Məhkəmə qərarları › İş №2-1(112)-3456/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3456/2020

01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3456/2020 01.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı Hüseynova (Balayeva) Nübar Ənvər qızının nümayəndəsi və vəkili Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X4, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə iddiaçı Hüseynova (Balayeva) Nübar Ənvər qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “xxxxxxxx” Mənzil Tikinti Kooperativi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Hüseynova (Balayeva) Nübar Ənvər qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 1 “B”, 181 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxx” MMC-yə (daha sonra hüquqi şəxsin adı dəyişdirilərək “xxxxxxxx“ MTK adlandırılmışdır) məxsus Bakı şəhəri, M.Hadi küçəsi, 2316-cı yaşayış binası məhəllədə inşa edlmiş 10 mərtəbəli, 9 girişli yaşayış binasının mansardada yerləşən ümumi sahəsi 69,7 kv. metr olan 181 saylı mənzil (Balayeva) İddiaçı satılmışdır. Bakı şəhər İcra hakimiyyətininin xx.xx.2008-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri İcra hakimiyyəti başçısının aparatı tərəfindən xx.xx.2008ci il tarixli order verilmişdir. Bununla yanaşı, həmin yaşayış binası Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 320 saylı sərəncamı ilə “Tiktintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası Aktı təsdiq edilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 1B, 181 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir. Lakin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müraciətdən imtina etmişdir. Hesab edir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin qeyd olunan əsaslarla müaricəitdən imtina etməsi qanunsuz və əsassızdır. Beləliklə də, ona məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 1B, 181 saylı mənzilə dair cavabdeh orqan tərəfindən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla reyestrdən çıxarış verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə “xxxxxxxx” Mənzil Tikinti Kooperativi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Bakı şəhəri İHB-nın Aparatının 028663 saylı, xx.xx.2008-ci il tarixli orderdə mübahisəli mənzilin 10-cu mərtəbədə yerləşdiyi göstərilmişdir. Lakin, faktiki olaraq mənzil 10 (on) mərtəbəli binanın mansard mərtəbəsində yerləşir. İdarə tərəfindən aparılan araşdırma zamanı Bakı şəhəri İHB-nın xx.xx.2004-cü il tarixli 320 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mənzillərin ümumi sayının 180 mənzil göstərildiyi, mansard mərtəbənin isə göstərilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrasından imtina olunmuşdur. Nmayəndə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: ASAN 5 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 295841 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 X9 ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikah ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin sentyabr ayının 27-ci günündə 33 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına Hüseynova soyadı verilmişdir. Bakı şəhəri İcra hakimiyyətinin 234 №-li xx.xx.2004-cü il tarixli sərəncamı əsasında Bakı şəhəri İcra hakimiyyəti başçısının aparatı tərəfindən xx xxxxxxx 2004-cü il tarixdə X5 adına verilmiş 005261 №li orderin surətindən görünür ki, qeyd olunan olunan orderlə Bakı şəhəri, M.Hadi küçəsi, məhəllə 2316-da yerləşən evin, 9-cu girişində 10-cu mərtəbəsində, 3 otaqdan ibarət 69,7 kv. metr sahəsi olan 180 saylı mənzil X7 ayrılmışdır. Orderdə ailə üzvləri kimi 1974-cü il təvəllüdlü X5 (özü) adı göstərilmişdir. Bakı şəhəri İcra hakimiyyətinin 438 №-li xx.xx.2008-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri İcra hakimiyyəti başçısının aparatı tərəfindən xx xxxxxx 2008-ci il tarixdə X5 adına verilmiş 028663 №li orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan olunan orderlə Bakı şəhəri, S.Ə.Şirvani küçəsi 1 “B” nömrəli evin, 9-cu girişində 10-cu mərtəbəsində, 3 otaqdan ibarət 69,7 kv. metr sahəsi olan 181 saylı mənzil X7 ayrılmışdır. Orderdə ailə üzvləri kimi 1974-cü il təvəllüdlü X5 (özü) adı göstərilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu X14 küçəsi, məhəllə 2316-da istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 1 B nömrəli 10 mərtəbəli binanın 9-cu girişində, 10-cu mərtəbəsində yerləşən 105,0 kv.m ümumi, 69,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 180 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 806 nömrəli reyestr kitabının 75160 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. “xxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən İddiaçı verilmiş 054 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı hal-hazırda Xətai rayonu S.Ə.Şirvani küçəsi ev 1 “B” mənzil 180-də yaşayır, mənzil 10-cu mərtəbədə yerləşir. Həmin mənzilin üstündə 11-ci mərtəbədə yerləşən yaşayış olan mansard da ona məxsusdur. Göstərilən bina “xxxxxxxx” MTK tərəfindən inşa edilmiş və xx.xx.2004-cü il tarixində Dövlət Qəbul Komissiyası tərəfindən qəbul edilmiş, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 320 №-li sərəncamı ilə təsdiq edilmişdir. Çoxmənzilli yaşayış binasının idarə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə “xxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmiş və xx xxxxxx 2018-ci ildə 111-MM5-0103 №-si ilə qeydiyyatdan keçmiş və fəaliyyətə başlamışdır. Nizamnaməyə əsasən yaşayış binasının idarə edilməsi, binanın ümumi əmlakının istismarı, ona sahiblik “xxxxxxxx” MMMC-yə məxsusdur. Bütün bunlara əsasən “xxxxxxxx” MTK-nın fəaliyyətinə xitam verilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli 482 №-li cavab məktubunda Bakı şəhər İH-nin 2008-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2008-ci il tarixli, 438 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi göstərilmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısının aparatı Mənzil-X1 tərəfindən məhkəməyə ünvanlanmış 23/14-11 nömrəli xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “xxxxxxxx” MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında ünvan 5 mənzil 181 ünvana dair X5 adına xx xxxxxx 2008-ci il tarixdə 028663 saylı order verilmişdir. Məktuba həmin ordera əsas olan sənədlərin surətləri əlavə olunmuşdur: Bakı ŞİHB-nın 438 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı ŞİHB-nın Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın iclasının xx.xx.2008-ci il tarixli protokolu, “xxxxxxxx” MTK-nın xx.xx.2008-ci il tarixli 143 №li məktubu, “xxxxxxxx” MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2008-ci il tarixli 04 №li protokolundan çıxarış, “xxxxxxxx” MTK tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 143 saylı maliyyə arayışı, N.Ə.Balayevanın “xxxxxxxx” MTKya ünvanlanmış ərizəsi. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx/xx-1723 nömrəli xx.xx.2020-ci il tarixli cavab məktubu ilə sözügedən ünvanda (Bakı şəhəri, Xətai rayonu, X14, 2316-cı məhəllə, 1 “B”) Bakı şəhər İcra hakimiyyəti başçısının xx xxxxxx 2004-cü il tarixli 320 saylı Sərəncamı ilə istismara qəbul edilmiş 9 girişli 10 mərtəbəli yaşayış binasının dövlət qəbul komissiyasının aktının təsdiq olunmuş surəti məhkəməyə göndərlmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, sonuncu tərəfindən verilmiş **********59 №li xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, müraciətçi tərəfindən ərizəyə əlavə olunmuş Bakı şəhəri İHB-nın Aparatının 028663 saylı, xx.xx.2008-ci il tarixli orderdə sözügedən mənzilin 10-cu mərtəbədə yerləşdiyi göstərilmişdir. Lakin, faktiki olaraq mənzil 10 (on) mərtəbəli binanın mansard mərtəbəsində yerləşir. Aparılan araşdırma zamanı Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 320 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mənzillərin ümumi sayının 180 mənzil göstərildiyi, mansard mərtəbənin isə göstərilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci madəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, məhəllə 2316 ünvanında yerləşən, 1 “B” nömrəli evin 3 otaqdan ibarət 69,7 kv. metr yaşayış sahəsi olan 181 saylı mənzili N.Ə.Balayevanın “xxxxxxxx” MTK-ya ünvanlanmış ərizəsi, “xxxxxxxx” MTK tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 143 saylı maliyyə arayışı, “xxxxxxxx” MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2008-ci il tarixli 04 №li protokolundan çıxarış, “xxxxxxxx” MTK-nın xx.xx.2008-ci il tarixli 143 №li məktubu və Bakı ŞİHB-nın 438 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı ŞİHB-nın Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın iclasının xx.xx.2008-ci il tarixli protokoluna əsasən xx xxxxxx 2008-ci il tarixdə 028663 saylı orderlə İddiaçı verilmişdir. Eyni zamanda Bakı şəhər İcra hakimiyyəti başçısının xx xxxxxx 2004-cü il tarixli 320 saylı Sərəncamı ilə yaradılmış Dövlət Qəbul Komissiyasının xx.xx.2016-cı il tarixli aktina əsasən sözügedən yaşayış binası istismara qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərəflərin nümayəndələrinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, məhəllə 2316 ünvanında yerləşən, 1 “B” nömrəli evin 3 otaqdan ibarət 69,7 kv. metr yaşayış sahəsi olan 181 saylı mənzilinin İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar