Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3440/2021 07.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi-X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın qarşı pensiya təyin olunması tələbinə dair inzibati işə məhkəmə binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23.06.2020-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün 3 saylı ASAN Xidmət Mərkəzi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmişdir. Müvafiq qurum 14 avqust 2020-ci il tarixdə **********6 nömrəli məktubla ona əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Əsas olaraq imtina məktubunda göstərilmişdir ki, əri mərhum X1 tələb olunan 11 il 8 ay siğorta stajı yoxdur. Əri mərhum X4 07.03.2002-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdən oğlu X3 qəyyumu kimi ona Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin olunarkən mərhum X1 əmək kitabçasını Binəqədi rayon şöbəsinə təqdim etmişdir. Əmək kitabçasının əsli bu gün də həmin şöbədədir. Əmək kitabçasında tələb olunandan daha artıq sosial siğorta stajı mövcuddur. 2004-cü ilin oktyabr ayında oğlunun 18 yaşı tamam olduğu üçün pensiya işinin müddəti bitdi və pensiya dayandırıldı. 05 iyun 2020-ci il tarixdə isə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2- ci (ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə) maddəsinə əsasən ailə başçısını itirməyə görə yenidən əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ yarandı və yuxarıda qeyd etdiyi tarixdə pensiyanın bərpa olunması üçün müraciət etmişdir. Müraciət edərkən 2002-2004-cü illərdə pensiya aldığına dair arayışı da müraciətə əlavə etmişdir. Lakin ona əsassız imtina verilmişdir. Çünki ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən bərpa edilməsi müvafiq qanunvericilikdə hər hansı müddətlə məhdudlaşdırılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda yalnız 31-ci maddədə əlilliyə görə əmək pensiyasının bərpası üçün 5 il müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Ailə başçısını itirməyə görə əmək pensiyası hüquq yarandığı halda məhdudiyyətsiz müraciət əsasında bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 12 fevral 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. 07.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi-X5 məhkəmə iclasında İddiaçı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(112)-3440/2021 nömrəli iş üzrə icraata xitam verilməsinə dair yazılı vəsatət təqdim etdi. Cavabdeh yazılı vəsatət onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı 01.07.2021-cil il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təyinatı alt sistemindən çıxarışdan müəyyən olunur ki, 01.07.2021-ci il tarixdən İddiaçı ailə başçısını itirməyə görə aylıq pensiya məbləği 220 manat olmaqla müddətsiz pensiya təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki işin mahiyyəti üzrə tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı pensiya təyin olunması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3440/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3440/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver