İddiaçı özünə məxsus torpaq sahəsinin üzərində inşa edilmiş bağ evindən qeyri-yaşayış kimi istifadə etmək qərarına gəlmişdir. Bununla bağlı iddiaçı Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ona məxsus bağ evinin təyinatının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətə cavab olaraq bildirmişdir ki, fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi istismara yararlı olması barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi Binəqədi RİH-ə təqdim edilmədiyindən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın müraciətdən imtina etməsi qanunsuz olmuşdur və heç bir hüquqi əsasa söykənmir. Belə ki, Mənzil Məcəlləsinin 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulan şərtlərin ödənilməsi barədə sübutlar, 21.2ci maddəsində nəzərdə tutulan sənədlərin hamısı inzibati orqana təqdim edilmişdir. Xüsusilə qeyd edilir ki, 20.4-cü maddədə də nəzərdə tutulan xüsusi şərt də ödənildiyindən cavabdeh inzibati orqanın müraciətdən imtinası anlaşılan olmadığı kimi, həm də qanunsuz olmuş, qərar qəbul edərkən Məcəllədə qeyd edilən imtinanın əsaslarını təşkil edən 22.1-ci maddənin hansı bəndinə istinad etdiyini qeyd etməmiş və beləliklə, iddiaçının mülkiyyət hüquqlarını kobudcasına — pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş etirazın əsaslandırılması: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixli 5-10/2-Q-101-162/2024 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi ünvanında yerləşən 1038 saylı fərdi yaşayış evinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi istismara yararlı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi Binəqədi İcra Hakimiyyətinə təqdim edilmədiyindən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəmüvafiq olunmamışdır. Qeyd olunmalıdır ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələbinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən bağ evi İddiaçı xüsusi mülkiyyətindədir; Texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinin ümumi sahəsi 1.348,8 kv.m. təşkil edir; Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən tərtib edilmiş ortofotoda qeyd edilən qonşu daşınmaz əmlaklar bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən iddiaçıya ünvanlanmış məktuba əsasən Xidmətin mütəxəssisləri tərəfindən keçirilmiş müayinənin və müvafiq struktur bölməsinin təhlili əsasında ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evinin (A tikilisi: zirzəmili 2 (+mansard) mərtəbəli; B və C tikilisi: 1 (+mansard) mərtəbəli) təyinatının qeyri-yaşayış binasına keçirilməsinə dair Dövlət Şəhərsalma Norma və Qaydalarının “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” 2.6-1 AzDTN-nin, “İctimai bina və qurğular” 2.08.02-89 Tikinti Norma və Qaydalarının, “Su təchizatı. Xarici şəbəkə və qurğular” 2.11-1 Azərbaycan Respublikasının Dövlətlərarası Tikinti Normalarının, “Bina və qurğuların yanğın avtomatikası” 2.04.09-84 Tikinti Norma və Qaydalarının, “Bina və qurğuların yanğın təhlükəsizliyi” 2.02.01-97 Dövlətlərarası Tikinti Normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə” inşa edildiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: İİİ fəsil Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.5. Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri- yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8.Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri- yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Maddə 22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1 -ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1.İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2.İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçıların arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 15.1.Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1.Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlili ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir. Belə ki, imtina dəlili onunla bağlı olmuşdur ki, fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi istismara yararlı olması barədə Fövqəladə Hallar Nazirliyinin rəyi təqdim olunmadığından, iddiaçının müraciəti təmin olunmamışdır. Məhkəmə bildirir ki, hazırkı halda yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmə barədə imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübutetmə vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh həmin halı sübut edə bilməmiş, fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi istismara yararlı olması barədə rəyin təqdim edilməməsinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Halbuki, MM-nin 21.3-cü maddəsinin tələbləri konkret olaraq müəyyən edir ki, sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Təqdim edilməli olan sənədlərin siyahısı isə, sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir), keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti), keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu) və keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planıdır ki, işin faktiki halları ilə müəyyən olunur ki, həmin sənədlər cavabdeh tərəfindən əldə edilmiş, lakin cavabdeh 21.3-cü maddənin tələblərinə uyğun olmadan imtina etmiş, imtina zamanı isə, ümumi olaraq rəyin təqdim edilməli olmasına istinad etmişdir. Halbuki, cavabdeh göstərilən sənədlərdən əlavə hər hansı sənədin təqdim edilməli olmasına istinad edə bilməzdi ki, cavabdeh tərəfindən müraciət əsassız olaraq icra edilməmişdir. Məhkəmə, hüquqi mübahisənin predmeti olan yaşayış sahəsinin funksional təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi məsələsini hüquqi müstəvidə hərtərəfli təhlil edərək, xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, belə təyinat dəyişikliyinin həyata keçirilməsi üçün hər hansı maneə yoxdur. Belə ki, imtinanın əsasında duran hal fərdi yaşayış evinin qeyriyaşayış sahəsi kimi istismara yararlı olması barədə Fövqəladə Hallar Nazirliyinin rəyinin təqdim olunmaması olsa da, məhkəmə araşdırılması zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş məktub əsasında ünvan 2 ünvanında yerləşən və struktur baxımından A (zirzəmili, ikimərtəbəli və mansardlı), B və C (bir mərtəbə və mansardlı) tikililərindən ibarət olan fərdi yaşayış evinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi kontekstində müvafiq normativ hüquqi aktların tələblərinə tam şəkildə riayət edilməklə inşa olunduğu müəyyən olunmuşdur. Eyni zamanda nəzərə alınmalıdır, istər yanğın təhlükəsizliyi, istərsə də digər mühəndis-texniki göstəricilər baxımından həmin tikilinin mövcud norma və standartlara cavab verdiyi, eləcə də istismar üçün təhlükəsizlik baxımından hər hansı riskin mövcud olmadığı hüquqi cəhətdən təsbit olunmuşdur. Cavabdeh inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçının müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. Cavabdeh heç bir sübuta əsaslanmadan rəyin təqdim olunmamasına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etməklə, o, İnzibati icraat haqqında Qanunun tələblərinə riayət etmədiyini və nəticə etibarı ilə inzibati orqan kimi üzərinə düşən araşdırmanı aparmadığını göstərir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə icraatı zamanıda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsində hər hansı maneə olduğunu təsdiq edən dəlil təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, hazırki iddia təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar