Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3446/2022 12.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Həsənova (Hüseynova) İlhamə Abdulla qızının cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X13 və X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həsənova (Hüseynova) İlhamə Abdulla qızı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X13 və X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən X7 və X3 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzili iddiaçı 14.06.2012-ci il tarixdə üçüncü şəxs X6 alqısatqı müqaviləsi əsasında almışdır. Müqavilənin 8-ci və 13-cü maddəsinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlak vermək və iki ay müddətində qeydiyyatdan çıxmaq öhdəliyini götürmüşdür. Lakin üçüncü şəxslər müqavilə üzrə öhdəlikləri yerinə yetirmirlər. Üçüncü şəxslər həmin mənzildə yaşamırlar, qeydiyyatları formal xarakter daşıyır. Üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Polis İdarəsi tərəfindən X2 ünvanlanmış 19.10.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Suraxanı RPİ-nə ünvanladığınız müraciətinizə əsasən İdarənin Qeydiyyat məsələləri bölməsində araşdırma aparılmışdır. Nəzərinizə çatdırırıq ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, Siz aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlisiniz. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində 13.07.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.01.2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 250259 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X4 08.01.2018-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” 08.02.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, X8, X13 ünvan 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.12.2021-ci il tarixli məktubda qeyd edilir: X7 və X5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 137, 24 saylı mənzilə dair istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 137, 24 saylı mənzil X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan reyestrdə 4Ə/02-492 nömrə ilə qeyd edilmiş notariat işində olan 14.06.2012-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X13 ona məxsus olan ünvan 4 ünvanında yerləşən mənzili alıcı X1 mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci bəndinə əsasən Satıcı mənzili Alıcıya üçüncü şəxslərin hüquqlarından azad verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən Satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 2 ay müddətində mənzildən qeydiyyatdan çıxmağı, habelə qeydiyyatda olan digər şəxslərin qeydiyyatdan çıxarılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Həmin notariat işində olan X9 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, X10 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 137-də yerləşən 24 nömrəli mənzilin satılmasına, mənzildən istifadə hüququna xitam verilməsinə razıdırlar, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 137 saylı evin 24 saylı mənzili iddiaçı Həsənova (əvvəlki soyadı Hüseynova) İlhamə Abdulla qızının xüsusi mülkiyyətindədir. İddiaçı 14.06.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzili üçüncü şəxs X6 almışdır. Digər üçüncü şəxs X8 həmin mənzilin satılmasına etiraz etməmişdir. Hazırda üçüncü şəxslər həmin mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Mənzildə qeydiyyatda olan üçüncü şəxslər yaşayış yerini dəyişmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar, hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Həmçinin üçüncü şəxslərin mübahisələndirilən ünvana istifadə hüququ qeydiyyata alınmamışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Həsənova (Hüseynova) İlhamə Abdulla qızının mülkiyyətində olan ünvan 4 ünvanından X7 və X3 qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3446/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3446/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver