Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3465/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “icra sənədi üzrə icraata xitam verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 8.9-8.10-cu bəndlərinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-7693/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi vəzifəsinin Nəsimi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 28%-lə 48 ay müddətinə 8039 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəfindən xx.xx.2015-ci il tarixinədək banka 2257 ABŞ dolları ödəmişdir. Lakin sonralar devalvasiya ilə əlaqədar ödəniş edə bilməmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (X1 sədrliyi ilə) 2(006)-7693/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan "xxxx" ASC- nin xeyrinə 7232,25 ABŞ dolları əsas borc, 3392,46 ABŞ dolları faiz borcu, cəmi 10624.71 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dolları manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanından sonra keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə edərkən ona məlum olmuşdur ki, cavabdeh banka xx.xx.2019-cu il tarixinə kimi cavabdeh banka manat ekvivalentində 12294.83 manat əsas kredit borcu olmuş, hesablanmış kompensasiya məbləği 4339.35 manat təşkil etmiş və borcun azaldılmasına yönəldilməsinə nəticəsində qalıq borc 7955.48 manat təşkil etmişdir. “MUĞANBANK" ASC tərəfindən qalıq borcunun restrukziyası həyata keçirilməmiş, bununla bağlı aidiyyəti məhkəmələrə müraciət etsə də, təəssüf ki, bankın xeyrinə qərarlar qəbul edilmişdir. Hal-hazırda onu narahat edən vaxtilə Prezidentin müvafiq fərmanından əvvəl qəbul edilən məhkəmə qətnaməsini olduğu kimi onu icra etdirməyə çalışan Nəsimi rayon İcra və Probasiya şöbəsinin qanunsuz hərəkətləridir. Onlara dəfələrlə bildirməsinə baxmayaraq, icra şöbəsi cənab Prezidentin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən onun kredit borcunun 4339.35 manat azaldılması və həmin banka nəticədə qalıq borcunun 7955.48 manat təşkil etməsini nəzərə almaq istəmir, əksinə ondan 10624.71 ABŞ dollarının tutmalı olduğunu bildirirlər. Hal-hazırda Nəsimi rayon İcra və Probasiya şöbəsi iddiaçıdan 7955.48 manat pul vəsaiti tutmaq yerinə vaxtilə 2016-cı ildə Nəsimi rayon məhkəməsinin qət etdiyi 10624.71 ABŞ dolları pensiyasından tutur. Bu tamamilə qanunsuz və əsassızdır. İddiaçı bildirir ki, ailəsinin yeganə qazanc mənbəyi onun pensiyasıdır. Bununla bağlı cavbadehin özünə və Mərkəzi Banka, "xxxx" ASC-yə etdiyi müraciətləri nəticəsiz qalmışdır. Mərkəzi Bankın ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanına əsasən sözügedən xarici valyutadakı krediti üzrə hesablanmış 4339 manat məbləğindəki kompensasiya proporsional qaydada xx.xx.2019-cu il tarixinə Muğanbank ASC qarşısında 10 gündən artıq gecikməsi olan kredit borcunun azaldılmasına yönəldilmişdir. Lakin həmin məktubda onun faiz borcu ilə bağlı məsələyə toxunulmamışdır. Ayrıca olaraq göstərilmişdir ki, "İcra haqqında" qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Halbuki adı çəkilən fərmanın 8.9-cu maddəsində göstərilmişdir ki, "faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi" nəzərdə tutulur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu tarixli Fərmanının 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmək; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bankların bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməsi tövsiyə edilmişdir. Həmin fərmanda göstərilmişdir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Göründüyü kimi Prezidentin fərmanı onun barəsində olan icra işinə münasibətdə icra edilməmiş, icra sənədi üzrə icraata xitam verilməmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7693/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 7232,25 ABŞ dolları əsas borc, 3392,46 ABŞ dolları faiz borcu, cəmi 10624,71 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdeh tərəf iştirak etmir.
II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından
6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.
7. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
8. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...
III. İddianın mümkünlüyü
9. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.
10. X2 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X2 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).
11. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)
12. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Nəsimi Rayon məhkəməsinin 2(006)-7693/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraata xitam verilməsini tələb edir. Həmin icra sənədi icra olunması üçün adiyyəti üzrə Nəsimi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
14. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
15. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil.
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Belə ki, iddiaçı adının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən əsas borc üzrə kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi üçün Mərkəzi Banka müraciət etməli idi.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva