Məhkəmə qərarları › İş №2-1(112)-3458/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3458/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3458/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 69 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək, xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçdiyi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsi “Təbriz” bağçılıqyoldaşlıq təsərrüfatı tərəfindən ayrılmışdır. Bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş order deyil, üzvlük kitabçası və ya protokoldan çıxarış təqdim edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək tərtib edilmiş kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 69 saylı torpaq sahəsi üzərində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 hazırkı inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, səlahiyyətli orqana iddiaçı tərəfindən (26 fevral 1994-cü il tarixli 05/079 saylı) 69 saylı vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderin surəti təqdim edilsə də, iddiaçıya aid olan hüquqların həyata keçirilməsi inzibati orqan tərəfindən məhdudlaşdırılmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün order müvafiq sənəd kimi qəbul edilməli və əlavə sənədlər (üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) tələb olunmamalıdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin 182.0 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Bundan başqa, qeyd olunan torpaq sahəsi “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmışdır. Odur ki, bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş order deyil, üzvlük kitabçası və ya protokoldan çıxarış təqdim edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs iddianın təmin olunmamasını xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan “Təbriz” bağ təsərrüfatı tərərfindən verilmiş 69 saylı orderdən görünür ki, AzTU üçün Əzizbəyov rayonunun Türkan qəsəbəsində ayrılmış “Təbriz” bağ yoldaşlığı təsərrüfatında İddiaçı 0,1 ha miqdarında torpaq sahəsi verilmiş, sahənin nömrəsi təsdiq olunmuş layihəyə uyğun olaraq “69” kimi müəyyən edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, Bağ sahəsinin sərhədləri şərq tərəfdən bir hissəsi 2 sıra mişar daşından olan qonşu hasarla ayrılıb, qalan tərəflərdən isə döngə nöktələrinə mişar və but daşları qoyulub, döngə nöktələrinin araları isə şərtidir. Tikili yoxdur. Cənub tərəfdən yüksək gərginlikli elektrik xətti keçir - 6 kV. Mühafizə çıxılandan sonra 818 kv.m. sahə qalır. İddiaçı hazırda 69 saylı torpaq sahəsinə dair ona verilmiş orderə istinad edərək, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. Göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:

1. bağ sahələrinə dair verilən icarə müqavilələri;

2. bağ sahələrinə dair verilən sərəncamlar;

3. bağ sahələrinə dair verilən orderlər;

4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası;

5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış; İşdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona Azərbaycan Texniki Universitetinin “Təbriz” bağçılıq yoldaşlığı tərəfindən verildiyini iddia etsə də, bu barədə nə üzvlərin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasını, nə də üzvlərin iclasının protokolundan çıxarışı təqdim etməmişdir. Bundan əlavə, iddiaçının təqdim etdiyi orderdən görünür ki, orada iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsi 69 göstərilmişdir. İşdə olan Azərbaycan Texniki Universiteti Həmkarlar İttifaqı Komitəsinin cavabdehə ünvanlanmış xx.xx.2011-ci il tarixli, 495 nömrəli məktubundan görünür ki, Azərbaycan Texniki Universitetinə Bakı şəhəri İcrayə Komitəsinin 10/518 saylı 24 iyul 1991-ci il tarixli qərarına əsasən və tapşırığa uyğun olaraq tərtib olunmuş Bakı Baş Memarlıq Layihə İdarəsinin 91/179 saylı xx.xx.1991-ci il tarixli cizgi aktına müvafiq Əzizbəyov rayonu Türkan qəsəbəsində 9,01 ha torpaq sahəsi ayrılmışdır. 1992-ci ildə bu torpaq sahəsi bağçılıq-yoldaşlığının üzvləri arasında bölünmüşdür. Lakin sonralar bir çox bağçılıq üzvləri respublikadan köçüb getmişlər. Boş qalmış sahələr HİK-in qərarı ilə digər əməkdaşlara paylanmışdır. Bölgü siyahısı arxivdə olmamışdır. Ona görə də AzTU-nun HİK-in 28 iyun 2007-ci il tarixli 22 saylı protokulunun qərarına görə “Təbriz” bağçılıq-yoldaşlığı üzvlərinin torpaq sahələrinin dəqiqləşdirilmiş siyahısını təqdim etmişlər, bu siyahını torpaq sahələrinin dövlət reyestrində qeydə alınmasında əsas götürülməsini xahiş etmişlər. Həmin məktuba əlavə edilmiş Azərbaycan Texniki Universitetinin Əzizbəyov rayonu Türkan qəsəbəsində yerləşən “Təbriz” bağçılıq yoldaşlığının Həmkarlar İttifaqı Komitəsinin 22 saylı 29 iyun 2007-ci il tarixli protokulunun qərarına görə bağçılıq üzvlərinin torpaq sahələrinə görə dəqiqləşdirilmiş siyahısından görünür ki, İddiaçı adı sıyahıda qeyd edilməmiş, 69 saylı bağ sahəsinin isə üçüncü şəxs X7 ayrıldığı göstərilmiş, bağçılığa ayrılmış ərazi planında 1 ədəd 69 saylı bağ göstərilmişdir. Həmçinin "Azərbaycan Texniki Universiteti” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı daha əvvəl AzTU- nun Türkan qəsəbəsində yerləşən “Təbriz” X6 müraciət edərək, ona “Təbriz” X3 ayrılmış 0.1 ha torpaq sahəsinin özəlləşdirilməsi (çıxarış alınması) məqsədilə müvafiq sənədlərin təqdim edilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı müraciətinin araşdırılması məqsədi ilə onunla AzTU-nun Həmkarlar İttifaqı Komitəsində görüş keçirilmiş, “Təbriz” X4 üzvlərinin siyahısına baxılmış və vətəndaş X2 adı siyahıda aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının adı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmadığndan, ona ayrıldığını iddia etdiyi bağ sahəsinin başqa bir şəxsə verilməsi səlahiyyətli qurumun təqdim etdiyi siyahı ilə müəyyən edildiyindən İddiaçı təqdim etdiyi sənəd hüquqmüəyyənedici sənəd kimi qəbul edilə və həmin sənədə əsasən onun iddiası təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənəd həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar