Məhkəmə qərarları › İş №2-1(112)-3463/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3463/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3463/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin faktiki vəziyyətinə dair planölçü sənədinin verilməsi barədə iddia tələbinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestridən verilmiş **********39 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə uyğun olaraq plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1771/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən 0.10 ha torpaq sahəsin dair mərhum X6 adına 2006-cı ildə ləğv edilmiş Dövlət Torpaq və Xətiçəkmə Komitəsi tərəfindən JN-137H, kod 00501016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Bu şəhadətnaməyə əsasən cavabdeh orqan tərəfindən X6 adına daşınmaz dövlət reyestrindən **********39 reyestr nömrəli çıxarış verilmiş, torpaq sahəsinə dair plan və ölçü sənədi verilməmişdir. Bundan sonra X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli, 2V-104 reyestr nömrəli şəhadətnaməyə əsasən Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş, lakin, torpaq sahəsinə dair adına plan və ölçü sənədi verilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən **********39 reyestri nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Bilgəh Zəfəran soxvozu ərazisində 0.10 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, lakin, **********28 nömrəli, xx.xx.2023-cü il tarixli imtina barədə bildiriş məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Səbəb kimi torpaq sahəsinin faktiki yerləşməsi ilə sənəd üzrə yerləşməsi arasında fərqin olması qeyd edilmişdir. Cavabdeh tərəfindən ona verilmiş **********28 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubunda imtina üçün əsas kimi torpaq sahəsinin faktiki yerləşməsi ilə sənəd üzrə yerləşməsi arasında fərqin olması, yerinin dəyişdirildiyi qeyd edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən, **********39 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsi ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 4 saylı Abşeron Ərazi İdarəsinə 07 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq olduğu, yerinin dəyişdirildiyi müəyyən olunmuşdur. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə iclasının səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-10028/2023 nömrəli məktubla imtina edilmişdir. İmtinanın əsası kimi, aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələrinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Torpaq sahəsinin yeri dəyişdirilmişdir. - Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 2 dekabr 2024-cü il tarixli 3-21- 3-32/2-17981/2024 nömrəli məktubla təqdim edilmiş sənədələrə əsasən müəyyən edilmişdir ki, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən 0.10 ha ölçüdə torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Sonuncu tərəfindən həmin torpaq sahəsi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1. Hazırda daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən sözügedən torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan torpaq sahəsini artıq notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsinə baxmayaraq, cavabdeh orqanın əməkdaşlarına əvvəllər ona məxsus olmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim edərək ona məxsus olmuş torpaq sahəsindən fərqli torpaq sahəsi göstərərək (sözügedən hal cavabdeh inzibati orqanın imtina və etirazında göstərilmişdir) fərqli torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini tələb etmişdir. Halbuki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsini özgəninkiləşdirmiş və hazırda həmin torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun (hüquqmüəyyənedici sənədlərdən irəli gələn) olması, eləcə də, iddianın əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər konkret olaraq göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının sözügedən fərdi yaşayış evinə dair hər-hansı bir hüquqmüəyyənedici sənədləri olmadığından onun hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyildir. Bu halda, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar