Məhkəmə qərarları › İş №2-1(112)-344/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-344/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-344/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X19 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X9, Cavabdehin nümayəndəsi X7 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “şəhid hərbi qulluqçu olmuş oğlu X4 görə 11000 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərəkətlərini qanunsuz hesab edilməklə şəhid hərbi qulluqçu olmuş oğlu X4 görə 11000 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 19.05.2020-ci il tarixli 2-1(112)-501/2020 saylı qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşməklə Sumqayıt şəhərinə gəlmiş. Onun oğlu X6 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş və ona şəhid oğluna görə hesablanan kompensasiyanın verilməsi ilə bağlı 27.11.2018-ci ildə notariat kontoru tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin kompensasiyanın verilməsi ilə bağlı müvafiq sənədlərin toplanaraq cavabdeh təşkilata təqdim edilməsinə baxmayaraq, ona həmin kompensasiya məbləği ödənilməmişdir, dəfələrlə AR ƏƏSMN-nə ayaq döymüş və hər dəfə bir əsassız səbəb gətirilməklə bundan imtina edilmişdir. Sonuncu dəfə onun yazılı müraciətinə cavabdeh tərəfindən 14.10.2019cu il tarixdə rəsmi cavab verilmiş və həmin cavabı aldıqdan sonra ona məlum olmuşdur ki, guya şəhid oğlu X3 vərəsələrinə 28 dekabr 2007-ci il tarixdə 11000 manat məbləğində sığorta ödənişi həyata keçirildiyi üçün həmin məbləğin yenidən ödənilməsi mümkünsüzdür. O, cavabdehin bu imtinası ilə razılaşmır, belə ki, onun şəhid oğlu subay olmuş və onun qanun üzrə birinci növbə vərəsələri o və həyat yoldaşı olmuş, nə o, nə də həyat yoldaşı həmin kompensasiyanı almamışlar. O, xəstədir, ağır maddi çətinlik və sıxıntı içərisində yaşayır, onun hazırda müalicəyə ehtiyacı vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı oğlu 27.12.1972-ci il təvəllüdlü X2 rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə orduya çağrılmış, N saylı hərbi hissənin tərkibində xidmət etmiş, 17 iyun 1993-cü il tarixdə Gövşadlı kəndi uğrunda gedən döyüşlərdə xəbərsiz itkin düşmüşdür. Füzuli Rayon Məhkəməsinin 27 iyun 1994-cü il tarixli qətnaməsinə əsasən X3 xəbərsiz itkin düşməsi faktı müəyyən edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2007-ci il tarixli qətnaməsi ilə X6 ölmüş elan edilmiş və məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün- 17 may 2007-ci il S Ş.Əsgərxanovun ölüm günü sayılmışdır. İddiaçı “11.000 manat birdəfəlik ödəmənin verilməsi” ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan 14 oktyabr 2019-cu il tarixli **********3 nömrəli məktubu əsasında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş müvafiq siyahıya əsasən şəhid hərbi qulluqçu X3 vərəsəsinə (vərəsələrinə) 2007-ci il 28 dekabr tarixdə 11.000 (on bir min) manat məbləğində sığorta ödənişi həyata keçirildiyi üçün onun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəmə almaq hüququ yoxdur. Nəticədə İddiaçı “11.000 manat birdəfəlik ödəmənin verilməsi” vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanuna əsasən, aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta İxtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il Fərmanının 1-ci bəndinə əsasən, birdəfəlik ödəmə 1997-ci il avqustun 2-dək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 (on bir min) manat məbləğində (qanunvericilikdə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanı əməkdaşlarının vərəsələrinə verilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər Kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. X1 29 aprel 1994-cü ildə Füzuli rayonunda hərbi borcunu yerinə yetirərkən xəbərsiz itkin düşməsi Füzuli Rayon Məhkəməsinin 27 iyun 1994- cü il tarixli qətnaməsi, ölmüş elan edilməsi isə Füzuli Rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinə şəhid hərbi qulluqçu X3 vərəsələrinə sığorta ödənişinin edilib-edilməməsi barədə 02.04.2021-ci il tarixli **********4 nömrəli sorğu ünvanlanmışdır. Həmin sorğuya 13.04.2021-ci il tarixli 07-02-105 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin elektron informasiya bazasının məlumatlarına əsasən X1 varisinə 28 dekabr 2007-ci il tarixdə 11.000 (on bir min) manat sığorta ödənişi verilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11.000 (on bir min) manat sığorta ödənişi S.Ş.Əsgərxanovun vərəsəsinə ödənilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili X14 iddia ərizəsinə uyğun izahat verərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabehin nümayəndəsi X12 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Sumqayıt şəhər Məhkəməsinin 2-1019-2007 saylı 16.04.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 27 dekabr 1972-ci ildə doğulmuş X6 ölmüş elan edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 27.11.2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 27.12.1972-ci ildə doğulmuş, 17.06.1993-cü ildə itkin düşmüş, 17.05.2007-ci ildə şəhid olmuş hesab olunmuş X3 vərəsəsi anası İddiaçı təyin edilmiş və o miras əmlakdan tam hissədə pay ala bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı **********3 nömrəli 14 oktyabr 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş müvafiq siyahıya əsasən şəhid hərbi qulluqçusu X3 vərəsəsinə (vərəsələrinə) 2007-ci il 28 dekabr tarixində 11000 (on bir min) manat məbləğində sığorta ödənişi həyata keçirildiyi üçün onun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ yoxdur.Siyahıdan görünür ki, 3579 26421 saylı sıralamada olan əsgər X6 27.12.1972-ci ildə Fizuli şəhərində anadan olmuş. Sumqayıt şəhər Məhkəməsinin 2-1019/16.04.2007-ci il tarixli qərarı ilə 17.05.2007-ci ildən ölmüş hesab edilmişdir. 28.12.2007-ci il tarixdə 11000 manat birdəfəlik ödəmə edilmişdir. Hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ yoxdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Respublikası Əmək və X15 cənab S.Babayevin məktubuna cavab olaraq, göndərilmiş məktubun surətindən görünür ki, 1991-1997-ci illər ərzində sığorta ödənişi ala bilməyən şəhid olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə sığorta ödənişinin verilməsi barədə siyahı araşdırılmış. Yoxlama nəticəsində 02 avqust 1997-ci il tarixdən sonra 646 nəfər sığorta ödənişi alanların siyahısı göndərilmiş. Siyahının 193-cü sırasında 27.12.1972-ci il təvəllüdlü əsgər X4 11.000,00 manatın ayrıldığı və 28.12.2007-ci il tarixdə verildiyi görünür. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən ünvanlanmış № 07-02-105 saylı, 13 aprel 2021-ci il tarixli məktubundan görünür ki, elektron informasiya bazasının məlumatına əsasən mərhum hərbi qulluqçu X3 varisinə 28 dekabr 2007-ci il tarixində 11 000 (on bir min) manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə sorğusu əsasında Fizuli rayon dövlət notariat ofisi tərəfindən X3 adına açılmış 26 dekabr 2007-ci il tarixli № 2V-1-38 saylı vərəsəlik işi təqdim edilmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı şəhid olmuş oğlunun vərəsəsi kimi ödənilməli olan 11.000 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsini xahiş edir. İddiaçının subyektiv hüququ var. İddiaçı şəhid hərbi qulluqçu olmuş oğlu X3 qanun üzrə vərəsəsidir. İddia tələbi üzrə cavabdehlik daşıyan orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il Fərmanının 1-ci bəndinə əsasən, birdəfəlik ödəmə 1997-ci il avqustun 2-dək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 (on bir min) manat məbləğində (qanunvericilikdə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanı əməkdaşlarının vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. İddiaçı cavabdeh inzibati orqana rəsmi müraciət etmiş, cavabdeh inzibati orqan müraciəti təmin etməkdən imtina etmişdir. İddiaya baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətindədir. İPM-nin 8.1.4-ci maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın əsaslılığı : İddia mümkün iddia olsa da mahiyyəti üzrə əsassızdır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçının oğlu 27.12.1972-ci il təvəllüdlü X2 rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə orduya çağrılmış, N saylı hərbi hissənin tərkibində xidmət etmiş, 17 iyun 1993-cü il tarixdə Füzuli rayonu Gövşadlı kəndi uğrunda gedən döyüşlərdə xəbərsiz itkin düşmüş, Füzuli Rayon Məhkəməsinin 27 iyun 1994-cü il tarixli qətnaməsinə əsasən xəbərsiz itkin düşməsi faktı müəyyən edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 16 aprel 2007-ci il tarixli qətnaməsi ilə ölmüş elan edilmişdir. İşin mübahisələndirilən halı cavabdeh inzibati orqan tərəfindən 11.000 manat birdəfəlik ödəmənin əvvəllər iddiaçının vərəsəsinə ödənilməsi ilə bağlıdır. Məhkəmə, mübahisənin həlli üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) vərəsələrinə qeyd olunan Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 4-cü hissəsinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 (on bir min) manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Göründüyü kimi, iddiaçı özü və həyat yoldaşının şəhid olmuş oğlunun yeganə qanun üzrə vərəsəsi olduğunu, qeyd edilən ödəmənin onlar tərəfindən alınmadığını iddia edərək, cavabdeh inzibati orqan tərəfindən müvafiq Fərmanın tələblərinə uyğun ödənişin həyata keçirilməsini tələb edir. Bu zaman 27 noyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni təqdim edir. Cavabdeh inzibati orqan isə tələb olunan ödəmənin tam olaraq 28 dekabr 2007-ci il tarixində şəhid olmuş hərbi qulluqçunun vərəsəsinə ödənilməsinə dair Azərbaycan Respublikası Dövlət sığorta kommersiya Şirkəti tərəfindən təqdim edilmiş siyahıya əsaslanaraq imtina edir. İş üzrə araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 3-cü şəxs qismində inzibati işə cəlb edilmiş, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclaslarında verdiyi izahatında tələb olunan ödəmənin aparılmasına dair inzibati icraat materiallarının müddətin keçməsi əsası ilə saxlanılmadığını qeyd etmiş, bununla yanaşı sığorta ödənişinin aparıldığı dövrə dair vərəsəlik işinin mövcud olduğunu bildirmişdir. İşin obyektiv araşdırılması məqsədi ilə 27.12.1972-ci ildə doğulmuş, 17.06.1993-cü ildə itkin düşmüş, 17.05.2007-ci ildə şəhid hesab olunmuş X3 vərəsəlik işi tələb edilmişdir. Fizuli rayon dövlət notariat ofisi tərəfindən göndərilmiş X3 adına açılmış 26 dekabr 2007-ci il tarixli № 2V-1-38 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin kserosurətindən görünür ki, 17 may 2007-ci ildə vəfat etmiş X3 vərəsələri, Fizuli rayonunun Yağlıvənd kəndində yaşayan atası X5 və anası İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Dövlət Sığorta Agentliyində olan sığorta pulundan ibarətdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edildi ki, Sumqayıt şəhər Məhkəməsinin 16 aprel 2007-ci il tarixli qətnaməsi ilə ölmüş elan edilmiş X3 vərəsəlik işi 26 dekabr 2007-ci il tarixdə açılmış, şəhidin həm anasına, həm də atasına 26 dekabr 2007-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş siyahıda N saylı hərbi hissənin hərbi quluqçusu olmuş şəhid X3 vərəsəsinə 28 dekabr 2007-ci il tarixində 11.000 manat birdəfəlik ödənişin edildiyi qeyd edilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının oğlu şəhid hərbi qulluqçu X3 vərəsəsinə 11000 manat məbləğində sığorta ödənişi tam həyata keçirildiyindən, qanunvericilikdə bu ödənişin birdəfəlik olması nəzərdə tutulduğundan, iddiaçıya hazırki halda yenidən həmin ödənişin həyata keçiriləsi mümkün deyildir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “şəhid hərbi qulluqçu olmuş oğlu X8 görə 11000 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “şəhid hərbi qulluqçu olmuş oğlu X8 görə 11000 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar