Məhkəmə qərarları › İş №2-1(112)-3468/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3468/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3468/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddiaçıya məxsus daşınmaz əmlakın ekspert tərəfindən qiymətləndirilmiş 660.000 manat məbləğin ödənilmiş 293.364 manat çıxmaqla ödənilməmiş 367000 manat məbləğin kompensasiya olaraq cavabdeh tərəfindən ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “məxsus daşınmaz əmlakın ekspert tərəfindən qiymətləndirilmiş 660.000 manat məbləğin ödənilmiş 293.364 manat çıxmaqla ödənilməmiş 367000 manat məbləğin kompensasiya olaraq cavabdeh tərəfindən ödənilməsi”ni tələb edir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4042/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiası qismən təmin edilmiş, RX seriyalı 019726 nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanın altındakı 205 kv.m. torpaq sahəsindən dövlət ehtiyacları ilə əlaqədar alınmış 100 kv.m. torpaq sahəsinə görə 95.000 manat məbləğdə kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.(hakim E.Q.Məmmədov) İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-700/2016 saylı, 14 mart 2016-cı il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC-nin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilmiş, iddiaçının apellyasiya şikayəti isə təmin olunmamış, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4042/2015 nömrəli iş üzrə 07 dekabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanın altındakı 205 kv.m. torpaq sahəsindən dövlət ehtiyacları ilə əlaqədar alınmış 100 kv.m. torpaq sahəsinə görə kompensasiya olaraq 100.000 manat məbləğdə pul vəsaitinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən ona hesablanacaq 20% əlavənin, həmçinin əldən çıxmış faydaya görə 10.000 manatın ona ödənilməsinin cavabdehə həvalə edilməsi tələblərinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1089/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 700/2016 saylı iş üzrə 14 mart 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Z.Bünyadov prospekti ilə Ə.Salamzadə, A.Mustafayev və H.Əliyev küçələrinin kəsişməsində (3-cü m/r qovşağı-Layihə-2) müxtəlif səviyyəli yol ötürücüsünün tikintisi ilə əlaqədar, Binəqədi rayonu ərazisində tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqqsədilə mülkiyyət sahiblərinə ödəniləcək təzminatın qiymətləndirilməsi”nə dair xx.xx.2012-ci il tarixli protokolundan görünür ki, iddiaçıya məxsus əmlaka dair ümumilikdə 293364 manat hesablanmışdır. İddiaçı həmin protokolu imzalamışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixli razılaşma protokolunun qüvvədə olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. İş materiallarında olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli məktublardan görünür ki, razılaşma protokolunda qeyd edilən 293364 manat məbləğində kompensasiya "xxxx" ASC-nin Nərimanov rayon Filialından iddiaçıya ödənilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul tarixli 2930 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı»na əsasən həyata keçirilmiş Z.Bünyadov prospekti ilə Ə.Salamzadə, A.Mustafayev və H.Əliyev küçələrinin kəsişməsində müxtəlif səviyyəli yol ötürücüsünün tikintisi layihəsi çərçivəsində iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi tikinti sahəsinə düşdüyündən qarşılıqlı razılığa əsasən kompensasiya ödənilərək dövlət ehtiyacları üçün alınmaqla sökülməsi işin tərəflər arasında mübahisələndirilməyən halını təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı müvafiq tikinti sahəsinə düşdüyündən qarşılıqlı razılığa əsasən kompensasiya ödənilərək dövlət ehtiyacları üçün alınmaqla sökülməsi, həmçinin razılaşma protokolunun qüvvədə olması işin tərəflər arasında mübahisələndirilməyən halı olduğundan, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Həmçinin, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar