Məhkəmə qərarları › İş №2-1(112)-3466/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3466/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3466/2021 22.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" KB ASC və "xxxx" ASC üçüncü şəxslər qismində işə cəlb olunmaqla “Azərbaycan Respublikası Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən hər iki bank üzrə kredit borclarının güzəştli şərtlərlə restruksizasiya olunmasının təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" KB ASC və "xxxx" ASC üçüncü şəxslər qismində işə cəlb olunmaqla “Azərbaycan Respublikası Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən hər iki bank üzrə kredit borclarının güzəştli şərtlərlə restruksizasiya olunmasının təmin edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-yə olan 2259,35 ABŞ dolları əsas, 126,09 ABŞ dolları faiz, 26,89 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 2412,33 ABŞ dolları məbləğində kredit borcunun və "xxxx" ASC-yə olan 390,03 ABŞ dolları əsas borc, 41,92 ABŞ dolları faiz borcu və 5 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 436,95 ABŞ dolları məbləğində kredit borcunun tutulması barədə müvafiq məhkəmə qərarları çıxarılmışdır. İddiaçının hər iki banka olan vaxtı keçmiş kredit borcları Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında 28 fevral 2019-cu il tarixli Fərmanın əhatə dairəsinə düşmüşdür. Həmin Fərmanın tələblərindən biridə banklar tərəfindən vaxtı keçmiş kredit borclarına hesablanmış faiz və cərimə məbləğlərinin silinməsinin təmin olunması və qalıq qalan əsas məbləğin bir ili güzəştli olmaqla beş il müddətinə restrukturizasiya olunmasının müştərilərə təklif olunmasıdır. Bundan əlavə iddiaçının vaxtı keçmiş kredit borcu xarici valyutada olduğu üçün 21 fevral 2015-ci il tarixində və 21 dekabr 2015-ci il tarixində baş vermiş devalvasiya nəticəsində pul məbləğinin artmış hissəsinə Dövlət büdcəsi hesabına "xxxx" ASC üzrə 01 mart 2019-cu il tarixində qalıq qalan əsas kredit məbləği olan (manat ekvivatentində) 3840,89 manat pul məbləğinə 1415,12 manat pul məbləğində və "xxxx" ASC üzrə 01 mart 2019-cu il tarixinə qalıq qalan əsas kredit məbləği olan (manat ekvivalentində) 663,05 manat pul məbləğinə 244,29 manat pul məbləğində kompensasiya ödənilmişdir. Dövlət büdcəsi hesabına kompensasiya ödənildikdən sonra müvafiq olaraq "xxxx" ASC üzrə 2425,78 manat pul məbləğində və "xxxx" ASC üzrə 418,76 manat pul məbləğində qalıq kredit borcu qalmışdır. İddiaçının kredit borclarının 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşməsinə və kredit borclarının devalvasiya nəticəsində artmış hissəsinə Dövlət büdcəsi hesabına kompensasiyanın ödənilməsinə baxmayaraq, hər iki bank tərəfindən kredit borclarının restrukturizasiya olunması barədə iddiaçıya heç bir rəsmi təklif olunmamışdır. İddiaçı bununla bağlı olaraq 02 dekabr 2019-cu il tarixində "xxxx" ASC-nin Əcəmi filialına, 05 dekabr 2019-cu il tarixində "xxxx" ASC-nin Şamaxı filialına kredit borclarının restrukturizasiya olunması barədə rəsmi müraciət etsə də, müraciətlər nəzərə alınmayaraq kredit borcların restrukturizasiya olunmamışdır. Bundan əlavə hər iki bank tərəfindən məhkəmə və icra orqanlarında olan mülki iş də geri götürülməmişdir. Fərmanda nəzərdə tutulmuş tələbləri icra etmək əvəzinə, məhkəmə qararlarına əsasən müəyyənləşən kredit borclarının tutulması üçün hər iki bankda Şamaxı rayonu İcra və Probasiya şöbəsinə müraciət etmişlər. Şamaxı rayon İcra və Probasiya şöbəsi tərəfindən müvafiq qərar qəbul olunaraq başladılmış məcburi icra tədbiri olaraq iddiaçının əmək haqqıdan "xxxx" ASC-nin xeyrinə 499.11 manat pul məbləği, İcra və Probasiya Şöbəsinin xeyrinə 51.99 manat pul məbləği, "xxxx" KB ASC-nin xeyrinə 993,18 manat pul məbləği tutulmuşdur. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının 26 yanvar 2021-ci tarixli, 16-00191-2021 nömrəli məktubunda göstərilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 23.05.2015-ci il tarixli, "xxxx" ASC arasında bağlanmış 14.01.2015-ci və 19.01.2015-ci il tarixli, habelə ASC “Xalq” Bank arasında bağlanmış 17.04.2014-cü il tarixli kredit müqavilələri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqavilələrin statusu Fərmanla müayyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu il tarixinə vaxtı keçmiş əsas kredit borclarına müvafiq kompensasiyalar yönəldilmiş və qalıq qalan borclar restrukturizasiya ediləcək kredit borcları siyahısına daxil edilmişdir. Nəticədə "xxxx" ASC ilə bağlanmış 23.05.2015-ci il tarixli kredit müqavilə üzrə 418,76 manat, "xxxx" ASC ilə bağlanmış 14.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17,74 manat və 19.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.425,77 manat, habelə ASC “Xalq” Bankı ilə bağlanmış 17.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.377,63 manat borcun restrukturizasiya edilməsi müəyyən olunmuşdur. Eyni zamanda göstərilən məlumatlar Mərkəzi Bank tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məmumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə X2 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu üçün, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" KB ASC və "xxxx" ASC üçüncü şəxslər qismində işə cəlb olunmaqla “Azərbaycan Respublikası Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən hər iki bank üzrə kredit borclarının güzəştli şərtlərlə restruksizasiya olunmasının təmin edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar