Məhkəmə qərarları › İş №2-1(112)-3456/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3456/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3456/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1646 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim etdiyi torpaq sahəsinin ayrılmasına dair müqavilədə qeyd olunan bağın nömrəsi ilə (1646) idarənin arxivində olan nüsxəsində qeyd olunan nömrə (1646/1506) fərqlidir. Həmçinin idarənin arxivində saxlanan torpaq sahəsinə dair tərtib edilmiş cizgidə qeyd olunan konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Qeyd olunanlarla yanaşı hüquq müəyyən edici sənədlərdə torpaq sahəsi 2500 kv.m qeyd edilsə də, faktiki olaraq 70 kv.m azdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 1646 saylı 0,25 ha ölçüdə olan torpaq (bağ) sahəsinə dair mülkiyyət hüququnun Safa İsmayıl oğluna məxsus olması haqqında arayışın XXX İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçının mərhum qardaşı Safa İsmayıl oğlu ilə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bağlar Təsərrüfatı İdarəsi arasında xx.xx.1979-cu il tarixində bağlanılmış 16073 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1646 saylı bağ sahəsi Safa İsmayılın sahibliyinə verilmişdir. xx.xx.1994-cü ildə iddiaçının qardaşı Safa İsmayıl oğlu vəfat etdikdən sonra iddiaçı qardaşının varisi kimi tanınmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı dövlət notariat kontorunun xx.xx.2014-cü il tarixli 2014/200 nömrəli məktubu da cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə də təqdim edilmişdir. Qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi üçün iddiaçı dəfələrlə müvafiq sənədləşdirmə işlərinin görülməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciətinə müsbət cavab verilməmişdir. Cavabdeh tərəfindən ASAN xidmət mərkəzlərində xidmətlər tədbiq edilməyə başlanıldıqdan sonra iddiaçı yuxarıda göstərilən sənədlərlə birlikdə torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müvafiq sənədləşdirilmə işlərinin görülməsi üçün xx.xx.2023-cü il tarixdə 3 saylı ASAN xidmət mərkəzində daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması pəncərəsinə müraciət etsə də, onun sənədlərini qəbul etməkdən əsassız olaraq imtina etmişlər və bununla bağlı cavabdeh orqana rəsmi ərizə ilə müraciət etməyini tövsiyə etmişlər. Bundan sonra iddaçı xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə cavabdeh orqana müraciət edərək mülkiyyət hüququnun qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etsə də, cavabdeh orqan tərəfindən hələ də onun ərizəsinə cavab verilməmişdir. İddia ərizəsinə əlavə olunan sənəddən də göründüyü kimi qeyd olunan bağ sahəsinin sənədləri cavabdeh orqanın arxivində də mövcuddur. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında qeyd etmişdir ki, təqdim olunan torpaq sahəsinin ayrılmasına dair müqavilədə qeyd olunan bağın nömrəsi ilə (1646) idarənin arxivində olan nüsxəsində qeyd olunan nömrə (1646/1506) fərqlidir. Həmçinin idarənin arxivində saxlanan torpaq sahəsinə dair tərtib edilmiş cizgidə qeyd olunan konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Qeyd olunanlarla yanaşı sənəd üzrə torpaq sahəsinin ölçüsü 2500 kv.m qeyd edilsə də, faktiki 2430 kv.m təşkil edir. Həmçinin ərizəçi tərəfindən əvvəlki müraciəti zamanı qonşuluqda yerləşən fərqli ərazi göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi ilə bağlıdır ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Səfa İsmayıl oğlunun Bağlar Təsərrüfatı İdarəsinə ünvanladığı xx.xx.1968-ci il tarixli ərizəsindən görünür ki, ona bağ sahəsinin verilməsini xahiş etmişdir. - xx.xx.1968-ci il tarixli, 16073 saylı bağ və binaların uzunmüddətli icarəyə verilməsinə dair müqavilədən görünür ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1968-ci il traixli 5 nömrəli protokoluna əsasən Ləhiş bağ massivində 0,25 ha sahəsi olan 1646 saylı bağ sahəsi Səfa İsmayıl oğlunun icarəsinə verilmiş, müqavilənin müddəti xx.xx.1978ci il müəyyən edilmişdir. -Səfa İsmayıl oğlunun Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanladığı xx.xx.1979-cu il tarixli ərizəsindən görünür ki, icarəyə götürdüyü bağın müddəti qurtardığından müddətin uzadılmasını xahiş etmişdir. -xx.xx.1979-cu il tarixli aktdan görünür ki, bağ sahəsi (aktda nömrəsi 1646/1506 kimi qeyd edilmişdir) yerində yoxlanılmış, vəziyyəti qənaətbəxş olduğundan müqavilənin müddətinin uzadılması mümkün hesab edilmişdir. -16073 nömrəli, xx.xx.1979-cu il tarixli bağ və binaların uzunmüddətli icarəyə verilməsinə dair müqavilədən görünür ki, Ləhiş bağ massivində 0,25 ha sahəsi olan 1646 saylı bağ sahəsinə dair Səfa İsmayıl oğlunun icarə müqaviləsinin müddəti xx.xx.1988-ci il tarixə kimi uzadılmışdır. -xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, məhrum Safa İsmayıl oğluna məxsus Ləhiş bağ massivində yerləşən 1646 saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 2500 kv.m, faktiki olaraq 2430.0 kv.m müəyyən olunmuşdur. Vətəndaş tərəfindən göstərilən bağ sahəsinin döngə nöqtələri mişar daşından olan tumbalarla tikilərək sərhədlənmişdir. Bağ sahəsində heç bir tikili yoxdur. Qeyd: 1646 bağ sahəsinin köhnə nömrəsidir. Arxiv cizisinə əsasən bağın yeni nömrəsi 1646/1506 olmalıdır. Həmçinin bağlar massivinin sxematik xəritəsinə əsasən sözügedən bağ sahəsinin evi 25.0 m, uzunluğu 100.0 m olmalıdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********20 saylı, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.25 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur (yaşayışa yararsiz). Ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmayıb (uyğunsuzluq mövcuddur). Göstərilən torpaq sahəsi 1500 nömrəsi ilə başlayan bağların ərazisidir. -xx.xx.2014-cü il tarixli, 492275 nömrəli şəhadətnamədən görünür ki, Safa İsmayıl oğlu xx.xx.1994-cü ildə ürək damar çatışmazlığı səbəbindən ölmüşdür. - Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorunun xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Safa İsmayıl oğlundan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 17 saylı dövlət noiariat kontoruna müraciət daxil olmuşdur. Safa İsmayıl oğlu xx.xx.1994-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsidir. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, vərəsə kimi qardaşı Safa İsmayıl oğluna ayrılmış 0,25 ha sahəsi olan 1646 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun qardaşına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən qardaşına bağ sahəsinin ayrılması barədə müqaviləni, daha sonra həmin müqavilənin müddətinin uzadılmasına dair bağlanmış sonrakı müqaviləni təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 1646 saylı bağ sahəsinin iddiaçının qardaşı S.İsmayıl oğluna ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbinə etiraz edərkən:

1. torpaq sahəsinin ayrılmasına dair müqavilədə qeyd olunan bağın nömrəsi ilə (1646) idarənin arxivində olan nüsxəsində qeyd olunan nömrənin (1646/1506) fərqli olmasına;

2. idarənin arxivində saxlanan torpaq sahəsinə dair tərtib edilmiş cizgidə qeyd olunan konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq olmasına istinad etmişdir. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi birinci hala münasibətdə bildirir ki, cavabdehin özü tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, S.İsmayıl oğlu ilə bağlanmış müqavilədə bağın nömrəsi 1646, həmin bağa dair tərtib olunmuş akt və cizgidə isə 1646/1506 kimi qeyd olunmuş, bu hal hər hansı bir mübahisə doğurmamış, cavabdeh özü 1506 nömrəsinin 1646 saylı bağın yeni nömrəsi olduğunu qəbul etmişdir. Bağın yerləşmə mövqeyinə gəldikdə, işdə olan 1646/1506 saylı bağ sahəsi ilə bağlı dekabr 1972-ci il tarixdə tərtib edilmiş arxiv cizgisi ilə 2024-cü ildə yerli baxış zamanı tərtib edilmiş yerləşmə cizgisinin uyğun olduğu, bağ sahəsinin bir tərəfdən yol, həmin tərəfin sağında isə 1507 saylı bağ sahəsinin yerləşdiyi müəyyən edilmiş, bununla da arxiv cizgisi ilə hazırkı yerləşmə mövqeyi arasında hər hansı bir uyğunsuzluğun olmadığı aşkar olunmuşdur. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh ancaq formal əsaslara istinad edərək şəxsin qanunla yaranmış hüququnun qeydə alınmasından imtina etmiş, bu isə mövcud qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan 1646 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş Safa İsmayıl oğluna məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar