Məhkəmə qərarları › İş №2-1(112)-344/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-344/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-344/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X11 cəlb olunmaqla) qarşı “mənzillər üzərində ayrı-ayrılıqda mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzilin bölünməsində köməklik göstərilməsi, paylı əsaslı Çıxarışın yenidən tərtib olunub iki ayrı-ayrı çıxarışın verilməsi, qeydiyyat nömrəsi ********** və ********** nömrəli çıxarışda qeyd olunan kvadrat metrin yenidən mühəndisin iştirakı ilə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəsatəti təmin olunaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbinin “AN- 1№1030803 və AN-1№1030802 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli 25 ünvanda yerləşən 219 №li paylara uyğun olaraq, yəni İddiaçı adına 134,75 kv.metr, X9 64,75 kv.metr hissədə ayrı-ayrılıqda dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci ildə Bakı şəhəri 50 saylı Notariat X2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli 25 ünvanda yerləşən 219 saylı mənzili satın almışdır. Həmçinin qardaşı X11 xx.xx.2022-ci il tarixində Bakı şəhəri 50 saylı Notariat X2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli 25 ünvanında yerləşən 220 saylı daşınmaz əmlakı satın almışdır. Lakin AN-1№1030803 və AN-1№1030802 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən köhnə ev sahibi X18 mənzilin texniki pasportunda 2 mənzili birgə tərtib etdirmişdir. Lakin mənzillərin ayrı-ayrılıqda işıq sayğacı, su sayğacı, giriş-çıxış qapıları vardır. İki mənzil arasında heç bir sökünti və yaxud tikinti işləri aparılmayıb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 07 fevral 2023-cü il tarixli qərardadı ilə X11 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən mənzilin texniki pasportunda bir giriş-çıxış qapısı olduğundan bölgü sxemi tərtib etmək mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********89 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, əlavə mənzilə ikinci giriş qapısı açılmış, dəhliz arakəsmə ilə iki hissəyə bölünmüş və texniki pasportdakı 3 saylı otaq iki hissəyə bölünmüş, 4 saylı yaşayış otağı mətbəxə çevrilmişdir. Məlumat üçün bildirilir ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 25, ünvanında yerləşən 219 saylı mənzili hazırda X6 (64.75 kv.m) və İddiaçı (134.75 kv.m) paylı mülkiyyətindədir. Həmçinin iddiaçı tərəfindən müvafiq mənzildə yenidən planlaşdırma işlərinin aparılmasına dair 1 saylı Bakı Ərazi İdarəsinə Azərbaycan Respublikası qanunvericiliyinin normalarına uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2, 24, 26, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddianın dəqiqləşdirilməsinə dair ərizədəki tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********89 saylı məktubdan görünür ki, iddiaçının ünvan 3 ünvanında yerləşən mənzilə dair bölgü sxeminin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizəsinə baxılmış və aparılan araşdırma zamanı mənzilin arxiv texniki pasportuna əsasən bir giriş-çıxışı olduğu üçün bölgü sxeminin tərtib edilməsinin mümkün olmadığı bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********79 saylı məktubdan görünür ki, iddiaçının ünvan 3 ünvanında yerləşən mənzilin bölünməsi və daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizəsinə baxılmış və xx.xx.2022-ci il tarixli məktub əsasında cavab verildiyi qeyd edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 199.5 kv.metr sahədən ibarət 219 saylı mənzilin 134.75 kv.metr hissəsi İddiaçı, 64.75 kv.metr hissəsi X6 adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -50 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-556 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X18 AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu ünvan 4 ünvanında ümumi sahəsi 199.5 kv.metr olan 219 saylı mənzilin 64.75 kv.metr hissəsini X1. -50 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-557 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X18 AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu ünvan 4 ünvanında ümumi sahəsi 199.5 kv.metr olan 219 saylı mənzilin 134.75 kv.metr hissəsini İddiaçı satmışdır. -AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən X12 adına xx.xx.2016-cı il tarixdə tərtib edilmiş ünvan 4, mənzil 219-a dair texniki pasportundan görünür ki, 5 otaqlı mənzilin ümumi sahəsi 199,5 kv.m, yaşayış sahəsi 115,9 kv.metrdir. Müvafiq sorğu əsasında cavabdeh tərəfindən ünvan 4, mənzil 219-un arxiv əsaslarında olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -X14 ünvan 5 ünvanda yerləşən 115,65 kv.metr sahədən ibarət 219 saylı mənzil dair Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən 01 iyun 2009-cu il tarixli, 032260 №li order verilmişdir. -"xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışında X13 ünvan 7 ünvanda yerləşən 5 otaqlı, 219 saylı mənzilin dəyərini tam ödədiyi bildirilmişdir. -ünvan 8 ünvanında yerləşən 197.9 kv.metr sahədən ibarət 219 saylı mənzil X13 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. -X19 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 25 ünvanda yerləşən 197,9 kv.metr sahədən ibarət 219 saylı mənzili 27 saylı notariat kontorunda bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə ilə X17 bağışlamışdır. -ünvan 8 ünvanında yerləşən 197.9 kv.metr sahədən ibarət 219 saylı mənzil X15 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. -X5 (X15 əvəzinə) mülkiyyətçisi olduğu ünvan 4 ünvanında ümumi sahəsi 197.9 kv.metr olan 219 saylı mənzili 37 saylı Notariat Ofisində bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-240 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alıcı X3. -ünvan 4 ünvanında yerləşən 199.5 kv.metr sahədən ibarət 219 saylı mənzil X12 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. -DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş X12 adına tərtib edilmiş mənzilin xx.xx.2016-cı il tarixli, **********90-05301-093213 reyestr nömrəli texniki pasportundan görünür ki, ünvan 4 ünvanda yerləşən 219 saylı 5 otaqlı mənzilin ümumi sahəsi 199.5 kv.metr, yaşayış sahəsi 115,9 kv.metrdən ibarətdir. -Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X11 tərəfindən mənzilin yenidən planlaşdırılması ilə bağlı Nizami rayon İcra Hakimiyyətinə hər hansı müraciəti daxil olmamışdır. -"xxxx" MTK tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd olunan yaşayış binasının 20 noyabr 2009-cu il tarixdə Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edildiyi, istismara qəbul edilərkən binanın layihəsinin müvafiq dövlət orqanlarına, Dövlət Memarlıq və Şəhərsalma Baş İdarəsinə və çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edildiyi bildirilmiş və qeyd olunan məktuba qoşma olaraq istismara qəbul aktının surəti əlavə edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusu əsasında "xxxx" MTK tərəfindən inşa edilmiş 25 nömrəli çoxmərtəbəli yaşayış binasının istismara icazə verilməsi haqda Dövlət komissiyasinin aktı və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsin 17 mart 2006-cı il tarixli 18/04-151 nömrəli məktubu ilə razılaşdırılmış işçi layihəsinin təsdiq edilmş surəti göndərilmişdir. Beləliklə, işin faktiki hallarından və tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlardan müəyyən edilir ki, ünvan 4 ünvanında ümumi sahəsi 199.5 kv.metr olan 219 saylı mənzil 134,75 kv.m və 64,75 kv.m hissədə iddiaçının və iddiaçının qardaşı olan üçüncü şəxsin paylı mülkiyyətindədir. Mənzilin əvvəlki mülkiyyətçisi olan X18 xx.xx.2022-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqavilələri və qeyd olunan vahid mənzilin 134,75 kv.m hissəsini İddiaçı və 64,75 kv.m hissəsini X4 və mənzil həmin paylar üzrə iddiaçıların adına xüsusi mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin müqavilələrə, habelə mənzillərin giriş qapılarının ayrı olmasına, arakəsmə divarla ayrılmasına, hər birinə ayrıca kommunal xidmətlər göstərilməsinə istinad edərək hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh məsələnin həllindən imtina etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. -12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. -12.3-cü maddəsinə əsasən sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. -12.5-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. -13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri; 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir... -15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. -16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. -18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. -23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. -23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. -24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. -24.3-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir. -24.4-cü maddəsinə əsasən razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. -24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -24.6-ci maddəsinə əsasən bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. -26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. -26.2-ci maddəsinə əsasən qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Göründüyü kimi mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməsi ilə şərtləndirilmiş və yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması, o cümlədən yenidən qurulmuş, yaxud yenidən planlaşdırılmış yaşayış sahəsinin dövlət kadastr uçotunun aparılması qaydasını dəqiq müəyyən etmişdir. Lakin hazırkı halda mənzilin mülkiyyətçiləri (iddiaçı və üçüncü şəxs) mənzildə rekonstruksiya işlərinin qanuni əsaslarla aparılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, Nizami rayon icra hakimiyyəti də mənzilin yenidən pılanlaşdırılması ilə bağlı hər hansı müraciət daxil olmadığını bildirmişdir. Halbuki, mənzil qanunvericiliyinin yuxarıda istinad olunan tələblərində yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənməsi və qəbul komissiyasının aktının razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməsi imperativ qayda olaraq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 4 ünvanında ümumi sahəsi 199.5 kv.metr olan 219 saylı mənzil mənzil ayrı-ayrı iki əqd əsasında özgəninkiləşdirilsə də, daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyata alınmışdır və həmin qeydin həqiqiliyi və tamamlığı ilə bağlı mübahisə yoxdur. Belə olan halda bəhs olunan yaşayış sahəsində müvafiq mənzil qanunvericiliyinə uyğun olmayaraq texniki pasportda dəyişikliklər edilməsini tələb edən rekonstruksiya işlərinin aparılması həmin əmlakın iki ayrı mənzil kimi qeydiyyata alınması üçün əsas vermir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23-cü maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər (23.1). Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər (23.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olmaqla qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanunazidd sayılmamalıdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar