Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3445/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X6 cəlb olunmaqla) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 29 oktyabr 2005-ci il tarixli “mənzil bağışlama müqaviləsi”nə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 73 saylı evin 59 saylı mənzilini əldə etmişdir. Ona həmin mənzilə dair 14 dekabr 2005-ci il tarixli “qeydiyyat vəsiqəsi” verilmişdir. Mənzil ona təhvil verilmiş, bağışlayan şəxs əşyaları ilə birlikdə mənzildən və ölkədən köçüb getmişdir. 17 ilə yaxın müddət keçməsinə baxmayaraq bağışlayan 1959-cu il təvəllüdlü X6 yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışdır. İddaçı cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə müraciət edərək, mülkiyyətində olan həmin mənzildən X4 yaşayış yeri üzrə daimi qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin həmin orqan imtina etmişdir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericiliyin mənasına görə qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa qanuni hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında. İddiaçının iddiası həmçinin Mülki Məcəllənin 157.4-cü maddəsindən irəli gəlir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilənlərə və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsaslanaraq, 1959-cu il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 73 saylı evin 59 saylı mənzilindən yaşayış yeri üzrə daimi qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görünür ki, X6 ilə İddiaçı arasında 29 oktyabr 2005-ci il tarixli “mənzil bağışlama müqaviləsi” bağlanmışdır və həmin müqavilənin müddəalarına görə X6 mülkiyyətində olan Bakı şəhəri, Şərifzadə küçəsi, 73 saylı evin 59 saylı mənzilini İddiaçı bağışlamışdır. X1 adından ona verilmiş müvafiq etibarnamə (ABŞ Nyu-York Ştatı, notarius tərəfindən verilmiş 27 iyul 2005-ci il tarixli etibarnamə) əsasında X2 imzalamışdır. İş materiallarında olan Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 14 dekabr 2005-ci il tarixdə verilmiş ÖM seriyalı 253195 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 73 saylı evin 59 saylı mənzili İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyat alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ tərəfindən İddiaçı ünvanlanmış 5 oktyabr 2022-ci il tarixli cavab məktubunda bildirilir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Ərizəçinin mülkiyyətində olan ünvan 2 ünvanından X4 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət oluna bilər. İş materiallarında olan “ASAN 1” vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış 5 sentyabr 2022-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X6 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 73 saylı evin 59 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışda X4 Azərbaycan Respublikasının sərhədini keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 30 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, X4 adına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 73, 59 saylı mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzafə küçəsi, 73 saylı evin 59 saylı mənzilindən hazırkı üçüncü şəxs X4 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal RPİ-yə müraciət etdiyindən, cavabdeh isə, həmin məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarından göründüyü kimi hazırda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 73 saylı evin 59 saylı mənzilinə sahiblik, istifadə və sərəncam hüquqları İddiaçı məxsusdur. Təbii ki, bu hüququn yaranmasının əsası kimi müqavilə çıxış edir. Həmin hüquq isə, iddiaçıya köhnə mülkiyyətçidən keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər yaşayış sahəsinə dair ona məxsus olmuş mülkiyyət hüququndan əvəzsiz şəkildə imtina edərək onun başqa şəxsə keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Buna görə də iş üzrə üçüncü şəxs X4 həmin mənzil üzərində hər hansı hüququnun olması ehtimalı aradan qalxır. Həmçinin hazırkı məhkəmə icraatında üçüncü şəxsin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 73 saylı evin 59 saylı mənzilinə hər hansı hüququnun mövcudluğunun müəyyən edilməsinə dair hər hansı sübut, dəlil təqdim edilməmişlər. Nəzərə alınmalıdır ki, daşınmaz əmlaka hüquqlarının qeydiyyatının aparılması səlahiyyəti verilmiş orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin yerli qurumu kimi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvananmış məktubunda da həmin şəxsin sözügedən mənzilə hüququnun olmaması təsdiqini tapır. Bundan başqa, işdə olan bağışlama müqaviləsinin surətindən və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan X4 2005-ci ildən sonra Azərbaycan Respublikasının ərazisində olmaması müəyyən edilir. Bu isə, belə qənaətə gəlməyə əsas verir ki, X6 hazırda iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 73 saylı evin 59 saylı mənzilində yaşamır. Odur ki, məhkəmənin qənaətinə görə üçüncü şəxs X6 İddiaçı məxsus mənzildə yaşamadığlndan (bu hal cavabdeh tərəfindən təkzib olunmur), eləcə də onun həmin mənzilə hər hansı hüququ qeydiyyata alınmadığından, cavabdeh Bakı şəhəri Yasamal RPİ tərəfindən həmin mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxsin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina edilməsi qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 73 saylı evin 59 saylı mənzilindən 1959-cu il təvəllüdlü X4 yaşayış yeri üzrə daimi qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 73 saylı evin 59 saylı mənzilindən 1959-cu il təvəllüdlü X4 yaşayış yeri üzrə daimi qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3445/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3445/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver