Məhkəmə qərarları › İş №2-1(112)-3438/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3438/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3438/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X3 (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “pensiyaya əlavənin hesablanması və keçmiş dövr üçün yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, M ÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsinə görə ona ödənilən pensiyanın xx.xx.2017-ci il tarixindən mərhum oğlu X1 təminat xərcliyinin 80% miqdarında olmaqla yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ödənilməsi vəzifəsinin DSMF- nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 1 may 2009-cu il tarixində iddiaçıya və həyat yoldaşına, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.17.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına uyğun olaraq, ailə başçısını itirməyə görə mərhum oğlu gizir X1 təminat xərcliyinin 50 faizi miqdarında əmək pensiyası təyin olunmuşdur. Həmin tarixdən etibarən isə mərhum oğlu Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş müvafiq təminat xərcliyinin 50 faizi məbləğində, əmək pensiyası müvafiq kart hesabına köçürülmüşdür. Lakin, 30 sentyabr 2017-ci il tarixində həyat yoldaşı X5 vəfat etmişdir. Bu tarixdən etibarən isə həyat yoldaşı ailə başçısını itirməyə görə övladlarının təminat xərcliyinin 50 faizi miqdarında almış olduğu əmək pensiyası dayandırılmışdır. Bundan sonra, mərhum oğlu təminat xərcliyinin 50 faizi miqdarında əmək pensiyası ilə yalnız iddiaçı təmin olunmuşdur. Belə ki, o, mərhum övladı X1 həyatda olan tək hüquqi varisidir. Qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş 10 mart 2017-ci il tarixli dəyişikliyə uyğun olaraq, hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği mərhum oğlunun təminat xərcliyinin 80 faizindən az olduqda, pensiya məbləği həmin məbləğə çatdırılmaqla müəyyən edilir. Bununla bağlı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi cənab Zəka Mirzəyeva ünvanladığı ərizəyə baxılmışdır. Həmin ərizəyə verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubu ilə sözügedən dəyişikliyə əsasən pensiyanın yenidən hesablanmasından imtina edilmişdir. Qeyd edilənlərə iddiaçı ailə başçısının itirilməsinə görə ona ödənilən pensiyanın xx.xx.2017-ci il tarixindən mərhum oğlu X1 təminat xərcliyinin 80% miqdarında olmaqla yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ödənilməsi vəzifəsinin DSMF- nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia tələbi qanunamüvafıq deyil və təmin edilməməlidir. Bilindiyi kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Xüsusi olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına’' əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Məlumat üçün bildirirlər ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Belə ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənir. Belə ki, qanunun 14.1.1 - vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları; 14.1.1.1 - 18 yaşma çatmamış; 14.1.1.2 - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideynlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. Xüsusi olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya xx.xx.2009-cu il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.17.1-ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin (sonrakı artımlarda nəzərə alınmaqla) 50 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçının tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş sonuncu dəyişikliklə bağlı olaraq ailə başçısını itirməyə görə pensiyasının 80 faizi məbləğində yenidən təyin edilməsidir ki, buda qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Qanunun qüvvəyə mindiyi tarix xx.xx.2017-ci ildir. İddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və həmçinin Qanunda edilmiş dəyişiklər qüvvəsin aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən iddia tələbi təmin edilməməlidir. Həmçinin bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1-ci və 20.17.2-ci maddələrinə 2017-ci ilin 01 iyul tarixindən qüvvəyə minmiş dəyişikliklərlə ailə başçısını itirməyə görə əmək pensiyasının təminat xərcliyinin müvafiq olaraq, 50 və ya 35 faiz nisbətindən 80 faizə artırılması nəzərdə tutulmuşdur. Məlum olduğu kimi qanunda edilən dəyişikliklər, əgər həmin Qanunda başqa hal nəzərdə tutulmursa, qüvvəyə mindiyi tarixdən sonrakı münasibətlərə şamil edilir. Yalnız iki istisna Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə müəyyən edilmiş şəxsin hüquq məsuliyyətinin aradan qaldıran və hüquqi vəziyyətini yaxşılaşdıran halları əhatə edir. Bilindiyi kimi nazirliyin qaldırılan məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixdən əvvəl əmək pensiyası hüququ yaranmış və (və ya) təyin edilmiş şəxslərə ailə başçısını itirməyə görə əmək pensiyasının müvafiq 35 (50) faizdən 80-ə qaldırılması Konstitusiyada göstərilən hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirilə bilməz. Çünki, şəxsin müvafiq pensiya almaq hüququ göstərilən tarixdən əvvəl də mövcud olmuş və bu hüququn reallaşdırılmasında hər hansı dəyişiklik baş verməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil X6 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununun 1.76-cı maddəsinə əsasən 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə— ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. İş materiallarında olan, -X-ЖГ 447092 nömrəli 30 aprel 1985-ci il tarixli Doğum haqqında Şəhadətnamədən görünür ki, X7 23 mart 1985-ci ildə Mirbəşir rayonunda doğulmuş, bu barədə Mirbəşir rayon Qeydiyyat Şöbəsi tərəfindən akt qeydi aparılmışdır. -052 nömrəli Hərbi Hissənin Kadrlar İdarəsi tərəfindən kiçik-gizir X1 15 fevral 2005ci il tarixdə şəxsiyyəti imza və möhürlə təsdiq edilmişdir. -AZ-İ 906404 nömrəli 07 noyabr 2017-ci il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X4 ölümü xx.xx.2017-ci ildə 177 nömrə ilə akt qeydi aparılmaqla rəsmiləçdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1 may 2009-cu il tarixində iddiaçıya və həyat yoldaşına, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.17.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına uyğun olaraq, ailə başçısını itirməyə görə mərhum oğlu gizir X1 təminat xərcliyinin 50 faizi miqdarında əmək pensiyası təyin olunmuşdur. 30 sentyabr 2017-ci il tarixində iddiaçının həyat yoldaşı X5 vəfat etdikdən sonra həmin tarixdən etibarən ailə başçısını itirməyə görə övladının təminat xərcliyinin 50 faizi miqdarında almış olduğu əmək pensiyası dayandırılmışdır. Göründüyü kimi iddiaçı mərhum oğlunun yeganə hüquqi varisidir. iddiaçı normativ-hüquqi aktların tələblərini rəhbər tutaraq hüquqi vəziyyətini yaxşılaşdıran qanunun qəbul edildiyi tarixdən etibarən mərhum oğlunun təminat xərcliyinin 80 faizi həcmində pensiyanın yenidən təyin edilərək ona ödənilməsinə dair göstəriş verməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2020-cu il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının pensiyanın yenidən hesablanması haqqında ərizəsinə baxılmış və müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, İdarə tərəfindən 1 may 2009-cu il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olaraq ailə başçısını itirməyə görə mərhum övladı X2 təminat xərcliyinin 50 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən mərhum B.M.Məmmədovun vaxtı ilə sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 515,00 manat, rütbə maaşı 122,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10 faizi miqdarında əlavəsi-63.70 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi-51,50 manat, məxfiçiliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi-51,50 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 867,70 manat təşkil etmişdir. İddiaçının mərhum övladının təminat xərcliyinin (867,70 manat) 50 faizi-433,85 manat məbləğində pensiya iddiaçının müvafiq kart hesabına köçürülür. Sözügedən Qanuna edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyə uyğun olaraq, hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. İddiaçının pensiya hüququ qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 1 iyul 2017-ci il tarixindən əvvəl yarandığından sözügedən dəyişikliyin ona münasibətdə tətbiq edilməsi mümkün olmamışdır. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə xx.xx.2009-cu il tarixdən mərhum oğlunun təminat xərcliyinin 50 faizi məbləğində pensiya təyin edilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliklərlə təyin edilmiş pensiyanın məbləğində artımlara səbəb ola biləcək dəyişiklik edilsə də, həmin dəyişiklik iddiaçıya münasibətdə tətbiq edilməmiş və bununla bağlı cavabdehin hüquqi mövqeyi ondan ibarətdir ki, dəyişikliklərin qüvvəyə mindiyi tarix xx.xx.2017-ci il il olduğundan, iddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və Qanunda edilmiş dəyişikliklər qüvvəsini aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən müraciət təmin edilməməlidir. Məhkəmə cavabdehin hüquqi mövqeyinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin «Normativ haquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. xx.xx.2017-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində iddiaçının pensiyası ərinin təminat xərcliyinin 80 faizinə çatdırılmış, bununla da hüquqi vəziyyəti yaxşılaşdırılmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Qanunda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla 20.17.2-ci maddəsinə «miqdarı ilə» sözlərindən sonra «(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)» sözləri əlavə edilmişdir (1.76-cı bənd). Göstərilən dəyişikliyə əsasən vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirliən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. Bu isə hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə təyin ediləcək ailə başçısını itirməyə görə pensiya məbləğinin təminat xərcliyinin 80 faizindən az olmamaqla təyin edilməli olmasına dair qanunvericiliyin tələbini ifadə edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsi İddiaçı vəziyyətini yaxılaşdırdığı üçün həmin maddənin tələbləri əsas götürülməklə iddiaçıya mərhum oğlunun təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavə onun pensiyasına xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsindən imtina edilməsinə dair cavabdehin hərəkətləri qanununvericiliyin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, qanunvericlikdə yaranmış fərqin birdəfəlik ödənilməsi nəzərdə tutulmadığından, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, qeyd edilən normaların tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçıya xx.xx.2017-ci il tarixdən ailə başçısını itirməyə görə mərhum oğlunun təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin (50 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2017-ci il tarixdən İddiaçı ailə başçısını itirməyə görə mərhum oğlunun təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin (50 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar