Məhkəmə qərarları › İş №2-1(112)-3465/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3465/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3465/2021 22.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin iyul ayı üçün nəzərdə tutulan 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin aprel ayında “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin-rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəflik ödəmənin verilməsi şərtləri və qaydaları”na uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada müraciət edib **********2 nömrə altında sənəd dövriyyəsi altsistemində qeydiyyata alınaraq bu barədə mobil nömrəsinə müvafiq bildiriş göndərilsə də, bifrədəfəlik ödəmənin verilməsi yaxud ondan imtina edilməsi barədə ona heç bir məlumat verilməmişdir. Bu səbəbdən, 09.11.2020-ci ildə tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət edilmişdir. Müraciət edildikdən bir müddət sonra noyabr ayının axırlarında Abşeron rayon məşğulluq mərkəzinin əməkdaşı onunla telefon əlaqəsi yaradaraq bildirmişdir ki, ona 190 manat birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilmiş, lakin nədənsə bu barədə ona müvafiq mesaj çatmamış və hazırda 2020-ci ilin aprel ayı üçün 190 manat məbləği o, azərpoçtdan, digər may və avqust ayları üçün isə “Muğan” bankdan götürə bilər. Eyni zamanda o bildirmişdir ki, 2020-ci ilin iyun ayı üçün verilmiş ödəmə əvvəlki ödəmələri almadığı üçün Nazirlik tərəfindən geri məkilmişdir. Bundan sonra tərəfindən 2020-ci ilin aprel, may və avqust ayları üzrə birdəfəlik ödəmələr alınaraq, 04.11.2020-ci il tarixdə nazirliyin 142 çağrı mərkəzi ilə əlaqə saxlayıb 2020-ci ilin iyul ayı üçün 190 manat ödəmənin verilməməsi səbəbini araşdırarkən, bir daha məlum olmuşdur ki, iyul ayı üçün ödəmə yuxarıda qeyd etdiyi səbəbdən nazirin göstərişinə əsasən geri çəkilmişdir. Həmin məbləğin köçürülməsini tələb etsə də, çağrı mərkəzindəki əməkdaş hazırda bunun mümkün olmadığını bildirmişdir. Cavabında isə ona bu göstərişin qanunsuz olduğunu və tərəfindən məhkəməyə müraciət ediləcəyini demişdir. Bundan əlavə Nazirliyin tabeliyində olan X2 7 saylı Ərazi X1ra ünvanladığı 04 dekabr 2020-ci il tarixli, **********0 saylı cavab məktubundan da, bəlli olmuşdur ki, həqiqətən o, qeydiyyata alınaraq aprel, may və avqust ayları üçün birdəflik ödəmə köçürülsə də, nazirin şəxsi mülahizəsinəə (may ayı üçün təyin olunmuş ödəmənin nağlaşdırılmaması və aktivdə 190 manat vəsaitin aşkarlanması) əsasən, qanunsuz olaraq 2020-ci ilin iyul ayı üçün həmin məbləğ köçürülməmişdir. Bu fakt “xxxx” ASC-dən əldə etdiyi kart hesabından çıxarışla da, təsdiqlənmişdir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtəri və qaydalarının” 3.6-cı bəndinə əsasən ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul edildikdən sonra birdəfəlik ödəmə bank və ya poçt vasitəsilə ödənilir və bu barədə şəxsin mobil telefonuna SMS göndərilir. Göründüyü kimi, nazir S.Babayevin qeyd edilən göstərişi Qaydaların müddəalarına zidd olmaqla onların hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, köçürülmüş ödəmənin vaxtında tərəfindən götürülməməsinə səbəb nazirlik tərəfindən müvafiq vaxtda və qaydada ona SMS məlumat göndərilməməsi olmuşdur. Bundan əlavə, Qaydalarda ödəmə verilən hər hansı bir ay üzrə yuxarıda qeyd edilən səbəbdən ödənişin veriləmsindən imtina edilməsi nəzərdə tutulmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı 26.04.2020-ci il tarixində işsiz kimi qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq aprel və may ayları üçün cəmi 380 manat məbləğində birdəfəlik ödəmə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Lakin, iddiaçı onun hesabına köçürülən məbləği bank hesabından çəkməmişdir. Belə olan halda, iddiaçının (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunduğu vaxt həmin birdəfəlik ödəməyə ehtiyacının olmasına ciddi şübhələr yaranmışdır. Bu səbəbdən iyul ayı üçün iddiaçının hesabına 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə köçürülməmişdir. Sonradan, iddiaçının 09 noyabr 2020-ci il tarixində müraciəti araşdırılmış və aydın olmuşdur ki, iddiaçı MAS-da qeydiyyatdan keçən zaman ona SMS-in göndərilməsi üçün əlaqə nömrəsini qeyd etməmişdir. İddiaçının özü barədə məlumatın tam şəkildə verməməsinə baxmayaraq, aprel, may, avqust və dekabr ayları üzrə 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə tərəflərindən onun hesabına köçürülmüşdür. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə iyul ayı üçün 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutulub ona verilməsi”nə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət ünvanlamışdır. İşdə olan iddiaçının müraciətinə əsasən 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən verilmiş 04 dekabr 2020-ci il tarixli, **********0 nömrəli cavab məktubundan görünür ki, iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, 15.04.2020-ci il tarixli müraciəti əsasında işsiz kimi qeydiyyata alınmışdır. 26.04.2020-ci il tarixinə ona 190 manat birdəflik ödəmə təyin olunmuşdur. Aprel ayı üçün “Azərpoçt”-a, may, avqust ayları üçün isə “xxxx” ASC-yə ödəmələr həyata keçirilmişdir. May ayı üçün təyin olunmuş ödəmə nağdlaşdırılmadığından və iyun ayı üçün araşdırılma aparılan zaman aktivdə yaşayış minimumu (190 manat) qədər vəsait aşkarlandığından iyun ayı üçün ayrılmış ödəməni vermək mümkün olmamışdır. Müraciəti ilə əlaqədar təyin olunmuş telefon nömrəsi (+**********95) ilə əlaqə saxlanılmış, telefonla ona “Məşğulluq” altsistemi Vakansiyalar bölməsində mövcud olan “xxxx” MMC-də əmək haqqı 250-550 AZN və “xxxx” MMC-də əmək haqqı 250-400 AZN olan usta vəzifəsi təklif olunsa da, əmək haqqının az olmasını səbəb gətirərək təklif olunan hər iki işdən imtina etmişdir. Bununla yanaşı, ona boş (vakant) iş yerləri ilə tanış olması üçün “e-sosial.az” və “e-gov.az” portalı vasitəsi ilə “Məşğulluq” altsistemində (MAS) mövcud olan vakansiyaları mütəmadi izləməyi və ya Mərkəzlə telefonla (+**********57) əlaqə saxlayaraq əlavə məlumat alması tövsiyyə olunmuşdur. İşdə olan Məşğulluq alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı 15.04.2020-ci tarixdə məşğulluq altsistemində anket yaratmış, anket 26.04.2020-ci il tarixdə təsdiq edilmiş, İddiaçı 26.04.2020-ci il tairxdə işsizlik statusu verilmişdir. İddiaçının fərdi məlumatlarında mobil nömrə və e-mail məlumatları boş göstərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 15.04.2020-ci il tarixdə məşğulluq altsistemində anket yaradaraq, qeydiyyatdan keçmiş və həmin anket 26.04.2020-ci il tarixdə təsdiq olunaraq, ona həmin tarixdə işsizlik statusu verilmişdir. İddiaçıya 190 manat birdəfəlik ödəmə ilə bağlı aprel ayı üçün “Azərpoçt”-a, may, avqust ayları üçün isə “xxxx” ASC-yə ödəmələr həyata keçirilmişdir. May ayı üçün təyin olunmuş ödəmə nağdlaşdırılmadığından və iyul ayı üçün araşdırılma aparılan zaman aktivində yaşayış minimumu (190 manat) qədər vəsait aşkarlandığından iyul ayı üçün cavabdeh tərəfindən ödəmə verilməmişdir. Göründüyü kimi, iddiaçı iş üzrə mübahisə predmeti olan dövrdə işsiz kimi qeydiyyatda olan şəxs kimi yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə almaq hüququna malik şəxs olmasına baxmayaraq, iddiaçıya cavabdeh tərəfindən nə işsiz kimi qeydiyyatda olan şəxs kimi yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməmişdir. Birdəfəlik ödəmənin verilməmə səbəbi kimi, may ayı üçün təyin olunmuş ödəmənin nağdlaşdırılmaması əsas gətirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”-da birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi üçün əsaslarda belə bir müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsaəsən - 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinin müddəalarına əsasən - 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata 4 alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı həmin dövrdə birdəfəlik ödəmə hüququna malik olan şəxs olduğundan, cavabdeh tərəfindən ona birdəfəlik ödəmə ödənilməsi barədə müraciətinin təmin olunmasından əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. COVİD-19 pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin iyul ayı üçün cavabdeh tərəfindən iddiaçıya ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar