Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3453/2022 10.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qazın alqı-satqısına dair müqavilənin bağlanması, abonent kodunun ada keçirilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus Bakı şəhəri, Zığ qəsəbəsi, X3 sovxozunun ərazisində yerləşən, ümumi ərazisi 3,7231 ha olan obyektin qazla təmin olunması məqsədi ilə müvafiq sənədləşmə işlərinin aparılması, o cümlədən “qazın alqı-satqısı”na dair müqavilə bağlanması vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı olaraq tərəfindən Cavabdehnə yazılı xəbərdarlıq edilərək bildirilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair 01 noyabr 2019-cu il tarixli, AMX-7520/19 №-li müqaviləyə əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Zığ qəsəbəsi, X3 sovxozunun ərazisində yerləşən, ümumi ərazisi 3,7231 ha olan obyekt qazla təmin olunub. "xxxx" MMC-nin həmin qazdan istifadəsinə görə istehsalat birliyinə xeyli miqdarda borcu yaranıb ki, həmin borcun ödənilməsinə də obyekt sahibi olaraq İddiaçı MMC məsuliyyət daşımır və İddiaçı MMC, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış, “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 01 noyabr 2019-cu il tarixli, AMX-7520/19 №-li müqavilədə tərəf kimi də iştirak etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, sözügedən istixana (tikinti obyekti) qazlaşdırılmış və mülkiyətçisi olan İddiaçı MMC tərəfindən notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən tikinti obyekti istifadə ediilməsi məqsədilə "xxxx" MMC-yə icarəyə verilmişdir. İcarə müqaviləsinə və İddiaçı MMC-nin rəsmi razılığına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (Qaydalar) 6.4-cü bəndinin “əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir” tələbini rəhbər tutaraq, istifadəçinin dəyişildirilməsi ilə əlaqədar həmin obyekt üzrə abonent kodu (**********00060) "xxxx" MMC-nin (istehlakçı) adına rəsmiləşdirilmiş və sonuncu ilə xx.xx.2019-cu il tarixində AMX-7520/19 nömrəli qazın alqı-satqısı müqaviləsi (Müqavilə) bağlanılmışdır. Bu günədək "xxxx" MMC-nin istehlak etdiyi qaza görə Cavabdeh İB-yə borcunun məbləği 90403,09 manat təşkil edir. “Təbii inhisarlar haqqında” AR Qanununa görə Cavabdeh İB Təbii inhisar subyektlərinə aid edilir. Həmin Qanunun 10.3-cü maddəsinin (Təbii inhisar subyektlərinin vəzifələri) mənasına görə təbii inhisar subyektləri nəinki təbii inhisar sahələrinə aid olan məsələlər üzrə istehlakçılarla müvafiq müqavilə bağlamaqdan imtina edə, eləcə də tərəflər arasında artıq bağlanmış müqaviləyə bir tərəfli qaydada xitam verə bilməz. Yuxarıda göstərildiyi kimi Cavabdeh İB ilə "xxxx" MMC arasında qazın alqı-satqısına dair xx.xx.2019-cu il tarixli AMX-7520/19 nömrəli Müqavilə bağlanmışdır. Qaydalara 3 nömrəli Əlavə ilə nümunəvi forması təsdiq edilmiş həmin Müqavilənin 7.3-cü bəndinə görə “istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur”. Müqavilənin ləğv edilməsi barədə istehlakçı tərəfindən Cavabdeh İB-yə heç bir iradə ifadəsi daxil olunmadığı üçün Qaydaların tələblərinə görə "xxxx" MMC ilə bağlanmış Müqavilənin müddəti avtomatik olaraq xx.xx.2022-ci ilədək uzadılmışdır. Göründüyü kimi sahə üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq sözügedən istixana artıq qazlaşdırılmışdır. “Qaz təchizatı haqqında” AR Qanununun (Qanun) 13.6-cı maddəsinə, Qaydaların 6.1.4-cü yarımbəndinə əsasən “qaz paylayıcısmm istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam” ödənilməməsi qazın verilişinin dayandırılması üçün əsasdır. Tərəflərindən qaldırılmış iddia üzrə hüquqi qüvvəyə minmiş, eləcə də icraya yönəldilmiş qətnaməyə əsasən "xxxx" MMC-nin Cavabdeh İB-yə olan borcu tanınmış və Birliyin xeyrinə ödənilməsi qət olunmuşdur. Bundan başqa, bir tikinti obyekt üzrə rəsmi qaydada yalnız bir istifadəçi (abonent) ilə qazın alqı-satqı müqaviləsi bağlanıla bilər. Onu da qeyd etmək lazımdır ki, sahə üzrə qanunvericiliyə, tərəflər arasında bağlanılmış və hələ də qüvvədə olan Müqaviləyə əsasən İddiaçı MMC-yə məxsus ümumi ərazisi 3,7231 ha olan Bakı şəhəri, X2 sovxozunun ərazisində yerləşən istixananaya münasibətdə abonent kimi "xxxx" MMC tanınır. Məlum olduğu kimi hər hansı bir müqaviləyə xitam verilməsi tərəflərin ("xxxx" MMC) həmin müqavilə üzrə yerinə yetirilməmiş vəzifələrinin (90403,09 manat debitor borcun ödənilməsi) icrasından azad etmir. Beləliklə, istixanın istifadəçisinin dəyişdirilməsi Qaydaların 6.4-cü bəndinə əsasən yalnız əvvəlki istehlakçı ("xxxx" MMC) obyektin istifadəçisi dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməklə, qaz paylayıcısından borcunun olmaması barədə arayış almaqla və həmin arayışı yeni istehlakçıya (İddiaçı MMC) təqdim etməklə mümkün ola bilər. İddiaçı MMC ilə "xxxx" MMC arasında icarə müqaviləsi mövcud olmuşdur. Qeyd olunan müqavilədə həmçinin kommunal xərclərin ödənilməsi ilə bağlı tərəflər arasında razılaşma öz əksini tapmışdır. Yəni İddiaçı MMC cavabdehdən qaz tələb etməzdən əvvəl "xxxx" MMC-ni müqavilə üzrə öhdəlikləri icra etməyə məcbur etməlidir. İddiaçı MMC ilə "xxxx" MMC-yə öz mülkiyyətində olan əmlakı icarəyə vermiş və bunun qarşılığında müəyyən məbləğdə gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 679-cu maddəsinə əsasən kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. İndiki halda "xxxx" MMC Cavabdeh İByə yaranmış borcunu ödəməkdən yayınır. Belə olan halda İddiaçı MMC "xxxx" MMC Cavabdeh İB-yə olan 90403,09 manat borcunu ödəməli, daha sonra reqres qaydada "xxxx" MMC-yə qarşı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməlidir. Burada əsas məsələ istehlakçının qazla təmin edilməsi deyildir. Çünki işin hallarına diqqət yetirilsə, iddiaçının mülkiyyətində olan obyekt cavabdeh tərəfindən qazlaşdırılmış və obyektə təbii qazın fasiləsiz verilməsi tərəflərindən təmin edilmişdir. Lakin obyektə satılan qazın pulu ödənilmədiyinə görə qazın verilişi borc ödənilənə qədər dayandırılmışdır. İcarəyə verən və icarəyə götürən arasında yaranmış münasibətlərə görə cavabdeh kimi Cavabdeh İB məsuliyyət daşımamalıdır. Məlum olduğu kimi bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilən hallardan görünür ki, İddiaçı MMC-nin iddia ərizəsində əsaslandığı dəlillər tamamilə qanunsuz və əsassızdır. İddiaçı MMC-nin iddiası əsassız olduğundan təmin edilməməsi xahiş edilir. İddiaçı MMC-nin iddia tələbinə dəqiqləşmə barədə ərizəsinə uyğun olaraq məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Bakı şəhəri, Zığ qəsəbəsi, X4 sovxozunun ərazisində yerləşən, ümumi ərazisi 3.7231 ha olan obyektə dair (istixana) qazın alqı-satqı müqaviləsinin bağlanması, abonent kodunun İddiaçı MMC-nin adına keçirilməsi vəzifəsinin cavabdeh “Azəriqaz İB”-yə həvalə olunması barədə qərar qəbul edilməsi şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndələri X6 və X1 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 3.7231 ha torpaq sahəsi üzərində icarə hüququ 99 il müddətinə İddiaçı MMC-nin adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən “İcarəyə verən” İddiaçı MMC sözügedən Bakı şəhəri, Zirə qəsəbəsi, ZirTərəvəzçilik Südçülük sovxozunun ərazisində 1.95 (ha) istixana, 0.5 (ha) texniki zona tikintisi, 1.2731 (ha) boş ərazidən ibarət torpaq sahəsini “İcarəçi” Formes.Group.Az” MMC-yə icarəyə vermişdir. Daha sonra İddiaçı MMC-nin razılığına əsasən qaz paylayıcı Cavabdeh İB ilə sənaye qaz qurğusu istifadəçisi "xxxx" MMC arasında xx.xx.2019-cu tairixli, AMX-7520/19 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. "xxxx" MMC-nin istehlak etdiyi qaza görə Cavabdeh İB-yə borcu yaranmışdır. İddiaçı MMC mübahisə predmeti olan istixananı hazırda özü istifadə etdiyini, "xxxx" MMC-nin borcuna görə məsuliyyət daşımadığını əsas gətirərək cavabdehlə qazın alqı-satqı müqaviləsinin bağlanılmasını, abonent kodunun öz adına keçirilməsi öhdəliyinin cavbadehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən təbii inhisar subyekti - təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır: 1.2. Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: -istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. -istehsalçı - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır. -satıcı - alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkardır. Beləliklə, müəyyən olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti olan qurum inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Qeyd edilməlidir ki, təbii qazdan istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Lakin nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar. Bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehlə qazın alqı-satqı müqaviləsinin bağlanması, abonent kodunun öz adına keçirilməsidir. Cavabdeh qismində çıxış edən Cavabdeh İB qazın satışı sahəsində təbii inhisar subyekti olsa da hazırkı tələb üzrə inzibati orqan statusunda çıxış etmir və ona qarşı yönəlmiş tələb inzibati hüquqla (publik hüquq) bağlı deyildir. Yuxarıda da qeyd edildiyi kimi qazın alqı-satqı müqaviləsi bilavasitə qazın istehlakını tənzimləyən müqavilə olmaqla mülki müstəvidə tərəflərin iradəsi ilə bağlanır və həmin müqavilənin bağlanması, müqavilə üzrə öhdəliklər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Başqa sözlə, istehlak münasibətlərindən irəli gələn, istehlakçının hüquqlarının qorunmasına yönəlmiş tələb inzibati hüquqdan irəli gələn tələb, mübahisə isə inzibati mübahisə hesab olunmadığından hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. İş üzrə cavabdeh orqanla iddiaçı arasında hər hansı publik hüquq münasibətləri olmadığı üçün hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsi ilə bağlı hüquqi mövqe hazırkı əsas iddia üzrə müvəqqəti xarakterli müdafiə tədbirinə dair Ali Məhkəmənin MXMT(102)-16/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında da ifadə olunmuşdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər -tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “qazın alqı-satqısına dair müqavilənin bağlanması, abonent kodunun ada keçirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3453/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3453/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver