Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-347/2020 17.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadəninkatibliyi iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensasiyanın ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və qeyrisinə qarşı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üçüncü şəxs kimi göstərilməklə “ona vurulmuş maddi və mənəvi ziyanın - əlindən alınmış torpaq sahəsinin 2 sot olmaqla, hər bir sotuna görə 6000 (altı min) manat, uçurulmuş 2 hasarın hər bir kv.metrinə görə 20 (iyirmi) manat, həmçinin uçurulmuş 1 darvazaya görə 500 manat pulun, eləcə də 10000 (on min) manat mənəvi ziyanın ödənilməsinə dair” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər" planına əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən, Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayı, Goradil, Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində layihələndirilmiş avtomobil yolunun asfalt örtüyünün çəkilişi tam başa çatmış və yekunlaşmışdır. Goradil bağlar massivi ərazisində yerləşən və bir sıra vətəndaşlara, o cümlədən, iddiaçıya məxsus olan 12 sot bağ torpaq sahəsi, həmin avtomobil yolunun mühafizə zolağına düşdüyü üçün orada iddiaçı tərəfindən inşa edilmiş hasarlar və darvazalar ona əvvəlcədən hər hansı bir xəbərdarlıq edilmədən sökülmüşdür. Həmin 12 sot bağ-torpaq sahəsi iddiaçıya 2001-ci ildə Qarabağ Müharibəsi veteranı olduğuna görə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan X4 və İstismarı Birliyi tərəfindən verilmiş və sonrada məhkəmə qərarları əsasında özəlləşdirilərək çıxarış əldə olunmuşdur. Bu məsələ ilə əlaqədar olaraq, iddiaçı 77 nəfərdən kollektiv bağ mülkiyyətçiləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və digər orqanlara yazılı formada müraciətlər etmişdir. İndiyə qədər həmin müraciətlərlə bağlı müsbət nəticə əldə olunmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçıya dəymiş ziyanın ödənilməsi barədə xx xxxxxx 2017-ci il tarixində Nazirlər Kabinetinə 2/16-8311 saylı məktub göndərilməsinə baxmayaraq və Maliyyə Nazirliyinin iddiaçıya xx xxxxxxxx 2018-ci il tarixində DX - 03/xx-xx-1020 saylı cavab məktubu olmasına baxmayaraq, ona dəymiş zərər hələ də ödənilməmişdir. İddiaçıya vurulmuş maddi ziyan kimi müvafiq məbləğlərdə kompensasiya məbləğləri cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ilə birlikdə məhkəmə sərəncamı icra edilməsi üçün cavabdehlərə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsinin xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş iddiaya dair etirazında bildirmişdir ki, iddiaçı iddiasında qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətin tabeliyində olan X4 və İstismarı Birliyi tərəfindən Goradil ərasində ona 12 sot bağ sahəsi istifadəyə verilmiş və sonra da məhkəmə qərarı əsasında özəlləşdirilmiş və çıxarış əldə etmişdir. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən İddiaçı məxsus (çıxarış № **********73) 12 sot torpaq sahəsindən yalnız 103.89 kv.m. hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 4986 manat 72 qəpik kompensasiya hesablanmışdır. İddiaçı ona məxsus torpaq sahəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması" layihəsi başa çatdığından qeyd edilən məsələnin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Eyni zamanda, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi tikintisi altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması müxtəlif icra orqanlarının nümayəndələri tərəfindən, o cümlədən, yerli icra hakimiyyəti, bələdiyyə, ƏMDK və s. həyata keçirilmişdir. Sözügedən layihədə tikintisi altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması və söküntüsü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini tərəfindən yol tikintisi həyata keçirilərkən iddiada qeyd edilən hasar və darvaza mövcud olmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bundan əlavə dövlət ehtiyacları üçün alınan torpaqlar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X1 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. Qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının iddiasında göstərilən tikililərlə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. Eyni zamanda, iddiaçının cavabdehə ünvanlandığı müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı ona kömək edilməsini xahiş etmiş və ona verilmiş rəsmi cavablarda göstərilmişdir ki, qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış məktuba rəsmi cavabda göstərilmişdir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə 2020-ci ildə qeyd edilən obyekt üzrə kompensasiya ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Sonda iddia tələbi əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxsAzərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaya dir yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin hazırlıq icraatının gedişində 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4282/2019 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və qeyrisi iş üzrə cavabdehlər sırasından çıxarılmış, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iş üzrə cavabdeh kimi tanınmış və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində ona məxsus olmaqla, xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586ə saylı, 0.12 ha. ümumi sahəsi olan bağ torpaq sahəsinin 200.0 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində ona dəymiş zərərin, yəni 200.0 kv.metr torpaq sahəsinin dəyəri olaraq 16000,0 (on altı min) manat, daş hasarın sökülməsi nəticəsində dəymiş zərərin – 5062,75 (beş min altmış iki) manat 75 (yetmiş) qəpik pulun, cəmi 21062,75 (iyirmi bir min altmış iki) manat (yetmiş beş) qəpik kompensasiyanın dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması və həmin məbləğin onun hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında, eyni zamanda, işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, işüzrə məhkəmə tikintitexniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi dəyişdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsiiddianı qəbul etməyib, iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun olaraq izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin, istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. 2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Göründüyü kimi iş üzrə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na bilavasitə daxil edilməsə də, fəaliyyəti ilə əlaqədar mövcud normativ hüquq aktlarına əsasən inzibati akt qəbul etmək səlahiyyəti verildiyindən, habelə balansında olan yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması ilə əlaqədar mühafizə zonasına düşən mövcud tikililərin sökülməsi zamanı əmlakın qiymətləndirilməsində sifarişçi qismində iştirak etməklə hesablanmış kompensasiyanın öz adından mülkiyyətçilərin hesabına köçürməsi ilə bağlı qəbul etdiyi qərarlar hüquqi nəticələr yaratdığından, hazırki iş üzrə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh qismində göstərilməsi həmin Qərarın “qanunvericiliyə uyğun olaraq, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər inzibati orqanlar” adlanan V fəslinə tam uyğun hesab edilir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 0.12 ha. sahəsi olan 586ə saylı bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ tam payda daşınmaz əmlakın dövlət reyestrində 289 nömrəli, 27049 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır; - DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2012-ci ildə tərtib edilmiş AA seriyalı, 045097 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 0.12 ha. sahəsi olan 586ə saylı bağ sahəsinə dair hüquq sahibi İddiaçıdur. Həmin sənədə əsasən torpaq sahəsinin təyinatı – yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - bağ sahəsi, mülkiyyət növü – xüsusi, sənəd üzrə və faktiki sahəsi – 0.12 ha., sənədin əsasları – notarius X5 (şəhadətnamə 72), xx.xx.2012-ci il tarixli 4Ə-05/1292 nömrəli bağışlama müqaviləsidir; - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən iddiaçının nümayəndəsinə və digərlərinə ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli, DX-03/xx-xx-1020 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi çərçivəsində mülkiyyət sahiblərinə dəymiş ziyanla bağlı kompensasiya ödənilməsi üçün vəsait ayrılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış və baxılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmiş müraciətə Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətində baxılmışdır. Müraciətdə göstərilənlərin araşdırılması məqsədi ilə Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinə edilmiş sorğuya cavab olaraq əldə edilmiş məlumatdan göründüyü kimi “Novxanı-Pirşağı” avtomobil yolunun tikintisi altına düşən və İddiaçı də daxil olmaqla 77 nəfər sakinə məxsus müvafiq torpaq sahələri mövcud qaydalara uyğun olaraq qiymətləndirilmiş və həmin torpaq sahələrinə görə hesablanmış 1.047.911,01 (bir milyon qırx yeddi min doqquz yüz on bir manat, 01 qəpik) manat məbləğində kompensasiyanın ödənilməsi üçün vəsait ayrılması barədə Agentlik tərəfindən xx xxxxxx 2017-ci il tarixli 2/16-8311 nömrəli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmiş, lakin hal-hazıra kimi vəsait ayrılmamışdır. Müvafiq qaydada vəsait ayrıldığı təqdirdə bütün sakinlərə, o cümlədən, İddiaçı hesablanmış kompensasiyanın ödənilməsi təmin ediləcəkdir; - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış H-3/16-7101 saylı, xx.xx.2018-ci il tarixli məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlanmış əmlaka dəyən ziyan barədə kollektiv ərizəyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, ərizədə qeyd etdiyi məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı- Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində mülkiyyət sahiblərinə dəymiş ziyanla bağlı kompensasiyanın ayrılması məsələsinin həlli üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Vəsait ayrıldıqdan sonra sözügedən layihə çərçivəsində dəymiş ziyanla bağlı kompensasiya ödənişi məsələsi oz həllini tapacaqdır. İş materiallarına, eyni zamanda, iddiaçıya aid şəxsiyyət vəsiqəsinin, 011246 saylı müharibə veteranı vəsiqəsinin surətləri və digər sənədlər, o cümlədən, alınmış ərazini əks etdirən fotoşkillər də əlavə edilmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-4282/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilərək məhkəməyə təqdim edilmiş 3092 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 568ə saylı, 0.12 ha. torpaq sahəsinin 200 kv.metr hissəsinin hissəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər» planına əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmai, Göradil, Novxanı, Saray, Corat Sumqayıt istiqamətində layihələndirilmiş avtomobil yolunun mühafizə zolağına düşdüyü müəyyən edilir. Tərəflərin verdiyi izahatlardan və işdə olan sənədlərdən məlum olur ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586-ə saylı, 0.12 ha. ümumi sahəsi olan torpaq sahəsinin 200.0 kv.metr hissəsi "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin təsiri altına düşmüşdür. İddiaçının nümayəndəsi tərəfindən edilmiş müraciətlərə baxmayaraq, sökülmüş əmlakın (daş hasarın) və onun yerləşdiyi torpaq sahəsinin kompensasiyası ödənilməmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı üzərində hər hansı hüquqa malik olmadığı əmlakın deyil, hüquqmüəyyənedici sənədlər hesab olunan DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa və DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2012-ci ildə tərtib edilmiş AA seriyalı, 045097 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun olaraq mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin müvafiq hissəsinin alınması və bununla əlaqədar olaraq həmin ərazidə yerləşmiş daş hasarın onun iradəsindən kənar sökülməsi ilə dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı (İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında) Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən (hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz). «Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezıdentinin xx xxxx 2004-cü il tarixli 78 saylı Fərmanının 2.2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş hallarda və şərtlərlə özgəninkıləşdirilə bilər. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq dövlət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir». Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictımai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququ pozulmuş, həmin hüququ bərpa etmək üçün iddiaçı bu əsasdan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsı nəzərdə tululmasın». Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrində əks olunan müddəalar yaradır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının istifadəsində olan torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması barədə DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış və DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2012-ci ildə tərtib edilmiş AA seriyalı, 045097 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud olduğu halda, həmin əmlakın dəyəri qabaqcadan ödənilmədən alınmasına və bununla əlaqədar iddiaçıya vurulmuş zərərin ödənilməsi məsələsinə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından hüquqi qiymət verilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün Ali Məhkəmə Plenumunun xx xxxx 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Van Marle və başqaları Niderlanda qarşı iş üzrə qərarında qeyd olunmuşdur ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Sporronq və Lonnpot İsveçə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibedilməməsi müəyyənləşdirilməlidir. Mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Belə ki, kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ «xəyali» və «səmərəsiz» hüququ olaraq qalardı. Məhkəmə, həmçinin, qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sadalanan hüquq normalarının tələblərini və işin müəyyən olunan hallarını nəzərə alaraq hesab edir ki, müvafiq ekspert rəylərində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən, hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3092 nömrəli ekspert rəyi, yuxarıda göstərilən əsaslardan başqa ekspert rəyi ilə müəyyən edilmiş qiymətlə razılaşmamanın səbəbləri müəyyən edilmədiyindən “X10” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ƏEM/İ 49-334/20 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi də mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3092 nömrəli ekspert rəyindən də göründüyü kimi iş üzrə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsinin iddiaya dair etirazında qeyd edilən hallardan biri, yəni İddiaçı məxsus 12 ha. torpaq sahəsinin 200.0 kv.metr hissəsinin deyil, yalnız 103.89 kv.metr hissəsinin yolun təhkim zolağına düşməsinə dair mövqeyi təkzib edilir. Yuxarıda göstərilənlərdən başqa iş üzrə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsinin iddiaya dair etirazında qeyd edilmiş digər hal, yəni tikinti altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması və söküntüsünün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmadığı halı ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş daş hasarın sökülməsi bilavasitə iddiaçının xüsusi mülkiyyətində olmuş torpaq sahəsinin alınması ilə əlaqəlidir ki, hansı ki, bu hal, “X10” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ƏEM/İ 49-334/20 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə də təsdiq edilir, bu da belə nəticəyə gəlməyə əsas verir ki, daş hasarın söküntüsünə görə dəymiş zərər də iddiaçıya ödənilməlidir. Məhkəmə, işin yuxarıda şərh edilən hallarını nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmusu ilə qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə bağlı İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586ə saylı, 0.12 ha. ümumi sahəsi olan torpaq sahəsinin 200.0 kv.metr hissəsinin tikinti altına düşməsi və bu səbəbdən dolayı iddiaçı tərəfindən həmin ərazidə inşa edilmiş daş hasarın sökülməsi ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ona maddi ziyan vurulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-347/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinin nəticəsi olaraq “X10” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ƏEM/İ 49-334/20 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı məxsus olmaqla, xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586-ə saylı, 0.12 ha. ümumi sahəsi olan torpaq sahəsinin 200.0 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində iddiaçıya dəymiş zərərin məbləği 21062,75 (iyirmi bir min altmış iki) manat, 75 (yetmiş beş) qəpik təşkil edir. Belə ki, 200.0 kv.metr torpaq sahəsinin dəyəri – 16000,0 (on altı min) manat, daş hasarın sökülməsi nəticəsində dəymiş zərərin məbləği – 5062,75 (beş min altmış iki) manat, 75 (yetmiş qəpik) təşkil etmişdir. Həmin ekspert rəyinin surəti ona dair yazılı münasibətin bildirilməsi üçün cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ekspert rəyinə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, DX-03/01-03-966 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı X3 ‘‘Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi" layihəsi üzrə tikinti altına düşən torpaq sahəsinə görə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə” iddia tələbi üzrə “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq tərtib edilmiş ekspert rəyinə və digər sənədlərə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətində baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi” layihəsi üzrə tikinti altına düşən torpaq sahəsi ilə bağlı “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspert rəyində istinad olunan təsadüfi elanlarda göstərilən qiymətlər torpaq sahəsinin mövcud bazar dəyərini əks etdirmir və mövcud bazar dəyərindən xeyli yüksəkdir. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə müstəqil qiymətləndirici “xxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı X3 mülkiyyətində olan və tikinti altına düşən 103,89 kv. metr torpaq sahəsinin 1 kv.metrinin dəyəri 48,0 manat, ümumi dəyəri 4986,72 manat olmaqla qiymətləndirilmişdir.Yuxarıda göstərilənlər nəzərə alınaraq, müstəqil qiymətləndirici “xxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış hesablamanın nəticəsinin mövcud bazar qiymətlərinə uyğun olduğu hesab edilir. Lakin məhkəmə yuxarıda göstərilənlərə əsasən və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunan mülkiyyət və əmlak anlayışı, əmlakın yerləşdiyi yeri və göstərilən yerdə analoji obyektlərin satış qiymətləri, həmçinin, əmlakın qiymətləndirilməsi standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun aparılmış qiymətləndirmənin (ekspertizanını) nəticəsi olaraq “X10” MMC ƏEM/İ 49- 334/20 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyində göstərilənlərə müvafiq olaraq İddiaçı məxsus olmaqla, xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586-ə saylı, 0.12 ha. ümumi sahəsi olan torpaq sahəsinin 200.0 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində iddiaçıya 21062,75 (iyirmi bir min altmış iki) manat, 75 (yetmiş beş) qəpik kompensasiyanın ödənilməsi mübahisənin ədalətli həll edilməsi baxımından məqsədəmüvafiqdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində İddiaçı məxsus olmaqla, xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586ə saylı, 0.12 ha. ümumi sahəsi olan bağ torpaq sahəsinin 200.0 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində iddiaçıya dəymiş zərərin, yəni 200.0 kv.metr torpaq sahəsinin dəyəri olaraq 16000,0 (on altı min) manat, daş hasarın sökülməsi nəticəsində dəymiş zərər – 5062,75 (beş min altmış iki) manat 75 (yetmiş) qəpik pul, cəmi 21062,75 (iyirmi bir min altmış iki) manat (yetmiş beş) qəpik kompensasiya dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulmalı və həmin məbləğ İddiaçı hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və “X10” MMC tərəfindən tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3092 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat, “X10” MMC tərəfindən məhkəməyə təqdim edilmiş məktubda isə aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə, üçüncü şəxsə münasibətdə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.4-cü maddəsində göstərilən hallarından hər hansı biri müəyyən edilmədiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində İddiaçı məxsus olmaqla, onun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586ə saylı, 0.12 ha. ümumi sahəsi olan bağ torpaq sahəsinin 200.0 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində iddiaçıya dəymiş zərərin, yəni 200.0 kv.metr torpaq sahəsinin dəyəri olaraq 16000,0 (on altı min) manat, daş hasarın sökülməsi nəticəsində dəymiş zərərin – 5062,75 (beş min altmış iki) manat 75 (yetmiş beş) qəpik, cəmi 21062,75 (iyirmi bir min altmış iki) manat (yetmiş beş) qəpik pul kompensasiya olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İddiaçı xeyrinə tutularaq iddiaçının hesabına ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- Dövlət xəzinadarlığı agentliyi; kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə ekspertizası mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************). “X10” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq “X10” MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab AZ25NABZ********************, KOD:505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-347/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-347/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver