Məhkəmə qərarları › İş №2-1(112)-3447/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3447/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3447/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial evlə təmin olunması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək sosial evlə təmin olunması vəzifəsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, sosial evlə təmin olunmağa dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edib. 13 sentyabr 2021-ci il tarixdə müraciətinə cavab olaraq bildirmişdirlər ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021 -ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çemobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, eyni zamanda yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlil olmuş şəxslər yuxarıda qeyd olunan Sərəncamlarla əhatə olunan kateqoriyadan hesab edilmədiyindən Sizin sosialməişət şəraitinizin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri xaricindədir. Eyni zamanda qeyd edilmişdir ki, vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsi və yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə alınması Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün müraciətdə qeyd olunan məsələnin həlli ilə bağlı övladınız X4 rayon (şəhər) icra hakimiyyətinə aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Nazirliyin tabeliyində X1 5 saylı Ərazi Məşğulluq filialının (bundan sonra - Filial) əməkdaşı tərəfindən istifadənizdə olan 050 *** ** ** telefon nömrəsi vasitəsilə onunla əlaqə saxlanılmış, məlum olmuşdur ki, müraciəti oğlu Murad Qarayevin münasib işlə təmin olunması ilə bağlıdır.

3. 7 sentyabr 2021-ci il tarixində M.Qarayev filialda olmuş, bununla əlaqədar şəxsin məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq vətəndaşa Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Məşğulluq" altsistemindəki vakansiya bankından münasib işlər ("Bank Avrasiya” ASC-də əməliyyatlar departamentinin sənədli əməliyyatlar şöbəsinin mütəxəssisi, əməkhaqqı - 970 manat, "xxxx" ASC-də uçot və daxili hesabatlıq şöbəsinin kiçik mütəxəssisi, əməkhaqqı - 740 manat) təklif olunaraq göndəriş formalaşdırılmışdır. Həmçinin M.Qarayevə özünüməşğulluq proqramı barədə məlumat verilmiş, eyni zamanda sosial rifahının və dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə “e-sosial.az” internet portalı vasitəsilə MEİS-nin "Məşğulluq" altsistemindəki mövcud olan vakansiyaları mütəmadi izləməsi tövsiyə olunmuşdur.

4. İddiaçının müraciətinə cavabdeh qurumun iddia ərizəsində göstərilən eyni məzmunlu 13.09.2021-ci il tarixli cavabı iş materiallarına əlavə olunmuşdur.

5. İddiaçının övladı X4 işlə təmin olunmasına və sosial-məişət şəraitinizin yaxşılaşdırılmasına köməklik göstərilməsi ilə bağlı növbəti müraciətinə cavabdeh qurumun 17.09.2021-ci il tarixli cavabında qeyd olunur ki, məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq övladı M.Qarayevə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər (“Bank Avrasiya" ASC-də mütəxəssis, əməkhaqqı - 970 manat və "xxxx" ASC-də kiçik mütəxəssis, əməkhaqqı - 740 manat) təklif olunmuş və bu barədə məlumatlar onun şəxsi kabinetinə yerləşdirilmişdir. Lakin işəgötürən müəssisələr tərəfindən M.Qarayevi işə götürməkdən imtina edilmişdir. Bildirilmişdir ki, boş (vakant) iş yerinə işçi qəbulu işəgötürənin səlahiyyəti daxilindədir. Ona özünüməşğulluq proqramı haqqında ətraflı məlumat verilmiş, Filiala müraciət edəcəyi təqdirdə M.Qarayevin özünüməşğulluğunun təşkilinə qanunamüvafiq qaydada köməklik göstəriləcəyi bildirilmiş, həmçinin sosial rifahının və dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə “e-sosial.az" internet portalı vasitəsilə MEİS-in “Məşğulluq” altsistemində mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyə olunmuşdur. Eyni zamanda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, eyni zamanda yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlil olmuş şəxslər yuxarıda qeyd olunan Sərəncamlarla əhatə olunan kateqoriyadan hesab edilmədiyindən Sizin sosialməişət şəraitinizin yaxşılaşdırılması Nazirliyin səlahiyyətləri xaricindədir. Əlavə olaraq bildirilmişdir ki, vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsi və yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə alınması Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün müraciətdə qeyd olunan məsələnin həlli ilə bağlı M.Qarayevin rayon (şəhər) icra hakimiyyətinə aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunur.

6. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, o, 10.05.1993-cü il tairxdən İİ dərəcə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxs kimi Nəsimi rayon İcra Hakimiyyətində mənzil növbəsindədir. Hal-hazırda RİH-in balansında boş mənzil fondu olmadığından mənzillə təmin olunmaq barədə xahişini yerinə yetirmək mümkün deyil. Bildirilmişdir ki, oğlu Murad Qarayevin işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə aidiyyəti üzrə 5 saylı Ərazi Məşğulluq Mərkəzi filialına göndərilmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, o, 10.05.1993-cü il tairxdən İİ dərəcə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxs kimi bir nəfər ailə tərkibi ilə birlikdə Nəsimi rayon İcra Hakimiyyətində mənzil növbəsindədir. Sıra №327.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında arayışa əsasən, iddiaçı sağ əlin İİ-İİİ-İV barmaqların amputasiyası. Sağ əlin funksiya pozulması diaqnozu ilə 27.07.1999-cu il tarixdən İİ dərəcə müddətsiz əlillik təyin edilmişdir.

9. Daşınmaz əmlakın dövlət reyestrindən arayışlara əsasən, iddiaçı və onun ailə üzvlərinin adına daşınmaz əmlak aşkar edilməmişdir.

10. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş elektron arayışa əsasən, X6 (iddiaçının oğlu) 25.10.2019-02.04.2021-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir və xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır.

11. İddiaçı sosial-mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müxtəlif orqanlara çoxsaylı müraciətlər ünvanlamışdır. Müvafiq müraciətlər və cavablar iş materiallarına əlavə edilmişdir.

12. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının cavabdehə hər hansı bir hüquqi münasibətlərdə olması, həmin hüquqi münasibətlər zəminində cavabdeh tərəfindən ddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydalan”nın 1.5-ci bəndində əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. İddiaçı Şahvəlad oğlunun əlilliyi müəyyənləşdirilərkən TSEK arayışında səbəb kimi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar göstərilmişdir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdınlmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan səxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə ütülmüşdür. Sözügedən sərəncamla hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə ətirməklə əlaqədar əlilliyi əldə etmiş şəxslər əhatə olunmur. Bu səbəbdən İddiaçı Şahvəlad oğlu mənzillə təmin olunması ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış ermir. Yuxarıda qeyd olunanları, İddiaçı Şahvəlad oğlunun tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “mənzillə təmin olunmasına” dair iddia arizəsinin mümkünsüz hesab olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.

14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun olaraq iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi.

II. İddianın növü

15. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; Maddə 95. Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda (dövlət sosial (ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sair) xidmət müəssisələrinin) yaşayış sahələri qanunvericiliyə uyğun olaraq tibbi və sosial-məişət xidmətlər göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

17. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-ci maddəsinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aid edilmişdir. III.İddianın mümkünlüyü və çəhkəmənin mövqeyi.

18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

19. Məhkəmə hesab edir ki, iddia cavabdeh qurumun nizamnaməsinə və müvafiq sərəncama əsasən yalnız ona xas olan fəaliyyətin həyata keçirilməsi ilə əlaqədardır. Bu zaman məhkəmə ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğunu nəzərə alır.

20. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

21. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının müvafiq tələbi irəli sürmək üçün müəyyən edilmiş statusa malik olması ilə bağlıdır.

22. İşin mübahisəsiz olan halı budur ki, iddiaçı xüsusi səbəblərdən - hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlil olmuş şəxsdir və yerli icra hakimiyyəti orqanında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır (mənzil növbəsindədir).

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydalan”nın 1.5-ci bəndində əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar.

24. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.

25. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

26. Beləliklə, məhkəmə müəyyən edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı xüsusi səbəblər əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əhatə edir.

27. Əks yanaşma iddiaçının timsalında yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə fərqli rəftar kimi qiymətləndirilə bilər.

28. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X8 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, xüsusi səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə təminat sistemi yaradıldıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin (Mülkiyyət hüququ) tətbiq dairəsinə düşür (Konvensiyanın AİHK 1 saylı Protokolunun 1-ci maddəsi və 14-cü maddəsi ilə birlikdə tətbiqinə dair bax Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00 18.02.2009-cu il tarixli qərar [Böyük Palata]). Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X8 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə 07.02.2013-cü il tarixli qərar [Böyük Palata]; X5rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, 08.12.2009-cu il tarixli qərar).

29. Məhkəmə öz presedent hüququnda müəyyən edib ki: -14-cü maddə üzrə məsələnin meydana çıxması üçün nisbətən oxşar vəziyyətlərdə olan şəxslərlə fərqli rəftar edilməlidir. Bu cür fərqli rəftar obyektiv və ağlabatan əsasa malik deyilsə, başqa sözlə, qanuni məqsəd daşımırsa və ya tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, ayrı-seçkilik sayılır. İştirakçı dövlətlər digər analoji vəziyyətlərdə mövcud fərqlərin fərqli rəftara haqq qazandırıb-qazandırmadığını və nə dərəcədə haqq qazandırdığını qiymətləndirərkən müəyyən dərəcədə sərbəstliyə malikdirlər (Burden Birləşmiş Krallığa qarşı [BP], ərizə № 13378/05, 60-cı bənd, AİHM 2008). -Konvensiyanın 14-cü maddəsinin məqsədləri üçün rəftar fərqi “obyektiv və ağlabatan əsaslara malik olmadıqda”, yəni “qanuni məqsəd” güdmürsə və ya istifadə edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, ayrı-seçkilik xarakteri daşıyır (Molla Sali işi § 135). -Rəftardakı hər bir fərq Konvensiyanın 14-cü maddəsinin pozulması demək deyil. Yalnız müəyyən edilə bilən xüsusiyyətə və ya “statusa” (“əlamətə”) əsaslanan rəftardakı fərqlər 14-cü maddənin mənasında ayrı-seçkiliyə səbəb ola bilər (Molla Sali v. Greece [GC], no. 20452/14, § 134, 19 December 2018).

30. Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər.

31. Qeyd edilənlərə əsasən iddia mümkündür. Məhkəmə analoji vəziyyətdə olan digər xüsusi səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslərlə müqayisədə “hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs” əlamətinə görə iddiaçıya münasibətdə fərqli rəftarın obyektiv və ağlabatan əsasa malik olmadığını hesab edir.

32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia təmin edilsin. İddiaçı əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda mənzillə təmin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar