Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3444/2024 19.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən mənzilinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınmaqla çıxarışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi ünvanda yaşamaqdadır. Həmin yaşayış sahəsi ona 1991-ci il tarixdə X2 Gəçiçiliyi QSC tərəfindən verilmişdir. Orada yaşayış yeri üzrə də qeydiyyatdadır. Həmin yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından cavabdeh əsassız olaraq imtina etmişdir. Etirazın əsaslandırılması: Etiraz onunla əsaslandırılmışdır ki, mənzilə dair hüquqmüəyyənedici sənədlər sərəncamın 08 iyul 2020-ci il tarixli olması nəzərə alınmaqla təqdim edilməmişdir. Bundan əlavə iddiaçının həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmadığı aşkar edilmişdir. Həmçinin, Bakı şəhəri, Fəzail Bayramov küçəsi, 3 saylı evin, 14 saylı mənzilnin iddiaçının adına 1997-ci il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kirayə müqaviləsində qeyd edilmişdir ki, İnşaatçılar pr, ev 5, mənzil 45 ünvanında yerləşən yaşayış sahəsinin iddiaçının adına kirayə müqaviləsi bağlanılmış hesab edilmiş və həmin şəxs mənzilin kirayəçisi hesab edilmişdir. Müqavilədən görünür ki, iddiaçı və 3 saylı Xüsusi Təyinatlı MKTB arasında kirayə müqaviləsi həmin əmlakla bağlı bağlanılmışdır. Arayışdan görünür ki, iddiaçı həmin mənzildə yaşamaqdadır. İmtina məktubunda qeyd edilmişdir ki, Sərəncam 08 iyul 2020-ci il tarixdə verilmişdir. İddiaçı həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Bundan əlavə Xətai r, Fəzail Bayramov küçəsi, 3 saylı evin 14 saylı mənzili iddiaçının adına 19 avqust 1997-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehin məktubunda qeyd edilmişdir ki, iddiaçının adına Xətai r, Fəzail Bayramov küçəsi, 3 saylı evin 14 saylı mənzili qeydiyyat keçmiş, daha sonra 21 avqust 1997-ci il tarixdə alqı-satqı müqaviləsi əsasına özgəninkiləşdirilmişdir. Orderdən görünür ki, həmin 14 saylı mənzil order əsasında iddiaçıya verilmişdir. Həmin 14 saylı mənzillə bağlı arayışdan görünür ki, iddiaçı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Sərəncamda qeyd edilmişdir ki, Xəzərdənizgəmiçiliyin müdriyyəti və həmkarlar komitəsinin birgə iclasının qərarı ilə iddiaçıya 14 saylı mənzil verilmişdir. Alqı-satqı müqaviləsindən görünür ki, 14 saylı mənzil iddiaçının adına qeydiyyata alındıqdan sonra T.Şiriyev adlı şəxsə satılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun: M a d d ə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. M a d d ə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. M a d d ə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. M a d d ə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. M a d d ə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. M a d d ə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.https://e-qanun.az/framework/8124 Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.https://e-qanun.az/framework/8124 Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Hazırkı işin faktiki hallarından isə göründüyü kimi iddiaçıya Səbail Rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 1995-ci il tarixli 14 saylı mənzilin verilməsinə dair sərəncamının tələblərinə uyğun olaraq order əsasında mənzil fondundan əvəzsiz olaraq mənzil verilmiş, iddiaçı da həmin mənzili 19 avqust 1997-ci il tarixdə adına qeydiyyata aldırmış və 21 avqust 1997-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Beləliklə də, iddiaçı dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan istifadə etmişdir ki, hazırkı iddiadan göründüyü kimi iddiaçı ikinci dəfə mənzil fondundan əvəzsiz verilmiş mənzilin özəlləşdirilməsi niyyətindədir ki, məhkəmə yuxarıda adıçəkilən Qanunun 7-ci maddəsinin konkret tələbinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, dövlət və ya mənzil fondu mənzillərinin əvəzsiz özəlləşdirmək hüququndan növbəti dəfə istifadə qadağan edilmişdir ki, qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, müraciətin təminindən imtina qanuni və əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3444/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3444/2024
19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver