Məhkəmə qərarları › İş №2-1(112)-3446/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3446/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3446/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bugünə qədər müxtəlif işlərdə işləmiş, hazırda isə pensiya yaşına çatmışdır. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğunu nəzərə alaraq cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh imtina məktubunda göstərmişdir ki, onun ümumi stajı 25 ildən az təşkil edir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, İddiaçı ИT-N ******* nömrəli əmək kitabçasında xx.xx.1983 - xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində Xüsusi Sənaye Mənzil Tikinti Trestinin 2 N-li Tikinti Quraşdırma İdarəsində qaynaqçı və xx.xx.1988-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qaynaqçı-montajçı peşələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm ümumi peşələr bölməsində nəzərdə tutulan peşələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yaranmamışdır. Həmçinin, yuxarıda qeyd olunan dövrlər üzrə sözügedən əmək kitabçası araşdırılarkən 40-cı, 41-ci, 42-ci, 43-cü, 44-cü və 45-ci səhifələrdəki məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, 40-42-ci səhifələrin sonradan əlavə olunduğu, 41, 44-cü səhifələrdə etibarsız möhürdən istifadə olunduğu və 42-ci, 43-cü, 44cü və 45-ci səhifələrdə olan sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də qeyd olunan dövrləri iş stajına daxil etmək mümkün olmamışdır. Həmçinin, istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda işlədiyi müddəti sosial sığorta stajına daxil edilir. Araşdırma zamanı iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini iddia etdiyi “Həyat” X2 Birliyində əmək haqlarının hesablanması cədvəlləri və əmrlər kitabları arxivdə saxlanılmadığından iddiaçının əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda həmin müəssisənin iddiaçının işlədiyini iddia etdiyi dövrdə Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Həmçinin, İddiaçı ИT-N ******* nömrəli əmək kitabçasında xx.xx.2004-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Həyat” X2 Birliyində işləməsi qeydi sonradan (2022-ci il qeydindən sonra) yazılmışdır. Eyni zamanda iddiaçının əvvəlki müraciətlərində və məhkəməyə təqdim etdiyi əvvəlki iddia ərizəsində xx.xx.2004-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Həyat” X2 Birliyində işləməsi ilə bağlı heç bir hal qeyd edilməmişdir, bu səbəbdən həmin dövrlərlə bağlı əsaslı şübhələr yaranmışdır. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 4634,05 manat təşkil edir. Odur ki, İddiaçı ümumi və güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilməməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun çıxış edərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin 28 sentyabr 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. ИТ-N seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək Azərbaycan SSR Bakı şəhəri 12 nömrəli texniki məktəbində kinomexanik tam kursunu bitirmişdir. xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. xx.xx.1983-cü il tarixdə “Xüsusi sənaye mənzil tikinti trestinin” 2 nömrəli tikinti quraşdırma idarəsinə 3-cü dərəcəli qaynaqçı peşəsinə işə qəbul olunmuşdur. xx.xx.1984-cü il tarixdə Bakı politexnik texnikumuna daxil olmuşdur. xx.xx.1987-ci tarixdə həmin texnikumun “Avtomobillərə texniki xidmət və onların təmiri” üzrə tam kursu bitirmişdir. xx.xx.1988-ci il tarixdə İV dərəcə qaynaqçı – montajçı dərəcəsi verilmiş, xx.xx.2000-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Həyat” X2 Birliyində texnik vəzifəsində işləmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC şirkətinə suvaqçı işinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək "xxxx" MMC-də fəhlə işləmişdir.xx.xx.2022-ci il tarixdə 158 №-li tam orta məktəbə 1.25 ştat vahidi kiçik texniki işçi vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə ƏM-nin 56.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən 1 (bir) ştat vahidi gecə gözətçisi vəzifəsinə keçirilmişdir. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 10 oktyabr 1980-cı il tarixdən 01 dekabr 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. ЛТ seriyalı, 025341 nömrəli diplomun surətinə əsasən iddiaçı 1984-cü il tarixdə Bakı politexnik texnikumuna daxil olmuş və 1987-ci il tarixdə “Avtomobillərə texniki xidmət və onların təmiri” üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 21 dekabr 1987-ci il tarixli qərarı ilə ona texnik-mexanik ixtisası verilmişdir. “Həyat” X2 Birliyinin 12 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 2018-ci il tarixində “Həyat” X2 Birliyinə məxsus sənədlərin saxlanıldığı arxivi su basmışdır. Su basma nəticəsində “Həyat” X2 Birliyinə məxsus bir çox sənədlər yararsız hala düşərək məhv olmuşdur. Bu səbəbdən, İddiaçı məxsus xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Həyat” X2 Birliyində işə daxil olma, işdən azad edilmə, məzuniyyətə çıxma və geri qayıtma əmrlərini, əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətlərini və digər zəruri məlumatları təqdim edə bilmirlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Göründüyü kimi iddiaçı onun 57 yaşının tamam olduğu xx.xx.2018-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasında kişilər üçün güzəştli şərtlərlə pensiya yaşı 57 yaş müəyyən edilmişdir. Belə olan halda iddiaçıya xx.xx.2018-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün o, xx.xx.2017-ci il tarixədək 25 il ümumi, 12 il 06 ay güzəştli stajı toplamalıdır. Cavabdehin etirazının əsası ondan ibarət olmuşdur ki, iddiaçının güzəştli stajının yaranmamasına səbəb xx.xx.1983 - xx.xx.1984-cü il tarixlərində Xüsusi Sənaye Mənzil Tikinti Trestinin 2 nömrəli Tikinti Quraşdırma İdarəsində qaynaqçı və xx.xx.1988xx.xx.2000-ci il tarixlərində həmin müəssisədə qaynaqçı-montajçı peşələrində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsində nəzərdə tutulan peşələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yaranmamışdır. İddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini iddia etdiyi “Həyat” X2 Birliyində əmək haqlarının hesablanması cədvəlləri və əmrlər kitabları arxivdə saxlanılmadığından iddiaçının əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda həmin müəssisənin iddiaçının işlədiyini iddia etdiyi dövrdə Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçının əmək kitabçasında xx.xx.2004-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Həyat” X2 Birliyində işləməsi qeydi sonradan (2022-ci il qeydindən sonra) yazılmışdır. Eyni zamanda iddiaçının əvvəlki müraciətlərində və məhkəməyə təqdim etdiyi əvvəlki iddia ərizəsində xx.xx.2004-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Həyat” X2 Birliyində işləməsi ilə bağlı heç bir hal qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Qeyd edilməlidir ki, iddiaçının xx.xx.2017-ci ilə qədər olan ümumi əmək stajını hesabladıqda “Həyat” X2 Birliyində xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövrlər çıxılmaqla, yerdə qalan ümumi stajı 21 il 01 ay 15 gün təşkil edir. Eyni zamanda iddiaçının əmək kitbaçasının əslinə baxış keçirilmiş və iddiaçının əmək stajının qeyd edilmə ardıcıllığına diqqət yetirilərkən onun “Həyat” X2 Birliyində işlədiyi dövrlərin əmək kitbaçasına sonradan, yəni 2022-ci ildə daxil edildiyi müəyyən edilmişdir. “Həyat” X2 Birliyinin 12 avqust 2024-cü il tarixli məktubunda isə 2018-ci ildə İctimai Birliyə məxsus sənədlərin saxlanıldığı arxivi su basdığı üçün bir çox sənədlərin yararsız hala düşərək məhv olduğundan iddiaçının işə daxil olma, işdən azad edilmə, məzuniyyətə çıxma və geri qayıtma əmrlərinin digər sənədlərin təqdim edilməsinin mümükn olmadığı bildirilmişdir. Belə olan halda iddiaçının əmək kitabçasında onun “Həyat” X2 Birliyində işləməsi barədə 2022-ci ildə qeyd aparıla bilməzdi. Çünki həmin dövrdə iddiaçının həmin İctimai Birlikdə işləməsi ilə bağlı arxiv sənədləri mövcud deyildi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının “Həyat” X2 Birliyində işləməsi ilə bağlı əmək kitabçasında qeyd edilənləri əmək stajı kimi nəzərə almamaqda haqlı olmuşdur. Göründüyü kimi iddiaçı xx.xx.2017-ci ilə qədər güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ümumi stajı toplamamışdır. Bu səbəbdən məhkəmə onun güzəştli stajı ilə bağlı araşdırma aparılmasına zərurət görmür. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesabe dir ki, iddia əsaslı olmadığı üçün təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar