Məhkəmə qərarları › İş №2-1(112)-3465/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3465/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3465/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3rşı “töhmət əmrinin ləğv edilərək etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək məlumatı və izahatı olmadan, heç bir araşdırma aparılmadan verilmiş xx.xx.2023-cü il tarixli töhmət əmrinin ləğv edilərək əvvəldən etibarən etibarsız hesab edilməsi vəzifəsinin cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X4 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xx.xx.2021-ci il tarixdən əmək müqaviləsi əsasında bölmə rəhbəri vəzifəsində işləyir. İşlədiyi müddət ərzində işində məsuliyyətli olmuş və bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. 2022-ci il tarixdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransa qatılmaq üçün Naxçıvan şəhərinə getmiş və orada spiker olaraq çıxış etmişdir. Həmin tədbirdə iştirak etməyi və spiker olmağı barədə tapşırıq iddiaçıya Səhiyyə Nazirliyindən verilmişdi. İddiaçı xx.xx.2023-cü il tarixdə xarici bir şirkətə göndərmək üçün xasiyyətnamə istədikdə Səhiyyə Nazirliyi tərəfindən verilmiş arayışda xx.xx.2022-ci il tarixdə töhmət verildiyini görmüşdür. Səbəbini araşdırdıqda rəhbərlik 2022-ci ildə spiker olaraq getdiyi tədbiri əsas gətirmişdir. Belə ki, iddiaçıya həmin tədbirə rəhbərliyin icazəsi olmadan getdiyi, ona görə də töhmət verildiyi bildirilmişdir. İddiaçı həmin tədbirə Səhiyyə Nazirliyinin məlumatı və tapşırığı ilə getdiyini və töhmət aldığı barədə heç bir məlumatı olmadığını dedikdə, ona səhv anlaşılma ola biləcəyini və artıq 6 ay keçdiyi üçün qüvvədən düşüb deyilmişdir. İddiaçı səhv anlaşılma olduğu halda arayışda töhmətin yazılmamasmı istədikdə ona bunun mümkün olmadığını bildirmişdirlər. İddiaçı sənədlərlə tanış olduqda ondan heç bir izahat alınmadığını, töhmət barədə əmrlə tanış edilmədiyini və ümumiyyətlə töhmətin verildiyi barədə ona məlumat verilmədiyini aşkar etmişdir.

3. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X7 tərəfindən verilmiş 18 may 2022-ci il tarixli, 387 nömrəli işçiyə intizam tənbehi verilməsi haqqında əmrdən çıxarışda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndini rəhbər tutaraq “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X4 Hamiləliyin patologiyası şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsində bölmə müdiri vəzifəsində çalışan İddiaçı əmək və icra intizamını pozaraq işində yol verdiyi nöqsanlara görə töhmət verilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı 2005-2011-ci illərdə Türkiyə Respublikasının Ege Universitetində tibb fakültəsində təhsil almış və ona baza ali tibb təhsilinə əsasən Azərbaycan Respublikası ərazisində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə 10 fevral 2021-ci il tarixində № 2735 Şəhadətnamə verilmişdir. İddiaçı 04 avqust 2020-ci il tarixindən 05 dekabr 2020-ci il tarixinədək "X6” MMC-də həkim-neonatoloq vəzifəsində işləmişdir. İddiaçı 02 noyabr 2020-ci il tarixindən 30 avqust 2021-ci il tarixinədək K.Fərəcova adına X1 həkim-pediatr vəzifəsində işləmişdir. İddiaçı 03 sentyabr 2021-ci il tarixindən 02 iyun 2023-cü il tarixinədək Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında bölmə müdiri vəzifəsində işləmişdir. İddiaçı 18 may 2022-ci il tarixində işində yol verdiyi nöqsanlara görə “töhmət” verilmişdir. Hal-hazırda həkim-neonatoloq vəzifəsində çalışır. İddiaçı əsas (baza ali) tibb təhsili əsasında Azərbaycan Respublikasının ərazisində həkim kimi fəaliyyət göstərməsinə məhdudiyyət qoyulmamışdır.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən (elektron məhkəmə vasitəsilə) ərizəyə əsasən cavabdeh inzibati orqan olmadığından məhkəmə aidiyyatını nəzərə alaraq iddiaçı tərəfindən verilən iddia ərizəsinin rədd edilməsi xahiş olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, intizam tənbehi olaraq iddiaçıya töhmət xx.xx.2022-ci il tarixdə verilmişdir. Həmin töhmət üzərindən 6 ay keçdiyinə görə qüvvəsini itirmişdir. İddiaçı isə mübahisələndirdiyi töhmətin ləğvi üçün qanunla müəyyənləşmiş iddia müddətini buraxmışdır.

6. Cavabdeh tərəfindən məhkəməyə yazılı ərizə təqdim olunaraq məhkəmə iclasının iştirakı olmadan baxılmasına etiraz etmədiyi bildirilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun çıxış edərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.

11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən, Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X7 inzibati orqan kimi müəyyən olunmur və hazırki mübahisə iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir.

13. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi əmək hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

14. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

15. Odur ki, iddiaçıya müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar