Məhkəmə qərarları › İş №2-1(112)-3466/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3466/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3466/2022 16.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş vəsaitin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 30.09.2021-ci il tarixdə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən qəbul olunmuş inzibati aktın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. 04.07.1977-ci ildən 22.10.1993-cü ilə qədər 16 il, 4 ay, 18 gün olmaqla Neft Akademiyasında elmi işçi kimi fəaliyyət göstərmişdir. 26.05.1997-ci ildən 15.09.2004-cü il tarixlərdə Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasında 7 il, 4 ay, 19 gün elmi işçi kimi fəaliyyət göstərmişdir. 14.06.2007-ci ildən 02.02.2021-ci ilə qədər 4 il, 7 ay, 16 gün olmaqla Fövqəladə Hallar Nazirliyinin X1 (AzDƏMTTETİ) elmi işçi kimi işləmişdir. Göründüyü kimi iddiaçının ümumilikdə 28 il, 4 ay, 22 gün elmi işçi kimi müxtəlif müəssisə və təşkilatlarda fəaliyyəti olmuşdur. İddiaçının fəlsəfə doktoru elmi dərəcəsi vardır. Qanunvericiliyin tələbinə uyğun olaraq 01.11.2015-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əmək pensiyasının sığorta hissəsinə əlavə olunmuşdur. Lakin 30.09.2021-ci il tarixdə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya göndərilən məktubda elmi müəssisə və təşkilatlarda 20 il, 11 ay sığorta stajının olduğu qeyd olunmuş və qanunvericilikdə tələb olunan 25 il sığorta stajına malik olmadığına görə əmək pensiyasına əlavə olunmuş 120 manat kəsilmiş və artıq hesablanmış 7285,68 manat məbləğində geri qaytarılacağı ilə bağlı məlumat verilmişdir. İnzibati orqan tərəfindən qəbul olunmuş bu akt qeyri-qanunidir. Aktın özündə əsaslandırma belə aydın qeyd olunmamışdır və hüquqlarını kobud şəkildə pozmuşdur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaya etirazında bildirilmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 01.11.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti ilə əlaqədar olaraq 01.01.2006-cı il tarixədək 29 il 8 ay sığorta stajı və 01.01.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 6231,70 manat pensiya kapitalı əsasında 01.11.2015-ci il tarixdən yenidən hesablanmış və “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği 01.01.2021-ci il tarixdən 316,37 manat müəyyən edilmişdir. Belə ki, sözügedən Qanunun 01.01.2021-ci il tarixədək qüvvədə olan 19.2-ci maddəsinin tələblərinə uyğun olaraq əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. İddiaçının ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətinin araşdırılması zamanı qanunla tələb olunan sığorta stajı olmadığı halda fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablandığı müəyyən edilmişdir. Belə ki, iddiaçının elmi müəssisə və təşkilatlarda 20 il 11 ay sığorta stajı var ki, bu da qanunla tələb olunan 25 il sığorta stajından azdır. Nəticədə iddiaçıya əmək pensiyasının 01.11.2015-ci il tarixdən 01.01.2021-ci il tarixədək 7285,68 manat məbləğində artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 10.09.2021-ci il tarixli **********4 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və onun 23.07.2021-ci il tarixli ərizəsinə əsasən təqdim etdiyi sənədlər əsasında aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır: başlanğıc tarix 01.11.2015, son tarix 31.12.2015, hesablamayadək olan məbləğ 316,79, hesablandıqdan sonra olan məbləğ 197,27; başlanğıc tarix 01.01.2016, son tarix 31.01.2016, hesablamayadək olan məbləğ 319,38, hesablandıqdan sonra olan məbləğ 201,17; başlanğıc tarix 01.02.2016, son tarix 31.12.2016, hesablamayadək olan məbləğ 329,38, hesablandıqdan sonra olan məbləğ 211,17; başlanğıc tarix 01.01.2017, son tarix 31.12.2017, hesablamayadək olan məbləğ 341,71, hesablandıqdan sonra olan məbləğ 223,72; başlanğıc tarix 01.01.2018, son tarix 31.12.2018, hesablamayadək olan məbləğ 354,35, hesablandıqdan sonra olan məbləğ 236,47; başlanğıc tarix 01.01.2019, son tarix 31.12.2019, hesablamayadək olan məbləğ 361,38, hesablandıqdan sonra olan məbləğ 243,56; başlanğıc tarix 01.01.2020, son tarix 31.12.2020, hesablamayadək olan məbləğ 401,45, hesablandıqdan sonra olan məbləğ 284,00; başlanğıc tarix 01.01.2021, son tarix 31.09.2021, hesablamayadək olan məbləğ 313,53, hesablandıqdan sonra olan məbləğ 316,37. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci, 63-cü və 64.1-ci maddələri rəhbər tutularaq 10.09.2021-ci il tarixli **********4 nömrəli qərar qəbul edilmiş və bu barədə 30.09.2021-ci il tarixli **********7 nömrəli məktubla iddiaçıya məlumat verilmişdir. Həmin qərarla iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi və 01.11.2015-ci il tarixdən 01.01.2021-ci il tarixədək artıq ödənilmiş 7285,68 manat məbləğin bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. Bu səbəbdən hesab edilir ki, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt qanuni və əsaslı olmuşdur, iddiaçı Z.Qədimovun “inzibati aktın ləğv edilməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı “inzibati aktın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 16.05.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə məhkəməyə ərizə təqdim edərək 10.09.2021-ci il tarixli **********4 nömrəli DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş qərarın ləğv olunması, aylıq əmək pensiyasından 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə, 2022-ci ilin may və yanvar ayları üzrə tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1952-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 04.04.1984-cü il tarixli, XM 012411 nömrəli elmlər namizədi diplomuna əsasən İddiaçı kimya elmləri üzrə elmlər namizədi elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 30.09.2021-ci il tarixli, **********7 nömrəli artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.11.2015-ci il tarixində qüvvədə olan 7-ci maddəsinin tələblərinə uyğun olaraq sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, 01.01.2006-cı il tarixinədək 29 il 8 ay sığorta stajı və 01.01.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 6231,70 manat pensiya kapitalı əsasında sizin yaşa görə əmək pensiyanız 01.11.2015-ci il tarixindən yenidən hesablanmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği 01.01.2021-ci il tarixindən 316,37 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 01.01.2021-ci il tarixinədək qüvvədə olan 19.2-ci maddəsinin tələblərinə uyğun olaraq əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Məlumat üçün bildirilir ki, əmək pensiyanızın yenidən hesablanmasına dair müraciətinizin araşdırılması zamanı qanunla tələb olunan sığorta stajınız olmadığı halda fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əmək pensiyanızın sığorta hissəsinə əlavə hesablandığı müəyyən edilmişdir. Belə ki, sizin elmi müəssisə və təşkilatlarda 20 il 11 ay sığorta stajınız qanunla tələb olunan 25 il sığorta stajından azdır. Nəticədə əmək pensiyanızın 01.11.2015-ci il tarixindən 01.01.2021-ci il tarixinədək 7285,68 manat məbləğində artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 10.09.2021-cı il tarixli **********4 nömrəli qərarı ilə sizə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və 23.07.2021-ci il tarixli ərizənizə əsasən yaşa görə əmək pensiyanızın məbləği təqdim etdiyiniz sənədlər əsasında aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır: başlanğıc tarix 01.11.2015, son tarix 31.12.2015, hesablamayadək olan məbləğ 316,79, hesablandıqdan sonra olan məbləğ 197,27; başlanğıc tarix 01.01.2016, son tarix 31.01.2016, hesablamayadək olan məbləğ 319,38, hesablandıqdan sonra olan məbləğ 201,17; başlanğıc tarix 01.02.2016, son tarix 31.12.2016, hesablamayadək olan məbləğ 329,38, hesablandıqdan sonra olan məbləğ 211,17; başlanğıc tarix 01.01.2017, son tarix 31.12.2017, hesablamayadək olan məbləğ 341,71, hesablandıqdan sonra olan məbləğ 223,72; başlanğıc tarix 01.01.2018, son tarix 31.12.2018, hesablamayadək olan məbləğ 354,35, hesablandıqdan sonra olan məbləğ 236,47; başlanğıc tarix 01.01.2019, son tarix 31.12.2019, hesablamayadək olan məbləğ 361,38, hesablandıqdan sonra olan məbləğ 243,56; başlanğıc tarix 01.01.2020, son tarix 31.12.2020, hesablamayadək olan məbləğ 401,45, hesablandıqdan sonra olan məbləğ 284,00; başlanğıc tarix 01.01.2021, son tarix 31.09.2021, hesablamayadək olan məbləğ 313,53, hesablandıqdan sonra olan məbləğ 316,37. Bu səbəbdən 01.11.2015-ci il tarixindən 01.01.2021-ci il tarixinədək 7285,68 manat artıq ödənilmiş vəsait bölünərək sizin aylıq əmək pensiyanızdan tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki: - DSMF Nərimanov rayon şöbəsinin 23 oktyabr 2015-ci il tarixli, 1058 nömrəli qərarı ilə İddiaçı 01.11.2015-ci il tarixdən yaşa görə əmək pensiyası (B/ h+S/h+Y/h və elmi dərəcəyə görə 120 manat) təyin edilmişdir. - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 10.09.2021-ci il tarixli **********4 nömrəli artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında qərarına əsasən xx.xx.1952-ci il tarixində Gədəbəy rayonunda anadan olmuş, ünvan 2 ünvanında yaşayan vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi, 01.11.2015-ci il tarixindən 01.01.2021-ci il tarixinədək artıq ödənilmiş 7285,68 manat məbləğin bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 10.09.2021-ci il tarixli **********4 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən İddiaçı 01.11.2015-ci il tarixdən təyin edilmiş əmək pensiyası 01.10.2021-ci il tarixdən yenidən hesablanaraq 316 manat 37 qəpik müəyyən edilmişdir. 4 saylı Bakı DOST Mərkəzinin 13.05.2022-ci il tarixli, **********2 nömrəli arayışına əsasən İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial Ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən fəlsəfə doktoru üzrə elmi dərəcəyə görə aylıq 200 (iki yüz) manat məbləğində Prezident təqaüdü alır. Təyinatın başlanğıc tarixi 01.01.2021-ci il, təyinatın bitmə tarixi müddətsiz. Qeyd: Azərbaycan Respubliaksı Prezidentinin Fərmanına əsasən 2021-ci il üzrə Fəlsəfə elmi dərəcəsinə görə verilən aylıq Prezident təqaüdünün məbləği 120 (bir yüz iyirmi) manat, 01.01.2022-ci il tarixdən isə artaraq 200 (iki yüz) manat olmuşdur. İddiaçıya aid pensiya alt sistemindən görünür ki, İddiaçı ödənilən aylıq əmək pensiyasından 2021-ci ilin oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar ayı üzrə 38,27 manat, 2022-ci ilin may ayı üzrə 59,43 manat pul vəsaiti tutulmuşdur. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən DSMF-nin Nərimanov rayon şöbəsinin 23.10.2015-ci il tarixli qərarı ilə 01.11.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya işləməyən əmək pensiyaçısı kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 dekabr 2020-ci il № 240-VİQD Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi ləğv edilmişdir) kimya elmləri üzrə fəlsəfə doktoru dərəcəsinə görə onun əmək pensiyasının sığorta hissəsinə 120 manat əlavə edilərək əmək pensiyası ödənilmişdir. Sonradan iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh orqan iddiaçının stajının elmi müəssisə və təşkilatlarda qanunla tələb olunan 25 il sığorta stajından az olduğunu, nəticədə ona ödənilən əmək pensiyasının 01.11.2015-ci il tarixindən 01.01.2021-ci il tarixinədək 7285,68 manat məbləğində artıq hesablanıb ödənildiyini müəyyən edərək, artıq ödənilmiş həmin məbləğin bölünərək onun aylıq əmək pensiyasından tutulması barədə 10.09.2021-ci il tarixli **********4 nömrəli qərar qəbul etmiş, həmin qərar icra olunaraq iddiaçının aylıq əmək pensiyasından 2021-ci ilin oktyabrdekabr, 2022-ci ilin yanvar və may ayları üzrə tutulmalar edilmişdir. Hazırda iddiaçı onun aylıq pensiyasından tutulmaların aparılması haqqında SÖTMF-nin adıçəkilən 10.09.2021-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsini və artıq ödəmə adı ilə aylıq pensiyasından tutulmuş məbləğlərin geri qaytarılmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə mübahisə predmeti cavabdeh SÖTMF-nin artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Tutulmuş məbləğin geri qaytarılması barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Cavabdeh iddiaçıya ünvanladığı 30.09.2021-ci il tarixli məktubunda onun aylıq pensiyasından tutulmaların aparılacağını bildirmiş, sözügedən artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı 10.09.2021-ci il tarixli qərarı qoşma olaraq iddiaçıya göndərərək həmin qərardan şikayət etmə qaydasını izah etmişdir. İddiaçının adıçəkilən qərardan ən tezi 30.09.2021-ci il tarixdən məlumatlı olduğu, hazırkı iddia ilə 29.10.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alındıqda iddiaçının inzibati aktın mübahisələndirilməsinə görə 30 günlük iddia müddətini ötürmədiyi müəyyən olunur. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında 10.09.2021-ci il tarixli qərarın ləğv edilməsini mübahisələndirdiyindən məhkəmə həmin qərarın “İnzibati icraat haqqında”, “Əmək pensiyaları haqqında” Qanunların prosessual normalarının tələbləri baxımından qanuniliyini yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -3.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. İddiaçıya aid pensiya alt sistemindən çıxarışa əsasən onun əmək pensiyasından 2021-ci ilin oktyabr ayından başlayaraq tutulma aparılmışdır. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 30.09.2021-ci il tarixli məktubu iddiaçıdan onun aylıq əmək pensiyasından artıq ödənilmiş hesab etdiyi məbləğin tutulmasına razılığının alınması ilə bağlı müraciət deyil, artıq ödənilmiş hesab etdiyi məbləğin əmək pensiyasından tutulmanın aparılacağı barədə “xəbərdarlıq”dır. Üstəlik həmin “xəbərdarlıq” məktubuna inzibati orqanın qəbul etdiyi artıq ödənilmiş məbləğin tutulması haqqında qərarı da əlavə olaraq göndərilmişdir. Beləliklə, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmaların aparılması mübahisəsizdir. Qanunla yalnız əmək pensiyaçısının razılığı olduğu təqdirdə inzibati orqan özü əmək pensiyasından tutulma barədə qərar qəbul edə, tutulma barədə hərəkətlər edə bilərdi. Belə olan halda, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulma barədə mübahisələndirilən qərar qanuni hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilib-ödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əliverişsiz inzibati akt qəbul edilmiş və həmin aktın bilavasitə icra edilməsinə başlanılmışdır. Mübahisələndirilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, qərarın qəbulu ilə bağlı inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, artıq hesablama üçün əsas yaranmışdırsa, bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə məlumat qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən 10.09.2021-ci il tarixli **********4 nömrəli qərar iddiaçıya münasibətdə əliverişsiz inzibati akt olmaqla yanaşı inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə qəbul olunduğundan həm də qanunsuz inzibati akt hesab olunur. Qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalı və belə bir akt ləğv olunmaqla bərabər onun yaratmış olduğu hüquqi nəticələr də aradan qaldırılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında 10.09.2021-ci il tarixli **********4 nömrəli qərarı ləğv olunmalı və iddiaçıya ödənilən yaşa görə əmək pensiyasından 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə, 2022-ci ilin may və yanvar ayları üzrə tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında 10.09.2021-ci il tarixli **********4 nömrəli qərarı ləğv edilsin. İddiaçı ödənilən yaşa görə əmək pensiyasından 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə, 2022-ci ilin may və yanvar ayları üzrə tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar