Məhkəmə qərarları › İş №2-1(112)-3435/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3435/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3435/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək stajını, zərərli və ağır şəraitli işlərdə çalışdığı illəri nəzərə alaraq ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməklə yaranmış fərqin bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əmək stajını, zərərli və ağır şəraitli işlərdə çalışdığı illəri nəzərə alaraq ona 57 yaşdan, yəni 17.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, hazırda 57 yaşı tamam olmuş, 07.06.1978-ci il tarixində əmək fəaliyyətinə başlamış, hazırda da "xxxx" Neft Qazçıxarma İdarəsinin Mexaniki Təmir Qrupunda elektirik qaynaqçısı vəzifəsində çalışır. Ona görə də cavabdehə ərizə ilə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin müraciətinə vermiş olduğu cavab məktubunda “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının sənədlərinin rəsmləşdirilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüş və 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçı göstərilən işlərdə çalışmışdır: 07.06.1978 - 08.07.1980-cı illərdə Salyan rayon Pambıqkənd kənd X1 fəhlə və malabaxan, 01.09.1980 - 20.07.1981-ci illərdə Əli- Bayramlı şəhər 28 nömrəli Texniki Peşə məktəbində əl ilə elektrik qaynaqçısı sənəti üzrə təhsil almış, 05.08.1981-ci ildə “Şirvanneft” neft qazçıxarma idarəsində elektirik qaynaqçısı vəzifəsində, 20.10.1981 - 02.04.1984-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 02.04.1984-12.07.1985-ci illərdə “Azneft” Quraşdırma İdarəsində qaynaqçısı, 12.08.1985-30.09.1985-ci il tarixində Rusiya Federasiyasının Tümen vilayətində Neft avadanlıqları İdarəsində qaynaqçısı vəzifəsində, 25.10.1985-23.02.1987-ci il tarixində Rusiya Federasiyasının Tümen vilayətində Neftçıxartma İdarəsində qaynaqçısı, 23.02.1987-31.07.1992-ci il tarixində Rusiya Federasiyasının Tümen vilayətində Neft avadanlıqları İdarəsində qaynaqçısı, 11.09.1992 - 01.12.1994-cü illərdə “Salyanneft” neft qazçıxarma idarəsinin əhaliyə məişət xidməti sahəsində elektirik qaynaqçısı, 01.12.1994 - 01.01.2001-ci illərdə “Salyanneft” neft qazçıxarma idarəsinin 2 nömrəli neft və qaz çıxarma sexinin quraşdırıcılar briqadasında elektirik qaynaqçısı, 01.01.2001-ci ildən hal-hazıra kimi “Salyan Oyl 1” neft qazçıxarma idarəsinin mexanik təmir qrupunda elektirik qaynaqçısı. Göründüyü kimi cavabdeh imtina məktubunda iddiaçının təhsil aldığı və hərbi xidmətdə olduğu illəri, o cümlədən zərərli və ağır şəraitli işlərdə çalışdığı illəri tam olaraq nəzərə almamış və əsassız olaraq 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı 31 avqust 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsində müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 1 ay 06 gün) təşkil edir. Bu səbəbdən də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, o, Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasında 1978-1980-ci illərdə, hər il 4 ay olmaqla işləmiş, sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Salyan RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 10 noyabr 2020-ci il tarixli **********7 saylı məktubla iddiaçıya bildirilmişdir ki, “ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 1 ay 6 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır”. - İddiaçıya məxsus 22 iyul 1981-ci il tarixli 13437-50 saylı attestatdan görünür ki, o, 01.09.1980 - 20.07.1981-ci illərdə Əli-Bayramlı şəhər 28 nömrəli Texniki Peşə məktəbində təhsil müddəti 1 il olan əl ilə elektrik qaynaqçısı peşəsi üzrə təhsil almışdır. - Azərbaycan Respublikası X3 filialının 04.08.2020-ci il tarixli 295 saylı məktubundan görünür ki, X3 filialında mühafizə olunan Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasının arxiv sənədlərində, o cümlədən, 1978-1980-ci illərə aid şəxsi heyət üzrə əmrlərində İddiaçı fəhlə işləməsi aşağıdakı kimidir: 07.06.1978-ci il tarixdə (Əmr №41 § 1) təsərrüfata mövsümü fəhlə, 18.06.1979-cu il tarixdə (əmr № 34 §1) mövsümü fəhlə, 08.07.1980-ci il tarixdə (əmr № 63 § 2) heyvandarlıq fermasına müvəqqəti malabaxan təyin edilmişdir. - “Salyan Oil” LTD şirkətinin 20.08.2020-ci il tarixli HR-20-042 saylı arayışından görünür ki, iddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının X bölməsinin İİ yarımbölməsinə əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir.

1. 11.09.1992 - 01.12.1994 – cü il tarixlərdə “Salyanneft” neft-qaz çıxarma idarəsinin əhaliyə məişət xidməti sahəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir.

2. 01.12.1994 - 01.01.2001 – ci il tarixə qədər “Salyanneft” neft-qaz çıxarma idarəsinin 2 nömrəli neft və qaz çıxarma sexinin quraşdırıcılar briqadasında elektrik qaynaqçısı vəzifəsində işləmişdir.

3. 01.01.2001-10.08.2020 – ci il tarixlərdə "xxxx" neft-qaz çıxarma idarəsinin mexaniki təmir qrupunda elektrik qaynaqçısı işləmişdir. Bu da 27 il 11 ay təşkil edir. - İddiaçıya məxsus 26.10.1981-ci il tarixdə doldurulmuş HЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 28.10.1981-ci il tarixdən 20.12.1983-cü il tarixə qədər Azərbaycan SSR Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - Salyan rayonu İcra Hakimiyyəti Başçısının Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 809 saylı 10.08.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı Bəşirbəyli kəndində yaşayır. - İddiaçıya məxsus ИТ № ******* saylı 21.09.1981-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən və sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatdan görünür ki, iddiaçı 05.08.1981-ci il tarixdən (Əmr № 108/a 04.08.1981-ci il) 20.10.1981-ci il tarixə qədər (Əmr № 153/k 19.10.1981-ci il) “Şirvanneft” neft qazçıxarma idarəsində elektrik qaynaqçısı vəzifəsində, 28.10.1981-ci il tarixdən 14.12.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur, 02.04.1984-cü il (Əmr № 43-k 02.04.1984-cü il) tarixdən 12.07.1985-ci il tarixə qədər (Əmr № 103/k 15.07.1985-ci il) “Azneft” Birliyinin Əli- Bayramlı Vışkaquraşdırma İdarəsində qaynaqçı vəzifəsində, 12.08.1985-ci il tarixdən (Əmr № 146k 12.08.1985-ci il) 30.09.1985-ci il tarixə qədər (Əmr №167k 30.09.1985-ci il) Rusiya Federasiyasının “BaşTümenNeftQaz” İstehsalat Birliyinin “NoyabrskNeftQaz” Vışkaquraşdırma İdarəsində əl ilə elektrik qaynaqçısı vəzifəsində, 25.10.1985-ci il tarixdən (Əmr № 134-k 24.10.1985-ci il) 23.02.1987-ci il tarixə qədər (Əmr №65 23.02.1987) həmin İdarənin metalquraşdırma sexində elektrik qaynaqçı vəzifəsində, 23.02.1987-ci il tarixdən (Əmr № 65 23.02.1987) 29.04.1991-ci il tarixə qədər (Əmr № 102-k 25.04.1991) həmin idərədə vışkaquraşdırma qaynaqçısı vəzifəsində, 06.05.1991-ci il tarixdən (Əmr № 84-k 05.05.1991) 26.02.1992-ci il tarixə qədər (Əmr № 40-k 26.02.1992) Muravlenko şəhərində nasos kompresor sexində elektrik qaynaqçısı vəzifəsində, 02.03.1992-ci il tarixdən (Əmr № 38k 02.03.1992) 31.07.1992-ci il tarixə qədər (Əmr № 102k 31.07.1992) “Kapital” KMdə elektrik qaynaqçısı vəzifəsində, 11.09.1992-ci il tarixdən (Əmr № 71k 10.09.1992-ci il) 01.12.1994-cü il tarixə qədər “Salyanneft” Neft Qazçıxarma İdarəsinin əhaliyə məişət xidməti sahəsində elektrik qaynaqçısı vəzifəsində, 01.12.1994-cü il tarixdən (əmr № 84/k 02.12.1995-ci il) 01.01.2001-ci il tarixə qədər “Salyanneft” Neft Qazçıxarma İdarəsinin 2 nömrəli neft və qaz çıxarma sexinin quraşdırıcılar briqadasında elektrik qaynaqçısı vəzifəsində işləmiş, 03.01.2001-ci il tarixdən hal-hazıra kimi isə "xxxx" LTD Şirkətinin mexanik təmir qrupunda elektirik qaynaqçısı vəzifəsində işləyir. - “Salyan Oil” LTD şirkətinin 19.03.2021-ci il tarixli HR-21-015 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 21 iyun 1993-cü il tarixli 320 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricələrin Siyahısı” barədə Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 23200000 XXXİİİ Ümumi peşələr bölməsinin 23200000 — 19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir: 11.09.1992-ci il tarixdən 01.12.1994-cü il tarixə qədər “Salyanneft” neft qaz çıxarma idarəsinin əhaliyə məişət xidməti sahəsində elektrik qaynaqçısı, 01.12.1994-ci il tarixdən 01.01.2001-ci il tarixə qədər “Salyanneft” neft qaz çıxarma idarəsinin 2 nömrəli neft və qaz çıxarma sexinin quraşdırıcılar briqadasında elektrik qaynaqçısı, 01.01.2001-ci il tarixdən 01.01.2006-cı il tarixə qədər "xxxx" Ltd şirkətinin mexaniki təmir qrupunda elektrik qaynaqçısı vəzifələrində işləmişdir. Bu da 13 il 3 ay 19 gün təşkil edir. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, 17.07.2020-ci il tarixdə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu 10 noyabr 2020-ci il tarixli **********7 saylı iddiaçının ümumi iş stanın 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 1 ay 6 gün) təşkil etdiyini əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, 01.01.2006-cı il tarixədək İddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanun¬veri¬ciliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 17.07.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ Ümumi peşələr bölməsində 23200000 — 19906 saylı şifrlə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi təsbit olunmuşdur. İddiaçı da məhz 11.09.1992-ci il tarixdən 01.01.2006-cı il tarixə qədər (13 il 3 ay 19 gün) "xxxx" LTD şirkətində (əvvəlki adı “Salyanneft” Neft Qazçıxarma İdarəsi) əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Bu barədə işlədiyi müəssisə tərəfindən ona güzəştli staja dair arayış verilmişdir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq ona təqdim edilmiş arayışda iddiaçının 12 il 6 ay artıq müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı siyahısına əsasən xüsusi zərərli sahələrdə çalışmasına dair aparılmış qeydiyyatı nəzərə almamış, hansı ki, bu qeydiyyat iddiaçının işlədiyi müvafiq sahənin ona güzəştli pensiyanın təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajının guya 25 ildən (24 il 1 ay 6 gün) az olmasını əsas gətirməsini məhkəmə qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarında olan Əli-Bayramlı şəhər 28 nömrəli Texniki Peşə məktəbi tərəfindən verilmiş attesta əsasən iddiaçı 01.09.1980 - 20.07.1981-ci illərdə (10 ay 20 gün) Əli-Bayramlı şəhər 28 nömrəli Texniki Peşə məktəbində peşə təhsili almış, HЗ seriyalı ******* saylı hərbi biletinə əsasən 28.10.1981-ci il tarixdən 20.12.1983-cü il tarixə qədər (2 il 1 ay 23 gün) hərbi xidmətdə olmuş, əmək kitbçasına əsasən isə 21 il 8 ay 4 gün işləmişdir. Beləliklə, bu sənədlərə əsasən iddiaçının, ümumilikdə, 10 ay 20 gün + 2 il 1 ay 23 gün + 21 il 8 ay 4 gün = 24 il 8 ay 17 gün iş stajı var. Bundan başqa, məhkəmə araşdırması zamanı alınmış Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasının arxiv sənədlərindən çıxarışdan görünür ki, iddiaçı 07.06.1978-ci il tarixdə (Əmr №41 § 1) təsərrüfata mövsümü fəhlə, 18.06.1979-cu il tarixdə (əmr №34 §1) mövsümü fəhlə, 08.07.1980-ci il tarixdə (əmr № 63 § 2) heyvandarlıq fermasına müvəqqəti malabaxan təyin edilmiş və onun kolxozda işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət nəzərə alınmaqla hesablanmalıdır. İddiaçının kolxozda işlədiyi müddət faktiki olaraq (hər mövsümün 3 ay götürülməklə) 90 adam günü faktiki işlədiyi illər üzrə adam günü norması illik 150 adam günü müəyyən edilməklə, 90 gün faktiki işlədiyi müddəti 150 adam günü normasına böldükdə iddiaçının 1978-1980-ci illər üzrə 1 il 6 ay sığorta stajı yaranmış olur. Beləliklə, iddiaçının Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasında işlədiyi 1 il 6 ay sığorta stajı onun ümumi stajına əlavə edildikdə iddiaçının ümumilikdə, 25 il 8 ay 17 gün stajı var (24 il 8 ay 17 gün + 1 il 6 ay = 25 il 8 ay 17 gün). Qeyd edilməlidir ki, arxiv arayışında minimum adam günü norması göstərilməmişdir. Oxşar işlər üzrə qüvvədə olan məhkəmə aktlarından görünür ki, bu illərdə minimum əmək günü norması 150-dir, cavabdeh orqan isə həmin illərin adam günü normasından az olmasını hər hansı sübutla əsaslandırmamış, həmçinin nəzərə almalıyıq ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində minimum adam günü normasından deyil, minimum əmək iştirakı normasından bəhs olunmuşdur. Odur ki, iddiaçının qazandığı adam gününün minimum adam günü normasından az olması barədə dəlillər də əsaslı sayıla bilməz. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasında işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1978-1980-ci illərdə işlədiyi dövrlə ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasında işlədiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Salyan filialının arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr üzrə hesablanan sıgorta stajı müddəti iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1978-1980-ci illərdə Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasında işlədiyi dövrdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Salyan filialının arxiv arayışı ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında qeyd olunmasa da, onun 1978-1980-ci illərdə Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasında işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisəyə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Salyan filialının arxiv arayışı ilə də bir daha təsdiqlənmişdir. Odur ki, bu halda, fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə, cavabdeh tərəfindən, guya iddiaçının 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması barədə mülahizəsi öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının 17.07.2020-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 17.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı oğluna 57 yaşının tamam olduğu 17.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar