Məhkəmə qərarları › İş №2-1(112)-3453/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3453/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3453/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 04 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2013-cü il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və xx.xx.2015-ci il tarixədək ödənilmiş müavinətlə olan fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçı tərəfindən iddia tələbi əsaslandırılmamışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiyasının hesablanması zamanı əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər daxil olmaqla 01.01 2006-cı il tarixədək 14 il 11 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 01 05.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək qeydə alınan pensiya kapitalı nəzərə alınmışdır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu tarixdən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 6-1-ci maddəsinin tələbinə əsasən iddiaçının pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən minimum pensiya məbləğinə çatdırılaraq 200 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının sığorta hissəsi ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2020-ci il tarixdən 222,80 manata, 01.01,2021-ci il tarixdən 259,78 manata xx.xx.2022-ci il tarixdən 268,61 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən 2022-ci il ərzində ödənilmiş maddi yardımın bir aya düşən məbləği xx.xx.2023-cü il tarixdən pensiyaya əlavə olunmaqla və “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli Sərəncamına əsasən pensiyanın məbləği xx.xx.2023-cü il tarixdən 14,7% indeksləşdirilməklə 327,21 manata çatdırılmışdır. İddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, 01 09.1977-ci ıl tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla 01.01 2006-cı ıl tarixədək 14 il 11 ay sığorta stajı və xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək (1 il sığorta stajına uyğun) fərdi hesabının sığorta hissəsində qeydə alınan 374,72 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və məbləğində dəyişiklik olmamışdır Həmçinin cavabdeh etiraza əlavəsində bildirmişdir ki, İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1982- ci il tarixədək hərbi xidmətdə olduğu müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986- cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991 -ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək sığorta stajı 12 il 1 ay 4 gün təşkil edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabın sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci yarımbəndinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün ilk növbədə tələb olunan sığorta stajı hesablanmış (53 yaş - l5 yaş əmək qabiliyyəti olmayan yaş dövrü) x 4 ay = 152 ay) və tələb olunan sığorta stajı 184-ə bölünməklə sığorta davamiyyəti əmsalı müəyyən edilmişdir (152 ay / 184 = 0,82). İddiaçının 2006-cı il tarixədək 12 il 1 ay 4 gün sığorta stajına əsasən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (12+(1/12))x170= 2054,16 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2015-ci il tarixdə indeksləşdirilmiş məbləği 3811,11 manat təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2015-ci il tarixinə indeksləşdirilmiş məbləği 294,86 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən pensiyanın ümumi məbləği aşağıdakı kimi hesablanmışdır: xx.xx.2015- (3811,11 +294,86)/(0,82x144)+100 (baza hissə) =134,52 xx.xx.2016- 34,52+34,52x4%+100 (baza hissə)= 135,90 xx.xx.2016- 35,90+110 (baza hissə)= 145,90 xx.xx.2017- 35,90+35,90x12,4%+110 (baza hissə)= 150,35 xx.xx.2018- 150,35+150,35x5,7%=158,92 xx.xx.2019- 158,92+158,92x3%=163,69 xx.xx.2019- "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6- 1ci maddəsinə əsasən əmək pensiyasının məbləği 200 manata çatdırılıb. xx.xx.2020- 200+200x16,6%=233,20 xx.xx.2021- 233,20+233,20x11,4%=259,78 xx.xx.2022- 259,78+259,78x3,4%=268,61 Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu tarixdən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1 -ci maddəsinin tələbinə əsasən iddiaçının pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən minimum pensiya məbləğinə çatdırılaraq 200 manat müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023cü il tarixdən 285,27 manat müəyyən edilib. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 327,21 manata, xx.xx.2024-cü il tarixdən 363,86 manata çatdırılmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, həmin maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 77/23 nömrəli arxiv arayışına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı müddət sığorta stajına əlavə edilmiş, lakin əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən minimum məbləğə çatdırılmaqla ödənildiyindən pensiyanın məbləğində heç bir dəyişiklik olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 10 aprel 2023-cü il tarixli 3-17/1-S-8684/2023 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, iddiaçıya əlilliyə görə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği yenidən 327,21 manat müəyyən edilmişdir. Qərarda qeyd edilmişdir ki, iddiaçının təhsil aldığı müddət sığorta stajına əlavə edilməklə yenidən hesablanmış, lakin əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən minimum məbləğə çatdırılmaqla ödənildiyindən pensiyanın məbləğində heç bir dəyişiklik olmamışdır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. (xx.xx.2017-ci il tarixədək olan redaksiya) 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. (xx.xx.2017-ci il tarixədək olan redaksiya) 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiya) 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiya) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. İddiaçının tələbi xx.xx.2013-cü il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və xx.xx.2015-ci il tarixədək ödənilmiş müavinətlə olan fərq məbləğinin hesablanaraq ödənilməsidir. Məhkəmə iclaslarında verdiyi izahatlardan müəyyən edilir ki, iddiaçı hesab edir ki, cavabdeh inzibati orqan 2013-cü ildə onun stajını doğru nəzərə almış olsaydı, xx.xx.2013-cü il tarixdən əlilliyə görə müavinət deyil pensiya təyin edilmiş olardı, bu səbəbdən əlilliyə görə pensiya təyin edilən xx.xx.2015-ci il tarixədək ödənilmiş müavinətlə olan fərq məbləğinin hesablanaraq ödənilməsi xahiş edir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən mütəxəssis X1 bildirmişdir ki, iddiaçı xx.xx.2013-cü ildə sosial müvainətin ödənilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin, ərizəsinə diplom əlavə olunmamışdır. xx.xx.2013-cü ildə iddiaçıya 37,5 manat müavinət təyin olunmuşdur. xx.xx.2015-ci il tarixindən pensiya təyin olunmuşdur. Halhazırda iddiaçı 363, 86 manat pensiya alır. Göründüyü kimi, xx.xx.2013-cü il tarixdən əlilliyə görə müavinət təyin edilməsi barədə inzibati akt qüvvədədir, iddiaçı həmin vaxt bu inzibati aktı, həmçinin əlilliyə görə pensiya təyin edilməsini mübahisələndirməmişdir. xx.xx.2015-ci il tarixdə təqdim etdiyi sənədlər əsasında stajı yenidən hesablanaraq pensiya təyin edilmişdir. Qeyd edilənlərə əsasən, fərq məbləğinin ödənilməsi mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ilk dəfə hesablanması, xx.xx.2019-cu il tarixdən sonra müraciət etmiş pensiyaçıların isə əmək pensiyasının yenidən hesablanması müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il ilə məhdudlaşdırılmışdır. N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ... Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1- 1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən əvvələ 3 il ərzində ödənilməsi mümkün sayılır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-2-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etsə də, pensiyanın yenidən hesablanması üçün xx.xx.2019-cu il tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutü məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, iddiaçıya hətta 2013-cü il tarixdən əlilliyə görə pensiya təyin edilsə belə xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək fərq məbləğinin ödənilməsi yuxarıda qeyd edilənlərə əsasən mümkün olmayacaqdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar