Məhkəmə qərarları › İş №2-1(112)-3437/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3437/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3437/2021 14.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi və vəkili X1 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşı tamam olduğu 02.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3437/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Ermənistan SSR Vardenis rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 10.10.1980-ci ildə başlamışdır. 1984-cü ildə Azərbaycan Respublikası Neft və Sənaye Universitetinin “Kimya texnologiyası” fakültəsinin “Neft və qazın kimyəvi emalı texnologiyası” ixtisası üzrə əyani şöbənin İ kursun daxil olmuş və 1989-cu ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. Bunu təsdiq edən arxiv arayışı və diplom mövcuddur. Bundan sonra 30.12.1992-ci il tarixdən 08.09.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 25.09.1993-cü il tarixdən 01.07.1994-cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün Beyləqan rayon döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 31.08.1995-ci il tarixli müvafiq əmri ilə 08.09.1995-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. Bunu təsdiq edən əmrlərin surətləri, eyni zamanda arxiv arayışı mövcuddur. 21.08.1989-cu il tarixdən hal-hazırki vaxtadək Heydər Əliyev adına X2 güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan 30.04.2002-ci il tarixinədək katalitik krekinq üzrə 5 № li texnoloji sexin, istehsalatın Q-43-107M qurğusunda, 55 №li texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsində, növbə rəisi vəsifəsində işləmişdir. 01.05.2002-ci il tarixdən hal-hazırkı vaxtadək katalitik krekinq üzrə 5 №li texnoloji sexin texnoloji qurğuların operatoru peşəsində işləyir. Bu peşə və vəzifə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 21 avqust 2020-ci il tarixədək 30 il 11 ay 29 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan vəzifələrdə işləmiş şəxs kimi 02.05.2020-ci il tarixdə 57 yaşı tamam olduğundan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ yaranmışdır. Ona əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh ona pensiya təyin edilməsindən imtina etmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “B” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin təqdim edilmiş sənədlərdən görünür ki, 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay 17 gün) təşkil edir. Lakin cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, onun ümumi əmək stajı 25 ildən də artıq müddət təşkil edir. Cavabdehin əməkdaşları 24 il 9 ay 17 gün müddətini hansı qaydada hesablaması barədə məlumatı olmasa da, adi riyazi hesablama qaydasında hesablandıqda belə onun ümumi əmək stajı 25 ildən artıq müddət təşkil edir. Belə ki, o, 10.10.1980-ci ildən 05.05.1981-ci il tarixədək (6 ay 25 gün) Ermənistan SSR-də işləmişdir. 06 may 1981-ci il tarixdən 07 may 1983-cü il tarixədək (1 il 01 gün) Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, 03.06.1983-cü il tarixdən 29.07.1983-cü il tarixədək (01 ay 26 gün), 03.08.1983-cü il tarixindən 30.08.1984-cü il tarixədək (1 il 27 gün), 21.08.1984-cü il tarixdən 24.07.1989-cu il tarixədək Azərbaycan Respublikası Neft və Sənaye Universitetinin “Kimya texnologiyası” fakültəsinin “Neft və qazın kimyəvi emalı texnologiyası” ixtisası üzrə əyani şöbəsində təhsil almışdır. 21.08.1989-cu il tarixdən də hal-hazırkı vaxtadək 16 il 4 ay 10 gün olmaqla Heydər Əliyev adına X2 işləyir. Əmək fəaliyyətinə başladığı 10.10.1980-ci il tarixdən 57 yaşı tamam olanadək ümumi əmək stajı 25 il 1 ay 01 gün təşkil edir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-cı il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1. iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtinə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja sahib olmasıdır. İddiaçının əmək kitabçası, hərbi bileti və diplomuna əsasən ümumi iş stajı 25 ildən az təşkil edir: - Təhsil müddəti - 4 il 9 ay 27 gün (01.09.1984 - 28.06.1989); - Hərbi xidmət - 2 il 1 gün (06.05.1981 - 07.05.1983); Əmək fəaliyyəti - 18 il 24 gün (10.10.1980 - 05.05.1981; 03.06.1983 - 29.07.1983; 03.08.1983 - 30.08.1984; 21.08.1989 - 01.01.2006). “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (a) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi). SOCAR “Heydər Əliyev adına X4” tərəfindən təqdim edilmiş 21.08.2020-ci il tarixli arayışda iddiaçının işləmiş olduğu peşələrin 2 nömrəli siyahının hansı bölməsinə və hansı koduna uyğun gəldiyi qeyd edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ПТ-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 10.10.1980-ci il tarixdən 05.05.1981-ci il tarixədək Zod ekspedisiyasının Tikinti sexinə İİ dərəcəli fəhlə, 03.06.1983-cü il tarixdən 29.07.1983-cü il tarixədək Zod ATS “Armtsvetmetstroy” tresti “ГРЕ” obyektində ikinci dərəcəli fəhlə, 03.08.1983-cü il tarixdən 30.08.1984-cü il tarixədək Zod Ekspedisiyası Tikinti Sexinə İİ dərəcəli fəhlə, 21.08.1989-cu il tarixdən Yeni-Bakı neftayırma zavodu 5 saylı texnoloji sexin Г-43107М qurğusuna 5-ci dərəcəli texnoloji qurğular operatoru, 16.11.2006-cı il tarixdən 6-cı dərəcəli texnoloji qurğular operatoru, 17.03.2010-cu il tarixdən hal-hazıradək 7-ci dərəcəli texnoloji qurğular operatoru vəzifəsində işləyir. İşdə olan “Socar” tərəfindən 21 avqust 2020-ci il tarixli, SOCAR**********81200601B00002 nömrəli arayışdan görünür ki, İddiaçı 21.08.1989-cu il tarixindən hal-hazıradək Heydər Əliyev adına X2 işləyir. 21.08.1989-cu il tarixindən (işə qəbul barədə 8-12/108 saylı 18.08.1989-cu il tarixli əmr) 30.04.2002-ci il tarixinədək katalitik krekinq üzrə 5 N-li texnoloji sexin, istehsalatın T-43-107 M qurğusunda, 55 N-li texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsində, növbə rəisi vəzifəsində işləyib. 01.05.2002-ci il tarixindən hal-hazıradək katalitik krekinq üzrə 5 N-li istehsalatın katalitik krekinq üzrə 55 N-li texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsində işləyir. Bu peşə və vəzifə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilmiş 18 avqust 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 30.12.1992-ci il tarixdən 08.09.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 25.09.1993cü il tarixdən 01.07.1994-cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün Beyləqan rayon döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 31.08.1995-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin "e" bəndinə əsasən, N saylı hərbi hissə komandirinin müvafiq əmri ilə 08.09.1995-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. İşdə olan iddiaçıya məxsus ГЛ № 092290 saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 06 may 1981-ci il tarixdən 07 may 1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus PB № 039028 saylı diplomdan görünür ki, İddiaçı 1984cü il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1989-cu ildə Neft və qazın kimyəvi emalı texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 28 iyun 1989-cu il tarixli qərarı ilə ona kimyaçı-texnoloq mühəndisi ixtisası verilmişdir. Diplom 21 iyul 1989-cu il tarixdə verilmişdir. İşdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 01-359 saylı, 08 oktyabr 2020-ci il tarixli arxiv arayışdan görünür ki, M.Əzizbəyov adına Azerbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildirilmişdir ki, İddiaçı 1984-cü ildə “Kimya texnologiya” fakültəsinin “Neft və qazın kimyəvi emalı texnologiyası” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuşdur. (Əmr; № 02/882, 21.08.1984-cü il) İddiaçı 1989-cu ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. (Əmr № 02/935 24.07.1989-cu il). Diplom PB № 039028, 21.07.1989-cu il. (qeyd № 259) İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 26 oktyabr 2020-ci il tarixli, **********3 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasıyalar üzrə Dövlət Agentliyinin 5 saylı “ASAN xidmət” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericılilklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cu maddəsinin b bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay 17 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı hazırda pensiyaçı deyildir. Onun 57 yaşı 02.05.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajına malik olması mübahisələndirilməmiş, onun həmin dövrədək ümumi iş stajının 25 ildən az, 24 il 9 ay 17 gün təşkil etdiyi əsası ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. Lakin iddiaçı ali təhsil aldığı müddət düzgün olaraq hesablandığı təqdirdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinin tələblərinə əsasən onun Qanun qüvvəyə mindiyi günədək, yəni 01 yanvar 2006-cı il tarixədək 12 il 6 ayı güzəştli olmaqla 25 ildən artıq ümumi stajının olduğunu əsas gətirərək, ona həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməli olduğunu iddia edir. İddiaçının güzəştli iş stajna malik olması cavabdeh tərəfindən mübahisələndirilməsə də, bununla belə məhkəmə işin hərtərəfli araşdırılması məqsədilə ilk növbədə iddiaçının 12 il 6 ay güzəştli iş stajına malik olub-olması araşdırmış, İddiaçı 01.01.2006-cı il tarixədək işlədiyi peşələrə dair güzəştli arayışın təqdim edilməsi “SOCAR”ın baş ofisinin Mərkəzi Arxivindən sorğu əsasında tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X4 tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli zərərli iş şəraiti haqqında arayışdan görünür ki, İddiaçı 21.08.1989-cu il tarixdən 10.06.2003-cü il tarixədək 5 saylı sexdə istehsalat, Q-43 107 M texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarının 2-ci siyahında şifrə 2130301a- 16081, Xİİ bölmənin 3-cü yarımbölməsində nəzərdə tutulmuşdur. 10.06.2003-cü il tarixdən hal-hazıradək 5 saylı sexdə 55 saylı texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarının 2-ci siyahında şifrə 2130301a- 16081, Xİİ bölmənin 3-cü yarımbölməsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsində nəzərdə tutulmuşdur. Müraciət əsasında iddiaçıya eyni məzmunlu 09 aprel 2021-ci il tarixli zərərli iş şəraiti haqqında arayışın təqdim edilməsi bildirilmiş və həmin eyni məzmunlu arayış məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının işlədiyi texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsinin zərərli vəzifə olmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X2 21.08.1989-cu il tarixdən 10.06.2003-cü il tarixədək 5 saylı sexdə istehsalat, Q- 43 107 M texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsi, 10.06.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək 5 saylı sexdə 55 saylı texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı adlı (kod ********) Xİİ bölməsinin Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı (kod ********) 3-cü yarımbölməsində 2130301a-16081 kodlu texnoloji qurğuların operatorları vəzifəsinə uyğundur. Həmin vəzifə üzrə iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 16 il 4 ay 10 gün təşkil edir. Bu da qanunla tələb edilən 12 il 6 ay güzəştli iş stajından artıq müddətdir. Cavabdeh 01.01.2006-cı il tarixədək olan dövr üzrə iddiaçının ümumi iş stajının hesablanması zamanı əmək kitabçası üzrə işlədiyi və həqiqi hərbi xidmət keçdiyi dövrləri tam olaraq nəzərə almışdır və həmin dövrlərin hesablanması ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Həmin dövrlər üzrə ümumi iş stajı 20 il 1 ay 29 gün təşkil edir. Hazırki iş üzrə ümumi iş stajının hesablanması zamanı tərəflər arasında ali təhsil müddətinin hesablanması ilə bağlı mübahisə yaranmışdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Hazırki halda cavabdeh iddiaçının ali təhsil aldığı müddəti ümumi iş stajına hesablasa da, lakin həmin dövrün düzgün hesablanmaması ilə bağlı tərəflər arasında fikir ayrılığı yaranmışdır. Bununla bağlı aparılan araşdırma nəticəsində iddiaçının tələbinin əsaslı olduğu müəyyən edilmişdir. Belə ki, cavabdeh 01.09.1984-cü il tarixdən 28.06.1989-cu il tarixədək olan dövrü əsas götürməklə iddiaçının ali təhsil aldığı müddəti 4 il 9 ay 27 gün olmaqla hesablanmışdır. Nəticədə iddiaçının ümumi iş stajının 25 ildən az təşkil etdiyini göstərilmişdir. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının 21 avqust 1984-cü il tarixdə M.Əzizbəyov adına Azerbaycan Neft və Kimya İnstitutunun “Kimya texnologiya” fakültəsinin “Neft və qazın kimyəvi emalı texnologiyası” ixtisası üzrə əyani şöbəsinə daxil olduğu, 24 iyul 1989-cu il tarixdə başa vurduğu müəyyən edilmişdir. Belə ki, yuxarıda göstərilmiş arxiv məlumatlarına əsasən verilən arayış əsasında müəyyən edilmişdir ki, iddiaçı 21 avqust 1984-cü il tarixdə ali məktəbə qəbul olunmuş və 28 iyun 1989-cu il tarixdə isə dövlət imtahan komissiyasından keçmiş, lakin 24 iyul 1989-cu il tarixdə ali təhsilini başa vuraraq, diplomunu almışdır. O, ali məktəbə qəbul olunduqdan sonra öz xahişi ilə 31 avqust 1984-cü il tarixdə işdən azad olunmuş və əyani əsaslarla təhsil almaqla, tələbə təqaüdü almışdır. İddiaçının 28 iyun 1989-cu il tarixdə dövlət imtahan komissiyasından keçməsi, onun təhsili tam başa vurmasına dəlalət etmir. O, 24 iyul 1989-cu il tarixdə diplomunu almaqla, ali təhsili tam olaraq başa vurmuşdur. Bu barədə ali təhsil müəssisəsi tərəfindən 24 iyul 1989-cu il tarixdə müvafiq əmr verilmişdir. Belə olan halda onun ali təhsil aldığı müddət 21 avqust 1984-cü il tarixdən 24 iyul 1989-cu il tarixdək olan dövrü əhatə edir, həmin dövr 4 il 10 ay 24 gün təşkil edir. İddiaçı işlədiyi və həqiqi hərbi xidmətdə olduğu 20 il 1 ay 29 gün müddətə onun ali təhsil aldığı 4 il 10 ay 24 gün müddət əlavə edildiyi halda, onun ümumi iş stajı 25 il 23 gün təşkil edir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 02.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 02.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar