Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3442/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF) qarşı «iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı (İddiaçı) 5 dekabr 1957-ci il tarixdə doğulmuşdur. 1975 – 1980-cı illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış və onanı bitirmiş, sonradan 2 il hərbi xidmətdə olmuşdur. İmişli rayonu H.Aslanov adına kolxozda 1970 – 1975-ci illərdə kolxozçu, 1985 – 1996-cı illərdə iş icraçısı, 4 avqust 1980-ci il tarixdən 20 oktyabr 1980-cı il tarixədək və 8 iyun 1982-ci il tarixdən 26 dekabr 1984-cü il tarixədək SMD-40-da betonqarışdıran, 5 yanvar 2009-cu il tarixdən 15 iyun 2009-cu il tarixədək “Azəriservis LTD” müəssisəsində iş icraçısı, 3 iyul 2009-cu il tarixdən 9 iyul 2013-cü il tarixədək "xxxx" MMC-də mühəndis, 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək və 5 yanvar 2009-cu il tarixdən 13 iyun 2009-cu il tarixədək hazırda hüquqi adı "xxxx" MMC olan təşkilatda iş icraçısı, 30 mart 2014-cü il tarixdən 28 yanvar 2019-cu il tarixədək "xxxx" MMC-də baş mühəndis işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bölməsinin “b” bəndinə görə iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. İmişli rayon Dövlət Arxivinin 31 may 2020-ci il tarixli arayışı ilə onun İmişli rayonu H.Aslanov adına kolxozda 1970 – 1975-ci illərdə kolxozçu, 1985 – 1996-cı illərdə iş icraçısı işlədiyi təsdiq olunur. "xxxx" MMC-in 20 may 2020-ci il 155 nömrəli arayışı ilə onun 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək və 5 yanvar 2009-cu il tarixdən 13 iyun 2009-cu il tarixədək hazırda hüquqi adı "xxxx" MMC olan təşkilatda iş icraçısı işləməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş Siyahının 29-cu bölməsinin “b” bəndinə görə iş icraçılarının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olması təsdiq olunur. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 26 noyabr 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, sənədlərlə guya güzəştli iş stajı 12 il 6 aydan az, yəni 8 il 11 ay 26 gün təkil edir, bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin həmin hərəkəti qanunsuzdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Rəsmi sənədlərdən göründüyü kimi, o, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il kolxozda, 6 il 4 ay müvafiq qurumda (MMC-də) iş icraçısı işləmişdir. Onun ümumi iş stajı isə, 25 ildən çoxdur. Göstərilənlərə və İPM-nin 45 – 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbini irəli sürmüş və iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçası, 31 may 2020-ci il tarixli arxiv arayışı və "xxxx" MMC tərəfindən tərtib edilmiş 20 may 2020-ci il tarixli arayışı təqdim etmişdir. İddiaçının tələbi qanunsuz və əsassızdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia ilə razılaşmır. Belə ki, iddiaçının güzəştli iş stajı qanunvericiliklə nəzərdə tutulmuş iş stajından azdır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarının 3.2-cü bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: (3.2.1) əmək kitabçası, (3.3.2) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər əlavə edirlər. Qaydaların 2 saylı əlavəsinə əsasən sözügedən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. İddiaçının kolxozda işlədiyi iş icraçısı peşəsi güzəştli peşə kimi qəbul edilə bilməz. Belə ki, iş icraçıları peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cu bölməsinin “b” bəndində qeyd edilən “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində nəzərdə tutulmuşdur. İddiaçı fərqli sahədə, yəni kənd təsərufatı sahəsində ixtisaslaşmış kolxozda həmin icraçısı peşəsində işləmişdir. Həmçinin iddiaçının təqdim etdiyi nə əmək kitabçası, nə də ki, arayışda kolxozda işlədiyi iş icraçısı peşəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olması qeyd edilməmişdir. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş 20 may 2020-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək (05 il 01 ay 02 gün) və 5 yanvar 2009-cu il tarixdən 13 iyun 2009-cu il tarixədək (05 ay 08 gün) olan dövrlər ərzində həmin müəssisədə cəmi 06 il 03 ay 07 gün iş icraçısı vəzifəsində işləmiş və qeyd edilən peşə AR Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiqlənmiş Siyahının 29-cu bölməsinin “b” bəndində qeyd edilmişdir. İddiaçının əmək kitabçasında qeyd edilən peşələrin ona güzəştli pensiya hüququ verən peşələr və onun həmin peşələrdə hansı sahələrdə işləməsi qeyd edilmədiyindən, həmçinin iddiaçı həmin peşələrin və onların aid olduqları sahələrin ona güzəştli pensiya hüququ verən peşələr və sahələr olmaları barədə iş yerlərindən arayışlar təqdim etmədiyindən, həmin peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz. Güzəştli şərtlərlə pensiya təyinatı zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox qərarlarında da qeyd edilmişdir. Ali Məhkəmənin 2-1(102)-283/2019 saylı iş üzrə 30 aprel 2019-cu il tarixli qərarına qeyd edilir: “Apellyasiya instansiyası məhkəməsi qərarında belə hesab edir ki, əgər Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, Ali Məhkəmənin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Göstərilənlərə əsaslanaraq, İPM-in tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə əlavə ərizə təqdim etmiş və iddianın «iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İş materiallarında olan İmişli Rayon Polis Şöbəsi tərəfindən 22 aprel 2010-cu il tarixdə verilmiş AZE 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 5 dekabr 1957-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri İmişli rayonunun Qızılkənd kəndidir. İş materiallarında olan BB seriyalı 283605 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1975 – 1980-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil almış və həmin təhsil müəssisəsini 1980-ci ildə bitirmişdir. İş materiallarında olan İmişli Rayon Dövlət Arxivinin 45 nömrəli 31 may 2020-ci il tarixli arayışında İmişli rayonu H.Aslanov adına kolxozda 1970 – 1975-ci, 1985 – 1996-cı illərdə minimum adam günü “260 gün” göstərilməklə, İddiaçı yerinə yetirimiş adan gününü 1985-ci ildə – 351 gün, 1986-cı ildə – 295 gün, 1987-ci ildə – 363 gün, 1988-ci ildə – 324 gün, 1989-cu ildə – 352 gün, 1990-cı ildə – 332 gün, 1991-ci ildə – 352 gün, 1992-ci ildə – 304 gün, 1993-cü ildə – 272 gün, 1994-cü ildə – 257 gün, 1995-ci ildə – 290 gün, 1996-cı ildə – 293 gün olduğu qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 may 2021-ci il tarixli 155 saylı arayışında aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək və 5 yanvar 2009cu il tarixdən 13 iyun 2009-cu il tarixədək hal-hazırda adı "xxxx" MMC olan təşkilatda iş icraçısı işləmişdir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən 29-cu bölmənin “b” bəndi rəhbərlər və mütəxəssislər, tikinti-quraşdırma işləri üzrə ustalar, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 iyun 2021-ci il tarixli 002 nömrəli arayışında qeyd olunur ki, İddiaçı 3 iyul 2009-cu il tarixdən 9 iyul 2013-cü il tarixədək hazırda adı "xxxx" MMC olan təşkilatda iş icraçısı vəzifəsində işləmişdir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən 29-cu bölmənin “b” bəndi rəhbərlər və mütəxəssislər, tikinti-quraşdırma işləri üzrə ustalar, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İş materiallarında olan "xxxx" MMC-nin məhkəməyə müvafiq sorğuya cavab olaraq ünvanlanmış 27 sentyabr 2021-ci il tarixli 81/21 nömrəli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək və 5 yanvar 2009cu il tarixdən 12 iyun 2009-cu il tarixədək "xxxx" MMC-də (25 noyabr 2019-cu il tarixdən "xxxx" MMC), məşğulluq təsnifatının 3112 – (iş icraçısı, tikintidə) kodu ilə iş icraçısı vəzifəsində çaılşmışdır. İşlədiyi dövrlərdə şirkət tərəfindən aparılan tikinti-quraşdırma işlər ağır iş şəraitində olmuşdur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 5 dekabr 1957-ci il tarixdə doğulmuşdur. 25 ildən artıq sığorta stajına malikdir, 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlədə çalışan şəxs kimi «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdehə müraciət etmi, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh imtinaya səbəb kimi, onu güzəştli iş stajını 8 il 11 ay 16 gün, yəni 12 il 6 aydan az təşkil etdiyini əsas gətirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: - v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; - “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Siyahının 29-cu (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bölməsinin “b” (rəhbərlər və mütəxəssislər) bəndində tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Qanunvericiliyin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbində nəzərə alınması göstərilən iş stajının bir hissəsi üzrə (müvafiq arayış üzrə) dövrdən sonrakı vaxtda, yəni 25 noyabr 1992-ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) sonra həmin dövrdə qüvvədə olan qanunvericilik əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının arayış vasitəsilə müəyyən edilməsini mümkün saymışdır. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabibnetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə uyğun olaraq, həmin norma iddiaçıya həm 25 noyabr 1992-ci ildən əvvəlki, həm də sonrakı (lakin NK-nın 638 nömrəli 25 noyabr 1992-ci il tarixli qərarı qüvvədən düşənədək) dövrlərdəki iş stajına münasibətdə tətbiq edilməlidir. Məhkəmə vurğulayır ki, 2017-ci ilin 1 iyul tarixədək qüvvədə olan qanunvericilik normaları nəzərdə tuturdu ki, ümumi sığorta stajı 25 il olan və bu stajın 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmənin qənaətinə görə isə 5 dekabr 2014-cü il tarixdə 57 yaşı tamam olan hazırkı İddiaçı 25 ildən artıq ümumi staja, o cümlədən AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan artıq staja malik olması müəyyən edilir. Bu qənaət ondan irəli gəlir ki, iddiaçının 1985 – 1996-cı illər üzrə İmişli rayonu H.Aslanov adına kolxozda “iş icraçısı” işləmiş və həmin illər üzrə minimum dam gününü (260 gün) yerinə yetirmişdir. Həmçinin nəzərə alınmalıdır ki, mövcud qanunvericilik normaları bütün bina, qurğu və digər obyektlərin inşası sahəsində “iş icraçısı” vəzifəsində çalışanları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi müəyyən etmiş və müvafiq dövrdə fəaliyyət göstərmiş kolxozlarda həmin vəzifə tutmuş şəxsləri də bu kateqoriyaya aid etmişdir. Qeyd olunmalıdır ki, İddiaçı əmək fəaliyyəti ilə bağlı əmək kitabçası və arayşlarda göstərilən məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, bu məlumatları daşıyan sənəd kimi həmin əmək kitabçası və arayışlar «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə görə mötəbər hesab olunur. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 57 yaşdan (5 dekabr 2014-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan (5 dekabr 2014-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan (5 dekabr 2014-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3442/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3442/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver