Məhkəmə qərarları › İş №2-1(112)-3468/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3468/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3468/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 760 ( yeddi yüz altmş) manat pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Koronovirus (COVİD-19)” pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar olaraq işsiz kimi qeydiyyatda olan şəxslərə 190 (yüz doğsan) manat birdəfəlik ödəmənin verilməsi məqsədi ilə rəsmi qaydada cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona əsassız şəkildə birdəfəlik ödəmənin ödənilməsindən imtina edilmişdir. Cavabdeh əsas olaraq iddiaçının rəsmi nikahının olmasını və rəsmi nikahda olduğu keçmiş həyat yoldaşının əmək müqaviləsi olduğunu qeyd etmişdir. Lakin iddiaçı ilə keçmiş həyat yoldaşı arasında bağlanılmış nikah artıq xx.xx.2013-cü il tarixindən etibarən ləğv edilmiş və həmin tarixdən etibarən onlar ayrılmış və birgə yaşamırlar. Cavabdehin 4 ay ərzində ödəməli olduğu 190 manat pul vəsaitini ümumi olaraq 760 manat olaraq dəyərləndirir. Qanuni və əsaslı olaraq ona ödənilməli olan hər ay üçün 190 (yüz doxsan) manat pul vəsaiti ödəmənin başlandığı tarixdən etibarən hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq X5 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində" (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. MAS-dan əldə edilmiş məlumata əsasən, iddiaçı xx.xx.2020-ci il tarixində qeyd edilən sistemdə “işsiz” (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdan keçmiş və indiki dövrə qədər qeyd edilən sistemdə işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtlərinin yuxarıda qeyd edilən müddəasına əsasən digər qurumların informasiya ehtiyatlarından istifadə edilərək aparılan araşdırmada iddiaçının X6 (FİN: 3185ZF0) evli olduğu və arvadının 190 (yüz doxsan) manat birdəfəlik ödənişin verilməsi nəzərdə tutulan dövrdə adına aktiv əmək müqaviləsi (3185ZF0Q00101) olduğu təsbit edilmişdir. İddiaçı iddia ərizəsində X6 ilə arasında olan nikahın xx.xx.2009-cu il tarixində məhkəmə qaydasında pozulduğu qeyd etsə belə, müvafiq birdəfəlik ödənişlə bağlı real vaxt rejimində araşdırma aparılan zaman cavabdeh tərəfindən iddiaçının evli olduğu, habelə sistemdə görünən əri - X2 yuxarıda qeyd edilən əmək müqaviləsi bildirişi nömrəsinə əsasən aktiv əmək müqaviləsi olduğu aşkarlanmışdır. Beləliklə, İddiaçı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zaman evli olduğu və ərinin adına aktiv əmək müqaviləsinin aşkarlanması səbəbindən ona birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü ildə Səbail RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətinə əsasən İddiaçı xx.xx.1974-cü il təvəllüdlü, ailə vəziyyəti subay, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 161066 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X6 ilə X3 arasında nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 49 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunanadan sonra kişiyə İsmayılov, qadına Paşayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş məşğulluq alt sistemindən çıxarışlara əsasən: - İddiaçı xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. -xx.xx.2020-ci il tarixdə iddiaçının mobil nömrəsinə sistem üzərindən göndərilmiş SMS bildirişə əsasən birdəfəlik müavinətin verilməsindən imtina edilmiş, açıqlaması həyat yoldaşının adına əmək müqaviləsi olduğununa görə, əmək müqaviləsinin nörəsi 3185ZF0000101. -X11, işəgötürən "xxxx" QSC, əmək müqaviləsi bildirişinin imzalanma tarixi xx.xx.2015ci il, nömrəsi 3185ZF0000101 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2022-ci il tarixli **********7 nömrəli iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, Sizin Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra-Nazirlik) daxil olmuş müraciətinizə Nazirliyin tabeliyində X1 Bakı Regional Məşğulluq filialında (bundan sonra- Filial) baxılmışdır. Müraciətin araşdırılması məqsədilə Filialın əməkdaşı tərəfindən Sizinlə əlaqə (***-***-**-**) saxlanılmışdır. Əlavə araşdırmalar nəticəsində məlum olmuşdur ki, həyat yoldaşınızın adına əmək müqaviləsi olduğuna görə Sizə 190 manat birdəfəlik ödəmə təyin olunmamışdır. Məlumat üçün bildiririk ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə verilmiş, həmin ödəmə ilə bağlı müraciətlər 27 aprel 2020-ci il tarixdə dayandırılmış və 600 min şəxsə müvafiq ödəmələr həyata keçirilmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat birdəfəlik ödəmələrin verilməsi ilə bağlı müraciət etmiş, ona ərinin adına əmək müqaviləsi olduğuna görə sistem vasitəsilə imtina cavabı göndərilmişdir. Hazırkı iddiasında iddiaçı qeyd edilən imtinanı əsassız hesab edir və ona 04 ay üzrə ümumilikdə 760 manat birdəfəlik ödəmənin ödənilməsini mübahisələndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra - Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra - işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra - birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydaya əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qaydanın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9); bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı (2.3.10). “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli 149 saylı Qərarının 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara (2.3.15). Yuxarıda adı çəkilən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.9, 2.3.10-cu yarımbəndərinə əsasən, ərin (yaxud arvadın) adına əmək müqaviləsi olan şəxslərə birdəfəlik ödənişin verilməsindən imtina edilir, bununla əlaqədar həmçinin həmin şəxslərin ər və ya arvadına da eyni səbəbdən birdəfəlik ödəniş verilmir. İddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtinaya əsas kimi X2 adına xx.xx.2015-ci il tarixli, 3185ZF0000101 nömrəli əmək müqaviləsi qeyd edilmişdir. Halbuki, İddiaçı ilə X6 arasında nikah xx.xx.2013-cü ildə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında müvafiq qeydlər edilmişdir. Başqa sözlə, iddiaçı xx.xx.2013-cü ildən, o cümlədən birdəfəlik müavinətin alınması üçün müraciət etdiyi vaxt nikahda olmamışdır. Hətta 2013-cü ildə verilmiş, hazırda da qüvvədə olan şəxsiyyət vəsiqəsində da bu hal öz əksini tapmış, şəxsiyyət vəsiqəsi məlumatlarında iddiaçının ailə vəziyyəti ilə bağlı statusu “subay” olaraq qeyd edilmişdir. Cavabdehin birdəfəlik ödəmə üçün müraciət etmiş hüquqlarının müəyyən edilməsi üçün dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparıldığı, sistem məlumatlarında iddiaçının evli olduğunun göstərilməsi və ərinin adına aktiv əmək müqaviləsinin olması məlumatının aşkar olunması hazırkı halda iddia tələbinin təmin olunmasına mane olmur. Belə ki, informasiya ehtiyatlarında müvafiq məlumatın cari vəziyyətə uyğun yerləşdirilməməsi və ya vaxtında yerləşdirilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyil və bu məsələ iddiaçının ziyanına təfsir və tətbiqinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlə Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020 ci il 25 aprel tarixinə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli qərarının: -1-ci bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. -2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli, 283 nömrəli qərarı 1-ci bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. -2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Göründüyü kimi koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə aprel, may ayı üzrə, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 216 nömrəli, 07 avqust 2020-ci il tarixli, 283 nömrəli qərarları ilə iyul və avqust ayları üzrə 190 manat məbləğində ödəmənin verilməsi müəyyən edilmişdir. Yuxarıda adı qeyd edilən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın tələbinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənildiyindən, iddiaçı da məhz həmin tarixə məşğuluq alt sistemində işsiz kimi qeydiyyatda olduğundan onun da birdəfəlik ödəməni almaq hüququ yaranmışdır. Odur ki, iddiaçının almadığı aprel, may, iyul və avqust ayları üçün hər ay 190 manat birdəfəlik ödəmənin verilməsini tələb etməsi əsaslıdır. Hazırkı işdə iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı tələbindən imtina edən cavabdeh imtinasını birdəfəlik ödəmənin verilməsi proqramının başa çatdırılaraq icrası müddətinin bitdiyi, bir aydan az müddət ərzində 600 min şəxsi əhatə etdiyi, ayrılmış vəsaitin həmin dövrdə təyinatı üzrə istifadə olunduğunu bildirsə də məhkəmə qeyd edilən mövqe ilə razılaşmır. Belə ki, iddiaçının birdəfəlik yardım almaq hüququ mövcud olmuş, iddiaçının birdəfəlik yardım almaq hüququ olmayan şəxslərin kateqoriyasına aid olduğuna dair işdə hər hansı sübut olmamışdır. 190 manat birdəfəlik ödəmənin yalnız 600 min şəxsə aid edilməsi, həmin ödəməni almaq hüququ olan şəxslərdən yalnız 600 mininə ödənilməli olması barədə hər hansı rəsmi sənəd mövcud olmamışdır. Cavabdeh bu imtinası ilə hamının qanun və inzibati orqan qarşısında bərabər olması və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə “İnzibati icraat haqqında” Qanunun 12.1-ci və 12.2-ci maddələrinin tələbini nəzərə almamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ödənilən birdəfəlik ödəmə qismində aprel, may, iyul və avqust ayları üçün hər ay 190 manat olmaqla, cəmi 760 manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ödənilən birdəfəlik ödəmə qismində aprel, may, iyul və avqust ayları üçün hər ay 190 manat olmaqla, cəmi 760 manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar