Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3441/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1 Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabiliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabiliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun 21.09.1992-ci ildən 16.08.2001-ci ilədək dövlət müəssisəsi olan Təmir Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona əmək pensiyasının təyin edilməsi öhdəlyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1955-ci ildə anadan olmuş, 29.07.1971-ci ildən əmək fəaliyyətinə başlamış, 16.08.2001-ci ilə kimi əmək fəaliyyəti olmuş, 30 ilə yaxın dövlət müəssisələrində çalışmış, bu barədə onun əmək kitabçasıda da, müvafiq qeydiyyatlar aparılmışdır. 2019-cu ildə onun pensiya yaşı çatdığından, o, müvafiq sənədləri əlavə etməklə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət edərək, əmək stajının nəzərə alınmaqla, əmək pensiyası təyin edilməsini istəmişdir. Ona 15.04.2019-cu ildə verilmiş cavab məktubunda göstərilmişdir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş stajı və pensiya kapitalı olmadığı üçün ərizəsi təmin edilməmişdir. Cavab məktubunda əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasında göstərilən 21.09.1992- 16.08.2001-ci illərin iş stajının düzgünlüyünü yerində dəqiqləşdirmək mümkün deyildir. Həmin illər qanunvericiliyə uyğun olaraq onun ümumi iş stajına daxil edilməmişdir. Bu səbəbdən də, tələb olunan iş stajı yoxdur. Ona cəmi 130 manat pensiya təyin olunmuş, onun 30 ilə yaxın əmək stajı nəzərə alınmamışdır. Bildirmək istəyir ki, o, əmək fəaliyyətinə başladığı dövrdən işlədiyi müəssisələrin hamısı dövlət müəssisələri olmuş, məcburi köçkün düşdükdən sonra isə Bakı şəhərinə gəlmişlər və 21.09.1992-ci ildə Dərnəgül yaşayış massivində olan Təmir Tikinti Trestində rəsmi olaraq malyar kimi işə qəbul olunmuş, 16.08.2001-ci ilə kimi həmin müəssisədə çalışmışdır. Hər ay maaş cədvəlinə imza edərək əmək haqqı almışdır. Onun son olaraq 21.09.1992- 16.08.2001-ci illərdə çalışdığı Təmir Tikinti Tresti də, dövlət müəssisəsi olmuşdur, əmək kitabçasında da, bu barədə rəsmi qeydiyyat aparılmışdır. Onun 21.09.1992 – 16.08.2001-ci illərdə Təmir Tikinti Trestində çalışması barədə məlumatların düzgünlüyünün yerində dəqiqləşdirilməsinin mümkün olmaması onun günahı deyildir və bu hal onun Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnun pozmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Repsublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial siğorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarında sığorta olunanın sığorta stajının əmək kitabçasına əsasən müəyyən olunması nəzərdə tutulduğundan İddiaçı əmək kitabçasında 21.09.1992-ci ildən 16.08.2001-ci ilədək dövlət müəssisəsi olan Təmir Tikinti Trestində işlədiyi müddət sosial siğorta stajı müəyyən olunduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin əmək kitabçasında göstərilən 21.09.1992-16.08.2001-ci illərin iş stajınının düzgünlüyünü yerində dəqiqləşməsinin mümkün olmadığını əsas gətirərək əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassızdır. Beləliklə də, cavabdehin imtinası əsassız hesab olunaraq, ona əmək pensiyası təyin olunmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial siğorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İlk olaraq təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhə iddiaçının əmək kitabçasında latın və kiril qrafikalı əlifbadan qarışıq olaraq istifadə olunmasıdır. Aşağıda xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: 1. Azərbaycan Respublikası Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsindən daxil olmuş 07.02.2020-ci il tarixli, **********650700 nömrəli arayışda İddiaçı vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. 2. İddiaçı “Təmir Tikinti Tresti”ndə işlədiyini iddia etdiyi 21.09.1992-16.08.2001-ci il tarixləri üzrə əmək kitabçasındakı möhürdə müəssisənin adı Bakı şəhər İcra Hakimiyyəti Təsərrüfat hesablı Təmir Tikinti Sahəsi kimi qeyd olunmuşdur. Lakin Bakı şəhər İcra Hakimiyyəti tabeliyində olan təşkilatlar içərisində Təsərrüfat hesablı Təmir Tikinti Sahəsi mövcud deyildir. 3. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin 16.03.2021-ci il tarixli, 7-766/17 nömrəli arayışında qeyd olunmuşdur ki, Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsinin sənədləri BŞİH-nin arxivinə təhvil verilməmişdir. 4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 12.03.2021-ci il tarixli, BA-00972-2021 nömrəli arayışlarında qeyd olunmuşdur ki, Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsinin sənədləri arxivə təhvil verilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığorta olunan əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edilir. İddiaçı işlədiyini iddia etdiyi dövrlər yalnız əmək kitabçasında qeyd olunmuşdur. Bu müəssisəyə dair Milli Arxiv İdarəsində heç bir məlumat aşkar edilmədiyi üçün qeyd olunan dövrlərin sosial siğorta stajına daxil edilməsi mümkün deyil. İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də, fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Fondun Nəsimi rayon Xidmət Nümayəndəliyi ərizəni təmin edə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Bu səbəbdən də cavabdeh orqanın iddiaçının müracəti il bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı may 1973 – iyun 1975-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş **********7 nömrəli,104.2019-cu il tarixli “Əmək pensiyasının təyin edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajı və pensiya kapitalı olmadığı üçün ərizəsi təmin edilməmişdir. Əsas kimi əmək kitabçasında qeyd edilən 21.09.1992-16.08.2001-ci illərin iş stajının düzgünlüyünü yerində dəqiqləşdirilməsinin mümkün olmaması, həmin illərin qanunvericliyə uyğun olaraq onun ümumi iş stajına daxil edilməməsi göstərilmişdir. İşdə olan iddiaçının adına 02.08.1971-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01.09.1969-22.07.1971-ci illərdə təhsil almış, 29.07.1971-ci ildə peşə fəaliyyətinə başlamış, 04.02.1972-ci ildə işdən azad edilmiş, 07.09.1972-ci ildə işə qəbul edilmiş, 15.05.1973-cü ildə işdən azad edilmiş, may 1973 - iyul 1975-ci illərdə hərbi xidmətdə olmuş, 30.07.1975-ci ildən 27.08.1975-ci ilədək, 28.10.1975-ci ildən 17.05.1979-cu ilədək, 21.05.1979-cu ildən 02.10.1979-cu ilədək, 14.05.1979-cu ildən 03.09.1982-ci ilədək, eyni zamanda 18.10.1979cu ildən 03.09.1982-ci ilədək, 01.04.1983-cü ildən 20.10.1983-cü ilədək, 05.01.1981-ci ildən 20.08.1984-cü ilədək, 02.07.1984-cü ildən 31.03.1987-ci ilədək, 05.04.1987-ci ildən 25.04.1989-cu ilədək, 03.05.1989-cu ildən, 30.07.1992-ci ildədək müxtəlif peşələrdə, 21.09.1992-ci il tarixdən, 16.08.2001-ci il tarixədək isə Bakı şəhər İcra Hakimiyyəti Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsində işləmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri İlə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 7-776/17 nömrəli, 16.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 1992-2001-ci illərdə işlədiyi Bakı şəhər İcra Hakimiyyətinin Təsərrüfathesablı Təmir Tikinti Sahəsinin sənədləri Bakı şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 7 aprel 2021-ci il tarixli, BA-01286-2021 nömrəli məktubdan görünür ki, Bakı şəhər İH Bakı Baş Tikinti İdarəsi Təsərrüfathesablı Təmir Tikinti Sahəsinin 1992-2001-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 7-1091/17 nömrəli, 14.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Nazirliyinin 03.08.2000-ci il tarixli, 130 saylı və 26.12.2000-ci il tarixli, 251 saylı əmrləri ilə Bakı şəhər İcra Hakimiyyətinin özəlləşdirməyə açıq elan edilmiş struktur bölmələrinin tabeliyinəd olan bütün podrat idarə və təşkilatlar həmin Nazirliyin (sonradan, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, hazırda isə Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyi) sərəncamına götürülmüşdür. Yuxarıda göstərilən Dövlət proqramına əsasən, müəssisələlrin özəlləşdirilməsi barədə qərar qəbul edildiyi andan etibarən, müvafiq yerli icra hakimiyyətləri orqanlarının həmin müəssisələr üzərində səlahiyyətləri (kadr, maliyyə və digər məsələlərə dair) öz qüvvəsini itirmişdir. Sorğuda göstərilən İdarə (Bakı şəhər İH Bakı Baş Tikinti İdarəsi Təsərrüfathesablı Təmir Tikinti Sahəsi) hal-hazırda Bakı şəhər İcra Hakimiyyətinin struktur tabeliyində olmadığından, onun haqqında hər-hansı bir məlumatın təqdim edilməsi imkan xaricindədir. İşdə olan məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavab olaraq verilmiş 12 aprel 2021-ci il tarixli, **********315000 nömrəli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti “BakıBaştikinti” İdarəsi Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsinin hüquqi varisi barədə məlumatın təqdim edilməsi ilə bağlı müraciətə baxılaraq bildirilmişdir ki, 09.04.2021-ci il tarixdə olan vergi ödəyicilərinin dövlət reyestri məlumatlarında Bakı şəhər İcra Hakimiyyəti “Bakıbaştikinti” İdarəsi Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsi adlı hüquqi şəxs aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilmişdir. İşdə olan əmək haqqı cədvəllərinin surətindən görünür ki, 1993-cü il dekabr ayı, 1993-cü il noyabr ayı, 1994-cü il dekabr ayı və 1995-ci il dekabr ayları üzrə iddiaçıya əmək haqqı ödənilməsi ilə bağlı qeydlər vardır. Həmin cədvəllərdə müəssisənin adı qeyd olunmamış, möhür ilə təsdiq edilməmişdir. Məhkəmə işin faktiki hallarını aşağıda göstərilən qanunvericiliyin normalarına tətbiq edərək iddiaçının iddia tələblərini əsassız hesab edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İşin hallarından göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında hazırki iş üzrə mübahisə doğuran dövr iddiaçının sonuncu iş yeri olan 21.09.1992-ci ildən 16.08.2001-ci ilədək olan illərdir və həmin dövrlər üzrə iddiaçının iş stajı ilə bağlı qeydlərin mötəbərliyi cavabdehdə əsaslı şübhələr doğurmuşdur. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasına baxış keçirilərkən əmək kitabçasında iddiaçının son iş yerinə qəbul edilməsi və çıxarılması ilə bağlı qeydlərdə gözlə görüləcək dərəcədə düzəlişlər edilməsi (latın əlifbası yazılmış bəzi hərflərə kiril əlifbası ilə düzəlişlər edilmiş) müəyyən olunmuş və həmin qeydlərin düzgünlüyünün və dəqiqliyinin müəyyən edilməsinə zərurət yaranmışdır. Bu məqsədlə məhkəmə tərəfindən aidiyyəti üzrə müvafiq qurumlara sorğular göndərilmiş və həmin qurumlardan daxil olmuş cavab məktublarından və iş materiallarında olan digər sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Təsərrüfathesbalı Təmir Tikinti Sahəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına və Bakı şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verilməmişdir. Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyətinin “BakıBaştikinti” Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsinin özəlləşməyə getdiyi təqdirdə, hüquqi varisi barədə məlumat verilməsi məqsədilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmiş və sonuncu tərəfindən daxil olmuş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, 09.04.2001-ci il tarixə olan vergi ödəyicilərinin dövlət reyestri məlumatlarında Bakı şəhər İcra Hakimiyyəti “Bakıbaştikinti” İdarəsi Təsərrüfat Hesablı Təmir Tikinti Sahəsi adlı hüquqi şəxs aşkar edilməmişdir. Eləcə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək haqqı cədvəllərinin surətlərində müəssisənin adı qeyd olunmamış, möhürlə təsdiq edilməmişdir. Göstərilən hallar da, həmin əmək haqqı cədvəllərinin mötəbər sübut kimi qiymətləndirilməsini istisna etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasında olan qeydlərin düzgünlüyü və dəqiqliyi sübuta yetirilmədiyindən, bununla da, həmin illər iddiaçının sığorta stajına daxil edilə bilmədiyindən, onun qanunvericiliklə müəyyən edilmiş 25 il sığorta stajı olmadığına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə, yaşa görə əmək pensiyası təyin edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva