Məhkəmə qərarları › İş №2-1(112)-3443/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3443/2020

31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3443/2020 31.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərlə aydınlıq gətirillməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 03 dekabr 2019-cu ildə İQ-273/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 09 sentyabr 2019-cu il tarixli vəsatətini təmin edərək İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ərizəçi Əfqanıstan vətəndaşı və həzaradır. O, Qəzni vilayəti sakinidir. Ərizəçi ümumi təhlükəsizlik səbəbindən Əfqanıstanda qala bilmir. Bu səbəbdən də o, ölkəsini tərk edib. Belə ki, hazırda ölkədə vəziyyət qeyri-stabildir və anti-həzara motivi olan talib silahlı qüvvələri bölgədə dominantlıq edirlər. Ərizəçi 10 avqust 2019-cu ildə Azərbaycana gəlib. 09 sentyabr 2019-cu ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki, o, Əfqanıstandakı ümumi zorakılıq səbəbindən ölkəsinə geri qayıtmaq istəmir. 03 dekabr 2019-cu ildə DMX İQ-273/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin əsaslı qorxusu mövcud deyil. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 22 saylı 23.01.2020-ci qərarla inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırıb. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndəsi iddiaçının ərizəsinə əsasən açılmış inzibati işin araşdırılması nəticəsi iddiaçıya qaçqın statusunun verilməsini qeyri-mümkün etdiyini, cavabdeh orqan tərəfindən qanuni olaraq iddiaçıya imtina cavabı verildiyini, qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 19.03.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasıya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, İddiaçı Əfqanistan vətəndaşıdır, 03.06.1984-cü il təvəllüdlü İddiaçı 26.08.2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı İddiaçı Əfqanıstanın Qəzni vilayətinin Malestan ulusvaliliyinin Vərdə Məknək kəndində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, heç vaxt təhsil almadığını, daha sonra maşın mexaniki peşəsinə yiyələndiyini, 1999- 2007-ci illərdə iranın İsfahan şəhərinə işləmək üçün getdiyini, orada daş karxanasında işlədiyini, təxminən 2007-2008-ci illərdə Dubaya getdiyini, orada maşın mexaniki kimi işlədiyini bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən İddiaçı ailəli olduğunu, dörd övladının olduğunu (üç oğlan və bir qız), övladlarının anaları ilə birlikdə Herat vilayətinin Cibreil məntəqəsinin Rza qəsəbəsində yaşadığını, valideynlərinin, bir qardaş və iki bacısının Qəzni vilayətinin Malestan ulusvaliliyinin Vərdə Məknək kəndində, bir qardaş və bir bacısının Qəzni şəhərində, bir qardaşının isə Dubayda yaşadıqlarını söyləmişdir. Ərizə- anketinin qeydiyyatı və müsahibəsi zamanı İddiaçı sexdə köhnə silahların təmiri ilə məşğul olduğunu, 2018-ci ilin yaz ayında Nəim və Hüseyn Rəsuli adlı dostlarının bu işi davam etdirərsə bunun onun (ərizəçi) üçün təhlükəli ola biləcəyini və buna görə taliblər tərəfindən təhdid edilə biləcəyi dediklərini söyləmişdir. Ərizəçi bu ehtimaldan ehtiyat etdiyi üçün bir müddət sonra Herat şəhərinə köçdüyünü, ötən vaxt ərzində heç bir təhdid və təzyiqə məruz qalmadığını bildirmişdir. İddiaçı ölkəsini tərk etməsinin başlıca səbəbi olaraq isə Əfqanıstanda ümumilikdə iqtisadi vəziyyətin ağır olmasını, işsizlik problemindən və qeyri- stabil şəraitdən əziyyət çəkməsini əsas gətirmiş və 10 avqust 2019-cu il tarixdə Azərbaycana gəldiyini qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibaıiı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ölkəsində daxili yerdəyişmə alternativi olduğu, bu alternativdən bir müddət istifadə etdiyi və burada heç bir ciddi təqibə məruz qalmadığı halda bu imkandan istifadəyə davam etmək istəmədiyindən, eləcə də şəxsən heç vaxt təhdid olunmadığından, hazırda bütün ailə üzvləri Əfqanıstanda yaşadığından ərizəçinin göstərdiyi səbəblər inandırıcılıq baxımından şübhə doğurmuş və bu şübhə ərizəçinin xeyrinə həll edilməmişdir. Bundan əlavə olaraq, ərizəçi ərizə-anketin qeydiyyatı zamanı Əfqanıstanı ağır iqtisadi vəziyyətə, işsizlik probleminə və qeyri-stabil şəraitə görə tərk etdiyini, əsas məqsədinin Azərbaycanda qazanc əldə edərək ailəsinə pul göndərmək olduğunu könüllü şəkildə etiraf etmişdir ki, bu da onun ölkəsində ciddi təhdid və təqib qorxusunun olmadığı qərarına gəlməyə imkan vermişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, işin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin 03.12.2019-cu il tarixli, İQ-273/1 saylı qərarı ilə “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 23 yanvar 2020-ci il tarixli 22 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin 03.12.2019-cu il tarixli, İQ-273/1 saylı qərarından Əfqanistan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq işə aşağdaki qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən ş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı tərəflər arasındakı hüquqi münasibətlərlə aydınlıq gətirillməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 03 dekabr 2019-cu ildə İQ-273/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 09 sentyabr 2019-cu il tarixli vəsatətini təmin edərək İddiaçı qaçqın statusu verilməsi barədə iddiа tələbi əsаssız оlduğundаn rədd еdilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 2-ci, 68-ci, 69-cu, 85-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi barədə iddiа tələbi rədd еdilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar