Məhkəmə qərarları › İş №2-1(112)-344/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-344/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-344/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı pul tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2002-xx.xx.2005-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, xx.xx.2015-xx.xx.2017-ci il tarixləri üçün qatyarım məbləğin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-xx.xx.2017-ci il tarixlərdə AR Dövlət Təhlükəsizliyi Xidmətində (Prezident yanında Xüsusi İdarədə, Hərbi əkskəşfiyyat xidmətində, Milli Təhlükəsizlik Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində) xidmət etmişdir. xx.xx.2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157ci maddəsinin “b” bəndinə (yaşa görə) əsasən xidmətdən ehtiyata buraxılmış (hərbi rütbəsi-mayor, yuxarı yaş həddi - 48 yaş), xx.xx.2017-ci il tarixdə DTX-nın şəxsi heyətinin siyahısından çıxarılmışdır. Ehtiyata buraxıldığı xx.xx.2017-ci il tarixi də daxil olmaqla, xx.xx.2017-ci il tarixədək xidmət yerində olaraq vəzifəsinin (baş əməliyyat müvəkkili) icrasını davam etdirmiş, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və məlumat daşıyıcıları ilə işləmişdir. Xidmət müddətində intizam cəzası almamış, intizam cəzası kimi sərəncama çıxarılmamışdır, nümunəvi xidmətimə görə mükafatlar, qüsursuz xidmətə görə və yubiley medalları ilə təltif olunmuşdur. Xidmətinin təxminən 20 ilini bilavasitə ön müdafiə mövqelərində keçirmişdir. Müharibə və Silahlı Qüvvələr veteranıdır. O, xx.xx.2002xx.xx.2005-ci il tarixlərdə döyüş şəraitində olan DTX İİİ Bİ-nin (Hərbi Əks kəşfiyyat xidmətinin ) N saylı briqada üzrə bölməsində xidmət etməklə hərbi hissənin Tərtər rayonunun Səhləbad kəndində yerləşən divizionuna, xx.xx.2015-xx.xx.2017-ci il tarixlərdə İİİ Bİ İ İdarənin Artilleriya birləşmələri üzrə şöbəsində (Agcəbədi rayonu) xidmət etməklə döyüş mövqeyində yerləşən 922,N saylı hərbi hissələrə əməliyyat xidməti göstərmişdir. Döyüş bölgəsində olduqlarına görə xx.xx.2002-xx.xx.2005-ci il tarixlərdə N saylı hərbi hissənin hərbi qulluqçularına vəzifə və rütbəyə görə maaşa ikiqat (İİİ Bİ N saylı hərbi hissə üzrə bölməsi əməkdaşlarına xx.xx.2002-ci il tarixədək xidməti illər bir gün iki gün hesblanmış, eyni zamanda vəzifə və rütbə maaşına ikiqat əlavə verilmişdir. xx.xx.2002-ci il tarixdə səbəbsiz olaraq DTX-MTN tərəfindən kəsilmişdir), N , N saylı hərbi hissələrin hərbi qulluqçularına vəzifə və rütbəyə görə maaşa qatyarım məbləğdə ödəniş aparılmışdır. Belə ki, həmin hərbi hissələrin divizzion və bölmələri ön müdafiə mövqelərində yerləşmişlər. Əməliyyat xidməti göstərərək həmin divizion və bölmələrə mütəmadi olaraq getmiş, əməliyyat xidməti göstərmişdir. Həmin tarixlər üçün ona döyüş bölgəsində xidmətinə görə müvafiq olaraq ikiqat və qatyarım vəzifə və rütbə maaşının verilməsi üçün DTX-ya müraciət etmişdir. İddiaçıya “müraciətinizdə qaldırdığınız məsələnin həlli cavabdeh tərəfindən mümkün sayılmır” cavabı verilmişdir. Cavabdan görünür ki, xx.xx.2015xx.xx.2017-ci il tarixləri üçün xidməti müddətinin bir günü gün yarım kimi hesablanmışdır. Lakin buna görə müvafiq oalarq qatyarım əlavə verilməyib. Əməliyyat xidməti göstərdiyi N və N saylı hərbi hissələrin şəxsi heyətinə, döyüş mövqelərində yerləşdiyi üçün bir gün, gün yarım kimi hesablanmış və o həmin hərbi hissələrlə birlikdə xidmət apardığı üçün bu güzəşt ona aid edilmişdir. Lakin, DTX-dan fərqli olaraq, N və N saylı hərbi hissələrinin şəxsi heyətinə vəzifə və hərbi rütbəyə qat yarım maaşı hesablanmış, ona isə müvafiq artım verilməmişdir. Döyüş bölgəsində xidmət etdiyi xx.xx.2002-ci ildən xx.xx.2005-ci il tarixədək bir günü üç gün (bir ay üç ay) hesablanmaqla güzəştli şərtlərlə xidmət illərinə aid edilməlidir. Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” xx.xx.2004-cü il tarixli Qanununun 20.1 maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların” statusu haqqında, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” , Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr tarixli 631 saylı 1992-ci il tarixli qərarının 01 iyul 2005-ci il tarixədək qüvvədə olmuş 2-ci bəndinin a yarımbəndinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq hərbi xidmət qulluqçularına, daxili işlər və ədliyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təmin olunması üçün xidmətin bir ayı üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2002-xx.xx.2005-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, xx.xx.2015-xx.xx.2017-ci il tarixləri üçün qatyarım məbləğin hesablanaraq ona ödənilməsi vəzifəsinin Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəməyə eyni məzmunlu bir neçə məhkəmə çıxışı təqdim etmişdir. Sonuncu məhkəmə çıxışında qeyd etmişdir ki, AR Dövlət Təhlükəsizliyi Xidmətində xx.xx.1993 - xx.xx.2017-ci il (24 il 6 ay) tarixlərdə qüsursuz xidməti müddətində, döyüş mövqelərində yerləşən: xx.xx.2002-xx.xx.2005-ci il tarixlərdə DTX İİİ Bİ (Hərbi Əks Kəşfiyyat Baş İdarəsi) N saylı hərbi hissə üzrə şöbəsində vəzifə maaşına və rütbəyə ikiqat əlavənin, xx.xx.2015-xx.xx.2017-ci il tarixlərdə MN N və N saylı hərbi hissə üzrə şöbəsində (İİİ Bİ İ İdarənin Artilleriya birləşmələri üzrə şöbəsi) vəzifə maaşına və rütbəyə qatyarım əlavənin hesablanması və mənə ödənilməsi vəzifəsinin DTX-ya həvalə edilməsi barədə iddiasının təmin edilməsini xahiş edir. MTN-nın xx.xx.2004-cü il tarixli 282 saylı əmrində yazılır: 1. Nazirliyin zabit heyəti, gizir və müddətdən artıq hərbi xidmət qulluqçuları tutduqları vəzifədən azad olunaraq xx.xx.2004-cü il tarixdən sərəncama götürülsünlər; 2. Bu əmrin 1-ci bəndi ilə sərəncama götürülmüş hərbi qulluqçular nazirliyin yeni ştat çədvəli təsdiq olunanadək əvvəl tutduqları vəzifələrin icrasına buraxılsınlar. Yəni, xidməti yerində olaraq vəzifələrini əvvəlki, döyüş şəraitində xidmət etdikləri kimi davam etdirsinlər. İddiaçı da əmrin icrası istiqamətində döyüş şəraitində xidmətini əmrdən əvvəlki kimi davam etdirmişdir. Yəni, əmrin icrası kimi ona xidmətinin bir günü iki gün kimi hesablanmaqla, ikiqat əmək haqqı verilməlidir. Əmrin verildiyi xx.xx.2004-cü il tarixdən əvvəlki müddət üçün isə, yəni iddia etdiyi xx.xx.2002-ci il tarixdən bu əmrin verildiyi xx.xx.2004-cü il tarixədək isə heç bir əmr olmadan ikiqat əmək haqqı kəsilib. Həmin vaxt döyüş şəraitində yerləşən DTX İİİ Bİ N saylı hərbi hissə üzrə şöbəsində xidmət etmişdir, həmin şöbəyə xx.xx.2002-ci il tarixdə dəyişilmişdir, bu tarixdən də xidmətinin bir günü iki gün kimi hesablanıb, eyni zamanda vəzifə maaşına və rütbəyə əlavə ikiqat əmək haqqı almışdır (may, iyun, iyul ayları üçün). Avqust ayının 1-dən isə səbəbsiz olaraq ikiqat maaş kəsilib, baxmayaraq ki, intizam cəzası almamış, sərəncama çıxarılmamışdır, xidmətimi əvvəlki kimi döyüş şəraitində yerləşən İİİ Bİ N saylı hərbi hissə üzrə şöbəsində davam etdirmişdir. xx.xx.2015-xx.xx.2017-ci il tarixlərdə isə döyüş şəraitində yerləşən MN N və N saylı hərbi hissə üzrə şöbəsində (İİİ Bİ İ İdarənin Artilleriya birləşmələri üzrə şöbəsi) xidmət etmişdir. Döyüş şəraitində xidmət etməsi barədə hər ay raportlar yazılaraq şöbənin F-3 jurnalında qeydiyyatdan keçirilib və yuxarı idarə olan DTX İİİ Baş İdarəyə subardinasiya qaydaları üzrə göndərilib. DTX İİİ Bİ-də isə döyüş mövqeyində yerləşən hərbi hissələrdə xidmət edən əməkdaşların ümumi siyahısını müvafiq əlavə illərin və əmək haqqına artımın hesablanması üçün DTX Kadrlar Baş İdarəsinə göndərilib. Bu raportlar əsasında DTX tərəfindən xidməti illərim bir gün gün yarım kimi hesablanıb. Yəni döyüş mövqeyində xidmətim təsdiq olunub. Buna görə müvafiq olaraq vəzifə maaşına və rütbəyə qatyarım əlavə də verilməlidir. Lakin DTX vəzifə maaşına və rütbəyə bu əlavəni də ödəməkdən əsassız olaraq imtina edir. AR MN-nın N saylı hərbi hissəsində xidmət edən hərbiçilərin güzəştli şərtlərlə xidməti illəri Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarına əsasən 13 sentyabr 2004-cü il tarixinə qədər bir gün üç gün kimi hesablanmış və vəzifə maaşına və rütbəyə ikiqat əlavə əmək haqqı verilmişdir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə AR 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanuna əsasən 13 sentyabr 2004-cü il tarixdən güzəştli xidmət illərinin bir günü iki gün kimi hesablanmışdır. Həmin Qanuna əsasən, onun də xidmət etdiyi N saylı hərbi hissənin hərbiçilərinə xidmət illəri bir gün iki gün kimi hesablanmış və müvafiq olaraq vəzifə maaşına və rütbəyə ikiqat əmək haqqı verilmişdir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin və məhkəmə çıxışlarının məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı 1993-cü ilin may ayından (keçmiş Azərbaycan Respublikası Prezident yanında Xüsusi İdarədə, keçmiş Hərbi Əks-kəşfiyyat Xidmətində (HƏKX) və keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN)) 2017-ci ilin oktyabr ayınadək həqiqi hərbi xidmətdə, 05 sentyabr - 01 oktyabr 2017-ci il tarixlərində DTX-nin sərəncamında olmuş, 2017-ci ilin noyabr ayında isə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (“yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar”) əsasən DTX-nin ehtiyatına buraxılmışdır. İddiaçı arxiv sənədlərində həqiqi hərbi xidmətdə olduğu 2002 - 2005-ci il tarixlərində (keçmiş MTN-də xx.xx.2004 - xx.xx.2005-ci il tarixlərində vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi aparılmırdı) vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi barədə müvafiq əmrlər olmadığından, 2015 - 2017-ci il tarixlərində isə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə (xidmət gününün bir günü gün yarım hesablanması istisna olmaqla) ödənilməsi barədə əmrlərdə adı qeyd edilmədiyindən həmin ödəniş ona aparılmamışdır. “MTN-in Hərbi əks-kəşfiyyat baş idarəsinin bəzi hərbi qulluqçularına güzəştlərin müəyyən olunması haqqında” keçmiş MTN-in 23 fevral 2006-cı il tarixli 049 nömrəli əmri (qüvvədən düşüb) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən müvafiq struktur bölmələrin siyahısına əsasən N nömrəli hərbi hissədə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü iki gün hesablanması nəzərdə tutulmuşdur. Lakin həmin əmrdə hərbi qulluqçulara 01 yanvar 2006-cı il tarixdən etibarən müəyyən edilmiş əlavə pul ödənişlərinin verilməsi nəzərdə tutulduğu üçün, V. Kərimovun 2002 - 2005-ci illərdə keçmiş HƏKX-də xidmət müddətinin bir günü iki gün kimi hesablanmamışdır. DTX-nin 31 may 2016-cı il tarixli 0151 nömrəli əmri (hazırda qüvvədədir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən DTX-nin aidiyyəti struktur bölmələrinin siyahısına əsasən 01 yanvar 2016-cı il tarixdən 920 və 922 nömrəli hərbi hissələrdə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü gün yarım hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunan əmrin 5.1-ci bəndində həmin struktur bölmələrin rəisləri tərəfindən, hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissə və bölmələrin əməliyyat təminatını həyata keçirən əməkdaşların xidmət günləri haqqında təqdim edilən aylıq raportlar əsasında hazırlanmış ümumiləşdirilmiş siyahılarının hər ayın 10-dan gec olmayaraq müvafiq müşayiətedici məktubla kadrlar aparatına təqdim edilməsi müəyyən olunmuşdur. Müşayiətedici məktub əsasında kadrlar aparatı tərəfindən müvafiq əmr layihəsi hazırlanaraq xidmət rəisi tərəfindən təsdiq olunur və bundan sonra hərbi qulluqçulara müəyyən edilmiş əlavə pul ödənişlərinin verilməsi həyata keçirilir. İddiaçı pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı onun xx.xx.2015-xx.xx.2017-ci il tarixlərində DTX-nin müvafiq struktur bölməsində xidmət müddəti 01 yanvar 2016-cı il tarixindən etibarən bir günü gün yarım kimi hesablanmışdır. Həmin hərbi hissənin adı keçmiş MTN-in qüvvədən düşmüş 23 fevral 2006-cı il tarixli 049 nömrəli əmrində göstərilmədiyindən, əsaslı olaraq iddiaçının xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində olan xidmət dövrü güzəştli xidmətə daxil edilməmişdir. İddiaçının “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı” cədvəlinə əsasən onun xidmət etdiyi struktur bölmələr və xidmət müddəti barədə məlumatlar əks olunmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdeh, İddiaçı cavabdeh DTX-yə qarşı “xx.xx.2002 - xx.xx.2005-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, xx.xx.2015 - xx.xx.2017-ci il tarixləri üçün qat yarım məbləğin hesablanaraq ona ödənilməsi vəzifəsinin DTX-yə həvalə edilməsi” tələbinə dair iddia ərizəsini əsassız hesab edərək, onun təmin olunmaması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş 14 mart 2020-ci il tarixli, 23/20-865 saylı məktubundan görünür ki, DTXnin sabiq əməkdaşı İddiaçı 1993-cü ilin may ayından (keçmiş Azərbaycan Respublikası Prezident yanında Xüsusi İdarədə, keçmiş Hərbi Əks-kəşfiyyat Xidmətində (HƏKX) və keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN)) 2017-ci ilin oktyabr ayınadək həqiqi hərbi xidmətdə, 05 sentyabr - 01 oktyabr 2017-ci il tarixlərində DTX-nin sərəncamında olmuş, 2017-ci ilin noyabr ayında isə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (“yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar”) əsasən DTX-nin ehtiyatına buraxılmışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 04 may 2020-ci il tarixli, 11/21648 saylı məktubundan görünür ki, Azəraycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Təşkilat-Səfərbərlik İdarəsinin rəisinə məktub ünvanlamışdır. Həmin məktubdan görsənir ki, “xx.xx.2002 - xx.xx.2005-ci illərdə N saylı hərbi hissənin şəxsi heyətində pul təminatının qatlarla ödənilməsi məsələsinin araşdırılması üçün həmin hərbi hissədə saxlanılan pul paylama cədvəlləri araşdırılaraq N saylı hərbi hissənin (1-ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilmədiyindən, hərbi hissənin şəxsi heyətinə pul təminatı birqat həcmdə ödənilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsinin Təşkilat-Səfərbərlik İdarəsinin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli 9/2-4242 saylı məktubdan görsənir ki, N saylı hərbi hissə komandirinin 2015-2017-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Beləliklə iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı hərbi xidmətdə olduğu 2002-2005-ci il tarixlərində vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi barədə müvafiq əmrlər verilməmişdir. İş materiallarında olan İddiaçı “Pensiya təyin etmək üçün xidmət illəri hesabı” cədvəlindən müəyyən edilir ki, iddiaçı xx.xx.2015 - xx.xx.2017-ci il tarixlərində Dövlət Təhlükəsizlik Xidmətinin İİİ Bİ-nin 3-cü şöbəsində baş əməliyyat müvəkkili olaraq xx.xx.2015-ci il tarixli, 1060 ŞH №li Əmrə əsasən xidmət müddəti 06 yanvar 2016-cı il tarixindən 27 avqust 2017-ci tarixədək bir günü, gün yarım kimi hesablanmışdır. xx.xx.2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı mövcud tələbi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 21/K-3384 saylı imtina məktubunda keçmiş Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğunu: xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənişi aparılmadığı, həmin dövrdə bununla bağlı hər hansı bir əmrin mövcud olmadığı, həmçinin keçmiş MTN-DTX-də həqiqi hərbi xidmətdə olduğunu, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi ilə bağlı aidiyyəti əmrlərdə (xidməti müddətinin bir günü gün yarım hesablanması istisna olmaqla) adı keçmədiyi əsas göstərilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması dövründə iddiaçının “xx.xx.2002 - xx.xx.2005-ci il və xx.xx.2015 - xx.xx.2017-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin MN N saylı vı və MN N saylı hərbi hissələrində döyüş şəraitində xidmət edibetməməsi barədə məlumatın, həmçinin hərbi hissələrdə qulluq edən hərbçilərə əmək haqqının iddiaçıya ödənilib-ödənilməməsi barədə məlumatın məhkəməyə göndərilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Nazirliyinə sorğu göndərilmişdir. -Sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 01 may 2020- ci il tarixli 12/1091 saylı məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə (1-ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilmədiyindən, hərbi hissənin şəxsi heyətində pul təminatı birqat həcmdə ödənilmişdir. -Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 21/664 saylı məktubundan görünür ki, İddiaçı keçmiş MTN-də həqiqi hərbi xidmətdə olduğu xx.xx.2002-ci tarixdən 01,02.2005-ci il tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi ilə bağlı aidiyyəti əmrlər olmadığından sözügedən ödəniş ona aparılmadığı, həmçinin iddiaçının DTX-də həqiqi hərbi xidmətdə olduğu xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi ilə bağlı aidiyyəti əmrlərdə (xidmət müddətinin bir günü gün yarım hesablanması istisna olmaqla) adının keçmədiyindən sözügedən ödənişin ona aparılmadığı qeyd edilmişdir. Məhkəmə N nömrəli hərbi hissənin (1 ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilmədiyini nəzərə alaraq və hərbi hissənin şəxsi heyətində pul təminatının birqat həcmdə ödənildiyini nəzərə alaraq iddiaçının ona xx.xx.2002-xx.xx.2005-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, xx.xx.2015-xx.xx.2017-ci il tarixləri üçün qat yarım məbləğin hesablanaraq ödənilməsinin əsaslı olmadığı qənaətindədir. Məhkəmə araşdırması zamanı iddiaçının ona xx.xx.2002-xx.xx.2005-ci il tarixlərdə N saylı hərbi hissənin hərbi qulluqçularına vəzifə və rütbəyə görə əmək haqqının ikiqat hesblandığı, eyni zamanda vəzifə və rütbə maaşına ikiqat əlavə verildiyi və xx.xx.2002-ci il tarixdən səbəbsiz olaraq kəsildiyini qeyd etsə də, lakin həmin dövrlər üzrə xidmət illərinin qeyd olunan qaydada hesablanmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçıya pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı onun xx.xx.2015- xx.xx.2017-ci il tarixlərində DTX-nin müvafiq struktur bölməsində xidmət müddətinin 06 yanvar 2016-cı il tarixindən etibarən bir günü gün yarım kimi hesablandığı müəyyən edilmişdir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarına əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. İşin araşdırılan hallarından isə müəyyən edilir ki, N nömrəli hərbi hissənin (1 ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilməməsi ilə yanaşı, həmçinin iddiaçının xx.xx.2015- xx.xx.2017ci il tarixlərində Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq struktur bölməsində xidmət müddəti 01 yanvar 2016-cı il tarixindən etibarən bir günü gün yarım kimi hesablandığından, həmin hərbi hissənin adının keçmiş Milli Təhlükəsizlik Nazirliyininin qüvvədən düşmüş 23 fevral 2006-cı il tarixli 049 nömrəli əmrində göstərilmədiyindən, əsaslı olaraq iddiaçının xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində olan xidmət dövrü güzəştli xidmətə daxil edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar