Məhkəmə qərarları › İş №2-1(112)-3450/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3450/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3450/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Abıyevin sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Bakı şəhər Cavabdeh1 nümayəndəsi X3, üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın etibarsız hesab edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 Başçısının xx.xx.2017-ci il tarixli, 318 saylı sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binalarının yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) etibarsız edilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus kafeyə aid sahədə cavabdeh X7 tərəfindən inşa edilmiş pilləkənin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh X7 tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının mübahisələndirilən pilləkəni ona məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üst-üstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq onun qeyri-yaşayış sahəsinə aiddir. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 sentyabr 2018-ci il tarixli 21011 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh X7 tərəfindən inşa olunmuş mübahisəli pilləkən tikilisi Bakı şəhəri Cavabdeh1 Başçısının 01 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03- 8/769 saylı eskiz layihəsində, onun mülkiyyətində olan sahəsi 102,4 kv. m. olan qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportun plan sxemində 18,9 kv. m. açıq sahə kimi göstərilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikili (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) Bakı şəhəri Cavabdeh1 Başçısının 01 dekabr 2017-ci il tarixli sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsi əsasında inşa olunmuşdur. Bakı şəhəri Cavabdeh1 Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) etibarsız edilməsini cavabdeh qurumdan xahiş etsə də, ərizəsinə cavab verilməmişdir. Hesab edir ki, ərizəsinə cavabdeh qurum tərəfindən baxılmaması yə ya əsassız olaraq baxılmasının gecikdirilməsi, cavabdeh təşkilatın müraciəti ilə bağlı əsassız imtinasıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqanlara təqdim edilmiş, cavabdehlərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 zəruri cəlbetmə qismində üçüncü şəxs qismində hazırki inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehlərdən Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərin iddiaya dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil iddia tələbinaə dair yazılı münasibət təqdim edərək, göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülikiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən İddiaçı verilmiş № 305-A saylı xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, iddiaçıya verilmiş qeyri-yaşayış binası (Bina hissəsi və ya qurğu) ümumi sahəsi 102.4 kv. m. təşkil edir, həmçinin qeyri-yaşayış binasının texniki pasportunun tikilinin planına nəzər saldıqda və müvafiq hesablamalar apardıqda məlum olur ki, ticarət sahəsi - 70.5, mətbəxt - 9.8, müdir otağı-10, ayaqyolu-1.5 və dəhliz-10.6 kv.m təşkil edir. Riyazi üsulla hesabladıqla qeyd edilən sahələri topladıqda onların cəmi 102.4 kv. m. təşkil edir. Bu isə o deməkdir ki, iddiaçıya verilmiş qeydiyyat vəsiqəsi ilə texniki pasportdakı ölçülər üst-üstə düşür. Beləliklə, bu təhlildən o nəticəyə gəlmək olur ki, sözü gedən mübahisəli naves (talvar) ümumiyyətlə mövcud olmayıb, iddiaçıya verilimiş 102.4 kv. m. hissəyə daxil deyildir. Yekun etibarı ilə məlum olur ki, nəinki navesin yerləşdiyi hissəyə dair torpaq sahəsi mülkiyyətçiyə məxsus deyil, hətta navesin olduğu iddia edilən hissəsi də iddiaçıya verilmiş 102 kv. m. hissəyə daxil deyildir. İddiaçı iddia ərizəsində birmənalı şəkildə “ona məxsus olan” ifadəsini işlədir. DƏDRX 1 salı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 iyun 2019-cu il tarixli məktubda göstərilmişdir: “İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18.9 kv. m. talvar (naves) sahəsi (bünövrəsiz tikilidir) şərti olaraq texniki pasporta daxil edilməsinə baxmayaraq təsnifata daxil edilməmişdir. Faktiki olaraq həmin talvar sahəsi mövcud deyil. İddiaçının mübahisələndirdiyi və eskiz layihəyə uyğun tikilmiş pilləkən qəfəsinin yerləşdiyi ərazi dövlət torpağıdır. X7 müvafiq hüquq müəyyənedici sənədlərə əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir. Keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsi BDTİMHQ və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən İddiaçı verilmiş qeydiyyat vəsiqəsi mülkiyyət hüququnu təsdiq edən sənəd deyildir, DƏDRX-ə müvafiq müraciət etdiyi təqdirdə daşınmaz əmlaka təsvirlər qeydiyyata alındıqda çıxarışda öz əksini tapacaqdır. DƏDRX-in məktubundan göründüyü kimi, nəinki BŞİH-in eskiz layihəsinə əsasən onun (A.Musayevin) tikdiyi və dövlət torpağı olan İddiaçı mübahisələndirdiyi sahənin, heç İddiaçı məxsus olan 102.4 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. İddiaçı Bakı şəhəri Cavabdeh1 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamının qismən ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin iddiaçı iddia müddətini buraxdığından Məhkəmə idianın mümkün sayılmaması barədə xx.xx.2021-ci il tarixli qərardad çıxarmışdır. Həmin qərardadın əsaslı olmasına dair yuxarı instansiya məhkəmələri tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. İddiaçının eyni əsaslarla eyni tələbi üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə məhkəmə aktları ilə qiymət verilmişdir. Nə qədər ki, iddiaçı sözügedən torpaq sahəsinin ona məxsusluğunu təsdiq edən sübut təqdim edə bilmir, nə qədər ki, DƏDRX-in mövqeyi ondan ibarətdir ki, sözügedən tikili və onun altında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasından sonra iddiaçı sözügedən sahəyə mülkiyyətçi statusunda çıxış edə bilər, bu məqamda “subyektiv hüquq” məsələsi meydana gəlir. Bir sözlə maraqlarına toxunan proses iştirakçısı olaraq bildirilər ki, iddiaçının ümumiyyətlə hazırki iddia ilə məhkəmədə çıxış etməyə hər hansı subyektiv hüququ mövcud deyildir. Talvar (naves) mövcud olmadığından, əsaslı tikinti olmadığından, sökülə bilən yüngül konstruksiya olduğundan, mübahisələndirilən ərazi dövlət torpağı olduğundan, iddiaçının mübahisələndirilən ərazi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, onun mülkiyyət hüququ pozulmadığından və mənafeyinin toxunmadığından, mübahisələndirilən ərazi ilə bağlı iddia qaldırmaq hüququ yoxdur. Bakı şəhəri Cavabdeh1 Başçısının 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamına müvafiq olaraq üçüncü şəxsə məxsus tikilinin tikinti lahiyyəsi, həmçinin pilləkən qəfəsinin əsaslandırılan zaman da sözü gedən naves mövcud olmamışdır. Əgər, o talvar (naves) mövcud olmuş olsa idi birincisi dövlət qurumu ona lahiyə verməzdi, ikincisi pilləkən qəfəsin tikilməsi üçün talvarın sökülməsi zərurəti yaranardı ki, bu halda iddiaçı hələ 2017-ci ildə bu barədə iradını bildirərdi, lakin göründüyü kimi iddiaçının ilk iddiası 2018-ci ilin mayın 31-də qaldırılmışdır. Məlumdur ki, iddiaçı hazırkı tələbi irəli sürməyə subyektiv hüquqa malik deyil. Lakin, buna baxamayaraq iddiaçı Bakı şəhəri Cavabdeh1 01 dekabr 2017-ci il tarixli, 318 saylı sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi üçün Bakı inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhər Cavabdeh1 nümayəndəsi X8 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında yazılı etiraza uyğun verdiyi izahatında məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan məhkəmənin müvafiq sorğularına əsasən: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 08 avqust 2023-cü il tarixli 3-48-2F/2-05517/2023 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Cavabdeh1 başçısının “Bakı şəhər İcra Hakmiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3342 saylı xx.xx.2017-ci il tarixli məktubunun icrası haqqında” 318 №li 01 dekabr 2017-ci il tarixli sərəncamın surətindən (arxiv çıxarışı) müəyyən olunur ki, Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsindən 18/03-8/3342 saylı xx.xx.2017-ci il tarixli məktub daxil olmuşdur. Məktubda, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 1-3/M-119-159 saylı razılıq məktubu və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3314 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması nəzərə alınaraq, X1 Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən ərazidə qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həlli ("xxxx" MMC, LBM:T.Səfərəliyev), Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırıldığı bildirilmişdir. Bununla əlaqədar:

1. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/3342 saylı, xx.xx.2017-ci il tarixli məktubunun əsas götürülməsi;

2. X1 Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən ərazidə razılaşdırılmış layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Sərəncama Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər Cavabdeh1nə ünvanlanmış 18/03-8/3342 saylı xx.xx.2017-ci il tarixli məktub və Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış X1 Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən ərazidə qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həlli ("xxxx" MMC, LBM:T.Səfərəliyev) əlavə olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********26 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri, 3-cü mikrorayon, M.Hacıyev küçəsində yerləşən 119,47 kv. metr tikiliyə aid arxiv qovluğunda saxlanılan sənədlərin surətlərindən müəyyən olunur ki; 1) X6 (“Satıcı”) ilə X15 (“Alıcı”) arasında 08 fevral 2003-cü il tarixdə Bakı şəhəri 28ci dövlət notariat kontorunda Bakı şəhəri, 3-cü mikrorayon, M.Hacıyev küçəsində yerləşən 119,47 kv. metr tikiliyə dair alqı-satqı müqaviləsi bağlanmışdır. 2) Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 305 №li Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhərində, Nəsimi rayonu, 3-cü mikrorayon M.Hacıyev küçəsində yerləşən ümumi sahəsi 102,4 kv. metr olan qeyri – yaşayış sahəsi (kafe) X11 adına mülkiyyət hüququ əsasında tam pay hüququ əsasında 29 may 2003-cü il tarixdə 01 №li reyestr kitabında 77-ci səhifədə 305 reyestr nömrəsi ilə qeydə alınmışdır. 3) X15 (“Satıcı”) ilə İddiaçı (“Alıcı”) arasında 19 avqust 2003-cü il tarixdə Bakı şəhəri 28-ci dövlət notariat kontorunda Bakı şəhəri, 3-cü mikrorayon, M.Hacıyev küçəsində yerləşən ümumi sahəsi 102,4 kv. metr qeyri-yaşayış sahəsi (kafe) dair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus kafeyə aid sahədə cavabdeh X7 tərəfindən inşa edilmiş pilləkənin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(006)-463/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında İddiaçı məxsus olan qeyriyaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazidə cavabdeh X7 tərəfindən inşa olunmuş pilləkənin cavabdeh X4 hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 848/2020 nömrəli qətnaməsi ilə cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(006)- 463/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3963/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-848/2020 nömrəli, 12 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3963/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlandığı 16 may 2019-cu il tarixli məktuba əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Hacıyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş 18,9 kv.m.-lik talvarın yerləşdiyi ərazi ilə cavabdeh X7 tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının müvafiq eskiz layihəsində öz əksini tapmış pilləkən qəfəsinin üst-üstə düşdüyü və pilləkənin yerləşdiyi ərazinin ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aid olduğu müəyyən edilmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18,9 kv.m. talvar sahəsi (bünövrəsiz tikilidir) şərti olaraq texniki pasporta daxil edilməsinə baxmayaraq, təsnifata daxil edilməmişdir. Faktiki olaraq həmin talvar sahəsi mövcud deyildir. Talvar mövcud olmadığı üçün cavabdeh X7 müvafiq hüquq müəyyənedici sənədlərə əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir. Bakı şəhəri, Nəsimi rayonu, M.Hacıyev küçəsində yerləşən sahəsi 102,4 kv.m olan qeyri-yaşayış binasının iddiaçının mülkiyyətində olması mübahisə doğurmadığı halda, sonuncu həmin sahəyə bitişik olmuş, bünövrəsiz və artıq mövcud olmayan 18,9 kv.m.-lik talvarın da ona məxsus olduğunu iddia etmiş, lakin işə mahiyyəti üzrə baxan məhkəmələr həmin talvarın yerləşdiyi ərazinin (torpaq sahəsinin) iddiaçıya məxsusluğunu, talvarın nə vaxt və hansı səbəbdən sökülməsini araşdırmamış və cavabdehin bununla bağlı apellyasiya şikayətinin dəlillərinə və nəticə olaraq iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmasına hüquqi qiymət verilməmişdir. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və prosessual müddətin bərpasına dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh1 318 saylı 1 dekabr 2017-ci il tarixli sərəncamının qismən ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10614/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1161/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10614/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7716/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1065/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7716/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1282/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1065/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1282/2023 saylı qərarında göstərilmişdir ki, hazırkı işdə iddiaçının tələbi “mübahisələndirmə haqqında iddia” növünə aiddir. Mübahisə predmeti olan sərəncamın qəbul olunma tarixinə nəzər yetirildikdə isə məlum olur ki, həmin sərəncam təxminən bundan (bu iş üzrə iddia verilməmişdən) 4 il əvvəl qəbul olunmuşdur. Həmin mübahsələndirilən sərəncamdan iddiaçının məhkəmə prosesində məlumatlı olması barədə dəlilə münasibətdə qeyd olunur ki, əvvəllər də iddiaçının cavabdeh Bakı şəhəri Nəsimi RİH-nə qarşı cavabdehin 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncamının qismən ləğv edilməsi tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin icraatında olmuş və həmin iş üzrə qəbul edilmiş 2-1(112)- 4368/2021 saylı 6 avqust 2021-ci il tarixli qərardadla iddia müddətinin buraxılması, müddətin bərpası barədə müvafiq ərizənin verilməməsi səbəbindən iddianın mümkün sayılmaması qərara alınmışdır. Belə ki, həmin iş üzrə qəbul edilmiş qərardada əsasən, mübahisələndirilən 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncam iddiaçı tərəfindən məhkəmə icraatında əldə olunmuş rəy və müvafiq aktla xx.xx.2018-ci il tarixədək hazırkı iddiaçıya (İddiaçı) təqdim (elan) olunmuşdur. Bu isə o deməkdir ki, iddiaçı hazırkı iddianı və buraxılmış prosessual müddətin bərpası barədə ərizəni müvafiq müddətə əməl olunmasına mane olan halların aradan qalxdığı gündən və iddia qaldırılması üçün müəyyən edilmiş tarixdən 3 ildən artıq vaxt keçdikdən sonra qaldırılmışdır. Ərizə İPM-nin 24.2 və 24.4-cü maddələrinə riayət edilmədən verilmişdir. Hazırda iddiaçı Bakı şəhəri Cavabdeh1 Başçısının xx.xx.2017-ci il tarixli, 318 saylı sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binalarının yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) etibarsız edilməsi barədə tələblə yenidən məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, İPM-nin 2.2.5-ci maddəsinə görə, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı Bakı şəhəri Cavabdeh1nə qarşı Bakı şəhəri Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 318 saylı sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binalarının yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, M.Hacıyev küçəsində yerləşən iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış sahəsi (kafe) 102,4 kv. metrdən ibarətdir. Qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş 18,9 kv.m.-lik talvarın yerləşdiyi ərazi ilə X7 tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının müvafiq eskiz layihəsində öz əksini tapmış pilləkən qəfəsinin üst-üstə düşdüyü və pilləkənin yerləşdiyi ərazinin ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aid olduğu müəyyən edilsə də, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18,9 kv.m. talvar sahəsi (bünövrəsiz tikilidir) şərti olaraq texniki pasporta daxil edilməsinə baxmayaraq, təsnifata daxil edilməmişdir. Faktiki olaraq həmin talvar sahəsi mövcud deyildir. Talvar mövcud olmadığı X7 müvafiq hüquq müəyyənedici sənədlərə (hazırda mübahisələndirilən sərəncam) əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsində göstərdiyi eyni əsaslarla mübahisələndirilən sərəncamın ləğvi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiaçının həmin iddiaları mübahisələndirmə iddiası üzrə müddətin ötməsi səbəbindən mümkün sayılmamışdır. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində (əvvəlki iddia ərizələrində olduğu kimi) iki cavabdeh inzibati orqan göstərilsə də, mübahisə predmeti olan sərəncam cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən qəbul olunduğundan, tələb ikinci cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı yönəlməmişdir. Məhkəmə araşdırması zamanı İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya (nümayəndəs) hüquqi yardım göstərilməklə, İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddiaya cavab verməli olan cavabdehin dəqiqləşdirilməsi) təklif olunsa da, sonuncu bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin işdə prosessual iştrakı formal qiymətləndirilərək iddia ona aid hissədə də mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar