Məhkəmə qərarları › İş №2-1(112)-3464/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3464/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3464/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1694 nömrəli sərəncamına (qərarına) əsasən 195 nömrəli BTK nəzdində 1 saylı orderlə ayrılmış Bakı şəhəri, Vişnyovka bağ massivində yerləşən 0,10 hektar 549 nömrəli bağ sahəsinə dair İddiaçı adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1694 nömrəli sərəncamına (qərarına) əsasən 195 nömrəli BTK nəzdində 1 saylı orderlə Bakı şəhəri, Vişnyovka bağ massivində 0,10 ha bağ sahəsi istifadəsinə ayrılmışdır. İddiaçı həmin tarixdən bağ sahəsindən fasiləsiz olaraq istifadə edir. Bağ sahəsinin özəlləşdirilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. İnzibati orqanın **********99 saylı xx.xx.2021-ci il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, təqdim edilmiş X2 və İstismarı Birliyi tərəfindən verilmiş 1 saylı orderə BTK-nın nömrəsi 195 kimi qeyd edilsə də, bağ sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1694 nömrəli sərəncamında BTK-nın nömrəsi 125 kimi qeyd edilmişdir. Həmin sərəncamda ayrılması nəzərdə tutulmuş bağ sahəsinin ölçüsü və nömrəsi öz əksini tapmamışdır. Həmçinin “549” saylı sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq təşkil edir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazımi hüquqmüəyyənedici sənədlər-order inzibati orqana təqdim edilmişdir. X2 və İstismarı Birliyi tərəfindən verilmiş 1 saylı orderə BTK-nın nömrəsinin əksinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1694 nömrəli sərəncamında BTK-nın nömrəsinin 125 kimi qeyd edilməsi, həmin sərəncamda ayrılması nəzərdə tutulmuş bağ sahəsinin ölçüsü və nömrəsinin öz əksini tapmaması, “549” saylı sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı deyildir. İddiaçı 1992-ci ildən sözügedən torpaq sahəsini fasiləsiz istifadə edir və həmin sahədə abadlıq işləri görülmüşdür. Bundan əlavə X2 və İstismarı Birliyi tərəfindən verilmiş 1 saylı order qüvvədədir və mübahisələndirilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən İdarəyə təqdim olunan X2 və İstismarı Birliyi tərəfindən verilmiş 1 saylı orderlə BTK-nın nömrəsi 195 kimi qeyd olunub. Eyni zamanda həmin sərəncamda ayrılması nəzərdə tutulmuş bağ sahəsinin ölçüsü və nömrəsi öz əksini tapmayıb. Həmçinin “549” saylı sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ sahəsinin bir hissəsi (76 kv.m.) elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı İdarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, bağ sahəsinin faktiki ölçüsü 750 kv.m. təşkil edir. Bu barədə iddiaçıya **********99 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Vişnyovka bağ massivində yerləşən 549 nömrəli bağ sahəsinə dair faktiki ölçüsü 750 kv.m uyğun olaraq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “Bakı şəhəri, Vişnyovka bağ massivində yerləşən 549 nömrəli bağ sahəsinə dair faktiki ölçüsü 750 kv.m uyğun olaraq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 19 oktyabr 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubla müraciətedənə bildirilmişdir ki, təqdim etdiyi X2 və İstismarı Birliyi tərəfindən verilmiş 1 saylı orderdə BTK-nın nömrəsi 195 kimi qeyd edilsə də, bağ sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1694 nömrəli sərəncamında BTK-nın nömrəsi 125 kimi qeyd olunub. Eyni zamanda həmin sərəncamda ayrılması nəzərdə tutulmuş bağ sahəsinin ölçüsü və nömrəsi öz əksini tapmayıb. Həmçinin “549” saylı sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, bağ sahəsinin faktiki ölçüsü sənəd üzrə olan sahədən azdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq, X1 tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş Bakı şəhər icraiyyə komitəsinin X2 birliyi Vişnyovka bağlar sahəsində 125 №-li kooperativ 1 №-li Orderin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhər icraiyyə komitəsinin 21 oktyabr 1992-ci il tarixli 1694 №-li qərarına əsasən Vişnyovka İ bağlar sahəsində 125 №-li BTK nəzdində 0,10 hektar torpaq sahəsi olan 549 №-li bağ ayrılmışdır; X1 tərəfindən xx.xx.2022-ci il tarixli məktubla keçmiş X2 və İstismarı Birliyi tərəfindən əyani şəkildə (koordinatlarla və coğrafi istinad məlumatları olmadan) tərtib edilməklə yardımçı vasitə kimi istifadə edilən Vişnyovka bağ massivində yerləşən “549” saylı bağ sahəsinin sxematik xəritənin kserosurəti, xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka bağ massivi, 125 və 195 nömrəli BTK-ya dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 iyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İH-nin arxiv fondu üzrə 1992-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 1694 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına verilməmişdir; Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş arxiv arayışında qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1694 №-li sərəncamına əsasən, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsi ilə, X3 1 BTK № 125 tərkibində bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinin 1-ci hissəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir; 10-cu maddəsinin 2-ci hissəsinə əsasən, kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir; 10-cu maddəsinin 4-cü hissəsinə əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçının istinad etdiyi sənəd bağ sahəsinə dair verilmiş orderdir, hansı ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi orderdə qeyd edilən BTK-nın nömrəsinin bağ sahəsinin ayrılması barədə sərəncamda qeyd edilənlə uyğunsuzluq təşkil etməsi mübahisələndirilsə də, bağ təsərrüfatı idarələrinin arxivlərinin saxlandığı cavabdeh inzibati orqanda həmin 549 nömrəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair order aşkar edilmiş və həmin orderdə BTK-nın nömrəsi bağ sahəsinin ayrılması barədə sərəncamda qeyd edildiyi kimi “125” göstərilmişdir. Cavabdehin imtina məktubunda, etirazında mübahisə etdiyi digər məsələlər bağ sahəsinin yerləşdiyi yerin sxematik xəritə ilə bağlı uyğunsuzluq təşkil etməsi, bağ sahəsinin ayrılması barədə sərəncamda bağ sahəsinin ölçüsü və nömrəsinin göstərilməməsi, elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ sahəsinin bir hissəsinin (76 kv.m.) elektrik xəttinin mühafizə zonasında yerləşməsi və bağ sahəsinin faktik ölçüsünün 750 kv.m. təşkil etməsidir. Sərəncamda bağ sahəsinin ölçüsü və nömrəsinin qeyd edilməməsi ilə bağlı məhkəmə bildirir ki, həmin hal iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Bir halda ki, bağ sahəsinin ayrılması haqqında order mövcuddur və qanunun müddəasına görə həmin order iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Torpaq sahəsənin ölçüsü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin həcmini azaldaraq faktiki ölçüsünə uyğun olaraq bağ sahəsinə hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bağ sahəsinin yerləşdiyi yerin sxematik xəritə ilə bağlı uyğunsuzluq təşkil etməsi dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən bağ sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin faktiki yerləşməsi ilə elektron baza məlumatları arasında uyğunsuzluq olması kimi texniki səbəbdən mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Digər tərəfdən cavabdehin “torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşməsi” dəlilinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Göründüyü kimi, cavabdehin bu dəlili də əsassız olmaqla, iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka bağ massivində yerləşən, sahəsi 750 kv. metr olan 549 nömrəli bağ sahəsinə xüsusi mülkiyyət hüququ sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi X1 həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka bağ massivində yerləşən, sahəsi 750 kv. metr olan 549 nömrəli bağ sahəsinə xüsusi mülkiyyət hüququ sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi X1 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar