Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3438/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı olan tarixdən, yəni 28 avqust 2020-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 28 avqust 1963-ci ildə anadan olmuşdur. 1980-1982-ci ildə Sumqayıt məktəblərarası X1, 1982-1984-cü ildə isə Sumqayıt Mexaniki məktəbində aşpaz peşəsi üzrə təhsil almışdır. 19 may 1984 - 30 iyun 1986-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 22.08.1986-cı ildə başlamışdır. 1994-cü ildən hal-hazıra qədər Azərbaycan Xəzər Dəniz X5 Cəmiyyəti X17 Donanmasınıda işlədiyi sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur. Onun ümumi iş stajı 40 ildir. 1980-ci ildən 01.01.2007-ci ilə qədər ümumi iş stajı 25 il 4 ay təşkil edir. Ümumi iş stajının 25 il 4 ayı 01.01.2007-ci ilə qədər əldə edilmişdir. Onun 57 yaşı 28 avqust 2020-ci ildə tamam olmuşdur. 01.07.2007-ci ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən 57 yaşı tamam olmuş şəxslər 25 il ümumi iş stajına və bu iş stajının 12 il 6 ayını 2-ci siyahı üzrə əldə edibsə güzəştli şərtlərlə pensiya hüququ əldə edir. Buna görə də pensiya təyinatı üçün sənədlərini cavabdehə müraciət etmişdir. Cavabdehin 16.12.2020-ci il tarixli **********4 saylı məktubu ilə onun müraciəti təmin edilməmişdir, iş stajı 21 il 5 ay 20 gün hesablanmışdır. Əslində isə onun 01.01.2007-ci ilə kimi ümumi iş stajı 25 il 4 ay təşkil edir. Onun 01.07.2007-ci ilə qədər qüvvədə olmuş əvvəlki “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən pensiya hüququ əldə etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, iddiaçı 11 avqust 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 26 avqust 1986-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun ümumi iş stajı 25 ildən az (21 il 5 ay 20 gün) təşkil edir. Bu səbəbdən də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 16.12.2020-ci il tarixli **********4 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt regional “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 26 avqust 1986-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, Sizin ümumi iş stajınız 25 ildən az (21 il 5 ay 20 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan NZ seriyalı ******* nömrəli İddiaçı məxsus hərbi biletin surətindən görünür ki, İddiaçı 19.05.1984-cü il tarixdən 05.07.1986-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan “Azərbaycan X12” QSC Xəzər X10 11.09.2020-ci il tarixli EN-01/02-263 saylı arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 10.09.1994-cü ildə Cənub Rayon X10 “Cənub-12” gəmisinə 2-ci mexanik vəzifəsinə (10.09.1994-cü il tarixli 156-k nömrəli əmr) işə qəbul edilmişdir. 21.10.1994-cü ildə “Zərdab-3” gəmisinə 2-ci mexanik (21.10.1994-cü il tarixli 177-knömrəli əmr), 17.03.1995-ci ildə böyük mexanik vəzifəsinə (17.03.1995-ci il tarixli 48-k nömrəli əmr) keçirilmişdir. O, 01.09.1995-ci ildə “Cənub - 15” gəmisində kapitanın böyük köməkçisi (01.09.1995-ci il tarixli 159-k nömrəli əmr), 01.12.1998-ci ildə “Cənub-5” gəmisində kapitan (01.12.1998-ci il tarixli 137-k nömrəli əmr), 11.03.2005-ci ildə “Orion-6 ” gəmisində kapitan (11.03.2005-ci il tarixli 25-k nömrəli əmr), 17.08.2012-ci ildə “Cənub- 14” gəmisində kapitan vəzifələrində (17.08.2012-ci il tarixli 1123-k nömrəli əmr) çalışmışdır. 10.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (07.03.2012-ci il tarixli 1538-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 16.09.2012-ci ildə “Cənub-14” gəmisinə kapitan vəzifəsinə (13.09.2012-ci il tarixli 1597-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Stvor” gəmisində kapitan vəzifəsində çalışır. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət ind.: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əsas: kadr əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəli, Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən X17 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X12nin və Xəzər X10 yenidən təşkili yolu ilə “Azərbaycan X12” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İş materiallarında olan “Azərbaycan X12” QSC-nin 21.10.2020-ci il tarixli 01/17- 208 saylı arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 22.08.1986-cı ildən (24.08.1986-cı il tarixli 59/l nömrəli əmr) 01.09.1994-cü ilə kimi (05.09.1994-ci il tarixli 42/l nömrəli əmr) Azərbaycan Xəzər Dəniz X6 Yolları İdarəsinin “X7", “Bakinskaya-4", “Smelıy”, “Narva”, "Bakinskaya-3”, “Kaspiyskaya-3”, “Apşeronskaya-8” gəmilərində aşpaz, bufetçi, matros, 1-ci dərəcəli matros-2-ci dərəcəli elektrik, şturman-mexanik vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X12 Azərbaycan Dövlət X12 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X12nin və Xəzər X10 yenidən təşkili yolu ilə “Azərbaycan X12” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İş materiallarında olan “Azərbaycan X12” QSC X2 02.03.2021-ci il tarixli NP 03/02- 195 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Dövlət X12nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində 22.08.1986-ci il tarixindən 01.09.1994-cü il tarixinədək aşpaz, matros, elektrik, motorçu, baş mexanik, kapitanın baş köməkçisi vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 09 il 00 ay 09 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təstiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 №-li Qərarına əsasən X12 Azərbaycan Dövlət X12 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №-li və 10.01.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X12nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X10 yenidən təşkili yolu ilə "Azərbaycan X12" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. İş materiallarında olan “Azərbaycan X12” QSC-nin Xəzər X10 arayışından görünür ki, X11 16.09.2012-ci il tarixdən “Azərbaycan X12” QSC-nin Xəzər X10 Stvor gəmisində kapitan vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan SSR Maarif Nazirliyi Sumqayıt Şəhər Xalq Maarif Şöbəsi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1980-ci il tarixdən 25.05.1982-ci il tarixədək məktəblərarası tədris istehsal kombinatında oxumuş, NÖC və A proqramı üzrə təlim kursunu tam keçmişdir. İş materiallarında olan Azərbaycan SSR X15 Təhsili Komitəsi tərəfindən verilmiş Q seriyalı 605613 saylı diplomun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 01.09.1982-ci il tarixdən 18.05.1984-cü il tarixədək Sumqayıt şəhər 85 №-li texniki məktəbdə təhsil almış və aşpaz peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 22.08.1986-cı ildə Azərbaycan Xəzər Dəniz X6 Yolları İdarəsinin “X7" gəmisində aşpaz vəzifəsinə təyin edilmiş, 02.06.1987-ci ildə “Kaspiyskaya-3”gəmisində matros, 01.08.1988-ci ildə 1-ci dərəcəli elektrik-2-ci dərəcəli matros, 16.08.1988-ci ildə 1-ci dərəcəli matros, 19.04.1990-cı ildə "Bakinskaya- 3”gəmisində 1-ci dərəcəli matros-2-ci dərəcəli elektrik, 20.04.1992-ci ildə “Apşeronskaya-8” gəmisində 2-ci dərəcəli motorist-2-ci dərəcəli matros, 23.11.1992-ci ildə “Apşeronskaya-8” gəmisində mexanik-kapitan köməkçisi, 12.05.1993-cü ildə “Apşeronskaya-8” gəmisində baş mexanik, 01.06.1993-cü ildə mexanik, 24.03.1994-cü ildə "Bakinskaya-2” gəmisində mexanik, 21.04.1994-cü ildə “Kaspiyskaya-3” gəmisində mexanik işləmiş, 01.09.1994-cü ildə işdən azad edilmişdir, 10.09.1994-cü ildə Abşeron Rayon X10 “Cənub-12” gəmisinə 2-ci mexanik vəzifəsinə işə qəbul edilmişdir, 21.10.1994-cü ildə “Zərdab-3” gəmisinə 2-ci mexanik, 17.03.1995-ci ildə böyük mexanik, 17.05.1995-ci ildə “Cənub-5” gəmisində 2-ci dərəcəli mexanik, 01.09.1995-ci ildə “Cənub - 15” gəmisində kapitanın böyük köməkçisi, 01.12.1998-ci ildə “Cənub-5” gəmisində kapitan, 11.03.2005-ci ildə “Orion-6 ” gəmisində kapitan, 17.08.2012-ci ildə “Cənub-14” gəmisində kapitan vəzifəsində işləmiş, 10.09.2012-ci ildə əmək müqaviləsinə xitam verilmişdir, 16.09.2012-ci ildə “Cənub-14” gəmisinə kapitan vəzifəsinə işə qəbul edilmişdir, 08.10.2012-ci ildə “Abşeron 23” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, 16.11.2012-ci ildə “Orion-15” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, 18.12.2012-ci ildə “Ağdərə-7” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, 16.01.2013-cü ildə “Orion-4” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, 17.03.2013-cü ildə “Ağdərə-5” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. Hal-hazırda “Azərbaycan X12” QSC X17 Donanmasında kapitan vəzifəsində çalışır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. İddiaçı 01.09.1982-ci il tarixdən 18.05.1984-cü il tarixədək Sumqayıt şəhər 85 №-li texniki məktəbdə təhsil almış və aşpaz peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmiş, 19.05.1984-cü ildən 05.07.1986-cı ilədək həqiqi hərbi xidmət keçmiş, 22.08.1986-cı ildən 01.09.1994-cü ilədək və 10.09.1994-cü ildən bu günədək “Azərbaycan X12” QSC X17 Donanmasında ayrı-ayrı vəzifələrdə işləmişdir. Göründüyü kimi, hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı ilədək ümumi sığorta stajı 23 il 02 ay 07 gün təkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Təqdim edilmiş arayışlardan görünür ki, iddiaçının 22.08.1986-cı ildən 01.09.1994-cü ilədək və 10.09.1994-cü ildən 01.01.2006-cı ilədək “Azərbaycan X12” QSC X17 Donanmasında tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər Xəzər X10 gəmilərinə aiddir, bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulmuşdur (XXVİİİ bölmə Nəqliyyat, 3-cü yarımbölmə Dəniz və çay donanması, 1-ci bənd Üzən heyət, kod 23003010 - Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 19 il 4 ay 2 gün). İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahılarda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Lakin iddiaçının 01.01.2006-cı ilədək güzəştli iş stajı 12 il 6 aydan çox olsa da, ümumi sığorta stajı 25 ildən az təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Vİİ. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Lakin iddiaçının 01.09.1980-ci il tarixdən 25.05.1982-ci il tarixədək məktəblərarası tədris istehsal kombinatında təlim kursu keçdiyi dövrlə əlaqədar məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarında qeyd olunan kursda təhsil müddətinin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin müddət iş stajına daxil edilməməlidir. Göründüyü kimi, iddiaçının təhsil müddəti və həqiqi hərbi xidmət keçdiyi müddət nəzərə alınmaqla, o, 01.01.2006-cı il tarixədək 23 il 02 ay 07 gün ümumi sığorta stajına malikdir, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3438/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3438/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver