Məhkəmə qərarları › İş №2-1(112)-3457/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3457/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3457/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 51 ünvanında yerləşən bir otaqdan ibarət 48 saylı mənzilə mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildən hazıradək faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 12 kv.m olan mənzildə 4 nəfərdən ibarət ailə üzvlərilə birlikdə yaşayır. Həyat yoldaşı X3 xx.xx.2020-ci ildə vəfat edib. Sözügedən mənzilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə kirayə müqaviləsinin bağlanmasına dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2880/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı vardır. Həmin qərara əsasən cavabdeh 24/1 saylı, xx.xx.2022-ci il tarixli sərəncamla iddiaçının kirayəçi hesab olunması təsdiq edilmişdir. Hazırda həmin mənzilə mülkiyyət hüququnu əldə etmək zərurəti yaranmışdır. İddiaçı mənzili özəlləşdirmək üçün ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinə istinad edərək mənzilin dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş tələblərə uyğun olmadığı ilə əsaslandırmışdır. İddiaçı qeyd olunan imtinanı qanunsuz və əsassız hesab edərək iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yaradıldığına görə cavabdehin adının dəyişdirilməsini nəzərə almışdır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 51 saylı evin, 48 saylı mənzilin mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Bundan əlavə, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 51 saylı evin, 48 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sərəncamı xx.xx.2022ci il tarixlidir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin yaşayış sahəsi 16.3 kv.m, ümumi sahəsi isə faktiki olaraq 36.6 kv.m təşkil edir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 51 ünvanında yerləşən 12 kv.metr sahəsi olan 48 saylı mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş Sərəncamda göstərilən ölçülər daxilində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********94 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 51 ünvanında yerləşən 48 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizəsinə baxılmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad olunaraq təmin edilməsindən imtina edilmişdir. - Xətai RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş və ünvan 4 ünvanda qeydiyyatdadır. - ünvan 5qqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X5 xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Məhərrəmova” soyadı verilmişdir. - ASAN 2 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı, ********* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş və ünvan 6 ünvanda qeydiyyatdadır. - ASAN 2 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı, 15091617 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş və ünvan 6 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, X8, X6, X7 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 51 ünvanında yerləşən 48 saylı mənzildə qeydiyyatdadırlar. - Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 063179 №-li, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə xx.xx.2020-cü il tarixdə 187 № ilə ölüm akt qeydi aparılmışdır. - İddiaçıya məxsus xx.xx.2013-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək H.Z.Tağıyev adına BTTB-nin X4 laborant vəzifəsində çalışmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 118 saylı MKİS-in 382 №li Forma 2 arayışından görünür ki, şəxsi maliyyə haqq-hesabı açılmışdır. İddiaçı ailə üzvləri X6, X9, X8 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 51 ünvanında yerləşən 48 saylı mənzildə yaşayır. - xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, X7, X1 orqanlara müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 51 ünvanında yerləşən 48 saylı mənzilə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanılmasına etiraz etmədiklərini bildirmişlər. - xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, X7, X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 51 ünvanında yerləşən 48 saylı mənzilin Muxtarova (Məhərrəmova) Mahirə Mirzəcan qızının adına özəlləşdirilməsinə və çıxarışın verilməsinə etiraz etmədiklərini bildirmişlər. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə İddiaçı adına ünvan 6 ünvana dair kirayə müqaviləsinin bağlanması barədə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022ci il tarixli, 24/1 saylı Sərəncamın təsdiq edilmiş surəti və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə ünvanlanmışdır. Qeyd olunan məktub əsasında məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, - H.Z.Tağıyev adılna BTTB-nin HİK-nin rəyasət heyətinin xx.xx.1997-ci il tarixli iclasının 01 №li protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 51 ünvanda yerləşən 48-ci otağın ailə vəziyyətinin ağır olmasını nəzərə alaraq İddiaçı 2 nəfər, özü və yoldaşı olmaqla 4 otağa kirayə müqaviləsinin bağlanması və onun adına şəxsi hesabın açılması MKİ-in rəisinə həvalə edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2880/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 51 12 kv.metr sahəsi olan 48 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanması üzrə sərəncam verilməsi öhdəliyi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmuşdur. Məhkəmə mübahisəyə baxarkən iddiaçının sözügedən mənzilə həm faktiki olaraq, həm də qeydiyyatda olmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığını müəyyən etmiş, mənzil münasibətinin də həmin dövrdən əvvəlki dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə uyğun tənzimlənməli olduğunu hesab etmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 51 saylı evin 48 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” xx.xx.2022-ci il tarixli, 24/1 saylı sərəncamdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 2880/2021 saylı qərarına əsaslanaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 51 saylı evin, yaşayış sahəsi 12,0 kv.metr olan 48 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, oğlu və 2 qızı) mənzilinə İddiaçı adına daimi kirayə müqaviləsinin bağlanılması, onun həmin mənzilin kirayəçisi hesab olunması və şəxsi maliyyə hesabının açılması 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. İşin faktiki hallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2880 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyətinə keçirilməsini tələb etdiyi mənzilə dair mənzil münasibətlərinin uzun müddət yarandığı müəyyən edilmişdir. Həmin qərara istinad edilərək səlahiyyətli orqanın Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 51 saylı evin 48 saylı mənzilinə iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına dair xx.xx.2022-ci il tarixli, 24/1 tarixli sərəncamı mövcuddur. Bu əsas ilə iddiaçı cavabdeh inzibati orqana müraciət edərək qeyd olunan mənzil üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən hazırkı tələb üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ vardır. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanılması öhdəliyini 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin üzərinə qoyan BŞİH MKTD-nin Sərəncamı xx.xx.2022-ci il tarixdə verilmiş olsa da, iddiaçının həmin mənzildə ailə üzvləri ilə birlikdə 1997-ci ildən yaşadığı həm yuxarıda istinad olunan məhkəmə qərarında, həm də hazırkı məhkəmə araşdırmasında müəyyən edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi bu münasibətlərin sadəcə rəsmiləşdirilməsi olmuşdur. Ona görə də mənzil münasibətlərinin yaranmasının 2009-cu ilin 1 okyabr tarixindən əvvəlki dövrə aid olduğu məhkəmə araşdırması ilə təsdiq olunduğundan, Mənzil Məcəlləsinin xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş 146.4-cü maddəsi iddiaçının mənzilinə münasibətdə tətbiq olunmamalıdır. Belə olan halda, cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Ona görə də, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 51 ünvanında yerləşən 12 kv.metr sahəsi olan 48 saylı mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş Sərəncamda göstərilən ölçülər daxilində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 51 ünvanında yerləşən 12 kv.metr sahəsi olan 48 saylı mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş Sərəncamda göstərilən ölçülər daxilində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar