Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3447/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «iddiaçıya xəstəliyi ilə əlaqədar pensiya təyin olunması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «iddiaçıya xəstəliyi ilə əlaqədar pensiya təyin olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, o, 6 mart 2001-ci il tarixdə Biləsuvar rayonunda doğulmuşdur. 5 iyun 2006-cı il tarixdən xroniki asma xəstəsidir. 18 yaşınadək xəstəliyi ilə əlaqədar müavinət almışdır. Verilən rəsmi sənədlərə əsasən xəstəliyi çox ağır olmuş, əlilliyinin təyinatı üçün AR Səhiyyə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına göndərilş verilmiş, xəstəliyinin “xroniki asma” olması müəyyən edilmişdir. 27 mart 2019-cu il tarixdən 8 aprel 2019-cu il tarixədək Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında və 2 noyabr 2019-cu il tarixdən X1 İnstitutunda stasionar müalicədə olmuş, lakin xəstəliyinin aradan qaldırılması mümkün olmamışdır. Hazırda da xronikiqarışıq asma xəstəsidir. Həkim müayinəsinin nəticələrinə görə qarışıq “asma-bronxial asmainfeksinist alleqrik forma nəzarət olunmayan tez-tez boğulma tutmaları” ilə müşayiət olunur. Qeyd olunanlarla əlaqədar Səhiyyə Nazirliyi Tibbi Ekspert Komissiyasının ******* anket saylı göndəriş vərəqəsi, 1 sentyabr 2020-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonunvu müayinəyə dair məlumata əsasən xəstəliyi sağalmaz hesab olunmuşdur. Buna baxmayaraq, 18 yaşına çatması ilə əlaqədar pensiya ilə təmin olunmasından imtina edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən əlilliyə görə pensiyanın təyin olunmasına hüquqi və tibbi əsaslar pensiyanın təyin olunması barədə göndərişlərin verilməsi üçün əsasdır. Belə ki, AR Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiqlənmiş «Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları»nın 1.3.1-ci bəndinə əsasən şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstəliyi 10 ay) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizminin pozulmuş funksiyalarının bərpa olunması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılması bu göndərişlərin verilməsi üçün əsasdır. Eyni zamanda, «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» AR Qanununa uyğun olaraq anadangəlmə xəstəlikdən və ya xəsarətdən yaranan əqli və fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılması haqqında müvafiq qərar çıxarılmalıdır. Lakin aparılmış müayinələrin nəticələrinə dair cavabdeh təşkilat tərəfindən yuxarıda qeyd olunan qərar və qanunların tələbləri pozulmuşdur, aparılmış tibbi müayinə ekspertizalarının nəticələrinin onun (iddiaçının) sağlamlıq imkanlarının məhdudluğunu birbaşa təsdiq etməsinə baxmayaraq, ona əmək pensiyasının təyin olunmasından imtina edilir. Qanunun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, əlilliyi təsdiq edən sənədlərin və tibbi müəssisələrin rəylərinin olması pensiya təyinatı üçün göndəriş verilməsinə əsasdır. Göstərilənlərə və İPM-in 2.2, 68.1, 69, 70-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) xəstəliyi ilə əlaqədar pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş 25 aprel 2021-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilir: - 6 mart 2001-ci il təvəllüdlü İddiaçı onun 5 iyun 2006-cı il tarixdən etibarən xroniki qarışıq asma xəstəliyi olduğunu bildirmişdir. Buna əlavə olaraq, 8 oktyabr 2015-ci il tarixdən 2 il müddətinə, 8 oktyabr 2017-ci il tarixdən etibarən isə 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş və bununla əlaqədar ona müayinə təyin edilmişdir. Daha sonra, 1 sentyabr 2020-ci il tarixli AR Səhiyyə Nazirliyi Tibbi Ekspert Komissiyasında sonuncu müayinəsinə dair məlumata əsasən İddiaçı imtina edildiyi və imtina səbəbi kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agebtliyinə (İTSDA) müraciət etməsinin tövsiyə olunduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən qeyd edilən tələblə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət olunmamışdır. Göstərilənlərə və İPM-in 35-ci maddəsinə və AR Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Göründüyü kimi, əmək pensiyaları haqqında qanunvericilik əmək pensiyasının bir növü kimi əlilliyi olan şəxslərə “əlilliyə görə əmək pensiyası”nı müəyyən etmişdir. Lakin normanın mənasına görə bu qəbildən olan əmək pensiyası hüququna əlilliyi olan şəxslər malik ola bilər. Məhkəmə qeyd edir ki, hazırkı işin hallarına görə iddiaçıya əlillik dərəcəsi verilmədən, o, əlilliyə görə əmək pensiyası təyin olunmasını tələb edir, hansı ki, bu, yolverilən hal sayılmır. Bundan başqa, iddiaçının ona əlilliyə görə əmək pensiyası təyinatı ilə bağlı cavabdeh inzibati orqana müraciəti də olmadığından, qaldırılan məsələ üzrə inzibati icraat aparılmadığından, tərəflər arasında inzibati mübahisə yaranmış olmur. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq sahəni tənzimləyən normalar məsələnin bu xüsusatını üzrə konkret müddəa müəyyən etməsə də, formalaşmış inzibati praktikaya görə vətəndaşlara əmək pensiyalarının təyin edilməsi və ödənilməsi DSMF-nin özünün yox, aidiyyəti yerli qurumunun səlahiyyətlərindədir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığınan, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3447/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3447/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver