Məhkəmə qərarları › İş №2-1(112)-3452/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3452/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3452/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə işlədiyini nəzərə alaraq əmək pensiyasının təyin edilməsi”barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 il 1 ay 23 gün güzəştli şərtlərlə işlədiyini nəzərə alınaraq əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh tərəfindən icra olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 04.02.1982-ci il tarixdən 01.08.1989-cu il tarixə kimi iş stajı vardır. 03.07.1990-cı il tarixdən “Kirovneft” neft və Qazçıxarma İdarəsinin (NQÇİ) kadrlar şöbəsinə işə qəbul olunmuşdur. 17.07.1990-cı il tarixdə Quyuların əsaslı təmiri və xüsusi texnika sexinə xüsusi geyimlərin yuyulması üzrə maşinist peşəsinə keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.1992-ci il tarixli 177 № li qərarına və “Azneft” İB-nin 17.04.1992-ci il tarixli 110 № li əmrinə əsasən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır. 07.07.1997-ci ildə İAS-yə 4-cü dərəcəli neft və qazçıxarma üzrə operator peşəsinə keçirilmiş, 01.09.2005-ci ildə İdarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuş, idarənin yeni adı ilə yəni 01.09.2005-ci ildə “X5” şirkətinin Dinamometriya və hasilatın Ölçülməsi və Su Vurma sexinə dinamometriya üzrə operator vəzifəsinə qəbul edilmiş, 17.02.2009-cu ildə (ərizə forması əsasında) Elektrik sexinə idarəetmə pult operatoru vəzifəsinə keçirilmiş, 16.02.2015-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərin razılığı ilə işdən azad edilmişdir. O Dövlət Sosial Müdafiə fondu Xüsusi Şərtlərlə Təyinat cüzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün müraciət etsə də, imtina cavabı verilmişdir. İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 55 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən İnzibati Prosessual məcəlləyə uyğun təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31165,74 manat məbləğindədir. Bundan əlavə iddiaçının ondan tələb olunan 10 il güzəştli iş stajına malik olması da sübut edilməmişdir. İddiaçı tərəfindən onun güzəştli iş stajını təsdiq edən arayış təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin edilərək güzəştli şərtlərllə ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etdi. Məhkəmə iclasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X2 iddiaya dair etiraz edərək iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1965-ci ildə doğulmuşdur, Bakı şəhərində yaşayır. İşdə olan ИТ-İ-0974201 nömrəli əmək kitabçasından görünür ki: - .04.02.1982-ci il tarixdən 01.03.1983-cü il tarixədək Qalanteriya fabrikində ip dolayan şagirdi, daha sonra 1 dərəcəli ip dolayan vəzifələrində işləmişdir. - 21.05.1983-cü ildə Bakı ayaqqabı fabrikində tələbə olmuş, daha sonra 01.11.1983cü ildən həmin fabrikdə bağlama bağlayan vəzifəsinə keçirilmişdir. 14.10.1985-ci il tarixində öz arzusu ilə işdən çıxmışdır. - 01.10.1985-ci il tarixdə peşə məktəbində saç ustası fakultəsinə daxil olmuş, 31.07.1986-cı ildə buranı bitirmişdir. - 26.01.1987-ci ildən üst idman geyimləri fabrikində 2-ci sexdə rulona ip dolayan vəzifəsinə daxil olmuş, 03.08.1987-ci ildən eyni ip dolayan vəzifəsində üst idman geyimləri fabrikindən idman malları fabrikinə keçirilmişdir. - 03.08.1987-ci ildə yenidən vəzifəsi dəyişdirilərək ip dolayandan toxuculuğa keçmiş, 01.08.1989-cu ildə 2-ci sexdə həmin vəzifəyə göndərilmişdir. - 02.07.1990-cı ildə həmin fabrikdə eyni vəzifədə başqa bölməyə keçirilmişdir. - 28.05.1990-cı ildə öz ərizəsi ilə işdən çıxmışdır. - 03.07.1990-cı ildə “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) kadrlar şöbəsinin müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. - 17.07.1990-cı ildə Quyuların əsaslı təmiri və xüsusi texnika sexinə xüsusi geyimlərin yuyulması üzrə maşinist peşəsinə keçirilmişdir. - 07.07.1997-ci ildə İAS-yə 4-cü dərəcəli neft və qazçıxarma üzrə operator peçəsinə keçirilmiş, 01.09.2005-ci ildə İdarənin ləğv edilməsi ilə əlaqədar işdən azad olunmuşdur. - 01.09.2005-ci il tarixdən 17.02.2009-cu il tarixə qədər “Binəqədi oil Compani Dinomometriya və hasilatların ölçülməsi və su vurma sexinə dinamometriya üzrə operator vəzifəsinə qəbul edilmişdir. - 17.02.2009-cu il tarixində Elektrik sexinə idaretmə pult operatoru vəzifəsinə keçirilib. 16.02.2015-ci il tarixində Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə işdən azad edilmişdir. İddiaçı pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin inzibati orqan iddiaçıya ünvanladığı 12 oktyabr 2020-cu il tarixli cavab məktubunda bildirmişdir ki, onun təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, onun güzəştli iş stajı 10 ildən az (8 il 1 ay 24 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğində aşağı olmayan pensiya təminatına imkan vermir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31165,74 manat təşkil edir. Socar Baş ofis Mərkəzi Arxiv idarəsindən İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmək üçün verilmiş arxiv arayışından görünür kİ, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1965-ci il təvəllüdlü İddiaçı həqiqətən 04.07.1990-cı ildə (əmr nömrə 580 k 06.07.1990-cı il)” Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) kadrlar şöbəsinin müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. 17.07.1990-cı ildə (əmr nömrə 626 k, 18.07.1990-cı il) Quyuların əsaslı təmiri və xüsusi texnika sexinə xüsusi geyimlərin yuyulması üzrə maşinist peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.1992-ci il tarixli 177 saylı qərarına və “Azneft” İB-nin 17.04.1992-ci il tarixli 110 nömrəli əmrinə əsasən “Kirovneft” NQCİ “Binəqədineft” NQÇİ adlandırılmışdır. 07.07.1997-ci ildə İAS-yə 4-cü dərəcəli neft və qazçıxarma üzrə operator (dispetçer məntəqəsi üzrə) peşəsinə keçirilmişdir. 01.09.2005-ci ildə (1 saylı protokol, 09.09.2005-ci il) idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. “X6 “ tərəfindən İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmək üçün verilmiş arxiv arayışından görünür kİ, İddiaçı həqiqətən 01.09.2005-ci ildə “X6” şirkətinin Dinamometriya və Hasilatın Ölçülməsi və Su vurma sexinə dinamometriya üzrə operator vəzifəsinə qəbul edilmişdir. 17.02.2009-cu ildə Elektrik sexinə idarəetmə pult operatoru vəzifəsinə keçirilmişdir. 16.02.2015-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə işdən azad edilmişdir. Məhkəmə sorğusuna əsasən Socar Azneft İB tərəfindən daxil olmuş 15 iyul 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı “Kirovneft" NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) Kadrlar şöbəsində «kadrlar üzrə müfəttiş», Quyuların əsaslı təmiri və xüsusi texnika sexində «xüsusi geyimlərin yuyulması üzrə maşinist», İstehsalın avtomatlaşdırılması sexində (İAS) «neft və qaz hasilatı üzrə operator (dispetçer məntəqəsi üzrə)» peşəsində işləmişdir.Eyni zamanda məlumat üçün bildiririk ki, Z.B.Rüstəmovanın İstehsalın avtomatlaşdırılması sexində işlədiyi «neft və qaz hasilatı üzrə operator (dispetçer məntəqəsi üzrə)» peşəsi yerinə yetirilən işlərin xüsusiyyətinə görə X7 Sorğu Kitabçasında və “Azneft" İB-nin təşkilatlarının mövcud ştat cədvəllərində «neft və qaz hasilatında idarəetmə pultunun operatoru» peşəsi olaraq nəzərdə tutulur. Z.B.Rüstəmovanın fəaliyyət göstərmiş olduğu Kadrlar şöbəsində «kadrlar üzrə müfəttiş», Quyuların əsaslı təmiri və xüsusi texnika sexində «xüsusi geyimlərin yuyulması üzrə maşinist», İstehsalın avtomatlaşdırılması sexində «neft və qaz hasilatı üzrə operator (dispetçer məntəqəsi üzrə)» peşəsi (vəzifəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahı»sında nəzərdə tutulmamışdır. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı ilk öncə ərizə ilə inzibati orqana müraciət etmiş, inzibati orqan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddianın mahiyyəti: İddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində qeyd edilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun azı 20 il ümumi iş stajı olmalı və bundan azı 10 ili Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməli, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər tam mövcud olmamışdır. Beləliklə, iddiaçının 23.01.2020-ci il tarixədək (55 yaşı tamam olanadək) ümumi iş stajı 20 ildən çoxdur. Lakin güzəştli iş stajı qanunvericiliklə müəyyən edilmiş həddə mövcud deyildir. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və bəndlər üzrə təsnifatlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı da işəgötürən tərəfindən sorğuya cavab olaraq qeyd edilmişdir ki, Z.R.Rüstəmovanın fəaliyyət göstərmiş olduğu Kadrlar şöbəsində “kadrlar üzrə müfəttiş”Quyuların əsaslı təmiri və xüsusi texnika sexində “xüsusi geyimlərin yuyulması üzrə maşinist”, İstehsalın avtomatlaşdırılması sexində “neft və qaz hasilatı üzrə operator (dispetçer məntəqəsi üzrə)” peçəsi (vəzifəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 N-li qərarı ilə təsdiq edilmiş “əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahı”sında nəzərdə tutulmamışdır. Məhkəmə də qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zamanı ərizəçinin işlədiyi vəzifələr ilə yanaşı iş sahəsi də nəzərə alınmalı və “Siyahı” üzrə müvafiq kod altında olan sahə, vəzifə olmasına diqqət edilməlidir. Belə ki, iddiaçının 55 yaşı tamam olanadək ümumi iş stajının 20 ildən artıq olmağına baxmayaraq, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işləməmişdir. Bundan əlavə iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (31165,74 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.7-ci maddəsinə əsasən fərdi hesab dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən fərdi hesabın yığım hissəsi sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Həmin Qanunun 6.3-cu maddəsinə əsasən Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir Həmin Qanunun 27.1-ci maddəsinə əsasən, sığorta olunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1- dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş müddətdə güzəştli iş stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən cavabdehin imtinası əsaslı olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar